İnşa müsabiqəsinin qalibləri
mükafatlandırılıblar
Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən inşa müsabiqəsi keçirilib.
Mayın 5-də “Gülüstan” Sarayında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.
Baş nazirin müavini Elçin Əfəndiyevin, dövlət qurumları nümayəndələrinin, Milli Məclisin deputatlarının, alimlərin, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlanıb.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov dahi rəhbər, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb. Vurğulanıb ki, qüdrətli dövlət xadimi Heydər Əliyev bütün həyatını və fəaliyyətini doğma Vətənə, xalqa həsr edib.
Ulu öndərin təhsilə daim böyük önəm verdiyini, bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayan nazir hazırda Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Müsabiqənin əhəmiyyətindən danışan M.Cabbarov söyləyib ki, məktəblilər inşa yazılarında dahi rəhbər Heydər Əliyev haqqında düşüncələrini, ulu öndərə sonsuz məhəbbətlərini ifadə ediblər.
Təhsil sahəsində reallaşdırılan tədbirlərdən söz açan nazir Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsil sahəsində həyata keçirilən yeniliklər barədə məlumat verib. Qeyd olunub ki, qarşıda duran əsas məsələlərdən biri təhsil sisteminin modernləşməsi, təhsilin məzmununun müasirləşdirilməsidir.
M.Cabbarov qeyd edib ki, ümummilli lider Heydər Əliyev gənclərin milli, vətənpərvər ruhda tərbiyə olunmalarına xüsusi önəm verirdi. Ulu öndərin gənclərin milli mənəvi və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyəsinə dair əbədiyaşar ideyaları bundan sonra da təhsilin məzmununda prioritet istiqamət olacaqdır.
Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində reallaşdırılan tədbirləri, təhsil sahəsində qarşıda duran vəzifələri də diqqətə çatdırıb. Eyni zamanda, məlumat verilib ki, ümumtəhsil məktəblərinin VIII-XI siniflərinin və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri və orta ixtisas məktəblərinin tələbələri arasında təşkil olunan inşa müsabiqəsi Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsi tərəfindən keçirilir.
Müsabiqənin rayon (şəhər) mərhələsində 15 mindən artıq şagird iştirak edib. Bu müsabiqədə 16 nəfər birinci, 19 nəfər ikinci, 22 nəfər üçüncü yeri tutub, 35 nəfər dördüncü (həvəsləndirici) yerə layiq görülüb.
Müsabiqədə uğur qazanan 92 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında dərc olunub.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov ümummilli lider Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, ulu öndərin siyasi irsinin daha da dərindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib. Müasir dünyada təhsilin önəmli rolunu xatırladan Ə.Əhmədov Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb, ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanların yaradıldığını bildirib.
Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın salamını tədbir iştirakçılarına çatdırıb. İ.Mustafayev Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin və digər tədbirlərin əhəmiyyətindən danışıb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin, ideyalarının əhəmiyyətini diqqətə çatdırıblar. Prezident İlham Əliyev siyasətinin uğurlu nəticələrindən söz açan natiqlər ölkəmizin böyük sürətlə inkişaf etdiyini bildiriblər. Çıxış edənlər müsabiqənin qaliblərini təbrik ediblər.
Sonra qaliblərə diplom və digər mükafatlar
təqdim olunub.
Azərbaycan.-2015.- 6 may.- S. 13.