unudur, nə də unudulur

 

Faşizm üzərində Qələbədən 70 il keçir

 

Keçən ay döyüşçü-veteran Ruhnəddin Məmmədovun 90 yaşı qeyd edildi. O, 1925-ci il martın 10-da Şəmkirin Qaracəmirli kəndində anadan olub. Yaşının çoxluğuna baxmayaraq, hafizəsi, danışığı yerli-yerindədir.

Müharibə başlananda Ruhnəddin orta məktəbdə oxuyurdu. 1943-cü il aprelin 22-də bir dəstə həmyerlisi ilə ordu sıralarına çağırıldı, təhsili yarımçıq qaldı. Bir müddət Dağıstanda - Buynakski şəhərində təlim keçdi, döyüş sirlərini öyrəndi. Sonra birbaşa cəbhəyə yola salındı.

O zaman Donbas şəhəri çox ağır günlərini yaşayırdı. Sıravi əsgər Ruhnəddin Məmmədov 77-ci atıcı diviziyasının tərkibində döyüşə girdi və dəfələrlə azğın düşmənin amansızlığı ilə üzləşdi. Bir neçə aydan sonra onların hissəsi Mariopolun müdafiəsinə yola salındı. R.Məmmədov bu zaman 310-cu atıcı diviziyasının tərkibində vuruşurdu. Həmişə döyüş tapşırıqlarına bacarıqla əməl edir, qətiyyət göstərirdi.

1944-cü ilin şaxtalı qış günlərindən birində qəfil döyüşdə ağır yaralandı.  Çənəsi, sol ayağı qırıldı. Mariopol hərbi hospitalında bir neç ay müalicə olundu. Azacıq dirçələndə birinci qrup müharibə əlili kimi Qaracəmirli kəndinə qayıtdı. Bu, 1944-cü ilin iyul ayında olub. O qanlı günlərdən Ruhnəddin Məmmədova “İkinci dərəcəli Vətən müharibəsi” ordenibir neçə medal yadigar qaldı.

Kənddə yarımçıq qalmış təhsilini davam etdirdi, attestat aldı. Lakin ali məktəbə getmək üçün səhhəti imkan vermədi. Tədricən təsərrüfatda çalışmağa başladı. Bağ briqadiri işlədi. Döyüşdə olduğu kimi, əmək cəbhəsində də fərqlənirdi. İctimai fəallığına görə Qaracəmirli kənd sovetinə deputat seçildi. Üç dəfə “Yarış qalibidöş nişanına layiq görüldü.

1948-ci ildə Məleykə xanımla ailə qurdu. Aylar, illər keçdi, iki oğlan, dörd qız atası oldu. R.Məmmədov deyir ki, balalarım qeyrətlə böyüdülər. Fəxrəddin və Şəhrəddin çoxdan ailə, oğul-uşaq sahibidirlər. Qızım Mahizər Bakıda yaşayır. Onun üç qızı həkimdir, oğlu isə hüquq təhsili alıb. Zərquş qızımın üç oğlu var, onların da hamısı həkimdir. Bakıda yaşayırlar. Zenfira Gəncədədir. Xavər isə Şəmkirdə olur. Müharibəyə gedəndə sınıq-salxaq bir evimiz var idi. İndi səkkiz yerdə isti ocaq qurulub. İyirmi nəvəm, on iki nəticəm var.

Ruhnəddin Məmmədov Qaracəmirlidə veteranlar şurasının sədridir. Həmişə müharibə iştirakçılarının taleyi ilə maraqlanır. Yeddi nəfər Qarabağ şəhidinin ailəsinə qayğı göstərir. Keçmiş döyüşçü özü üçün məlumat kitabçası da düzəldib. Deyir ki, bizim Qaracəmirlidən Böyük Vətən müharibəsinə 618 nəfər gedib. Onlardan 410 nəfəri qayıtmayıb. Hazırda kəndimizdə məndən əlavə iki nəfər müharibə iştirakçısı -Tapdıq SüleymanovBayram Uğurluyev sağdır. Hər il Qələbə bayramı ərəfəsində veteranlar və onların ailə üzvləri kəndin mərkəzində ucalan xatirə abidəsinin yanına yığışır, ötənləri, keçənləri ehtiramla yada salırlar. Sonra da qonşu Qapanlı kəndinə - ölkəmizin ilk Sovet İtiffaqı Qəhrəmanı İsrafil Məmmədovun abidəsini ziyarətə gedirlər.

R.Məmmədov hələ neçə il bundan əvvəl rayon mərkəzində “Xatirə” abidəsi ucaldılanda müharibədə həlak olan həmyerlilərimizin taleyi ilə maraqlanırdı. Veteran deyir ki, Şəmkirdən cəbhəyə minlərlə igid yola salındı. Neçəsinin şücaəti zəfər salnaməsinə qızıl hərflərlə yazıldı. Şöhlə Şöhləyev “İkinci dərəcəli Vətən müharibəsi” ordeni ilə yanaşı, iki dəfə “Qırmızı ulduz” ordeninə layiq görülmüşdü. Sanitar rotasının keçmiş komandiri Bağır Seyidovun sinəsini “Qırmızı ulduzla yanaşı, çoxlu medal bəzəyirdi. Dəllərdən döyüşə gedən topçu Babaxan Qurbanov “Qırmızı ulduzordenini iftixarla daşıyırdı. Koltəhnəli İslam Hüseynov Macarıstanın Maqoda kəndindəki məzarda uyuyur. Avstriyanın Qorsdorf qəsəbəsi Keçili kəndindən olan Alırza Həsənovun son mənzili oldu. Seyfəli kəndinin igid oğlu Aman Məhərrəmov Berlinin Çelendorfe qəbiristanlığında dəfn edilib. Beləcə, Böyük Vətən müharibəsində Azərbaycanın mərd oğulları dünyanın neçə-neçə guşəsində hünər göstərib, həyatlarını qurban veriblər.

Elin mərd oğullarının adları hər yerdə hörmətlə çəkilir, dünyasını dəyişənlər ehtiramla xatırlanır. Veteran onlara göstərilən bugünkü qayğıdan da söz açdı. Dedi ki,  tarixi qələbənin 70 illiyi  ərəfəsində “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuşya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə ordenmedallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” dövlət başçısı İlham Əliyevin 3 aprel 2015-ci il tarixli sərəncamı da bu qayğının və ehtiramın bir təzahürüdür.

Veteran  bundan sonra söhbətə ara verdi. Nəvəsinin gətirdiyi çaydan  bir-iki qurtum içdi, nəfəsini dərib dedi:

- o ağır illəri, hünərvər insanları unutmaq olmaz. Gəlmişkən gedək səninlə kəndinizdə müharibə iştirakçılarının şərəfinə ucaldılan  abidəni ziyarət edək.

Təklif ürəyimdən oldu...

 

Əhməd İSAYEV,

Azərbaycan.-2015.- 6 may.-  S.14.