Müasir Azərbaycan ulu öndər Heydər
Əliyev dühasının misilsiz təntənəsidir
Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərin qorunması, elmin, mədəniyyətin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, şaxələndirilmiş layihələrə marağın artması bilavasitə ümummilli liderin xidmətlərinin nəticəsidir.
Bu gün Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ən əsası, inkişafın Azərbaycan modelinin dünyaya böyük səs salması təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır.
Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı nitqində ölkəmizin sürətli inkişaf tempini saxlaya bildiyini, aramsız olaraq atəşkəs rejiminin pozulmasına baxmayaraq, xalqımızın ötən il təhlükəsizlik şəraitində yaşadığını bildirdi: “Azərbaycan müstəqillik, inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda, bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurla icrasıdır”.
Bir sıra ölkələrdə artımın olmaması, tənəzzül meyillərinin müşahidə edilməsi fonunda Azərbaycan iqtisadiyyatının təxminən 3, qeyri-neft sektorunun 7 faiz artımı çox uğurlu nəticələridir. Əhalinin pul gəlirləri 4,8 faiz artaraq 1,4 faizlik inflyasiyanı 3 dəfədən çox üstələmişdir. 11 milyard dollarlıq xarici sərmayənin cəlb edilməsi də Azərbaycandakı siyasi və iqtisadi sabitliyə investorların güvənməsi deməkdir. Ölkəmizin strateji valyuta ehtiyatları artaraq ümumi daxili məhsulun 70 faizinə çatmışdır. Bu göstərici üzrə Azərbaycan dünyada ilk iyirmiillikdəki yerini qoruyur, strateji ehtiyatlar isə xarici dövlət borcunu 8 dəfədən çox üstələyir. Azərbaycanın beynəlxalq kreditor mövqeyi yüksəlmişdir. Beynəlxalq, iqtisadi və maliyyə böhranının başlandığı 2008-ci ildən üzü bəri milli iqtisadiyyatımız təxminən 27, o cümlədən qeyri-neft sektoru 55 faiz artmışdır.
Eyni zamanda, Azərbaycanın 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və qurumda uğurlu 2 illik fəaliyyəti Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin uğurlu siyasətinin təntənəsi olmaqla respublikamızın müasir dünyada özünə layiq yer tutduğunu sübut edir. Azərbaycanın haqqı, ədaləti müdafiə edən, bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında çözülməsini istəyən ölkə kimi tanınması onun dünya birliyində yerini və rolunu artırır. Dünya iqtisadiyyatına uğurla inteqrasiya edən, tanınmış maliyyə təşkilatlarının hesabatlarında qeyd olunduğu kimi, rəqabət qabiliyyətinə görə 46-cı yerdə dayanan, Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə sahiblik edən Azərbaycanın beynəlxalq aləmdə nüfuz və mövqeyi uğurla möhkəmlənməkdə davam edir. Cari ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsi respublikamızın dünyada yüksək imicə sahib olmasının bariz sübutudur.
Xalqa inam və milyonların etimadını qazanmaq, millətlərarası qarşılıqlı ehtiram, sosial ədalət prinsiplərini şəxsi keyfiyyətləri, fəaliyyətinin əsas istiqamətləri kimi formalaşdıran Heydər Əliyev liderlik fəlsəfəsini dövlətçilik təcrübəsi ilə möhürləmişdir. Ölkəyə rəhbərliyinin hər iki dönəmində daxili siyasətin əsas aspektləri olan bütövlükdə xalqın firavan yaşayışını təmin etmək, insan amilini fəallaşdırmaq, insanların yaxşı yaşaması üçün iqtisadiyyatın sürətli inkişafına nail olmaq kimi prinsipləri xarici siyasətin bütün dövlətlərlə qarşılıqlı etimad, səmərəli əməkdaşlıq etmək, sülh, əmin-amanlıq şəraitində yaşamaq, münasibətləri beynəlxalq hüquq normaları əsasında qurmaq tələbləri ilə uyğunlaşdıran ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycanı beynəlxalq aləmdə tanıdan, qoşa qanad kimi vəhdətdə təkmilləşdirilən daxili və xarici siyasətin əsası ulu öndər tərəfindən qoyulmuşdur. Odur ki, demokratiya yolu ilə inkişaf edən Azərbaycan nüfuzlu vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, insan hüquq və azadlıqlarının qorunduğu sivil bir ölkədir.
Siyasi, iqtisadi, sosial islahatları düzgün müəyyənləşdirən ulu öndərin fenomen bacarığı, dövlətçilik tariximizdəki missiyası, irsi, müqayisəyəgəlməz örnək xidmətləri təcrübə məktəbidir. Milli məfkurənin, azərbaycançılıq ideyalarının formalaşması, milli-mənəvi dəyərlərin qorunması da ulu öndərin adı ilə bağlıdır. Ölkəmizdə söz, vicdan, əqidə azadlığı, insan hüquqlarının qorunması Heydər Əliyev dövlətçilik məktəbinin ənənələri və ayrılmaz tərkib hissəsidir. Həyatının mənasını Azərbaycanın iqtisadi və intellektual potensialını xalqının xoşbəxt və firavan yaşamasına yönəldən ulu öndər tarixi şəxsiyyət kimi tək əməlləri ilə deyil, dolğun, məntiqli çıxışları, natiqlik məharəti ilə də insanların qəlbinə yol tapırdı. Bu, bir həqiqətdir ki, zəruri, mükəmməl qanunların qəbulu ilə kifayətlənməyən, müxtəlif istiqamətlərdə konkret fəaliyyət proqramının işlənib hazırlanması ilə ölkə iqtisadiyyatını yeni mərhələ üzrə inkişaf etdirən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycan demokratik ölkə kimi əməkdaşlıq, sivilizasiyaların dialoq bölgəsinə çevrilmişdir.
“Biz demokratik, dünyəvi, sivilizasiyalı dövlət quraraq, bütün bəşəri dəyərlərdən istifadə edərək, ümumbəşəri dəyərlərin xalqımız üçün və milli mentalitetimiz üçün, mənəviyyatımız üçün uyğun cəhətləri götürüb tətbiq edərək heç vaxt dinimizdən, adət-ənənələrimizdən ayrıla bilmərik və imtina edə bilmərik” - deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın demokratiya yolu ilə inkişafını gələcək üçün təminat hesab edərək fəaliyyətinin bütün dövrlərində əsas dayaq kimi xalqa arxalanırdı. Ulu öndərin mövqeyi belə idi: Azərbaycandakı bütün prosesləri xalqın istəyinə uyğun istiqamətləndirmək.
Azərbaycanın bu gün demokratiya təcrübəsinin digər dövlətlərə nümunə göstərilməsi də dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin gələcək inkişaf yolunun parametrlərini müəyyənləşdirərkən bu prinsipləri öndə saxlamasından irəli gəlir: “Müstəqil Azərbaycanda hüquqi demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
Azərbaycanın demokratiya yolu heç də hamar olmamışdır. Ölkəmizin müstəqilliyini, uğurlarını gözü götürməyən daxili və xarici qüvvələr hər vəchlə Azərbaycanın demokratik inkişafına, bu yolda inamlı addımlarına mane olmağa çalışırdı. Bu gün əlaqələrimizin yüksək səviyyədə olduğu Avropa Şurasına qəbul zamanı ölkəmizin hansı çətinliklə üz-üzə qaldığı hamıya məlumdur. Lakin Heydər Əliyevin qətiyyəti və səyi bütün maneələri dəf etdi, Azərbaycan demokratik dövlət quruculuğu yolunu sözdə deyil, əməldə sübut edərək Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, Avropa Şurası Azərbaycana nə qədər gərəkdirsə, Azərbaycan da Avropa Şurası üçün bir o qədər önəmlidir. Təbii ki, demokratik inkişaf yolunu seçən, sivil dəyərlərə böyük hörmətlə yanaşan bir ölkə ilə əməkdaşlıq Avropa Şurası üçün xüsusi əhəmiyyət kəsb edirdi. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu nəzərə alsaq, Avropa Şurası ilə ölkəmiz arasında əlaqələrin yüksək səviyyədə olmasının üzv ölkələr üçün hansı əhəmiyyət kəsb etdiyi bəlli olar.
Daim xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan ümummilli lider fədakar vətəndaş, rəhbər kimi fəaliyyətinə də sivil, hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlardan başladı. Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişafa, yeniliyə nail olmaq nəinki çətindir, hətta müşküldür.
Həmin islahatlar arasında demokratiyanı təkmilləşdirən məqamlara üstünlük verildi. Xalqına, insanlara vurğunluğunu onların firavan yaşamasının təminatı üçün həyata keçirilən islahatlarla təsdiqləyən Heydər Əliyev Azərbaycanı sivil, demokratik ölkə kimi tanıtdı. Ümummilli lider Heydər Əliyev müdrik siyasətçi kimi beynəlxalq aləmə inteqrasiyanın ən düzgün və balanslaşdırılmış yolu ilə addımladı. İnsan hüquqlarının qorunması, ölkəmizdə, dünyada sülhün bərqərar olmasını fəaliyyətinin əsas istiqaməti kimi müəyyənləşdirdi, BMT, AŞ PA, ATƏT kimi nüfuzlu təşkilatlara üzv olmaqla demokratik islahatların tətbiqinə çalışdı. Ulu öndərin səyi nəticəsində Azərbaycanda formalaşan, Prezident İlham Əliyevin səyi ilə təkmilləşən demokratik islahatlar indi nümunə göstərilir, ölkəmiz bəşəri dəyərlərin beşiyi kimi diqqət çəkir. Sevindirici haldır ki, proseslər bu gün də dinamik sürətlə davam etdirilir.
Hər bir uğurun əsasında Heydər
Əliyev uzaqgörənliyi, düşünülmüş
siyasəti dayanır. Prezident İlham Əliyev 2003-cü ildə
keçirilən andiçmə mərasimində Azərbaycanın
daha güclü, qüdrətli dövlətə çevrilməsi
üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin
zəruriliyini bildirmişdir. Son on bir ilin uğurları bu vədin
konkret əmələ əsaslandığını sübut
edir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin
ötən dövrdə qazandığı uğurları
diqqətə çatdıraraq demişdir: “Bu gün Heydər
Əliyev siyasəti bütövlükdə bütün sahələrdə
davam etdirilir. 2003-cü ildə Azərbaycan
xalqı mənə böyük etimad göstərərək
Prezident vəzifəsinə seçdiyi gündən bu günə
qədər bu siyasətə sadiqəm. Mən
2003-cü ildə bu barədə sözümü demişəm.
Mən bu siyasətə sadiq qalacağam və
2003-cü ildən bu günə qədər Azərbaycanda gedən
uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir,
müstəqil Azərbaycanın təntənəsidir”.
Müstəqilliyi bərpa etdikdən sonra öz sərvətlərinin
tam sahibi olan Azərbaycan xalqının gələcəyini
düşünən və ölkənin iqtisadi
inkişafı üçün ən səmərəli yollar
axtaran ümummilli lider Heydər Əliyevin uzaqgörən
siyasətinin əsasında neft amilindən istifadə etməklə
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası kimi
önəmli məsələ dayanırdı. Neft
strategiyasını müəyyənləşdirməklə
Azərbaycanın tarixində yeni bir mərhələnin
başlanğıcı qoyuldu. “1994-cü
ildən Azərbaycan özünün yeni neft
strategiyasını həyata keçirir və bu
strategiyanın da əsas prinsipləri Azərbaycanın zəngin
təbii sərvətlərindən Azərbaycan
xalqının rifahı naminə daha səmərəli istifadə
etməkdən asılıdır”. Ulu
öndərin proqram xarakterli bu sözləri tək neft sənayesinin
deyil, iqtisadiyyatın bütün sahələrinin inkişaf
yollarını aydın göstərir. Dünyada
elə dövlət yoxdur ki, müəyyən qədər təbii
sərvətlərə nail olmasın. Azərbaycan
isə payına düşən sərvətlərin zənginliyinə,
strateji əhəmiyyətinə görə fərqlidir.
Bu gerçəkliyi də unutmaq olmaz ki, təbii
ehtiyatlardan düzgün istifadə edildikdə, o, zəngin sərvətə
çevrilir.
Dövlət siyasətinin əsas prioritetləri kimi
böyük əhəmiyyətə malik Avropa və dünya
birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında
etibarlı tərəfdaş sayılan Azərbaycanın lider
dövlət kimi tanınmasının təməlində də
ulu öndər tərəfindən qoyulan daxili və xarici
siyasətin uğurlu həlli dayanır. Bütün
xalqlar və dövlətlərlə qarşılıqlı
anlaşma və əməkdaşlıq siyasətini yeridən,
Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda
təmsil olunub, söz sahibi nüfuzu qazanması müdrik bir
siyasətin məntiqi nəticəsi kimi bu gün də
özünü doğruldur. “Əsrin müqaviləsi”nin, onun ilk bəhrəsi olan
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
dünyada doğurduğu əks-səda Azərbaycana
marağı artırmaqla respublikamızı Cənubi Qafqazda
lider dövlət kimi tanıtdırdı. Bu
gün Azərbaycanın iştirakı olmadan regionda
hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin
qeyri-mümkünlüyü də deyilənlərin təsdiqidir.
“Bu təşəbbüsləri gerçəkliyə
çeviririk”-söyləyən dövlət
başçısı İlham Əliyev bu layihələrin
ölkələr arasında dostluğun, əməkdaşlığın
genişləndirilməsində böyük əhəmiyyəti
olduğunu bildirir. Gerçəklənən
hər bir layihə yeni layihənin gündəmə gətirilməsinə
stimul verir.
Məhz
bu baxımdan təşəbbüsçü olduğumuz və
ölkəmizin iştirakı ilə həyata keçirilməsi
nəzərdə tutulan Avropanın nəqliyyat sisteminə və
şəbəkəsinə inteqrasiyasını nəzərdə
tutan layihələr, xüsusilə Transadriatik Qaz kəməri,
(TAP) Transanadolu Qaz kəməri layihələri xüsusi əhəmiyyət
daşıyır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində keçirilən
“dəyirmi masa”dakı çıxışında qeyd edib ki,
enerji təhlükəsizliyi məsələsini milli təhlükəsizlik
məsələsindən ayrı müzakirə etmək olmaz:
“Enerji siyasəti ilə bağlı məsələlər
milli maraqlara və Avropanın bizim regionda qlobal siyasi xəritəsinə
sıx bağlıdır. Azərbaycan əlbəttə
ki, yerləşdiyi regionda enerji təhlükəsizliyinin təminatında
öz rolunu oynayır. İndi - “Cənub”
qaz dəhlizi ilə bağlı vacib sazişin
imzalanmasından sonra biz Avropa üçün əhəmiyyətli
bir tərəfdaşa çevrilirik. Bu
layihə Avropanın enerji xəritəsini əhəmiyyətli
dərəcədə dəyişəcək.
Ulu öndər Azərbaycanda daim sosialyönümlü
bazar iqtisadiyyatının tərəfdarı olmuş, özəl
sektorun dinamik inkişafı şəraitində sosial problemlərin
həllinə, o cümlədən işəgötürənlərlə
işçilər arasında əmək münasibətlərinin
qanunauyğun qaydada tənzimlənməsini təmin etmək
üçün dəfələrlə qanunvericilik təşəbbüsündən
istifadə etmişdir. Bu gün qürur hissi ilə qeyd edə
bilərik ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının müstəqil qurum kimi
formalaşması da məhz ulu öndər Heydər
Əliyevin adı ilə bağlıdır. Məhz ümummilli liderin şəxsi təşəbbüsü
və nəzarəti altında keçmiş postsovet məkanında
ilk dəfə olaraq Azərbaycanda həmkarlar ittifaqları
haqqında qanun qəbul edilmiş, bununla da bu təşkilatın
normal fəaliyyətinə şərait
yaradılmışdır. Ulu öndərin
uzaqgörən siyasəti sayəsində həmkarlar
ittifaqlarının uzun illər ərzində yaranmış
maddi-texniki bazası qorunub saxlanmış, həmkarlar
ittifaqlarının demokratik idarəetmə prinsiplərinə
əsaslanan fəaliyyətinə dəstək verilmişdir.
Ulu öndər həmişə bu qurumun fəaliyyətini
izləməyə, ona yardım göstərməyə vaxt
tapmış, qurultaylarına təbrik məktubları göndərmiş,
əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirmiş,
zəruri tövsiyələrini vermişdir. Ulu öndərin
2003-cü il fevralın 5-də
AHİK-nın II qurultayına ünvanladığı təbrik
məktubunda deyilirdi: “Yeni şəraitdə həmkarlar
ittifaqlarının cəmiyyətdəki rolu daha da
artmışdır. 1994-cü ildə qəbul
olunmuş “Həmkarlar ittifaqları haqqında” Azərbaycan
Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin
yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın
sosial-iqtisadi mənafelərinin qorunmasında fəal
iştirakı üçün hüquqi baza yaradır.
Həmkarlar ittifaqları hazırkı dövrdə əmək
prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının
hüquqlarının müdafiəçisi kimi ölkəmizdə
fəaliyyət göstərən bütün müəssisələrdə,
o cümlədən xarici sərmayə ilə işləyən
təşkilatlarda, transmilli şirkətlərdə iş
şəraitinin müasir standartlara
uyğunlaşdırılması, sosial problemlərin həlli
və əmək hüquqlarının təmin olunması sahəsində
yeni metod və vasitələrdən istifadə edərək
daha ardıcıl və məqsədyönlü fəaliyyət
göstərməlidirlər. Vətəndaşlarımızın
ən böyük ictimai təşkilatı olan həmkarlar
ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından
iştirak etməli, sosial siyasətin həyata keçirilməsində
önəmli rol oynamalıdırlar”.
Məhz ulu öndərin göstərişləri və
tövsiyələri sayəsində Azərbaycan həmkarlar
ittifaqlarının vəzifələri dəyişdi,
onların sosial təyinatı, funksiyaları, fəaliyyətlərinin
forma və metodları əsaslı şəkildə yenidən
quruldu. “Həmkarlar
ittifaqları haqqında” qanun qəbul edilməklə həmkarlar
ittifaqlarının cəmiyyətdəki yeri və statusu
müəyyən edildi; həmkarlar ittifaqlarının
qeyri-siyasi təşkilat kimi dövlət və təsərrüfat
orqanlarından və siyasi sistemin digər vəsilələrindən
asılılığı aradan qaldırıldı; həmkarlar
ittifaqlarının bütün strukturlarında, o cümlədən
aşağı vəsiləli həmkarlar ittifaqlarında
inzibati-amirlik sisteminə son qoyularaq sahə məsələlərinin
həllində həmkarlar ittifaqlarının və
orqanlarının müstəqilliyi təmin edildi; əmək,
sosial, iqtisadi məsələlər barəsində
qanunvericilik aktlarının hazırlanmasında həmkarlar
ittifaqlarının hüquqları tanındı; Azərbaycan
həmkarlar ittifaqları beynəlxalq həmkarlar ittifaqları
hərəkatının tərkib hissəsinə
çevrildi. Bütün bunlar respublikada həmkarlar
ittifaqı hərəkatının inkişafına stimul
yaradaraq işçilərin sosial-iqtisadi hüquqlarının
müdafiəsini daha səmərəli formada həyata
keçirməyə imkan yaratdı.
Ümummilli
lider Heydər Əliyevin sosial-iqtis
adi
inkişaf strategiyasına sadiq olan Prezident İlham Əliyevin
həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə
bağlı mövqeyini dəstəkləməsi və bu sahədə
mühüm qərarlar qəbul etməsi xüsusi rol
oynadı. Prezident İlham Əliyev dəfələrlə həmkarlar
ittifaqlarının güclü qüvvə olduğunu və
Azərbaycanda əmək hüquqlarının qorunmasında,
işçilərin sosial məsələlərinin həllində
mühüm rola malik olduğunu qeyd etmişdir: “Əminəm
ki, həmkarlar ittifaqları cəmiyyətdə əməkdaşlıq
ruhunun bərqərar olması, sosial ədalət prinsiplərinə
riayət edilməsi, bazar iqtisadiyyatı şəraitində
işçilərin əmək hüquqlarının
qorunması, işəgötürənlərlə
işçilər arasında münasibətlərin tənzimlənməsi
istiqamətində çox iş görə bilər”. Bu fikirlər həmkarlar ittifaqlarını daha da əzmkarlıq,
birlik və həmrəylik nümayiş etdirməyə
istiqamətləndirmişdir.
Bu gün Azərbaycan Həmkarlar İttifaqları vətəndaş
cəmiyyətinin əsas institutlarından biri olmaqla, cəmiyyətdə
öz yerinin və rolunun möhkəmləndirilməsi
üçün real yollar axtarıb tapır. Sosial ədalət
prinsiplərinə əməl edilməsi, bazar iqtisadiyyatı
şəraitində işçilərin əmək
hüquqlarının qorunması, işəgötürənlə
işçilər arasında münasibətlərin tənzimlənməsi
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirir.
Azərbaycan Həmkarlar İttifaqları
respublikamızın ictimai həyatında mühüm rol
oynamaqla iqtisadiyyatın və cəmiyyətin demokratik dəyərlərinin
inkişafı sahəsində qarşıda duran vəzifələri
yerinə yetirir, qloballaşmanın dərinləşməsi
şəraitində dünya həmkarlar ittifaqları ilə əməkdaşlığı
genişləndirir. Əhalinin sosial-iqtisadi və məşğulluq
problemlərinin həlli üçün hökumətlə
sıx əməkdaşlıq edir, cəmiyyətdə
mövqeyinin güclənməsinə çalışır.
27 sahə həmkarlar ittifaqını öz ətrafında
birləşdirən AHİK və onun üzv təşkilatları
qanunvericilikdə onlara həvalə edilmiş hüquq və səlahiyyətlərinin
yerinə yetirilməsində uğurlu addımlar atırlar.
Respublikada söz, mətbuat, vicdan, əqidə azadlığının təməlini qoyan, Yeni Azərbaycan Partiyasını yaratmaqla demokratiyanın başlıca tələblərindən olan çoxpartiyalılıq sisteminə keçidi demokratiyanın əsas şərtləri kimi dəyərləndirən ulu öndər müstəqil mətbuatın inkişafına sivil cəmiyyətin əsas atributlarından biri kimi diqqət yetirirdi. Ölkədə apardığı demokratik islahatlara görə dəfələrlə “jurnalistlərin dostu” adına layiq görülən Heydər Əliyev daim insanları birliyə, saflığa çağırır, şəxsiyyəti nüfuzdan salan ələbaxımlıq hallarına qarşı mübarizəni ümumxalq işi hesab edirdi.
Ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərinin obyektivliyini, şəffaflığını təmin edən ümummilli liderin səyi sayəsində Azərbaycanda tam demokratik tələblərə uyğun parlament formalaşdı, təkmilləşdi. Demokratiyaya ölkə əhalisinin ümumi mənafeyinə və istəyinə uyğun islahatların tətbiqi kimi dəyər verən Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi islahatları saymaqla qurtarmaz. Azərbaycan Şərq aləmində ilk dəfə olaraq ölüm hökmünü ləğv edən ölkə kimi tanındı. İmzaladığı əfv fərmanları və amnistiya aktları ilə azadlıqdan məhrum edilən yüzlərlə məhbusu sağlam, ictimai fəaliyyətə qaytardı. 2003-cü ildə keçirilən prezident seçkiləri ilə əlaqədar xalqa müraciət edən ümummilli lider Heydər Əliyev üçün ölkə vətəndaşlarının ümumi rəyi başlıca faktor, meyar idi. İlham Əliyevi ölkə rəhbərliyinə tövsiyə edərkən “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyinizlə İlham Əliyev başa çatdıra biləcək” müraciəti ilə bir daha Azərbaycan xalqına məhəbbətini bildirdi. Doğrudan da, ulu öndərin inamını doğruldaraq, onun siyasi məktəbinin layiqli davamçısı olduğunu yeritdiyi düzgün siyasəti, rəhbərlik təcrübəsi, iradəsi və qətiyyəti ilə Prezident İlham Əliyev xalqının sevimlisidir.
Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələrdə hiss olunursa, bu, yalnız ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Ulu öndər mənsub olduğu millətin milli-mənəvi zənginliyinə, adət-ənənələrinin qorunub saxlanmasına, islami dəyərlərə daim hörmətlə yanaşırdı. Buna görə də hər bir azərbaycanlının qəlbində yer almış Heydər Əliyevə xalq məhəbbəti, ehtiramı sonsuz, bitib-tükənməzdir. Ulu öndər milli-mənəvi dəyərlərimizi qoruyub təbliğ etməyi, soykökümüzə bağlılığımızı gündəlik fəaliyyət istiqamətləri kimi yaşatdı.
Bəşər tarixi çox böyük insanlar
yetirmişdir.
Onların arasında inqilab edənlər,
dövlət yaradıb millətləri üçün
böyük işlər görənlər də var. Ancaq
onların çoxunun tarixdə izi qalmamışdır.
Onların gördüyü işlər gələcək
uğurlara hesablanmadığı, dəyərli, faydalı
olmadığı üçün uğursuzluqla nəticələnmiş,
ardıcılları olmamışdır. Ancaq
qərinədən artıq bir müddətdə hakimiyyətdə
olan ulu öndərin xalqımız üçün
gördüyü işlər o qədər qiymətli,
misilsizdir ki, siyasi irsi, dövlətçilik məktəbi, ənənələri
yaşayır, böyük uğurla davam etdirilir. Ulu
öndər dövlətçilik təcrübəsindən
də aydın bilirdi ki, hökumətin iki məqsədi, vəzifəsi
var: millətin qorunması, insanların rifahının təmin
olunması. Heydər Əliyev müəllifi
olduğu müasir Azərbaycanın müstəqilliyini qoruyub
əbədiləşdirməklə bu missiyanı layiqincə
yerinə yetirdi. Ölkəmizin dünya
birliyində mövqeyinin möhkəmlənməsini
apardığı demokratik islahatlarla təmin etdi, dövləti
etibarlı əllərə tapşırdı. Azərbaycanın hamını heyrətə salan
iqtisadi inkişafı sübut etdi ki, onun ideyaları gələcək
nəsillər üçün də dəyərlidir.
Həyatının
mənasını yalnız xalqına xidmətdə
görmüş, ömrünü onun xoş, firavan gələcəyinə
həsr etməkdən şərəf duymuş Heydər
Əliyev Azərbaycan xalqının parlaq və
işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü
mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə
nail olmuşdur. Ulu öndərin şah əsəri
olan müasir Azərbaycan onun layiqli davamçısı -
dövlət başçısı İlham Əliyevin rəhbərliyi
altında daha da inkişaf edir, strateji hədəflərə
uğurla çatır.
Səttar
MEHBALIYEV,
Milli Məclisin
deputatı, Azərbaycan Həmkarlar
İttifaqları
Konfederasiyasının sədri
Azərbaycan.-2015.- 7 may.- S. 7.