Siyasət elminin dahisi
Məlum olduğu kimi, hər bir xalqın ən ülvi arzusu milli müstəqilliyini qazanmasıdır. Çünki milli müstəqillik milli dövlətin yaradılmasında, xalqın potensialının açılmasında, dünyada tanınmasında, firavan yaşamasında həlledici amildir. Amma müstəqilliyin qazanılması ilə bütün bu məsələlər həll olunmur, hər şey başa çatmır, yalnız başlayır. Müstəqilliyi qorumaq, milli dövləti qurmaq, dövlətçiliyi inkişaf etdirmək lazımdır. Təcrübə göstərir ki, ikinci daha çətin mərhələdir, uzun sürən ağır bir prosesdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, müstəqilliyi qorumaq onu qazanmaqdan qat-qat çətindir. Fikrimizcə, Heydər Əliyev siyasətinin əsas xüsusiyyətləri də məhz bu kontekstdə, müstəqilliyin qorunması və milli dövlətin qurulması kontekstində araşdırılmalıdır.
Qədim, zəngin və keşməkeşli tarixə malik Azərbaycan xalqı əsrlər boyu öz müstəqilliyi və dövlətçiliyi uğrunda mübarizə aparıb. Zəngin təbii sərvətlərinə, əlverişli geosiyasi mövqeyinə görə vətənimiz daim güclü dövlətlərin təzyiqlərinə, hərbi təcavüzünə məruz qalıb. Bununla belə, xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, ən qüdrətli düşmən ordularına qarşı mübarizədə hünər, qəhrəmanlıq nümunələri göstərib. Xalqımızın yetişdirdiyi böyük sərkərdələr və dövlət xadimləri Azərbaycanın dövlətçilik tarixinin bütöv bir salnaməsini yaradıblar. Onların şanlı ömür və fəaliyyət yolu xalqımızın vətənpərvərlik hisslərini gücləndirib, müstəqillik və dövlətçilik təcrübəsini zənginləşdirib, həyatımızın ən vacib, ali məqsədinə çevirib. Azərbaycan xalqının dövlətçilik ənənələri yüzillər boyu, o cümlədən XX əsrdə uğurla davam və inkişaf etdirilib. XX əsrin əvvəllərində bu müqəddəs missiyanı Azərbaycan Demokratik Respublikasının yaradıcıları həyata keçirməyə cəhd edib, sonlarında isə ümummilli lider Heydər Əliyev həyata keçirib.
XX əsrdə iki dəfə xoşbəxt təsadüf nəticəsində müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafı üçün real imkanlar formalaşmışdır - dövlətçiliyin əsası olan müstəqillik əldə olunmuşdur. Birinci dəfə əsrin əvvəllərində, rus imperiyasının çökməsi nəticəsində Azərbaycan müstəqillik qazandı, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Gözləmək olardı ki, 1918-ci il mayın 28-də yaradılmış, qısa bir müddətdə demokratik və mütərəqqi islahatlar keçirməyə nail olmuş Azərbaycan Xalq Cümhuriyyəti əlverişli geosiyasi mövqedə və zəngin təbii sərvətlər əhatəsində tərəqqi və inkişaf edəcəkdir. Ancaq işdə tamamilə əksinə oldu, Azərbaycan Xalq Cümhuriyyəti daxili qarşıdurmalar və xarici təcavüz nəticəsində 23 aydan artıq yaşamadı. Vahid milli strategiyanın və siyasi liderin olmadığı, müxtəlif maraqlara qulluq edən ayrı-ayrı qruplardan ibarət parlament mütləq səs çoxluğu ilə (bir nəfər əleyhinə olmaqla) qərar qəbul edib hakimiyyəti daxili irticaya - bolşevik fraksiyasına təhvil verdi. Bolşeviklər isə rus ordusunu Azərbaycana dəvət etməyə tələsdilər. Biz bunları yaradan daxili və xarici səbəblərdən, bu iki ildə baş verən parlament çaxnaşmalarından, bir neçə hökumət dəyişməsindən danışmaq niyyətində deyilik (bunlar ayrı bir yazının mövzusudur). Sadəcə olaraq, konkret misalda göstərmək istədik ki, müstəqilliyi qorumaq, saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Müstəqilliyi qorumaq, dövlətçiliyi yaşatmaq üçün xalq buna hazır olmalı, milli-siyasi liderini yetişdirməli, möhkəm iqtisadi bazası, vahid milli strategiyası olmalıdır. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətində isə bunların bəzisi ümumiyyətlə yox idi, bəzisi isə yetərincə deyildi. Beləliklə, Azərbaycan 1920-ci ildə bolşevik Rusiyasının təcavüzü nəticəsində öz müstəqilliyini itirdi, Sovet İttifaqının muxtar qurumlarından birinə - Azərbaycan Sovet Respublikasına çevrildi.
Qeyd etmək lazımdır ki, sovet dövründə xalqımız müstəqilliyini müvəqqəti itirsə də, əbədi olaraq ümummilli liderini qazandı. 1969-cu ildə Azərbaycan rəhbərliyinə böyük iradəyə, güclü intellektə malik, ən başlıcası isə milli maraqların daşıyıcısı olan parlaq bir şəxsiyyət - Heydər Əliyev gəldi. Həmin dövrdə milli müstəqillikdən nəinki danışmaq, hətta bu barədə düşünmək belə təhlükəli idi. Heydər Əliyev də xalqına xidmət etməyi həyatının məqsədi hesab edən praqmatik bir siyasətçi kimi mümkün olanı həyata keçirməyə başladı. İqtisadiyyatın bazis, təhsilin, elmin və mədəniyyətin üstqurum olması zamanın sınağından keçmiş məsələdir, ölkənin inkişafı, xalqın rifahı ilk növbədə iqtisadiyyat sahəsində qazanılan uğurlardan asılıdır. Azərbaycanın yeni lideri də fəaliyyətində bu tezisi rəhbər tuturdu, xalqın, dövlətin gələcəyinin bugünün iqtisadiyyatından asılı olduğunu böyük zəka sahibi, təcrübəli siyasətçi kimi çox gözəl bilir, qiymətləndirirdi. Bu zaman iqtisadiyyatın köhnə baza, potensial üzərində qurulmasından söhbət getmirdi, bu yolla müvəqqəti inkişafı təmin etmək mümkün olsa da, Azərbaycanın gələcəyinə xidmət edəcək iqtisadi bazanı yaratmaq mümkün deyildi. Odur ki, Heydər Əliyev Azərbaycanın gələcək müstəqilliyini görərək, bu potensialı genişləndirmək, Azərbaycanın iqtisadiyyatını daha böyük, elmi-texniki tərəqqiyə əsaslanan müasir baza üzərində qurmaq, tamamilə yeni mərhələyə çıxarmaq niyyətində idi. Bu, Heydər Əliyevin iqtisadi proqramının əsasını təşkil edirdi və onun ardıcıl səyi, sarsılmaz siyasi iradəsi ilə həyata keçirildi. Az bir müddətdə Azərbaycanda iqtisadiyyatın bütün istiqamətlərində - neft-qaz sahəsində, ağır, yüngül sənayedə, kənd təsərrüfatında köklü keyfiyyət və kəmiyyət dəyişiklikləri baş verdi, tərəqqinin və yüksəlişin təməli qoyuldu. İqtisadi inkişafla paralel olaraq infrastruktur yenidən qurulur, insanların sosial rifahı da yaxşılaşırdı. İqtisadi bazisin üzərində üstqurum da inkişaf edir, təhsil, elm, mədəniyyət sahələrində yeni-yeni nailiyyətlər əldə edilirdi. Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən, hər il yüzlərlə azərbaycanlı gəncin Sovet İttifaqının qabaqcıl təhsil mərkəzlərinə göndərilməsi, onların respublikaya vacib hərbi və mülki ixtisaslara yiyələnməsi də məhz Azərbaycanın gələcəyinə xidmət edən bir layihə idi. Tərəqqi yolunda maneə olan neqativ hallara qarşı mübarizə də sistemli, qətiyyətli şəkil almışdı, xalqın, vətəndaşın mənafeyi ön sıralara çıxmışdı.
Azərbaycanla bir yerdə Heydər Əliyev də ucalır, ad-san qazanırdı, görkəmli dövlət xadimi, siyasi lider kimi Sovetlər İttifaqında, bütün dünyada tanınırdı. Məhz bu siyasi yüksəlişin, idarəçilik təcrübəsinin, qazanılan yüksək nailiyyətlərin nəticəsində Heydər Əliyev irəli çəkildi, Sovet İttifaqının rəhbərliyində yüksək vəzifəyə təyin edildi. Heydər Əliyev daim Azərbaycanın qayğıları ilə yaşayır, respublikanın inkişafı, xalqın rifahı üçün əlindən gələni edirdi. Təbii ki, bu münasibətlər, ümummilli lider-xalq münasibətləri qarşılıqlı idi. Azərbaycan xalqı da Heydər Əliyevi hər zaman öz lideri hesab edir, onun arxasınca gedir, ona etibar edirdi. Beləliklə, ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə respublikada möhkəm iqtisadi baza yaradıldı, elm, təhsil, mədəniyyət sahələri inkişaf etdi və xalq öz milli-siyasi liderini yetişdirdi. Bunlar isə adi məsələlər deyildi, yuxarıda deyildiyi kimi, müstəqilliyə hazırlıq mərhələsi idi. Bu mərhələdə Heydər Əliyev siyasətinin əsas spesifik xüsusiyyətləri - xəlqiliyi, praqmatikliyi, uzaqgörənliyi və elmi əsaslara söykənməsi də meydana çıxmışdı.
Xalqımızın qəlbində yaşatdığı və uğrunda mübarizə apardığı müstəqillik amalı, XX əsrin axırlarında Sovetlər İttifaqının çökməsi ilə yenidən real təsdiqini tapsa da, asan başa gəlmədi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə və bu mübarizənin fonunda genişlənən xaos və anarxiya respublikanı uçuruma sürükləyirdi. Dövlətə rəhbərlik edən və xalqın taleyini təyin etmək kimi ağır bir səlahiyyəti öz üzərinə götürən siyasətbazlar belə çətin bir zamanda məsuliyyətsiz qərarlar verir, öz hakimiyyətlərini qoruyub saxlamaq üçün milli maraqları qurban verməkdən belə çəkinmirdilər. Hüquqi-demokratik dövlət quruculuğunun əsasını təşkil edən ictimai-siyasi sabitliyin yaradılması, demokratik islahatların aparılması, nizami ordunun qurulması kimi strateji məsələlər taleyin öhdəsinə buraxılmışdı. Xarici qüvvələrin dəstəyi ilə Ermənistan Azərbaycanın qərbində təcavüzü genişləndirir, Xocalı faciəsi kimi qanlı cinayətlər törədirdi. Həmin qüvvələr respublikanın şimalında və cənubunda da separatizm meyillərini qızışdırır, ictimai-siyasi durumu daha da ağırlaşdırırdı. Hakimiyyət böhranının dərinləşdiyi, xarici təcavüzün gücləndiyi belə bir şəraitdə daxili irticanın baş qaldırması təsadüfi deyildi və 1993-cü ilin yazında Gəncədə başlamış hərbi qiyam da məhz bundan xəbər verirdi.
Beləliklə, XX əsrin əvvəllərində olduğu kimi, sonunda da xoşbəxt tarixi təsadüf nəticəsində müstəqillik qazanmış Azərbaycan iki ildən sonra onu itirmək təhlükəsi ilə üzləşmişdi. Biz 1991-1993-cü illərdə baş verən parlament çaxnaşmalarından, bir neçə hökumət dəyişməsindən danışmaq niyyətində deyilik, bunlar da başqa bir yazının mövzusudur. Amma həmin dövrdə də müstəqilliyin itirilməsi təhlükəsi var idi, əsrin əvvəllərində olduğu kimi, parlamentin yığışması və hakimiyyəti daxili irticaya təhvil verməsi mümkün idi. Ölkədə faktiki olaraq vətəndaş müharibəsi gedirdi, hərbi qiyamçılar Azərbaycanın rayonlarını bir-birinin ardınca müqavimətsiz ələ keçirir, yerli hakimiyyəti devirir və paytaxt Bakıya doğru irəliləyirdilər. Onlar siyasi rəhbərliyin təcili istefasını tələb edir, əks halda Bakını işğal edib hakimiyyətdə olan AXC-Müsavat liderlərini dar ağacından asacaqlarını bəyan edirdilər. Qiyamçıların tələbləri onların emissarları tərəfindən mütəmadi olaraq parlamentdə səslənirdi. Göründüyü kimi, 1918-1920, 1991-1993-cü illərin hərbi-siyasi şəraiti, həmin dövrlərdə müstəqil Azərbaycana rəhbərlik edənlərin niyyəti tamamilə fərqli olsa da, alınan nəticələr, gözlənilən təhlükələr faktiki olaraq eyni idi.
Yuxarıda qeyd etdik ki, müstəqilliyi qorumaq, dövlətçiliyi yaşatmaq üçün xalq buna hazır olmalı, milli-siyasi liderini yetişdirməli, möhkəm iqtisadi bazası, vahid milli strategiyası olmalıdır. Yüzillərin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı buna hazırdı, iqtisadi bazası, müstəqil Azərbaycan dövləti qurmaq kimi vahid milli strategiyası vardı. Deməli, hər iki halda - əsrin əvvəlində olduğu kimi, sonunda da müstəqilliyin iqtisadi və mənəvi əsasları vardı, realdı. Maraqlı sual yaranır: bəs niyə birinci halda müstəqilliyi qorumaq, dövlətçiliyi yaşatmaq mümkün olmadı? Düşünürəm ki, əsas səbəblərdən biri, bəlkə də birincisi həmin dövrdə xalqın vahid milli-siyasi liderinin olmaması idi. Məşhur təmsildə deyildiyi kimi, 1918-1920-ci illərdə Azərbaycanı hərə bir tərəfə çəkirdi, nəticədə də dövlətçilik şərti olaraq saxlansa da, müstəqillik qurban verildi. 1991-1993-cü illərdə də həmin vəziyyət təkrar oluna bilərdi, həmin təhlükələr gözlənilən idi, yaxşı ki, xalqın illərin sınağından çıxmış, hələ sovet dövründə gələcək müstəqilliyin iqtisadi, mənəvi əsaslarını yaratmış Heydər Əliyev kimi dahi lideri vardı.…
Bugünün zirvəsindən baxanda aydın olur ki, Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtması və xilaskarlıq missiyasını həyata keçirməsi tarixi bir zərurət idi, taleyin diktəsi və xalqın tələbi ilə həyata keçirilirdi. Amma həmin dövrdə bu aydınlıq yox idi, Heydər Əliyev hakimiyyət böhranlarının dağıtdığı, xarici təcavüzlə birlikdə daxili irticanın sarsıtdığı bir ölkədə ictimai-siyasi sabitlik yaratmalı, eyni zamanda müharibənin qarşısını almalı, iqtisadi tənəzzülü dayandırmalı idi. Bəli, müstəqilliyi qorumaq həddindən artıq çətin məsələ idi, amma Heydər Əliyev də həddindən artıq böyük siyasətçi, siyasət elminin dahisi idi. O, məsələlərə, problemlərə miqyaslı baxmağı, dərindən görməyi, onları köklü həll etməyi bacarırdı.
Məlum olduğu kimi, Azərbaycan xalqı bir millətdən və bir dinin daşıyıcılarından ibarət deyildi, respublikada onlarca xalqın nümayəndəsi yaşayırdı və müxtəlif dinlərə sitayiş edirdi. Azərbaycan xalqının rifahı, dövlətçiliyinin inkişafı da onların ümummilli birliyindən asılı idi. Dağlıq Qarabağda müharibənin getdiyi, ölkənin şimalında və cənubunda separatizm meyillərinin gücləndiyi bir dövrdə isə ümummilli birlik müstəqilliyin, dövlətçiliyin qarantlarından biri idi. 1918-1920, 1991-1993-cü illərdə Azərbaycana rəhbərlik edənlər bu vacib amili bilərəkdən, ya bilməyərəkdən nəzərdən qaçırmışdılar. Heydər Əliyev siyasətinin əsas xüsusiyyətlərindən biri isə məhz bu birliyin qorunması, bu birliyə əsaslanması idi. Ümummilli lider təbiətən azərbaycançı idi, Azərbaycanı bir millətin, bir dinin nümayəndələrinin deyil, respublikada yaşayan bütün insanların - azərbaycanlıların vətəni hesab edirdi. Onun müdrik daxili siyasəti də bu tezisə əsaslanırdı: Azərbaycanda yaşayan bütün millətlərin mənafeyini müdafiə etmək, hər bir azərbaycanlının sözünü demək və hər bir vətəndaşın problemini həll etmək. Odur ki, Azərbaycanda yaşayan hər bir insan, vətəndaş da Heydər Əliyevi öz lideri hesab edirdi. Fikrimizcə, ümummilli lider sözü də buradandır, Heydər Əliyevin millətindən və dinindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının lideri olmasındandır.
Beləliklə, həmin dövrdə Azərbaycanda ictimai-siyasi sabitlik yaratmaq çətin olsa da, Heydər Əliyev şəxsiyyəti üçün mümkün idi. Bütün Azərbaycan, türklər demiş, yeddidən yetmişə kimi ona inanırdı, etibar edirdi, onu ümummilli lider hesab edirdi. Siyasi liderliyə gəlincə, Heydər Əliyevin Azərbaycanda rəqibi yox idi, o, xarizmatik lider idi, onun müdrik siyasətini bütün Azərbaycan xalqı dəstəkləyirdi. 1993-cü ilin oktyabrında keçirilən, Heydər Əliyevin mütləq səs çoxluğu ilə qalib gəldiyi prezident seçkiləri də bunu bir daha sübut etdi. Ümummilli lider xalqın mandatını aldıqdan sonra ictimai-siyasi sabitliyin yaradılması istiqamətində qətiyyətli tədbirlərə başladı. Həmin dövrdə respublikada at oynadan, sözdə Dağlıq Qarabağda düşmənlə döyüşmək üçün yaradılan, işdə isə hakimiyyət uğrunda mübarizədə alət olan, dövlətçiliyə əsas təhlükə yaradan qanunsuz silahlı dəstələr tezliklə ləğv olundu. Doğrudur, bütün bunlar asan başa gəlmədi, daxili irtica yenidən işə keçməyə, hətta xarici sifarişlə dövlət çevrilişi etməyə cəhdlər etdi. Bu xəyanətlərin qarşısı Azərbaycan Prezidentinin siyasi iradəsi və xalqın dəstəyi ilə qətiyyətlə və qansız alındı. Ancaq Azərbaycana namərd ermənilər tərəfindən sırınan və məlum xarici qüvvələr tərəfindən alovlandırılan Qarabağ müharibəsi davam etdikcə daimi sabitlikdən danışmaq mümkün deyildi. Məlum olduğu kimi, müharibə yanğın mislindədir, yəni onu alovlandırmaq kifayətdir, qaliblər daha çox qalib olmaq, məğlublar isə məğlubiyyətdən yaxa qurtarmaq istəyəcək, müharibə özü yana-yana gedəcək, tərəflərdən birini, ya hər ikisini məhv edincə illər boyu davam edəcək. Bu, bütün müharibələrin ümumi qanunudur və Ermənistan-Azərbaycan müharibəsini alovlandıranlar da məhz buna arxayındılar. Amma Heydər Əliyev də dahi siyasətçi kimi bunu görürdü və qarşılayıcı tədbirlər də görürdü. Odur ki, əlverişli hərbi-siyasi şərait yaranan kimi müdriklik və siyasi iradə nümayiş etdirdi, Qarabağ müharibəsində atəşkəs danışıqlarına başladı. Həmin dövrdə Azərbaycan tərəfin hücumlarından qorxuya düşən erməni tərəfi də atəşkəslə razılaşdı. Beləliklə, 1994-cü ilin mayında Azərbaycana qandan və ziyandan başqa heç nə gətirməyən Qarabağ müharibəsində aktiv qarşıdurma, müvəqqəti olsa da, dayandı. Yeri gəlmişkən, müharibənin dayanması Azərbaycanda yaşayan hər bir millətin, dinin nümayəndəsinin, ümumilikdə bütün azərbaycanlıların sosial sifarişi idi və ümummilli lider də xalqın sifarişini yerinə yetirdi.
Biz Azərbaycanın çoxmillətli bir ölkə olduğunu və Heydər Əliyevin dahi siyasətçi kimi öz daxili siyasətində daim bu amili nəzərə aldığını, çoxmillətli Azərbaycan xalqına arxalandığını qeyd etdik. Amma Azərbaycan böyük dövlətlərin maraqlarının kəsişdiyi çox vacib geosiyasi məkanda yerləşən, XXI əsrin əsas beynəlxalq mübarizə predmeti olan karbogen ehtiyatları ilə zəngin kiçik bir ölkədir. Heydər Əliyev isə, xalqımızın bəxtindən, hətta deyərdik ki, xoşbəxtliyindən böyük diplomat idi və kiçik Azərbaycanın maraqlarını mövcud reallıqlarla uzlaşdıra, Azərbaycanın ətrafında sanki bir təhlükəsizlik dairəsi yarada bilirdi. 1994-cü il sentyabrın 20-də ARDNŞ ilə dünyanın aparıcı neft şirkətləri arasında bağlanan “Əsrin müqaviləsi” Azərbaycan üçün həm də belə bir təhlükəsizlik dairəsi oldu. Bu müqavilənin bağlanması Heydər Əliyevin müdrik xarici siyasətinin, diplomatik səylərinin nəticəsi, göstəricisi idi. Yalnız Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan və onun siyasi iradəsi, xalqın dəstəyi ilə regionda ictimai-siyasi sabitlik yarandıqdan və Dağlıq Qarabağ müharibəsi dayandıqdan sonra bu layihəni reallaşdırmaq üçün münbit şərait yetişdi. Odur ki, “Əsrin müqaviləsi” haqlı olaraq Heydər Əliyevin neft strategiyasının başlanğıcı, istinad nöqtəsi hesab edilir.
Xüsusi olaraq vurğulamaq istərdik ki, Azərbaycan iqtisadiyyatının dirçəlməsi Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsi ilə birbaşa bağlı olmuşdur. “Əsrin müqaviləsi”nin bağlanması ilə başlanmış və 20-dən çox sazişin imzalanması ilə müşayiət olunmuş, Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrin həyata keçirilməsi ilə zirvəyə ucalmış yeni neft strategiyası ilk dövrlərdən Azərbaycana böyük uğurlar gətirmişdir. Azərbaycanla neft sazişləri imzalayan transmilli şirkətlər respublikaya böyük sərmayələr yatırmaqla yanaşı, Azərbaycan həqiqətlərini, əsasən də Dağlıq Qarabağ probleminin mahiyyətini öz ölkələrində, ümumilikdə beynəlxalq aləmdə yayır, faktiki olaraq, lobbiçilik edirdilər. Azərbaycana gələn çoxmilyardlıq sərmayələrin Dövlət Neft Fonduna cəlb edilməsi və respublika iqtisadiyyatının şaxələndirilməsinə yönəldilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması da məhz bu strategiyanın uğurla həyata keçirilməsi sayəsində mümkün olmuşdur. Artıq hamıya aydındır ki, o zaman müdrik dövlət başçısı tərəfindən bu taleyüklü addımlar atılmasaydı, dağılmış iqtisadiyyatı yenidən qurmaq, ordu quruculuğu ilə məşğul olmaq, demokratik islahatlar aparmaq, bir sözlə, müstəqilliyi qorumaq, müstəqil Azərbaycan Respublikasını yaşatmaq da mümkün olmayacaqdı.
Sonrakı dövr isə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbul olunması və ilk parlamentinin formalaşması, demokratik dövlət quruculuğunun aparılması, bunun üçün vacib olan siyasi və iqtisadi islahatların, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, yerli özünüidarə orqanlarının yaradılması kimi mürəkkəb taleyüklü məsələlərin həlli ilə əlamətdar oldu. Azərbaycanın iqtisadi inkişaf prosesi başlandı, sivil dünyaya inteqrasiya geniş vüsət aldı. Azərbaycan Avropa Şurası, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların üzvü oldu, NATO, Avropa Birliyi ilə əməkdaşlığa başladı. Heydər Əliyevin müdrik xarici siyasəti müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin gücləndirilməsinə və sivil dünyaya inteqrasiyaya xidmət edirdi. Daxili siyasətin hədəfləri isə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik prinsiplərin həyata keçirilməsi və Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi idi. Beləliklə, Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə onun müdrik siyasətinin yeni xüsusiyyətləri açıldı. Hesab edirik ki, bunlar yuxarıda qeyd olunan xəlqilik, praqmatiklik, uzaqgörənlik və elmi əsaslara söykənmək kimi ümumi xüsusiyyətlərlə yanaşı, yalnız Heydər Əliyevə xas olan böyük diplomatik məharət və sarsılmaz siyasi iradə, problemlərə miqyaslı, onların həllinə yaradıcı yanaşmaq, zamanın və məkanın tələblərini qiymətləndirmək, səbir və ya qətiyyət nümayiş etdirməyin yerini və vaxtını bilmək kimi xüsusi keyfiyyətlərdir.
Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr hazırda, onun vəsiyyət etdiyi kimi, Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələr Prezident İlham Əliyevin siyasi iradəsi ilə həyata vəsiqə aldı, Bakı-Tbilisi-Qars layihəsi isə sürətlə reallaşmaqdadır. Möhtərəm Prezidentin həyata keçirdiyi xarici və daxili siyasət mahiyyətcə Heydər Əliyev siyasətidir, yalnız dəyişməkdə olan zamanın və geosiyasi məkanın tələblərindən asılı olaraq, forma dəyişdirilir və təkmilləşdirilir. Nəticələr də göz önündədir. Cənab Prezidentin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət sayəsində ölkəmiz böyük uğurlar qazanmışdır. Son on ildə Azərbaycanda ümumi daxili məhsul dörd, dövlət büdcəsi iyirmi dəfədən çox artmışdır, ölkənin enerji və ərzaq təhlükəsizliyi məsələləri öz həllini tapmışdır. Respublikada milyon yarımdan çox yeni iş yeri açılmış, işsizlik probleminin həlli istiqamətində həlledici addımlar atılmışdır. Yoxsulluğun səviyyəsi 10 dəfədən çox azalmış, inkişaf etmiş ölkələrlə müqayisə ediləcək səviyyəyə çatmışdır. Dinamik inkişaf ictimai-sosial həyatın bütün sahələrini əhatə edir, bütün ölkədə infrastruktur layihələri həyata keçirilir, sosial problemlər sürətlə həll edilir, insanların sosial rifahı daha da yüksəlir. Dünyanın qabaqcıl ölkələrinin maliyyə böhranından əziyyət çəkdiyi, neftin qiymətinin sürətlə düşdüyü bir dövrdə Azərbaycan iqtisadiyyatı yüksələn xətlə inkişaf edir, dünya iqtisadiyyatına inteqrasiya prosesi uğurla davam etdirilir. Odur ki, Azərbaycan Prezidentini, onun siyasətini Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti dəstəkləyir. Prezident İlham Əliyevin daxili siyasətinin yüksək səviyyədə dəstəklənməsini təmin edən mühüm amillərdən biri də son illərdə ölkədə ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin möhkəmləndirilməsi olmuşdur. Dövlət başçısı əsası ulu öndər tərəfindən qoyulan, ümummilli birlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, dönməz etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi effektiv xarici siyasət Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursunun varisliyini təmin etməklə yanaşı, praqmatik mahiyyəti, müasir dünyanın geosiyasi gerçəkliklərinə cavab verməsi ilə əlamətdar olmuşdur. Dövlət başçısı beynəlxalq hüquq prinsiplərindən çıxış edərək, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya vermişdir. Müasir dövrdə qloballaşma elə bir səviyyəyə çatmışdır ki, ölkənin idarə olunması təkcə daxili məsələlərin həlli ilə yekunlaşmır. Bu səbəbdən də müasir dövrdə planetar düşüncəyə malik olan, yerli problemləri də beynəlxalq məsələlər kontekstində qiymətləndirə, ümumi tendensiyaları nəzərə almaqla həll edə bilən, milli ilə bəşərinin, xüsusi ilə ümuminin vəhdətindən çıxış edən İlham Əliyev kimi mütərəqqi düşüncəli liderlərə ehtiyac böyükdür. Demokratik dəyərləri - insan haqlarının aliliyini, iqtisadi liberalizm prinsiplərini əsas tutan Prezident Azərbaycanın əlverişli geosiyasi mövqeyindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüclərin strateji maraq dairəsində olmasından maksimum bəhrələnməklə hər bir konkret zaman, məkan və şərait çərçivəsində milli maraqlara uyğun xarici siyasət hədəflərini müəyyənləşdirir. Son dövrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, enerji resurslarının ixracı prosesinin müasir normalar və qəbul olunmuş qaydalar əsasında gerçəkləşdirilməsi Prezident İlham Əliyevin xarici siyasətində əsas prioritetlər olmuşdur. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa, ümumilikdə dünya üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da artmış, sivil dünyaya inteqrasiya prosesi sürətlənmişdir.
Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyevin ideyaları yaşayır, arzuları həyata keçir, müstəqil Azərbaycan Respublikası inkişaf edir, çiçəklənir. Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun, zamanın nəbzini tutmaqla davam etdirdiyi müdrik Heydər Əliyev siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan iqtisadi-siyasi cəhətdən sürətlə inkişaf edən, əmin-amanlığın və firavanlığın hökm sürdüyü, öz problemlərini özü həll edə bilən, özü özünü təmin edən, beynəlxalq nüfuzu daim yüksələn qüdrətli bir ölkəyə çevrilməkdədir.
Ziya
YUSİF-ZADƏ,
MTN-in Heydər Əliyev adına Akademiyasının rəisi,
general-leytenant
Azərbaycan.-2015.-
6 may.- S.6.