Heydər Əliyevin yadigarları
Ulu öndər 6 dəfə Qaradağ rayonunun əməkçiləri
ilə görüşüb
Qaradağ rayonunun əməkçiləri ulu öndərlə keçirdikləri maraqlı görüşləri yaxşı xatırlayırlar. O illər xeyli çətin dövr idi. Doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlər ciddi problemlərlə üzləşmişdilər. Onların yerləşdirilməsi, böyük bir humanitar fəlakətin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü iş aparılırdı. İşğal olunmuş bütün rayonlarda didərgin düşərək indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün bir nömrəli problemdir deyən ulu öndər Heydər Əliyev bu adamlarla şəxsən görüşür, onların ən zəruri ehtiyaclarını öyrənirdi. Elə Qaradağda məcburi köçkünlərin yaşadıqları Ümid qəsəbəsi də ulu öndərin xeyir-duası, təşəbbüsü ilə yaradıldı. Əslində bu yerlər boş ərazi olub. Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı çərçivəsində görülən işlər yeni yaradılan Ümid qəsəbəsinin genişlənməsinə şərait yaratdı. Burada yaşayanların sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görüldü. Doğrudur, bütün bunlar böyük maliyyə vəsaiti tələb etsə də, dövlət xərcləri öz üzərinə götürdü. Ulu öndərin başladığı bu xeyirxah ənənəni uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev bəyan etmişdir ki, Azərbaycanda görüləcək tədbirlər nəticəsində heç bir çadır şəhərciyi qalmayacaq, bütün çadır şəhərcikləri ləğv ediləcək və onların əvəzində yeni, müasir standartlara cavab verən qəsəbələr salınacaq...
Elə Qaradağ rayonunda yaradılan yeni Ümid qəsəbəsi də bu silsilənin davamıdır. İşğaldan əziyyət çəkən qaçqın və məcburi köçkünlərin müasir şəraitlə təmin olunması üçün burada geniş quruculuq işləri aparılıb. Doğma torpaqlarından ayrı düşən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilib. İndi minlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı bu qəsəbə xeyli abadlaşdırılmış, genişmiqyaslı işlər görülmüşdür. Yeni istehsal müəssisələri tikilmiş, iş yerləri açılmışdır.
Bu ərazidə vaxtilə Bakı Dərin Özüllər Zavodunun işə düşməsinə də ciddi problemlər yaradılmışdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi ilə 1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun Qaradağ rayonu ərazisində təməli qoyulub. Cəmi bir neçə il sonra - 1984-cü ildə istismara verilən müəssisə ilk mərhələdə dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsinə çevrildi. İldən-ilə istehsal potensialı xeyli genişləndi. Mütəxəssislərin hesablamalarına görə, zavodun ümumi istehsal gücü 60 min ton metal konstruksiya həcminə çatdı. Müxtəlif dərinliklərdən asılı olaraq ildə iki-üç dərinlik dəniz özülü yığmağa potensial gücü var.
1994-cü il sentyabrın 20-də Əsrin müqaviləsi imzalanandan sonra Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən bütün neft layihələrində Bakı Dərin Özüllər Zavodunun fəal iştirakı olub. İlk dəfə olaraq BP şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt da bu müəssisədə həyata keçirilib. Sonrakı mərhələdə istehsalla bağlı bəzi faktları sadalaya bilərik: zavodda tikinti üçün metal konstruksiyalar, 200 metrədək dərinlik üçün stasionar dəniz özülləri, körpü konstruksiyaları, müxtəlif ölçülü metal borular istehsal olunur. Zavodun əsas məhsulu isə dəniz, neft və qaz yataqlarının işlədilməsi üçün dərin özüllərin hazırlanmasıdır. Əlbəttə, bütün bunlar Xəzər dənizində daha qlobal neft layihələrinin həyata keçirilməsinə imkan yaradır. Zavodun tam gücü ilə işləməsi yeni layihələrin hazırlanmasına imkan verməklə bərabər, sifarişlərin də sayını artırdı. Hələ bir vaxtlar böhranlı sosial-iqtisadi şəraitdə yaşayan Azərbaycanı vəziyyətdən çıxarmaq üçün ulu öndər Heydər Əliyev yeni neft strategiyasını irəli sürdü. Belə bir təklif ölkə iqtisadiyyatının sürətli dirçəlişinə təkan verdi. Heydər Əliyev böyük uzaqgörənliklə bu strategiyanın mahiyyətini açıqladı. Əvəzsiz təbii sərvətimiz olan neftin ölkənin iqtisadi inkişafında rolu düzgün müəyyənləşdirildi.
Bakı Dərin Özüllər Zavodunun Qaradağ rayonu ərazisində yerləşməsi də ulu öndər Heydər Əliyevin seçimidir. Bu gün həmin seçimin bəhrəsini rayonun əhalisi yüksək dəyərləndirir, onun uğurlu nəticələrindən bəhrələndiklərindən danışır. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov deyir ki, Bakı Dərin Özüllər Zavodu Azərbaycanda yeni neft strategiyasının həyata keçirilməsinə kömək etməklə bərabər, rayonumuzda sosial layihələrin icrasına da şərait yaratmışdır. Bir faktı deyim ki, Heydər Əliyevin siyasi iradəsi nəticəsində Cənubi Qafqazda ən böyük sənaye flaqmanlarından biri sayılan Bakı Dərin Özüllər Zavodu yeni texnologiyanın tətbiqi sayəsində xeyli uğurlar qazanıb. Yarandığı vaxtdan üzü bəri zavodun istehsal potensialı maksimum həddə çatıb, güclü kadr bazası yaradılıb. Fərəhlə deyə bilərəm ki, ayrı-ayrı sahələrin dirçəldilməsində də həmin kadr potensialından qədərincə faydalanırıq. Zavodun imkanları və gücü hesabına rayonumuzda yeni sosial obyektlərin inşasına, əhalinin maddi rifah halının yaxşılaşmasına şərait yaradılıb. Hələ 70-ci illərdə ulu öndər Heydər Əliyev tərəfindən göstərilən böyük təşəbbüslərin bəhrəsi bu gün də davamlı fayda verir. Ona görə də Qaradağ rayonunun əməkçiləri ulu öndərin adını və xatirəsini əbədiləşdirmək üçün geniş tədbirlər planı həyata keçirir. Elə Bakı Dərin Özüllər Zavoduna Heydər Əliyevin adının verilməsi də müəssisə əməkçilərinin çoxsaylı təşəbbüsü ilə həyata keçirilmişdi. Odur ki, zavodda yaradılan Heydər Əliyev guşəsi zəngin eksponatları ilə diqqəti cəlb edir. Ulu öndərin dəfələrlə bu müəssisəyə gəlişi, əməkçilərlə müntəzəm görüşləri bu gün də dönə-dönə xatırlanır. Azərbaycana rəhbərlik etdiyi illərdə ulu öndər altı dəfə rayonumuzun əməkçiləri ilə görüşüb, onların ən zəruri ehtiyacları ilə maraqlanıb. Həmin görüşlərdə Bakı Dərin Özüllər Zavodunun əməkçiləri də iştirak edib, müəssisə ilə bağlı təkliflərini ulu öndərə çatdırıblar. Belə görüşlər nəticə etibarilə müəssisənin gələcək uğurlarında böyük rol oynayıb. Biz hazırda ulu öndərin bir vaxt verdiyi dəyərli məsləhətlərdən, tövsiyələrdən qədərincə faydalanırıq...
Ulu öndərin Qaradağ əməkçiləri ilə hər görüşü əsl bayrama çevrilirdi. Ona görə ki, belə görüşlərdə ən ciddi layihələrin həyata keçirilməsinə təşəbbüs göstərilib, təkliflər irəli sürülübdür. Bir-birinin ardınca yeni sosial obyektlər, yaşayış binaları, müxtəlif təyinatlı istehsal mərkəzləri inşa olunaraq istifadəyə verilibdir. Yeni dəniz limanı, Ümid yaşayış kompleksi, qaz emalı zavodu, Benzol istehsal edən müəssisə və digər iri layihələrin hələ o illərdə həyata keçirilməsi üçün konkret təkliflər verilmişdir. Bu gün fəxrlə deyə bilərik ki, ulu öndərin dəyərli tövsiyələri Qaradağda yeni sənaye mərkəzinin yaranmasına şərait yaradıb, minlərlə iş yeri açılıb, adamların zəruri sosial ehtiyacları ödənilib. Ona görə də rayonun hər bir yaşayış ərazisində ulu öndərin adı ilə bağlı xatirələrə hörmətlə yanaşılır, adı əbədi tutulur. Qaradağda Heydər Əliyevin adını daşıyan park və xiyabanlar, mərkəzi küçələr, istehsal müəssisələri, məktəblər, səhiyyə mərkəzləri çoxluq təşkil edir...
Ulu öndərin anadan olmasının 92-ci ildönümünə bütün respublikamızda olduğu kimi, rayonda da ciddi hazırlıq işləri görülür. Bu məqsədlə geniş tədbirlər planı nəzərdə tutulub. Abadlıq və xeyriyyə işlərindən başqa rayon iqtisadiyyatının aparıcı sahəsi sayılan neft və qaz sənayesinin inkişafı yeni mərhələyə qədəm qoyub. Fəxrlə deyə bilərik ki, bütün bunlar ulu öndərin xeyirxah tövsiyələrinin nəticəsidir. Bir-birinin ardınca fəaliyyətə başlayan istehsal müəssisələri işsizlik probleminin birdəfəlik həllinə şərait yaradıb. Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodu uğurla işə düşüb. Bu zavod Xəzər dənizində müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcək. İlkin olaraq bu müəssisədə 1250 nəfər işçi çalışacaq. Gələcəkdə bu işçilərin sayının iki min nəfərə çatdırılması nəzərdə tutulub. Ötən ilin uğurlu göstəricilərindən biri də rayon ərazisində metanol zavodunun tikintisinin başa çatmasıdır. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng müəssisələrdən biri sayılır. Əlbəttə, belə sənaye müəssisələrinin yaradılması yaxın illərdə Qaradağın sənaye mərkəzlərinin birinə çevrilməsinə şərait yaradacaq. Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası da uğurla davam edir. Rayonun ərazisində yeni texnoparkların salınması üçün üç min hektar yer ayrılıb. Belə qlobal layihələrin icrası nəticəsində yüzlərlə yeni iş yerinin açılması nəzərdə tutulub. Rayonda görülən genişmiqyaslı quruculuq işlərini yüksək dəyərləndirən Azərbaycan Prezidenti rayona səfəri zamanı demişdir: Mən çox şadam ki, son dövrlərdə Qaradağ rayonunda belə gözəl işlər görülmüşdür. Rayonun iqtisadi və sənaye inkişafı sürətlə gedir. Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir...
Bəşir ŞƏRİFLİ,
Azərbaycan.-2015.- 6 may.- S.8.