Məşəl Muğandan
Şirvana gəldi
Məşəl Şirvan və
Hacıqabulda alovlandı
Ölkəmizi diyar-diyar gəzərək şölələnən, keçdiyi yerlərdə iz qoyan I Avropa Oyunlarının məşəli bu dəfə Muğandan Şirvana gətirildi. Bu şəhər uzun illər Əli Bayramlı adlanmışdır. 2008-ci ilin may ayında isə şəhərin adı dəyişdirilərək Şirvan olmuşdur.
Şirvan şəhəri əsasən keçən əsrin 20-30-cu illərindən etibarən formalaşmağa başlayıb.Torpağın təkindən tapılan neft , 1956-cı ildə istifadəyə verilən İstilik Elektrik Stansiyası, 60-cı illərdə yaradılan Radiotexnika Cihazları Zavodu və digər mühüm əhəmiyyətli sənaye müəssisələri onun sürətli inkişafına təkan verib. Respublikamızın, habelə keçmiş SSRİ-nin müxtəlif yerlərindən, xüsusilə Rusiyadan işləmək üçün buraya çoxlu sayda gənclər gəlib. Onlar həyatlarını birdəfəlik bu şəhərlə bağlayıblar. Ötən əsrin 50-ci illərində əhali getdikcə artdığından “köhnə” şəhərdən xeyli kənarda - Mişovdağın aşağı hissəsində təzə şəhər salınıb. İndi bura belə də adlanır “Təzə şəhər”.
Beləliklə, indiki Şirvan şəhəri respublikamızın sənaye mərkəzlərindən birinə çevrilib. Şan-şöhrəti getdikcə artıb. Onlarla əmək qabaqcılı yüksək adlara, mükafatlara layiq görülüb. Şirvan neftçilər, energetiklər, gənclər şəhəri kimi şöhrət tapıb. Ümummilli lider Heydər Əliyev 1969-cu ildə respublikanın rəhbəri seçildikdən sonra isə Şirvan daha yüksək sürətlə inkişaf edib.
Bu gün müstəqil Azərbaycanın hər yerində olduğu kimi, Şirvanda da böyük quruculuq işləri gedir. Yeni müəssisələr fəaliyyətə başlayır. Tikilib istifadəyə verilən və əsası qoyulan neçə-neçə müəssisənin təməlqoyma, açılış mərasimlərində Prezident İlham Əliyev iştirak etmişdir. 2008-ci ildə istismara verilən Cənub Elektrik Stansiyası ölkəmizin enerji təminatında xüsusi rola malikdir. Şirvan Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi də bu sıradandır.
Son illərdə Şirvan şəhərində bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir və uğurlu nəticələr əldə olunur. Hazırda burada 4 Uşaq Gənclər İdman Məktəbi və “Neftçi” İdman Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Bundan başqa, Şirvanda okinava sindo-ryu və okinava qocruryu, karate do, taekvondo, universal döyüş, sambo, bədii gimnastika, üzgüçülük, kikboks idman klubu seksiyalarında və ağırlıqqaldırma zallarında yüzlərlə yeniyetmə və gənc məşğul olur.
Şirvan Olimpiya İdman Kompleksi 2013-cü ilin iyulunda istifadəyə verilmişdir. Hazırda əksər idman növləri üzrə məşqlər burada keçirilir.
Təkcə son aylar Şirvanda yeniyetmə və gənc idmançılar, o cümlədən idarə, müəssisə və əmək kollektivlərində çalışan işçilər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə turnir, “Gənclər günü” münasibətilə sərbəst güləş üzrə yarış, yeniyetmələr arasında yunan-Roma və sərbəst güləş üzrə şəhər birinciliyi, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında kikboks üzrə açıq turnir, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən yeniyetmələr arasında boks turniri və “Bədən Tərbiyəsi və İdman Günü” ilə bağlı yeniyetmələr arasında arasında stolüstü tennis üzrə birincilik, orta ümumtəhsil məktəbliləri arasında VMH Triatlon çoxnövçülüyü üzrə yarışlar, futbol üzrə şəhər birincilikləri, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dama üzrə turnir, “Dövlət Müstəqilliyi Günü”, “Konstitusiya Günü” və “Milli Dirçəliş Günü” münasibətilə müxtəlif idman növləri üzrə yarışlar keçirilir.
2014-cü ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən respublika miqyaslı yarışlarda şirvanlı yeniyetmə və gənc idmançılar 43 qızıl, 37 gümüş, 62 bürünc medal qazanmışlar. Bu ilin ötən dövrü ərzində isə yerli idmançılar müxtəlif yarışlarda 10 qızıl, 7 gümüş, 9 bürünc medala layiq görülmüşlər. Bunlardan əlavə, Beynəlxalq Uşaq Gününə həsr olunmuş “Ata, ana və mən - turist ailəsiyik” Respublika çempionatında Şirvanı 5 gənc ailə təmsil etmiş və yekunda 1 ailə III yerə layiq görülmüşdür. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universal döyüş idman növü üzrə beynəlxalq turnirdə isə yerli idmançılardan Murad Əhmədov, Adil Abbaszadə, Hüseynağa Umudov və Anar Abbasov qalib olmuşlar. Muay-Tay idman növü üzrə Tailandda keçirilən dünya çempionatında Fərid Qarayev də qızıl medala yiyələnmişdir.
Şirvan sakinləri veteran idmançıları ilə də qürur duyur və onları unutmurlar. Onların arasında sərbəst güləşçilər - ikiqat SSRİ çempionu Rövşən Umudov, gənclər arasında dünya və Avropa birinciliklərinin mükafatçısı Samir Əhmədov, Avropa çempionu, dünya çempionatının bürünc mükafatçısı Elnur Əliyev, əməkdar məşqçi Araz Qurbanov, əməkdar bədən tərbiyəçisi və idman xadimi Vaqif Cəfərov, veteran futbolçu Tərlan Əhmədov, yunan-Roma güləşi üzrə idman ustası, beynəlxalq turnirlərin qalibi Xəyal Həsənov, cüdo üzrə əməkdar məşqçi Yunis Əhmədov, boks üzrə Azərbaycan çempionu, beynəlxalq turnirlərin mükafatçısı Rəşad Bünyadov və digərləri var. Hazırda adıçəkilən veteranlar uşaqlara və yeniyetmələrə idmanın sirlərini öyrədirlər.
Saat 14 radələridir. Çiskin olmasına baxmayaraq, şəhərin bəzədilmiş küçələri, meydanları izdihamlıdır. Giriş qapısında da böyük izdiham var. Bayraq meydanında əməkdar müəllim Sevil Xudiyeva bu sevincli anlarda bizimlə təəssüratını bölüşür: “Birinci Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi bütün xalqımız, elecə də mənim üçün çox sevindirici və qürurverici haldır. Fəxr edirəm ki, bu mötəbər yarışların keçirilməsi üçün məhz Vətənimiz Azərbaycan seçilmişdir. Bununla ölkəmiz bir daha bütün dünyada müasir, tolerant, daim qüdrətlənən bir dövlət kimi tanınacaq. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idmanımızın inkişafına da xeyli təkan verəcək. Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın bütün növlərində kütləvilik artacaq”.
Təpə üzərində salınmış meydandakı dirəkdən asılmış bayraq daha əzəmətli görünürdü. “Atəşgah”dan götürülən alov burada böyük hərarətlə qarşılandı. Neftçaladan gətirilən məşəl mədəniyyət işçisi Cavid Ziyadiyə təhvil verildikdən sonra estafet şəhərin mərkəzinə tərəf istiqamət götürdü.
Şirvanlı tələbə Firuzə Abbasova:
- Birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər, tələbələr arasında təbliğində, onları sağlam həyat tərzinə istiqamətləndirmək, onlarda vətənpərvərlik ruhunu aşılamaq sahəsində böyük rolu var. Biz bu möhtəşəm idman yarışlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Məşəl daşıyıcıları Heydər Əliyev meydanına gəldilər. Təntənəli mərasimlə əlaqədar burada iki səhnə quraşdırılmışdır. Biri məşəl kasasını yandırmaq, digəri isə şəhər mədəniyyət evinin bədii özfəaliyyət və incəsənət ustalarının çıxışı üçün. Şirvan torpağına qədəm qoyan məşəli səhnəyə qaldıran təhsil işçisi Aydın Əliyev kasanı və çırağı alovlandırdı. Yenə alqış səsləri ətrafı bürüdü. Birinci Avropa Oyunlarının sonuna qədər şəhərdə yanacaq çıraq isə 15 yaşlı karateçi, Avropa və dünya çempionu Fərid Abbasova təqdim edildi.
Sonra konsert
başladı. Şən, oynaq musiqi sədaları ətrafa yayıldı.
Azərbaycan.-2015.- 6 may.- S.10.