“Bakı-2015” Azərbaycanın gələcək
uğurlarının təminatçısı olacaq
Əli MƏSİMLİ,
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü:
- Avropa Oyunları beynəlxalq səviyyəli bir tədbir kimi Olimpiya Hərəkatının inkişafında mühüm rol oynayacaq və bu işdə Azərbaycan dövlətinin böyük töhfəsi gözlənilir. Azərbaycan Avropa Oyunlarına ev sahibliyi etməklə özünün imicini müsbət yöndə inkişaf etdirmək üçün yaxşı bir şans qazanıb və ölkəmiz bu şansdan səmərəli istifadə edib beynəlxalq imicinin daha da yüksəlməsinə nail olacaq.
Avropa Oyunları ərəfəsində Azərbyacan öz tarixini, mədəniyyətini, incəsənətini, mətbəxini və adət-ənənələrini nümayiş etdirəcək. Bu isə Azərbaycanın daha yaxşı tanınması istiqamətində irəliyə doğru atılmış bir addım olacaq.
Ancaq Azərbaycanın bu uğurları erməni lobbisi ilə yanaşı, bəzi Qərb dairələrini ciddi narahat edir. Bu səbəbdən də ölkəmizin üzərinə böhtanlar atmaga, qarayaxma kampaniyaları aparmağa başlayıblar. Müxtəlif mənbələrdən ölkəmiz üzərinə hücumlar var. Erməni lobbisi isə Azərbaycanı dünyaya tamam başqa formada nümayiş etdirməyə can atır. Ancaq reallığı dərk etmək istəyənlər Oyunları yalnız öz gözləri ilə gördükdən sonra dərk edə bilərlər. Belə ki, ölkəmizə gələn əcnəbi qonaqlar Azərbaycan haqqında hansısa qüvvələrin yaydığı məlumatların yalan olduğunu görəcəklər. Hər kəs öz gözləri ilə görəcək ki, Azərbaycan qısa tarixi bir dövrdə nə qədər sürətli inkişaf edib. Eyni zamanda, qonaqpərvərliyimizi, tolerant bir ölkə olduğumuzu görən əcnəbilərdə ermənilərin yaratmaq istədikləri mənfi rəylər alt-üst olacaq. Çünki erməni lobbisi dünyada çirkin kampaniya apararaq Azərbaycan xalqının guya “qorxulu xalq” olduğu və yenidən Dağlıq Qarabağda bizimlə birgə yaşamağın onlar üçün çətinliyi barədə uydurma məlumatlar yayırlar. Ancaq Avropa Oyunları zamanı onların çirkin kampaniyalarının yalan olduğu üzə çıxacaq. Əcnəbilər şahidi olacaqlar ki, Azərbaycan xalqı öz mədəni səviyyəsinə, qonaqpərvərliyinə, dünyagörüşünə görə heç də Avropa dövlətlərindən geri qalmır, hətta bəzilərindən üstündür. Ona görə də deyə bilərəm ki, Azərbaycanı gözügötürməyən qüvvələrin şaiələrinin, qarayaxmalarının aradan qalxmasına Avropa Oyunlarının böyük töhfəsi olacaq.
Avropa Oyunlarının iqtisadi nöqteyi-nəzərdən Azərbaycana verəcəyi töhfələrə gəlincə isə deyə bilərəm ki, uzunmüddətli dövrlərdə ölkəmizin idman infrastrukturu üçün xərclədiyi gəlirlərdən qat-qat artıq gəlir götürüləcək. Bəzi “iqtisadçılar” hərdən açıqlamalar verərək Azərbaycanın Avropa Oyunlarında əldə edəcək gəlirləri “hesablayıb” müxtəlif mənfi rəylər yaratmağa çalışırlar. Ancaq bu insanlar çox gözəl bilirlər ki, növbəti illərdə Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarında böyük xərclərə ehtiyac qalmayacaq. Çünki bütün lazımi infrastrukturlar Azərbaycanda artıq mövcuddur və növbəti beynəlxalq turnirlər, yarışlar ancaq bizə gəlir gətirəcək.
Həm Avropa, həm də Beynəlxalq Olimpiya Komitəsinin təmsilçiləri Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün bütün infrastrukturun olduğunu öz gözləri ilə görüblər. İstənilən halda Azərbaycan hansısa beynəlxalq turnirlərin keçirilməsi üçün ən təhlükəsiz və əlverişli ölkə kimi namizədlər siyahısında öncül yerdə olacaq.
Son olaraq onu deyim ki, Avropanın bəzi böyük dövlətlərinin üzərinə götürə bilmədiyi öhdəliyi qəbul edib 2 il yarıma həll edən, bütün idman infrastrukturlarını hazır vəziyyətə gətirən, 6000 idmançını yüksək səviyyədə qəbul etməyə hazır olan bir dövlətə qarşı çamur atmaq, sadəcə, ədalətsizlikdir. İnanıram ki, Azərbaycan Avropa Oyunlarında yeni standartlar müəyyənləşdirəcək və bu idman yarışını yüksək səviyyədə başa vuraraq üzərinə yönələn çirkin kampaniyaları onların özlərinə yönəldəcək.
R.BAXŞƏLİYEV,
Azərbaycan.-2015.- 6 may.- S.11.