Azərbaycanı tolerantlığın ən
mükəmməl nümunəsinə çevirən lider
Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.
Heydər ƏLİYEV
Azərbaycan milli və dini baxımdan həmişə tolerant bir ölkə olmuşdur. Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş ölkəmiz bu gün də öz missiyasını uğurla yerinə yetirir. Azərbaycan ərazisində məskunlaşmış dini etnik qruplar burada özlərini nəinki yad hesab etməmiş, hətta yerli əhali ilə qaynayıb-qarışmışlar. Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olmuş, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşmış, milli, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmamışdır.
Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Azərbaycan xalqı daim bu bölgədə yaşayan insanlar arasında sülh və əmin-amanlıq şəraitinin yaradılmasına əvəzsiz tarixi töhfələr vermişdir. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkəmizdə tarixən islam dini ilə yanaşı, xristianlıq, yəhudilik dininə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşamışlar.
Azərbaycan müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli-dini dəyərlərimizin qorunmasında, islam dininə ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyəti ilə böyük rol oynamışdır.
Azərbaycan tarixən tolerantlıq, dini dözümlülük ənənələri ilə fərqlənsə də, tam qətiyyətlə deyə bilərik ki, beynəlxalq standartlara cavab verən tolerantlıq ölkəmizdə məhz Heydər Əliyevin xidmətləri sayəsində qurulmuşdur. Bu gün müasir Azərbaycanda dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında bərabərdir və eyni statusa malikdir.
Vətəndaşlarının böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmizdə digər dinlərə də xüsusi qayğı göstərilir. 1920-ci ildə bağlanan Jen Mironosets baş kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav Kilsəsinə verilmişdir. Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan etmiş və ona baş kafedral kilsə statusu vermişdir. Kilsənin açılış mərasimində ulu öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların başçıları iştirak etmişlər. Azərbaycanda dövlət-din münasibətlərinin düzgün qurulmasında, respublikada dini əmin-amanlığın və sabitliyin yaranmasında ümummilli lider Heydər Əliyevin mühüm rol oynadığını vurğulayan Moskva və Ümumrusiya patriarxı II Aleksi Azərbaycanın bu sahədə nümunə olması ilə bağlı öz fikirlərini şərh edərək demişdir: “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir. Bu gün Azərbaycan dini əmin-amanlığa və sabitliyə ilham verən örnəkdir. Bunun əsası Azərbaycan Prezidenti Heydər Əliyevin müdrik siyasəti sayəsində qoyulmuşdur. Dünyəvi hakimiyyət və ənənəvi dini icmaların konstruktiv fəaliyyəti və qarşılıqlı ünsiyyəti nəticəsində yaranmış dövlət-din münasibətlərinin nadir modeli Azərbaycan Respublikasında öz əksini tapmışdır. Belə zənn edirəm ki, bu sahədə Azərbaycanda toplanmış təcrübə diqqətlə öyrənilməli və təhlil olunmalıdır”.
1997-ci ildə ölkəmizdə gürcü yəhudilərinin sinaqoqu bərpa edilmişdir. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra buradakı yəhudi icmaları beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, qəzetlərini yaratmışlar. 2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqu açılmışdır. Bu, hazırda Avropada ən böyük sinaqoqdur.
Azərbaycanda dini tolerantlığın formalaşmasında Heydər Əliyevin xidmətini yüksək dəyərləndirən Ümumgürcüstan katolikos patriarxı II İlya Azərbaycanda mövcud olan dini tolerantlıqdan və bu sahədə Heydər Əliyevin və onun davamçılarının xidmətindən bəhs edərək demişdir: “Bu gün Azərbaycanda mövcud olan tolerant mühitin formalaşmasında Heydər Əlirza oğlu Əliyevin xidməti böyükdür. Azərbaycanın öz ənənəvi dəyərlərini qoruyub saxlamaqla müasir dünyanın çağırışlarına ləyaqətlə cavab verə bilməsi şəxsən onun və onun davamçılarının müdrik və uzaqgörən siyasətinin nəticəsidir”.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi ölkə xaricində də yüksək qiymətləndirilmiş və tanınmışdır. Bunun bariz nümunəsi kimi Roma-katolik kilsəsinin başçısı II İoann Pavelin 2003-cü ilin mayında Bakıda olarkən dediyi fikirləri xatırlatmaq kifayətdir: “Azərbaycan üç müxtəlif dinin dinc yanaşı yaşadığı nadir bir ölkə və dini dözümlülük baxımından sabit cəmiyyətdir. Bu stabillik gərgin əməyin, ölçülüb-biçilmiş çox incə bir siyasətin və möhkəm iradənin nəticəsidir. Bu, milli adət-ənənələrə, mənəvi-dini dəyərlərə ölkə rəhbərliyinin münasibəti fonunda yaranmış əlverişli şəraitin təbii təzahürüdür”.
Həmçinin Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertone 2008-ci ilin mart ayında Bakıda olarkən Azərbaycanda müşahidə etdiyi tolerantlığı yüksək qiymətləndirərək, müxtəlif dinlərə sitayiş edən insanların dinc, mehriban şəraitdə yaşaması faktını xüsusi vurğulamışdır. Kardinal Tarçizio Bertone Azərbaycan xalqının və dövlətinin digər millətlərə və dinlərə olan münasibətini yüksək dəyərləndirmişdir. Tolerantlığın Azərbaycan xalqının mentaliteti ilə bağlı olduğunu deyən Vatikanın dövlət katibi ölkə Prezidentinin fəaliyyətində də həmin məqamın aydın göründüyünü bildirmişdi.
Azərbaycanda dövlətin din siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin iyun ayında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə ölkəmizdə mövcud olan dini strukturların fəaliyyətinin tənzimlənməsi və dövlətin din siyasəti sahəsində müxtəlif funksiyalarını yerinə yetirir.
Ümumiyyətlə, milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün də öz aktuallığını qoruyub saxlayır. Çünki bu dəyərlərin xalqımızın formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu var. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir.
Azərbaycan dünyada öz mədəniyyəti, tarixi, adət-ənənələri ilə fəxr etməyə layiq az sayda dövlətlərdən biridir. Tolerantlığın dövlət strategiyası olaraq əsasını ümummilli lider Heydər Əliyev qoymuş, bu zəngin ənənə hazırda möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişafına çox böyük diqqət və qayğı göstərir. Azərbaycanda dini və milli tolerantlığın tarixən mövcud olduğunu və bu tolerantlığın indiyə kimi qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz rol oynadığını vurğulayan Prezident İlham Əliyev bu fikri aşağıdakı kimi şərh etmişdir: “Tarixən dünya dinlərinin yayıldığı və dinc yanaşı fəaliyyət göstərdiyi qədim Azərbaycan torpağında yüzillərlə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə yüksək tolerantlıq mühiti hökm sürmüş, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməmişdir. Ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz tarixi rolu danılmazdır”.
Prezident İlham Əliyev son 11 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, həmçinin dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir. Prezident İlham Əliyevin xalqımızın dini dəyərlərinə, müxtəlif dinlərə və sivilizasiyalara hörmətlə yanaşması, milli mənəvi dəyərlərə həssas münasibətin dövlət siyasətinin mühüm prioritetlərindən birinə çevrilməsi, ölkədə güclü tolerantlıq ənənələrinin getdikcə daha da möhkəmləndirilməsi Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirmişdir. Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar ölkəmizdə mövcud olan milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilmişdir. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilmişdir. Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədəki İmamzadə kompleksində təmir-bərpa işləri aparılır. Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı Cümə məscidi artıq dindarların istifadəsinə verilmişdir. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli mənəvi dünyasına daha çox bağlı olsunlar.
Ötən ilin dekabr ayında Qafqazın ən böyük məscidi memarlığında islam dininin möhtəşəmliyini, bununla bərabər Azərbaycanın milli, dini ənənələrə sadiqliyini nümayiş etdirən Heydər məscidinin açılışı olmuşdur. Açılışda ölkəmizin hər rayonundan gələn dindarlar, ictimai xadimlər, Şimali Qafqaz müftiləri də iştirak etmişlər. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti çıxış edərək tikinti işlərinin gedişatı və digər məqamlara toxunmuş, bu məscidin müsəlmanların birliyini təsdiq edə biləcək bir simvola çevriləcəyini qeyd etmişdir. Hazırda ölkəmizdə 2 mindən artıq məscid var. Son 11 il ərzində isə 140-a yaxın məscid tikilmiş, 80 məscid əsaslı təmir edilmişdir.
Ölkəmizdə dini zəmində münaqişələrin olmaması, insanların sərbəst olaraq öz əqidə formasını seçməsi, dini dözümlülük və tolerantlıq şəraitinin yaradılması, bu uğurların bir çox beynəlxalq təşkilatlar, dünyada nüfuzlu din xadimləri və böyük ölkələr tərəfindən etiraf olunması ümummilli lider Heydər Əliyevin dini sahədə balanslaşdırılmış siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir.
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə din və mədəniyyətlə bağlı çoxsaylı beynəlxalq konfransların keçirilməsi və dini tolerantlıq sahəsində Azərbaycanın başqa ölkələr üçün nümunə olması elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edən həmin konfranslarda dini tolerantlıqla bağlı yeni müddəaların hazırlanıb təşviq edilməsi olmuşdur. Bu tədbirlərə misal olaraq “İslam sivilizasiyası Qafqazda” Beynəlxalq elmi-praktik konfransı (10 dekabr 1998); Azərbaycanda fəaliyyət göstərən dini icma başçıları ilə ulu öndər Heydər Əliyevin genişmiqyaslı görüşü (16 noyabr 1999); “Demokratik cəmiyyətdə dinin və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” Beynəlxalq elmi-praktik konfransı (10-11 oktyabr 2002); “Heydər Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər və perspektivlər” Beynəlxalq elmi-praktik konfransı (3-4 aprel 2007); Dünya dini liderlərinin Bakı sammiti (26 aprel 2010); “Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu (19-21 dekabr 2012); “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü (1-2 sentyabr 2014); “Dinlərarası qarşılıqlı anlaşma: birgəyaşayışın modelləri” Azərbaycanın dini tolerantlıq modelinə həsr olunmuş Beynəlxalq konfransı (UNESCO, 14 noyabr 2014); “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” Beynəlxalq konfransı (17-18 noyabr 2014); “İslam ənənəli dövlətlərdə dini birgəyaşayış. Müsəlman ölkəsində müxtəlif dinlərin yanaşı mövcudluğu: Azərbaycan təcrübəsi” Beynəlxalq konfransı (11dekabr 2014) və s. göstərə bilərik.
Qeyd etmək lazımdır ki, 2011-ci ildən başlayaraq hər il ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab tapmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair genişspektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal ölkədir.
Bundan əlavə, Azərbaycan dövlətinin yürütdüyü tolerantlıq siyasətinin daha da genişlənməsi və möhkəmlənməsi, tolerantlıq mühitinin qorunub saxlanılması və təşviqi məqsədilə dövlət başçısı İlham Əliyev bir sıra mühüm tədbirlər həyata keçirmişdir. İlk olaraq 2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti yaradılmışdır. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhəmiyyətini nəzərə alaraq 14 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalamışdır.
Azərbaycanda dini tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırmışdır.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva xalqlar arasında dostluq münasibətlərinin, qarşılıqlı yardımlaşma və təcrübə mübadiləsinin vacibliyini daima vurğulayıb. Azərbaycanın zəngin tolerantlıq ənənələrinə diqqət çəkən Mehriban xanım Əliyeva ölkəmizdə yaşayan xalqların öz mədəni müxtəlifliyini qoruyub saxlamaq, dini etiqadlarını sərbəst yerinə yetirmək, tarixən mövcud olmuş tolerantlıq mühiti barədə fikirlərini bölüşərkən demişdir: “Xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bizim tarixi nailiyyətimizdir və bu amil ictimai-siyasi həyatımızın aparıcı normasına çevrilmişdir. Ölkəmizdə yaşayan müxtəlif xalqlara öz milli mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şərait təmin edilmişdir. Azərbaycanın bütün vətəndaşları dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq əsas insan hüquq və azadlıqlarına malikdirlər. Qürurverici faktdır ki, Azərbaycan dünya ölkələri üçün tolerantlıq örnəyi hesab olunur və bir çox dövlətlər bizim təcrübəmizdən yararlanmağa çalışırlar”.
Heydər Əliyev Fondu hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpasında iştirakımız, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması da məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu layihə çərçivəsində 2005-ci ildə Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, 2006-cı ildə Binə qəsəbəsindəki Möhsün Səlim məscidində əsaslı təmir və bərpa işləri aparılmışdır. 2006-cı ildə Gəncədə Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur. 2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında imzalanmış anlaşma memorandumu çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsi asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir. 2007-2009-cu illərdə Buzovna qəsəbəsindəki Cümə məscidində, 2012-2013-cü illərdə Binə qəsəbəsindəki İmam Rza və Mərdəkan qəsəbəsindəki Heydər Cümə məscidlərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Qəbələdə isə 2013-cü ildə yeni məscid istifadəyə verilmişdir. 2007-ci ildə Bakıdakı Pravoslav kilsəsində təmir-bərpa işləri aparılmışdır.
Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzi “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilmişdir.
“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsinin digər tərkib hissəsi kimi dünyanın müxtəlif ölkələrində Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkillər sərgilənmişdir.
Heydər Əliyev Fondunun beynəlxalq fəaliyyətindən danışarkən Pakistanda gördüyü işlərə xüsusi diqqət yetirilməlidir. Fondun dost ölkədə səhiyyə, təhsil və humanitar sahələrdə həyata keçirdiyi irimiqyaslı layihələr Pakistan dövləti və ictimaiyyəti tərəfindən hər zaman yüksək dəyərləndirilmişdir. Mehriban xanım Əliyevanın Pakistanda uşaqlar üçün tikdirdiyi və təmir etdirdiyi məktəblər, səhiyyə ocaqları, musiqi liseyləri və uşaq evləri, talassemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğısı Pakistan xalqı tərəfindən minnətdarlıq hissi ilə xatırlanır.
Hazırda Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanması və daha da möhkəmləndirilməsi üçün görülən işlər sayəsində respublikamızda rəsmi olaraq 598 dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 577-si islam, 21-i qeyri-islam təmayüllü dini icmadır. Eyni zamanda ölkəmizdə 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də islam dinidir. Xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ötən müddətdə atılan ardıcıl addımlar tolerantlıq və multikulturalizm siyasətinə alternativin olmadığını sübuta yetirir.
Ümummilli lider Heydər Əliyevin dövlət-din münasibətləri ilə bağlı apardığı siyasət Azərbaycanın adət-ənənələrinə və xalqın zəngin keçmişinə əsaslanıb, tarixin sınağından keçən milli-mənəvi dəyərlərimizin müasir dövrdə daha da effektivliyinə diqqəti yönəldib. Cəmiyyətdə bərqərar olan tolerantlıq və humanizm mühiti də məhz Heydər Əliyevin müdrik siyasətinin nəticəsidir. Heydər Əliyevin milli kimliyimizin formalaşmasında mühüm rol oynayan və xalqımızın mənəviyyatını zənginləşdirən islam dininə münasibəti də özünəməxsus idi. O, islamın insanpərvər və mütərəqqi din olduğunu vurğulayaraq deyirdi: “Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda, islam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daim xoşbəxtlik bəxş edir”.
Fəxrlə qeyd edə bilərik ki, bu gün Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz tolerantlıq, multikulturalizm və dini maarifləndirmə ilə bağlı regional və beynəlxalq konfransların, yüksək səviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir. Daim xalqımızın milli-mənəvi dəyərlərinin mütərəqqiliyini vurğulayan dövlət başçısı İlham Əliyev gələcək inkişafımızı zəngin tarixi keçmişə söykənən adət-ənənələrimizlə müasir ideyaların sintezində görməklə, ölkəmizdə milli-dini dəyərlərin qorunub saxlanılması istiqamətində ardıcıl işlər həyata keçirir.
Mübariz QURBANLI,
Azərbaycan
Respublikasının Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin sədri,
YAP İdarə Heyətinin üzvü
Azərbaycan.-2015.- 6 may.- S.5.