“Bakı-2015" dünya
mətbuatının gündəmindədir
I Avropa Oyunlarına 36 gün
qaldı
Tarixdə
ilk dəfə təşkil olunacaq Avropa Oyunları
yaxınlaşdıqca, dünyanın diqqət mərkəzi
Azərbaycana daha çox yönəlir. Müxtəlif ölkələrdə
tamaşaçılar ekran qarşısında əyləşib
Azərbaycandan birbaşa yayımlanan qitənin ən mötəbər
idman yarışını izləyərək
bu turnirə necə hazırlaşdığımızın
canlı şahidi olacaqlar.
Artıq
planetin bir sıra aparıcı KİV-ləri
paytaxtımızda təşkil olunacaq tarixin ilk Avropa
Oyunları barədə məqalələr dərc edir,
ölkəmizin bu yarışı yüksək səviyyədə
təşkil etməsindən bəhs edirlər. Ötən
ayın 26-da birinci Avropa Oyunlarının məşəlinin
alovlandırılması
dünyanın aparıcı kütləvi informasiya vasitələrinin
diqqət mərkəzində olub.
Azərbaycanın
və dünyanın idman tarixində əlamətdar hadisə
ilə bağlı videomaterial “Euronews” kanalında da yayımlanıb.
Bakıda birinci Avropa Oyunlarının məşəlinin
alovlandırılması ilə bağlı yayımlanan
süjetdə aprelin 26-sının ilk Avropa Oyunları həyəcanının
başlanğıc günü kimi tarixə
düşdüyü vurğulanır. Bildirilir ki, Olimpiya ənənəsinə
uyğun olaraq, qədim od məbədi olan Atəşgahdan
başlayan estafet maraqlı bədii proqramla müşayiət
edilir. Birinci Avropa Oyunlarının məşəli 47 gün ərzində
Azərbaycanın hər bir guşəsini gəzib
dolaşaraq, Oyunların açılış mərasimində
Bakı Olimpiya Stadionuna gətiriləcək.
Süjetdə
Prezident İlham Əliyevin ilk Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin
prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini
alovlandırması, dövlət
başçısının məşəli “Bakı-2015”
Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya
çempionu Rəfiqə Şabanovaya verməsi, beləliklə
də birinci Avropa Oyunlarının məşəlinin səyahətinin
başlaması nümayiş olunur.
Türkiyənin
“TRT Haber” televiziya kanalı da “Bakı-2015” birinci Avropa
Oyunlarına hazırlıq işləri ilə bağlı
geniş reportaj yayımlayıb. Reportajda ilk Avropa Oyunlarına
ev sahibliyi edəcək Bakıda hazırlıq işlərinin
yekunlaşdığı bildirilib. Vurğulanıb ki, nəhəng
idman obyektlərinin əksəriyyəti artıq istifadəyə
verilib və Bakı turistləri, idmançıları qəbul
etməyə hazırdır.
Reportajda,
həmçinin birinci Avropa Oyunları məşəlinin
alovlandırılması mərasiminin əks olunduğu
görüntülər nümayiş etdirilib. Süjetdə
Prezident İlham Əliyevin məşəlin
alovlandırılması mərasimindəki
çıxışına da geniş yer verilib, Atəşgah
məbədindən start götürən birinci Avropa
Oyunlarının məşəl estafetindən bəhs olunub.
Dövlət başçısının ilk Avropa
Oyunlarının idman və dostluq bayramına çevriləcəyi
barədə fikirləri süjetdə xüsusi diqqətə
çatdırılıb.
Pakistanın
“Centreline” jurnalında və “Diplomatic News Agency” İnformasiya
Agentliyində “İlk Avropa Oyunları Bakıda keçiriləcək”
sərlövhəli məqalə dərc edilib. İngilis
dilində dərc olunan məqalələrdə 2015-ci il iyunun
12-28-də Azərbaycanın paytaxtı Bakıda ilk Avropa
Oyunlarının keçiriləcəyi bildirilir.
Diqqətə
çatdırılır ki, Oyunlara hazırlıqla
bağlı 2013-cü il yanvarın 17-də Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat
Komitəsi yaradılıb. Mehriban Əliyevanın mötəbər
beynəlxalq tədbirlərin keçirilməsində böyük
təcrübəsi olduğunun vurğulandığı
yazılarda Azərbaycanın birinci xanımının 2012-ci
ildə Bakıda “Eurovision” mahnı müsabiqəsinin
hazırlıq işlərinə rəhbərlik edərək
bu tədbirin böyük uğurla təşkilini təmin
etdiyi də diqqətə çatdırılıb. Qeyd edilib
ki, Təşkilat Komitəsinə
nazirlər, dövlət məmurları, Olimpiya
çempionları daxildir. Hazırlıq işlərinə
2012-ci ildə Londonda keçirilən Yay Olimpiya
Oyunlarının təşkilində iştirak edən ekspertlər
cəlb olunub.
Yazılarda
həmçinin ilk Avropa Oyunlarına hazırlıq işləri,idman
obyektləri haqqında məlumat verilir, 50 ölkədən 6
min atletin mübarizə aparacağı qeyd olunub.
Vurğulanır ki, Oyunların proqramına salınan
idmanın 20 növündən 16-sı Olimpiya, 4-ü isə
qeyri-olimpiya növləridir. İdmanın bəzi növləri
üzrə Oyunlarda medal qazanan atletlər Rio-de-Janeyroda
keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya
qazanacaqlar.
İtaliyanın
“İl Faro” xəbər saytında “Bakı-2015”-in Avropanın
idman tarixində önəmli hadisə olması ilə
bağlı məqalə yerləşdirilib. Məqalədə
deyilir: “Bu yarışda Avropanın müxtəlif ölkələrindən
6 minə yaxın atlet bir araya gələcək. Onlar Olimpiya
ruhunun sehrinə qapılaraq, bütün güclərini səfərbər
edərək “Köhnə qitə”nin ən yaxşısı
olmaq uğrunda mübarizə aparacaqlar. Bu yaxınlarda
Bakıdakı Atəşgah məbədində ilk Avropa
Oyunları məşəlinin alovlandırılması mərasimi
keçirilib. Məşəlin alovlanması ilə minlərlə
idmansevərin ürəklərinə bir istilik gəldi. Tədbir
zamanı Prezident İlham Əliyev məşəli
“Bakı-2015” Avropa Oyunlarının ilk məşəlçisi,
Olimpiya çempionu Rəfiqə Şabanovaya verdi.
Yarışlar start götürənədək bu məşəl
Azərbaycanın bütün şəhərlərini
dolaşacaq”.
“Bakı-2015”
Avropa Oyunlarından bəhs edən silsilə reportajlardan biri də
yaxın günlərdə Berlin TV kanalı ilə
yayımlanacaq. Bundan əvvəl təqdim olunmuş
üç reportajda Bakıda qədimliyin və müasirliyin
vəhdətindən, İçərişəhərdən,
eləcə də son illər paytaxtımızda tikilmiş
müasir obyektlərdən söhbət açılıb.
Süjetlərdə Bakının tolerant şəhər
olduğu, buradakı bir sıra qədim abidələrin UNESCO
tərəfindən qeyri-maddi mədəni irs siyahısına
salındığı qeyd edilib.
Birləşmiş
Ərəb Əmirliklərində ərəb dilində
böyük tirajla dərc olunan nüfuzlu “Əl-İttihad” qəzeti
Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının
yay turizminin inkişafına təkan verəcəyini yazıb.
Azərbaycanın müasir turizm imkanlarından bəhs edən
müəllif Nəsrin Dərzi “Sivilizasiyaların mərkəzində
füsunkar təbiət” sərlövhəli yazıda
may-sentyabr aylarında Azərbaycanın turizm
potensialının spesifik xüsusiyyətlərindən bəhs
edib. Müəllif bildirib ki, Azərbaycan dövləti ölkənin
coğrafi imkanlarını turizmin inkişafı istiqamətində
dəyərləndirir və yay mövsümünün turistləri
üçün təkcə günəşli çimərliklərdə
yox, həm də Qafqaz dağlarının ətəklərində,
füsunkar təbiətin qoynunda müalicəvi resurslar,
istirahət və gəzinti imkanları təqdim edir.
Göründüyü
kimi, məmləkətimiz haqqında materiallar dərc edən
xarici KİV öz rəy və arzularında bu ölkəyə
üz tutmaq istəyində olduqlarını səmimiyyətlə
dilə gətirirlər. Çünki əsrlər boyu multikulturalizmə
öz töhfəsini verən, tolerantlığın,
dözümlülüyün zirvəsində dayanan Azərbaycan
bütün dünya üçün nümunədir.
Elçin CƏFƏROV,
Azərbaycan.-2015.- 7 may.- S.1;11.