Binəqədidə möhtəşəm
gül bayramı keçirildi
Hər il olduğu kimi, bu il də Binəqədi rayonunda möhtəşəm gül bayramı keçirildi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil olunan ümumrayon gül bayramında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, rayon hüquq-mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
On minə yaxın insanın iştirak etdiyi bayram tədbirində “Bakı-2015” I Avropa Oyunları ilə əlaqədar təbii güllər və çiçəklərdən hazırlanmış müxtəlif növ idman növlərini simvolizə edən kompozisiyalar nümayiş etdirildi. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü sakinlərdə xoş ovqat yaratdı. Ümummilli lider Heydər Əliyevin portreti və imzasını əks etdirən kompozisiya xüsusi maraqla qarşılanan komponentlərdən oldu.
Heydər məscidindən başlayaraq 246 saylı məktəb istiqamətində Üzeyir Hacıbəyli küçəsi boyunca yolun hər iki tərəfində rayonun orta məktəblərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış sərgilər, rəqslər, bədii qiraət və uşaqların ifasında müxtəlif idman növlərinin nümayişi bayram şənliyinə xüsusi ovqat qatdı.
Rayon rəhbərliyi və
qonaqlar kompozisiyalara
baxış keçirdikdən sonra ulu öndərin anadan
olmasının 92-ci ildönümünə həsr olunan konsert proqramına tamaşa etdilər. Konsertdə respublikanın
tanınmış incəsənət ustalarının və rayonun istedadlı gənclərinin ifasında
Azərbaycana və ulu öndərə həsr
olunan, könül oxşayan mahnılar və şeirlər səsləndirildi.
Rayon icra hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı
ilə təltif edilmiş Qızıl Aypara Cəmiyyətinin rayon
şöbəsinin sədri Afət Quliyevaya
mükafatı təqdim etdi.
Azərbaycan.-2015.- 6 may.- S.8.