Qədim karvan yolunun keçdiyi məkan tarixi anlara şahidlik etdi

 

Məşəl Şirvan və Hacıqabulda alovlandı

 

Tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarının açılışına 37 gün qalıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakıdakı müqəddəs “Atəşgah” məbədində alovlandırdığı məşəl respublikamızın bir neçə bölgəsində yandırıldıqdan sonra mayın 5-də axşam saatlarında Şirvan şəhərindən Hacıqabula gətirildi.

Hacıqabul respublikamızın siyasi-iqtisadi coğrafiyasına daxil olan yeni rayonlardandır. Uzun illər indiki Şirvan şəhərinin tərkibində qəsəbə kimi fəaliyyət göstərmiş Hacıqabul rayon statusu alan dövrdə respublikamızda vəziyyət qeyri-sabit idi. Xalq vəziyyətdən çıxış yolunu sinaqlardan mətanətlə çıxan Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində görürdü. Bu, belə də oldu. Ulu öndər 1993-cü ilin yayında xalqın dəstəyi ilə hakimiyyətə qayıtdı. Böyük səy, uzaqgörənliyi sayəsində ölkədə sabitlik yarandı. “Əsrin müqaviləsi” imzalandı, islahatlar həyata keçirildi. Görülən işlər öz nəticəsini verdi. 2014-cü ildə Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını imzaladı. Əyalətlərimiz inkişaf etməyə başladı. İnsanlarda işləmək, qurub-yaratmaq əzmi yarandı.

2009-2013-cü illərdə qəbul edilən dövlət proqramları çərçivəsində şəhərlərimiz, yollarımız abadlaşır. Müasir müalicə-diaqnostika mərkəzləri, Olimpiya İdman kompleksləri, tikilən və təmir olunan 3500-dən çox məktəb, səhiyyə ocaqları və s. buna bariz nümunədir. Hazırda bu işlər sürətlə davam etdirilir. Kəndlərə təbii qaz xətləri çəkilir. Yollar abadlaşdırılır. Bu inkişafı, tərəqqini Hacıqabulda da aydın görmək olur.

Böyük karvan yolunun üstündə yerləşən Hacıqabul tarixi yerləri və abidələri ilə də məşhurdur.

Rayonun Qubalıbalaoğlan kəndində, Pirsaatçayı yaxınlığında XII-XIV əsrlərə aid Xanəgah adı ilə məşhur olan abidələr kompleksi Azərbaycanın ən maraqlı memarlıq abidələrindən biridir. Ticarət-karvan yolunun üzərində tikilən bu nadir bina müqəddəs yer kimi ölkənin hüdudlarından kənarda da məşhurlaşmışdır.

Pir Hüseyn Xanəgahı yarımdairəvi qalası, orijinal üslubda hörülmüş divarları və yığcam girişi ilə kənardan çox da böyük olmayan Şirvan qalasını xatırladır.

Xanəgahın əsas xüsusiyyəti ondan ibarətdir ki, içəridə böyük taxça üzərində minalanmış yaşıl lövhələrdə - yazılarda Şirvan şahının adı əks etdirilmişdirhicri təqvimi ilə 665-ci il (Miladi təqvimi ilə 1266-67-ci illər) tarixindən xəbər verir.

Əsrlərin sınağından keçib bu günümüzə gəlib çatan Pir Hüseyn Xanəgahı bu gün dövlət tərəfindən qorunur.

I Avropa Oyunları ilə əlaqədar Azərbaycanın digər şəhər və rayonlarında olduğu kimi, Hacıqabulda da böyük idman bayramına hazırlıq işləri görülüb. Yollar, küçələr, parkxiyabanlar səliqə-sahmana salınmış, bir neçə yerdə qürur mənbəyimiz olan üçrəngli bayrağımız dalğalanır. Bir sözlə, Hacıqabul bayram ab-havasındadır. Şəhərin mərkəzində yerləşən, ulu öndər Heydər Əliyevin abidəsi ucaldılan parkda isə başqa bir bayram təntənəsi hökm sürür.

Yol boyu, Bayraq meydanından başlayaraq rayonun yaxın-uzaq kənd və qəsəbələrindən əlamətdar hadisənin iştirakçısı olmaq, bu təntənəni seyr etmək üçün minlərlə hacıqabullu toplaşmışdı. Günün birinci yarısında yağan yağış dayanmış, Günəş çıxmışdı. Yaz günündə şəhərin sakinləri dəstə-dəstə tarixdə ilk dəfə keçiriləcək “Bakı-2015” I Avropa Oyunlarının “Atəşgah”dan götürülmüş alovunu qarşılamağa çıxmışdılar. Hər kəsin üzündə təbəssüm, gözlərində sevinc vardı.

Səbirsizliklə gözlənilən an, nəhayət ki, gəlib çatır. “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Hacıqabul rayonunun ərazisinə daxil olur. Yol boyu pişvaza çıxan hacıqabullular məşəl estafetinin iştirakçısı olan idmançıları hərarətlə qarşılayırlar. Bayram tədbiri buradan start götürür, şənlik başlayır. Yallı gedən, rəqs edən, mahnı oxuyan məktəblilər gələn qonaqları hərarətlə qarşılayırlar.

Bayraq meydanından başlayaraq Şirvan şəhərindən gətirilmiş alov estafetini hacıqabullu məşəl daşıyan, boks üzrə Azərbaycan çempionatının gümüş mükafatçısı Əli Rüstəmov qəbul edir. Sonra estafetin digər iştirakçıları - karate üzrə üçüncü dan kəmər sahibi, beynəlxalq yarışların qalibi Bədəl Bədəlov, hərbi hazırlıq müəllimi Ramil İbişov, veteran idmançı Elçin Teymurov, fiziki tərbiyə müəllimi Emin Məmmədov, boks üzrə idman ustası, ölkə çempionatının və beynəlxalq yarışların qalibi Daşqın Nağıyev, keçmiş SSRİ idman ustası, yunan-Roma güləşi üzrə beynəlxalq turnirlərin qalibi Teyyub İsmayılov, habelə veteran futbolçular Şahin OvçiyevXalid Rəcəbli məşəli növbə ilə bir-birinə ötürərək hərəsi təxminən 400 metr məsafəni qət etməklə rayon sakinlərinin alqış sədalarının müşayiəti ilə şəhərin Məhəmməd Əsədov küçəsi istiqamətindən İsmət Qayıbov prospekti boyunca Heydər Əliyev parkına yaxınlaşırlar. Alov estafetinin sonuncu iştirakçısı, karate-do üzrə dəfələrlə dünyaAvropa çempionu Elnur Şəfiyev məşəli Heydər Əliyev parkında qurulmuş səhnəyə qaldırdı və oradakı xüsusi kasanı alovlandırdı. Sonra boks üzrə yeddi dəfə ölkə çempionu, hərbçilər arasında dünya çempionatının qalibi, Avropa birinciliyinin gümüş mükafatçısı Rəhim Nəcəfov səhnədəki çırağı yandırdı. Çıraq I Avropa Oyunları bitənədək mühafizə olunmaq üçün Aytən Zülfəliyevaya təqdim edildi.

Parka toplaşan minlərlə hacıqabullunun hər birinin çöhrəsindən əsl bayram əhval-ruhiyyəsi duyulurdu. Rayon Ağsaqqallar Şurasının sədri Abdulla Zülfüqarov bayram təəssüratlarını bizimlə bölüşür: “Azərbaycanımızın çiçəkləndiyini gördükdə uzun illər yaşamaq istəyirəm. Kaş indi 30-40 yaşında olaydım. Bizim cavanlığımız əzab-əziyyətli keçib. Təəssüf hissi keçirirəm ki, indiki gənclərin bəzisi onlar üçün yaradılan şəraitin qədrini bilmirlər. Respublikamızın belə inkişafını gözü götürməyənlər də var. Onlar dövlətimizin, Vətənimizin ünvanına qara yaxmaqla məşğuldurlar. Lakin anlamırlar ki, Günəş ləkə götürmür. Ulu öndərin dediyi kimi, indi Azərbaycan Günəş kimi parlayır. Onun istisi, həratəti artdıqca xalqımız daha xoşbəxt və firavan günlərə qovuşacaq”.

Möhtəşəm məşəl bayramını izləyənlər arasında təhsil işçisi Nərgiz Zülfəliyeva da var. O da bayram tədbiri ilə bağlı öz fikirlərini söyləyir: “Hacıqabullular gündən-günə abadlaşan, qüdrətlənən, çiçəklənən, tərəqqi və inkişaf edən Azərbaycanın vətəndaşı olmalarından qürur hissi keçirirlər. Rayonumuzun hər bir sakini bilir ki, I Avropa Oyunları ölkəmizə şan-şöhrət, başucalığı gətirəcək. Respublikamızın bütün bölgələri kimi Hacıqabul da Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı ilə özünün ən xoş və fərəhli günlərini yaşayır”.

Gənc fəal Samirə Nəhmədova Hacıqabuldakı idman bayramından qürur hissi keçirir. O deyir: Bu gün Hacıqabulda da gənc və perspektivli idmançılar yetişir. İdmanın daha da inkişaf etdirilməsi üçün bu il rayonda daxili imkanlar hesabına sahəsi 800 kvadratmetr olan Əl Oyunları meydançası, yunan-Roma və sərbəst güləş növləri ilə məşğul olmaq üçün idman zalı və 450 yerlik təbii ot örtüklü stadion tikilmişdir. Gənc idmançılarımızın qazandıqları hər bir qələbə Azərbaycan idmanının inkişafına və tərəqqisinə sanballı töhfədir. Şübhə etmirik ki, ölkəmizdə keçiriləcək I Avropa Oyunları Azərbaycanı dünyada daha da yaxından tanıtdıracaq və idmanın kütləviliyinə təkan verəcək”.

Rəfiqə Həmzəyeva, səhiyyə işçisi: “Bir həkim, vətəndaş kimi, mənim də sevincimin həddi-hüdudu yoxdur. Fəxr edirəm ki, Azərbaycan vətəndaşıyam. Avropa miqyaslı belə böyük idman yarışının ölkəmizdə keçirilməsi təsadüfü hal deyil. Bu, respublikamızın inkişafı ilə bağlıdır. Doğma Bakımız indi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilib. Sözsüz ki, I Avropa Oyunları beynəlxalq aləmdəki nüfuzumuzu daha da artıracaq”.

Axşamüstü əsən sərin meh şən musiqi sədalarını dalğa-dalğa ətrafa yayır. Tədbirə musiqiçilər də qatılır. Axşam saat 8 radələrində I Avropa Oyunlarının məşəli Saatlı rayonuna yola salındı.

 

Rizvan HİLALOĞLU,

Seyran CAVADOV,

Azərbaycan.-2015.- 6 may.-  S.10-11.