Azərbaycan
üçün yaşanan ömür
“Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri,
bütün təşəbbüsləri bir məqsəd
daşıyırdı - Azərbaycan xalqına xidmət etmək,
ölkəmizi gücləndirmək, müstəqilliyimizi
möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq.”
İlham
ƏLİYEV
Çağdaş tariximizin taleyüklü hadisələrlə
dolu bütöv bir dövrü ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Heydər
Əliyev fitri istedada malik siyasi xadim kimi dövlətimizi,
xalqımızı zamanın sınaqlarından
çıxardaraq, ölkənin iqtisadi-siyasi və mənəvi
tərəqqisinə nail olmuş qüdrətli tarixi şəxsiyyətdir.
Prezident
İlham Əliyev ölkəmizdə demokratik, hüquqi və
dünyəvi dövlətin qurulmasını
xalqımızın tarixi nailiyyəti kimi dəyərləndirərək,
bu uğurun əldə edilməsində müstəqilliyimizin
memarı Heydər Əliyevin əvəzsiz rolunu xüsusi
vurğulayır: “Heydər Əliyevin milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsində və
müasir Azərbaycan dövlətinin yaradılmasında
müstəsna rolu olmuşdur.”
Ulu
öndər öz siyasi fəaliyyəti dövründə həmişə
xalqının mənafeyini düşünmüş, bu
istiqamətdə məqsədyönlü iş aparmışdır.
Onun Azərbaycana ilk dəfə rəhbərlik
etdiyi 1969-1982-ci illər milli tariximizə tərəqqi illəri
kimi daxil olmuşdur.
Bu dövrdə yüzlərlə zavod və
fabriklər inşa edildi, yeni istehsalat sahələri yarandı. Neft və neft avadanlıqları, əlvan metallar,
elektrik mühərrikləri, tikinti materialları, məişət
kondisionerləri, avtomobil hissələri, mineral gübrələr,
çini-saxsı qablar, xalça və
xalçaçılıq məmulatları istehsalı
üzrə Azərbaycan keçmiş SSRİ-də ön
sıralara çıxdı, kənd təsərrüfatı
sürətlə inkişaf etməyə başladı. Keçmiş İttifaqın aparıcı elm və təhsil
ocaqlarında gənclərimiz lazımi ixtisaslara yiyələndilər, milli kadr
korpusu yaradıldı. Məhz bu dövrdə milli və mənəvi
dəyərlərin qorunub saxlanılmasında əməli
addımlar atıldı, məqsədyönlü siyasət
sayəsində xalqın milli oyanışı
üçün əlverişli şərait
formalaşdı. Prezident
İlham Əliyev bu dövrü belə xarakterizə edir:
“1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən
etibarən respublikamızın həyatında geniş vüsət
alan ictimai-siyasi proseslər və iqtisadi
islahatlar müsbətə doğru radikal dəyişikliklərə
təkan vermişdir. ...O illərdə Heydər
Əliyev idarəetmə fəlsəfəsinin başlıca
ideya istiqamətini milli özünüdərkin güclənməsinə
imkan verən sürətli inkişaf strategiyası təşkil
etmişdir.”
Keçmiş
İttifaq rəhbərliyində işlədiyi illərdə
də bu uzaqgörən siyasətçi Azərbaycanın bütün sahələrdə
daha da qüdrətlənməsi üçün əlindən
gələni əsirgəmirdi. İttifaq rəhbərliyindən
uzaqlaşdıqdan sonra da o, həmişə Vətəni,
xalqı ilə birlikdə olmuşdur. 1990-cı ilin Qanlı Yanvar hadisələrini
kəskin tənqid edən Heydər Əliyev Vətənə
döndü, respublika
Ali Sovetinə və
Naxçıvanın ali qanunvericilik orqanına deputat
seçildi.
Ulu öndərin həyatının hər bir
dövrü Azərbaycanın yüksəlişi, onun beynəlxalq
aləmdə daha böyük nüfuz qazanması mərhələsi
olmuşdur. Onun Naxçıvanda yaşadığı və fəaliyyət
göstərdiyi illər isə bütün Azərbaycanımızın
taleyində mühüm bir mərhələyə
çevrilmişdir.
Heydər Əliyev Azərbaycanın müstəqil
olacağına qəlbən inanırdı.
Məhz onun sədrliyi ilə keçən muxtar respublika
parlamentinin 1990-cı il 17 noyabr tarixli sessiyası muxtar
respublikanın rəsmi adından “Sovet Sosialist” sözlərini
çıxartdı, qanunverici hakimiyyət orqanının adını dəyişərək
Ali Məclis adlandırdı. İlk dəfə olaraq üçrəngli
bayrağımız qaldırıldı.
1991-ci il sentyabrın 3-dən Heydər Əliyev
blokada şəraitində olan Naxçıvana çox
çətin zamanda rəhbərlik etməyə
başladı. İlk gündən bu böyük siyasətçi
Naxçıvanda dövlət quruculuğuna, idarəetmənin
təkmilləşdirilməsinə, iqtisadi islahatların
aparılmasına, xarici ölkələrlə əlaqələrin
inkişafına, müdafiə və hərbi quruculuq
məsələlərinə
ciddi fikir verdi. Həmin il
sentyabrın 7-də Naxçıvanın Dövlət
Müdafiə Komitəsi təşkil olundu, dekabrın 16-da
muxtar respublikanın Ali Məclisi dekabrın 31-ni Dünya azərbaycanlılarının
həmrəylik günü elan etdi. Naxçıvanda
baş vermiş bu hadisə dünya azərbaycanlılarının
həmrəyliyi ideyasının reallaşması istiqamətində
atılan ilk addım oldu. Heydər Əliyev sonralar bu barədə
belə deyirdi: “Öz doğma yurdunda yaşayan azərbaycanlılar
başqa ölkələrdə məskunlaşmış həmvətənləri
ilə həmişə maraqlanmış, onlarla əlaqələr
yaratmaq arzusu ilə yaşamışlar. Lakin
keçmiş sovet dövlətinin qadağaları bu arzunun həyata
keçirilməsinə imkan verməmişdir. Sovet rejiminin zəifləməyə
başladığı 80-ci illərin sonlarında Azərbaycan
xalqı öz həmvətənləri ilə əlaqələr
yaratmaq üçün səylərini artırdı. Azərbaycan
öz dövlət müstəqilliyini bərpa etdikdən
sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 16
dekabr 1991-ci il tarixli qərarı ilə həmin
səylərin böyük əhəmiyyətini nəzərə
alaraq dekabrın 31-ni Dünya azərbaycanlılarının həmrəylik
günü elan etdi... Bu bayram ayrı-ayrı
ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr
qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq
işində mühüm rol oynadı.”
1992-ci il yanvarın 13-də muxtar respublikanın Ali Məclisi
Qanlı Yanvar hadisələrinə siyasi qiymət verilməsini
tələb edən bəyanat verdi. Ölkə
rəhbərliyi isə bu məsələdən
yayındı. Yalnız ulu öndər
yenidən hakimiyyətə qayıtdıqdan sonra bu faciə
öz siyasi qiymətini aldı.
Heydər
Əliyevin Naxçıvanda yerləşən sovet ordusunun
hissə
komandanlıqları və
Rusiya dövlətinin rəhbərliyi
ilə apardığı gərgin danışıqlar nəticəsində 75-ci
motoatıcı diviziya və 441-ci sərhəd dəstəsi öz əmlaklarını Azərbaycan Silahlı
Qüvvələrinə təhvil verərək
Naxçıvan ərazisini tərk etdilər.
Tezliklə Heydər Əliyev blokadada olan
Naxçıvanın vəziyyətini yüngülləşdirmək
üçün qardaş Türkiyə və İranla əlaqələr
yaratdı.
1992-ci il martın 24-də Naxçıvan Muxtar Respublikası
ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq
protokolu, həmin ilin avqustunda isə İran İslam
Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq
haqqında sənəd imzalandı. Naxçıvan
aeroportu yenidən quruldu. Culfa və
Şahtaxtı - Poldəşt keçid məntəqələri
inşa olundu. Muxtar respublika üçün həqiqətən
həyati əhəmiyyət kəsb edən, xalq arasında
“Ümid körpüsü” adlandırılan Sədərək
körpüsü tikildi və 1992-ci il
mayın 28-də istifadəyə verildi.
Heydər Əliyevin Naxçıvana rəhbərlik
etdiyi dövrdə respublikamızın bu bölgəsi
bütün Azərbaycan üçün milli azadlıq və
milli birlik nümunəsi göstərdi. O, xaos və təhlükələr,
kəskin ictimai narazılıqlar və qarşıdurmalar,
dövlət çevrilişləri dövrünü
yaşayan Azərbaycan üçün ümid yerinə
çevrildi.
Ölkədə isə, ümumən, vəziyyət
çox gərgin idi. Xocalı faciəsindən sonra xəyanət nəticəsində
Şuşa və Laçın
düşmənə təslim edilmişdi. Vəziyyətdən istifadə edən Xalq Cəbhəsi parlamentin binasına hücum çəkərək
hakimiyyəti zorla ələ almışdı. Ancaq cəbhəçilərin
səriştəsizliyi
ölkədə onsuz da mürəkkəb olan vəziyyəti
daha da gərginləşdirdi. Belə bir vaxtda xalqın taleyinə
biganə qala bilməyən insanlar başa
düşürdülər ki, ölkəni gözləyən
labüd fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas
edə bilər. Bu məqsədlə 1992-ci il oktyabrın 16-da
91 ziyalı “Səs” qəzetində “Azərbaycan Sizin sözünüzü gözləyir” adlı müraciətlə
çıxış edərək Heydər Əliyevin rəhbərliyi altında yeni bir
siyasi partiyanın
yaradılması barədə
görkəmli dövlət
xadiminə müraciət
etdilər.
Bundan
qorxuya düşən
Xalq Cəbhəsinin
silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də
Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi
vəzifədən devirməyə cəhd göstərdilər. Bu, ilk dövlət
çevrilişinə
cəhd idi. Ulu öndər xalqın dəstəyinə arxalanaraq
dövlətçiliyə
balta vurmaq istəyənlərin məkrli niyyətlərinin
qarşısını aldı.
O, siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra 1994-cü ilin oktyabrında və
1995-ci ilin martında
silahlı müxalifət tərəfindən növbəti dəfə belə cəhdlər
olundu. Ancaq xalq
yenə də Heydər Əliyevlə birlikdə öz
kövrək addımlarını atmaqda olan müstəqil dövlətinin
keşiyində möhkəm dayandığını bir daha nümayiş etdirdi.
Bütün
təqib və təzyiqlərə baxmayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis konfransı keçirildi. YAP tezliklə
təşkilatlandı və respublikanın siyasi
arenasında öz dəst-xətti
olan bir siyasi qüvvəyə çevrildi.
O
dövrkü iqtidar tərəfindən buraxılan kobud səhvlər
nəticəsində
hakimiyyət böhranı 1993-cü ilin əvvəllərində
getdikcə daha kəskin xarakter aldı. Həmin
ilin iyununda Gəncədə qardaş qanı
axıdıldı.
Azərbaycan təkcə siyasi, hərbi, iqtisadi deyil, həm
də mənəvi böhran içərisində idi. Cəmiyyətdə
ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsi
yaranmışdı. Belə bir mürəkkəb şəraitdə
- iyunun 15-də Heydər Əliyev ölkənin ali qanunvericilik orqanına sədr seçildi. Bu hadisə respublika həyatında keyfiyyətcə
yeni dövrün başlanğıcı oldu. Bu qayıdış sözün həqiqi mənasında
Azərbaycan millətinin və dövlətçiliyinin
qurtuluşu oldu. Heç də təsadüfi deyil ki, sonralar ölkənin
Milli Məclisi 1997-ci il 27 iyun tarixli qərarı ilə 15
iyun gününün Azərbaycan xalqının Milli
Qurtuluş Günü elan edilməsi haqqında qərar qəbul etdi.
Heydər
Əliyevin siyasi hakimiy
yətə qayıdışının
dövlətçiliyimiz üçün misilsiz əhəmiyyəti
oldu. O, cəmi 4 ay Ali Sovetin Sədri vəzifəsində
çalışsa da, bu qısa müddətdə Milli Məclisə
siyasi mədəniyyət gətirdi, parlamentin ruhunu
kökündən dəyişdi. Onun təşəbbüsü
ilə parlamentdə müstəqil dövlətimiz
üçün həyati əhəmiyyətli qanunlar qəbul
olundu. Heydər Əliyev Prezident seçildikdən sonra
da parlamentlə sıx əlaqə saxladı, yüksək səviyyəli
Prezident-parlament münasibətlərinin dövlətçiliyimizin
daha da möhkəmlənməsinə, xalqın rifah
halının yaxşılaşmasına xidmət etməsi
üçün səylərini əsirgəmirdi.
Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra
ölkədəki xaos və anarxiya qısa zamanda aradan
qaldırıldı. Separatçıların
ölkəni parçalamaq kimi məkrli niyyətlərinə
son qoyuldu. Dövlətçilik prinsipləri tədricən bərpa olundu.
Milli ordu quruculuğu
sahəsində
mühüm işlər görüldü. Cəbhədə atəşkəs elan olundu.
Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Müstəqil Azərbaycanın yeni Konstitusiyası
qəbul olundu. Azad və demokratik şəraitdə prezident,
parlament və bələdiyyə seçkiləri
keçirildi. Ölkədə demokratik dəyişikliklər
aparıldı. Hüquq-mühafizə, məhkəmə
sistemi yenidən quruldu.
Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı. Ölkəmizə investisiya axını başlandı. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinə start verildi. İqtisadiyyatın dirçəldilməsi üçün konkret addımlar atıldı. Ölkə həyatının bütün sahələrində islahatlar aparıldı.
Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu illərdə, sonradan siyasi olimpi yenidən fəth etdiyi dövrdə də kənd təsərrüfatına xüsusi diqqət və qayğı göstərmişdir.
Onun bilavasitə rəhbərliyi və iştirakı ilə aqrar islahatları aparmaq üçün tezliklə müstəqil Azərbaycanın qanunvericilik bazasının yaradılması istiqamətində gərgin işlərə başlanıldı. Kolxoz və sovxozlar ləğv edilərək onların əmlakı və torpaqları kənd sakinlərinin xüsusi mülkiyyətinə verildi. Torpağın öz sahibinə qaytarılması, aqrar bölmənin dövlət himayəsi ilə əhatə olunması Heydər Əliyev siyasətinin təntənəsi oldu. Məhsul istehsalında yüksək nəticələr əldə edildi. Bu sahədə istehsalın davamlığını təmin etmək məqsədilə parlamentdə bir sıra qanunlar qəbul edildi.
Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla, müasir tələblər səviyyəsində davam etdirilir. Onun prezidentliyinin ilk dövrlərində kənd təsərrüfatında idarəetmənin təkmilləşdirilməsi, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında imzaladığı sərəncamlar, bölgələrin inkişafı ilə bağlı dövlət proqramları ulu öndərin bu sahədəki siyasətinin müasir mərhələdə davamı demək idi. Heç də təsadüfi deyil ki, 2015-ci il ölkədə “Kənd təsərrüfatı ili” elan edilmişdir.
Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Ulu öndərin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr Prezident İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyasının nəticəsi kimi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri ilə bağlı nəhəng layihələr reallığa çevrildi. TAP və TANAP kimi mühüm əhəmiyyətli layihələr gündəmə gəldi. İlham Əliyevin təşəbbüsü ilə Qədim İpək yolunun dəmir relslər üzərinə keçirilməsi üçün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişinə start verildi. Respublikada işsizlik probleminin həlli istiqamətində əsaslı addımlar atılmış, iqtisadiyyatın çoxşaxəli inkişafı üçün hədəflər müəyyənləşdirilmişdir. Yoxsulluğun səviyyəsi on dəfəyə qədər azalmış, inkişaf etmiş ölkələrlə müqayisə ediləcək səviyyəyə çatmış, insanların sosial rifahı daha da yüksəlmişdir.
İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xarici siyasətdə tarixi uğura imza atdı. Belə ki, müstəqillik dövründə ilk dəfə olaraq ölkəmiz BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, bu nüfuzlu quruma sədrlik etdi. Bununla müstəqil Azərbaycan dünya miqyasında bir daha özünü təsdiqlədi.
Beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmiş ölkə paytaxtı Bakımız 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan artıq kosmosda peyki olan ölkələr sırasına daxil olmuşdur.
Müstəqilliyimizin memarı Heydər Əliyev ideyalarının gənc nəslə aşılanmasında, onun zəngin irsinin təbliğində ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi, ulu öndərin adını daşıyan fondun fəaliyyəti həqiqətən heyrətamizdir. Fondun xətti ilə həyatın müxtəlif sahələri üzrə reallaşan layihələr ölkə hüdudlarından kənarda da yüksək dəyərləndirilir.
Bu gün Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən proqramlar sayəsində qazanılan uğurlar ümumilikdə, ölkənin simasını tamamilə dəyişmişdir. Bölgələrin sosial həyatında, təhsildə, səhiyyədə, mədəniyyətdə köklü dəyişikliklər baş vermişdir. Hər il yüzlərlə yeni məktəb, tibb müəssisələri, parklar, idman kompleksləri istifadəyə verilir. Ölkənin enerji və ərzaq təhlükəsizliyi təmin olunmuşdur. Çadır şəhərcikləri ləğv olunub, məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb.
Respublikamız artıq özünün gələcək inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirən bir ölkədir. Ölkədə qeyri-neft sektoru sürətlə inkişaf edir. Güclü sahibkar sinfi, orta təbəqə yaranır və mühüm sosial əhəmiyyətə malik layihələr həyata keçirilir.
Ulu öndərin müəllifi olduğu zəngin idarəçilik fəlsəfəsinə sadiq qalan İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi dövrdə ölkəmizdə sosial-iqtisadi yüksəlişə, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinə layiqli töhfələr vermiş, Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir. Ölkə vətəndaşları qəlbən inanırlar ki, xalqımızın rifahı naminə aparılan, əsası Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət bundan sonra da müstəqil Azərbaycanı uğurlardan-uğurlara aparacaq.
Eldar
İBRAHİMOV,
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri
Azərbaycan.-2015.- 7 may.- S. 6.