Azərbaycanı vətən seçdi
Faşizm üzərində Qələbədən
70 il keçir
Əhəd Mirsəməd oğlu Əliyev alman faşizminə qarşı müharibəyə yollanan 30 minə yaxın naxçıvanlıdan biri idi. Onun adına ilk dəfə rejissor Tahir Əliyevin “Səhra gülü” sənədli filmində rast gəlmişdim. Böyük Vətən müharibəsində iştirak edən azərbaycanlılarla bağlı 40-a yaxın sənədli film çəkən rejissorun ən maraqlı işlərindən biri olan “Səhra gülü” həm də bir eşq dastanı kimi yaddaşlarda iz salıb.
Həmin filmdə gördüyüm çex əsilli alman qızı Əliyeva Erika Emil qızı Hanpelin Naxçıvan şəhərində yaşadığını bilirdim. Böyük Vətən müharibəsindəki qələbənin 70 illik yubileyi ərəfəsində ona baş çəkmək qərarına gəldik.
...88 illik bir ömrü geridə qoyan Erika xanımın baxışları gözlərimə zillənir. Kim olduğumu oğlu Fərhad ona izah edir və biz söhbətə başlayırıq. Deyir ki, qanlı-qadalı, ölüm-itimli Birinci Dünya müharibəsində dəfələrlə yaralanan Əhəd Əliyev almanlara əsir düşür. Çexiyanın Elba sahilində, Ustin şəhəri yaxınlığındakı əsir düşərgəsindən dostları ilə qaçanda minaya düşüb hər iki gözünü itirir. Hospitala yerləşdirilir.
Əhədin sonrakı həyatında hər şey də elə burdan başlayır. Usti-nad-labendə müxtəlif yaralı insanlara ilk tibbi yardım göstərməyin qaydalarını əyani şəkildə öyrənmək üçün hərbi hospitala gətirilən 18 yaşlı gənc Erika və rəfiqələri burada onlarca sovet döyüşçüsünə qulluq edirlər. Erikanın ilk yadında qalan isə öz çarpayısında dinməzcə uzanan, kim olduğunu sonralar öyrəndiyi gənc azərbaycanlı əsgər olur.
Bunları danışdıqca Erika
xanımın gözlərində yaş
gilələnir. Bir qədər susub sözünə davam edir:
- Orada mənə dedilər ki, bir nəfər var, hər iki
gözünü itirib.
Neçə gündür
heç nə yemir, danışmır, get, bəlkə sən yedirdə bildin. Onun yanına gələndə
əvvəl elə bildim ki, ayaqlarını
da itirib. Sonralar hiss elədim ki, gözlərinin işığını itirdiyi
üçün yerində
dinməzcə uzanıb,
tərpənmir. Əvvəlcə onun paltarlarını çıxardım, yemək
yedirtməyə çalışdım.
Beləcə, günlər keçib
gedirdi. Onu bir gün hospitalın həyətinə
gəzməyə çıxardım,
sonra şəhəri
gəzdirib geri qaytardım. Yavaş-yavaş ona öyrəndim. Bir müddət sonra Əhəd mənə dedi: elə bilirdim, səni öyrədiblər
ki, məni aparıb ya qatarın altına atasan, ya dağdan
aşağı itələyəsən,
ya da öldürəsən.
Bunları deyəndə o bilmirdi
ki, mən bu gözəl oğlana aşiq olmuşam.
1944-cü ildə Sovet
ordusu Çexoslovakiyanı
almanların işğalından
azad etmək üçün qızğın
döyüşlərə başlayır. Almanlar Çexoslovakiyadan sıxışdırılıb çıxarılır. O ərəfədə dünya
işığına həsrət
qalan Əhədi öz evimizə gətirdim. Bir müddət bizimlə
qaldı. 1945-ci ildə
Berlin ələ keçiriləndən,
9 may qələbəsindən bir müddət sonra eşitdik ki, yaralı sovet əsgərlərini qatarla öz vətənlərinə yola
salırlar. Əhəd də getmək
istəyirdi, amma necə gedəcəkdi ki, gözləri görmürdü. Mən
ailəmə dedim ki, Əhədi evlərinə kimi aparacam, onu tək
qoymayacam. Qərarımda qəti olduğumu
görən anam Əhədi özüylə
kilsəyə apardı
və orada Əhədə and içdirdi
ki, Erikaya yaxşı baxacaqsan.
Əhəd də kilsədə mənə yaxşı baxacağına
söz verdi
və heç vaxt mənə güldən ağır söz demədi.
...Beləcə 1945-ci il iyunun 20-də vətəninə, Naxçıvana
qayıdır Əhəd
Əliyev. Çex əsilli alman
qızı Erika da onunla birlikdə. Naxçıvana gəldikdən sonra
buradakı insanların
qonaqpərvərliyinə, səmimiyyətinə,
Naxçıvanın isti
iqliminə heyran qalan Erika geri dönməyi ağlına
belə gətirmir.
Bir müddət sonra Əhədlə evlənir.
Bu evlilikdən onların Səməd, Səyyad və Fərhad adlı üç oğlanları
dünyaya gəlir.
İyirmi beş illik ailə həyatı boyunca dünya işığından məhrum olan Əhəd Erikanı gözlərinin nuru bilir. Dünyaya alman qızının gözləriylə baxır, dünyanı onun ürəyindən dilinə süzülən kəlmələrlə görür.
1975-ci ildə Əhəd dünyasını dəyişir. Bu ayrılığa Erika çox çətinliklə dözə bilir. Qonum-qonşu, tanış-biliş gözəlliyini itirməyən Erikaya dəfələrlə başqası ilə ailə qurmağı tövsiyə etsələr də, onun cavabı bir olur: Əhəd kimi bir kişiyə heç vaxt xəyanət etmərəm.
Böyük Vətən müharibəsində gözlərini itirən Əhəd Əliyev cəmi 49 il ömür sürüb. Əhəd öləndən sonra Erika Çexoslavakiyaya məktub yazıb, ailəsini axtarır və xalasından cavab gəlir. Sovet hökumətindən Çexoslovakiyaya getməyə icazə alır. Həmin günlər barədə belə dedi:
- Öz ölkəmə yollandım. Taksiyə oturub məktubda yazılan ünvana getdim. Qapının zəngini vurub ikinci mərtəbəyə qalxanda atamla üz-üzə gəldik. O, sizə kim lazımdır?, - deyə soruşanda, - ata, mənəm, qızın Erika, tanımadınmı? - dedim. Bu sözlərdən sonra aramızdakı üç pilləni nə atam enə bildi, nə də mən qalxa bildim. Oradaca əyilib bir-birimizi qucaqlayıb ağladıq. Atamın ardınca, anam, sonra qardaşım gəldi. Mən ayrılanda qardaşımın 5 yaşı var idi, amma indi böyük bir kişi olmuşdu. Bir neçə ay ailəmlə qaldıqdan sonra dözə bilmədim, Naxçıvan üçün darıxdım və geri qayıtdım. Həmin vaxtdan sonra dəfələrlə ailəmi görməyə getsəm də, həmişə Naxçıvan üçün darıxırdım. Əhədin vətəni, övladlarımın ata yurdu artıq mənim də öz doğma vətənim olmuşdu.
Övladlarım sözündən sonra gözləri divardan asılmış bir şəklə sataşır. Bu dəfə sükutu oğlu Fərhad pozur:
- Həmişə övladlarından söz düşəndə anam soyuqqanlılıq, dözüm nümayiş etdirsə də, sussa da, içində nələr yaşadığını mən yaxşı bilirəm. Üç övladından təkcə mən sağam. Ortancıl qardaşım Səyyad ötən əsrin sonlarında mənfur ermənilər Sədərəyə hücum edəndə cəbhə bölgəsinə üz tutdu. 1992-ci il may ayının 25-də torpaqlarımızın müdafiəsi uğrunda şəhid oldu. İndi Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında uyuyur. Böyük qardaşım Səməd isə bir neçə ildir ki, dünyasını dəyişib.
Ana-bala ilə sağollaşıb ayrılanda şair İslam Səfərlinin Erika və Əhəd Əliyevlərin sevgisindən bəhs edən “Çex qızının məhəbbəti” adlı poema yadıma düşdü. Poema bu misralarla bitir:
Erika çex dilində
Səhra gülü deməkdir.
İki qardaş torpağın
Yetirdiyi çiçəkdir.
Bəli, müharibə çoxlarını vətənlərindən didərgin salsa da, Erika Hanpelə yeni bir vətən qazandırdı. Bir eşqin timsalında iki gəncin qovuşmasına səbəb oldu.
Elxan MƏMMƏDOV,
Azərbaycan.-2015.- 6 may.- S.14.