Müstəqil enerji
sisteminin yaradıcısı
Azərbaycanın
müasir, hüquqi və dünyəvi dövlət kimi
formalaşmasında, vətəndaş cəmiyyətinin
yaradılmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində,
iqtisadiyyatımızın inkişafında, beynəlxalq əlaqələrin,
Avropa və dünya ölkələri ilə münasibətlərin
qurulmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri
vardır.
Azərbaycanın
dünya miqyasında neft-qaz ixrac edən ölkəyə
çevrilməsi, yeni neft strategiyasının uğurla həyata
keçirilməsi, xarici dövlətlərin aparıcı
neft şirkətləri ilə tərəfdaşlığı,
neft sənayesinin müasir tələblərə uyğun
infrastrukturunun yaranması ümummilli liderin müdrik siyasətinin,
dönməz əqidəsinin və tarixi uzaqgörənliyinin
məntiqi nəticəsidir.
1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə
gəlişindən sonra respublikanın sosial-iqtisadi həyatının
mühüm sahələrindən biri olan energetika sektorunun
sürətli inkişafını təmin etmək məqsədi
ilə təxirəsalınmaz tədbirlər həyata
keçirilmiş, bir çox irimiqyaslı layihələr
reallaşdırılmışdır.
Azərbaycanın müstəqil enerji sisteminin
formalaşması, bu kontekstdə enerji təhlükəsizliyinin
daha etibarlı vəziyyətə çatdırılması
bilavasitə xalqımızın ümummilli lideri Heydər
Əliyevin adı ilə bağlıdır. Təkcə bir faktı qeyd
etmək kifayətdir ki, məhz ümummilli liderin şəxsi
təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə 30 il ərzində Azərbaycanın energetika sistemində
3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə
yaxın elektrik ötürücü xətlər istifadəyə
verilmiş, enerji sisteminin real imkanları iki dəfədən
çox artmışdır.
Xatırlatmaq
istərdik ki, ötən əsrin 70-80-ci illərində dinamik inkişafda olan Azərbaycan
iqtisadiyyatının durmadan artan tələbatı bizi
qonşu respublikalardan 2,9-3,5 milyard kilovat-saat elektrik enerjisi
idxal etmək məcburiyyətində qoyurdu. Bu
çatışmazlığı aradan qaldırmaq
üçün tez bir zamanda “Şəmkir” SES və “Azərbaycan”
DRES-in inşasına başlamaq qərara alındı. Bununla da Azərbaycan energetikasının
inkişafında yeni bir mərhələnin əsası
qoyuldu.
“Azərbaycan” DRES-in birinci enerji blokunun işə
salınması respublikada əlamətdar hadisəyə
çevrildi.
Ümummilli liderin bu münasibətlə 1981-ci il
oktyabrın 20-də Mingəçevir şəhərinə gəlişi,
stansiyanın vəziyyəti ilə tanış olaraq energetiklərə
və inşaatçılara öz dəyərli tövsiyələrini
verməsi həmin tarixi təqvimi Azərbaycan energetiklərinin
peşə bayramı günü kimi müəyyənləşdirmişdir.
Yeri gəlmişkən, ulu öndərin dəstəyi
ilə respublikamızda reallaşan nəhəng iqtisadi layihələr
sırasında xüsusi yeri olan “Azərbaycan” DRES Cənubi
Qafqazda ən iri elektrik stansiyasıdır.
Ulu
öndərin ən böyük xidmətlərindən biri də
respublikamızın enerji təhlükəsizliyi məsələsinin
həllinə hələ Azərbaycana birinci rəhbərliyi
dövründə nail olmasıdır. Bu nailiyyət
Azərbaycanın dövlət müstəqilliyinin elan edildiyi
çətin və mürəkkəb siyasi şəraitdə
respublikamızı regionda xüsusi maraqları olan xarici
dövlətlərin enerji təhdidlərindən
qorumuşdur. Məhz bunun nəticəsidir ki, ötən
əsrin 90-cı illərinin sonlarında elektrik enerjisi
istehsalı 23,4 milyard kilovat-saata
çatdırılmış, istehlak isə 21,7 milyard
kilovat-saata yaxın olmuş, 1,7 milyard kilovat-saat elektrik enerjisi
ixrac edilmişdir. Adambaşına düşən
elektrik enerjisi isə 3300 kilovat-saatdan artıq olmuşdur.
SSRİ-nin süqutu elektrik energetikası sisteminə də
təsirsiz ötüşməmişdir. Yaranmış
siyasi və iqtisadi böhran nəticəsində elektrik
enerjisi istehsalında böyuk problemlər
yaranmışdı. Ulu öndər Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində
tikilmiş “Azərbaycan” İES olmasaydı, respublikanın, o
cümlədən paytaxt Bakının enerji təchizatında
ciddi problemlər yaşana bilərdi.
Faktlar
göstərir ki,
Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə elektrik enerjisi sisteminin
inkişafını prioritet məsələlər
sırasına aid edərək sözügedən istiqamətdə
böyük işlər görmüşdür. Belə ki, elektrik enerjisi sisteminin əsas inkişaf mərhələsi
öz başlanğıcını Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi birinci dövrdən götürür. Məhz həmin
vaxtdan başlayaraq, respublikada bu sistemin sürətli
inkişafını təmin etmək məqsədilə bir
sıra irimiqyaslı layihələrin
reallaşdırılmasına start verilmişdir. Həmin layihələr öz növbəsində Azərbaycanın
elektrik enerjisinə olan tələbatının yerli imkanlar
hesabına ödənilməsinə gətirib
çıxarmışdır. Bir-birinin
ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli
elektrik verilişi xətlərinin və yarımstansiyaların
inşa edilib istifadəyə verilməsi Azərbaycanın sənaye
potensialının artırılmasında mühüm
addım olmuşdur.
1969-cu ildə Azərbaycan elektrik enerjisi idxal edirdisə,
ümummilli liderin titanik fəaliyyəti sayəsində 1982-ci
ildə artıq elektrik enerjisi ixrac edən respublikaya
çevrilmişdir. Həmin illərdə Azərbaycanın
bütün yaşayış məntəqələrinə,
o cümlədən hər bir evə elektrik xətti çəkilmişdir.
O dövrdə elektrik stansiyalarının inşası ilə
yanaşı, elektrik şəbəkələri də
sistematik inkişaf etdirilmiş və respublikanın
dayanıqlı enerji sistemi yaradılmışdır.
Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci
dövründə görülən bu işlər sonralar
dövlət suverenliyini əldə edən Azərbaycanın
müstəqil enerji sisteminin yaranmasında böyük rol
oynamışdır. Enerji sisteminin müstəqillik illərində
yenidən qurulmasının müəllifi kimi yenə ulu
öndər öz sözünü demiş, bu sahənin
böhrandan çıxarılması, onun maddi-texniki
bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi
üçün məqsədyönlü, genişmiqyaslı
tədbirlər həyata keçirmişdir. Məhz
ümummilli liderin sayəsində tikintisi hələ 1984-cü
ildən yarımçıq qalmış Şəmkir SES-in
davamı olan Yenikənd su hövzəsinin və su elektrik
stansiyasının inşası 2000-ci ilin dekabr ayında
başa çatdırılmışdır.
Bundan əlavə,
reallaşdırılan
konkret tədbirlər hesabına ölkəmizin
İran, Gürcüstan və Naxçıvan Muxtar
Respublikası tərəfdən Türkiyə ilə enerji
sistemləri sferasında da
sıx əlaqəsi qurulmuşdur. “Energetika haqqında”,
“Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika
haqqında”, “Elektrik və istilik stansiyaları haqqında”
qanunların qəbulu ilə Heydər Əliyev eyni zamanda,
Azərbaycanın elektrik enerjisi sistemində qanunvericilik
bazasını formalaşdıraraq bu sahəyə dair
hüquqi əsasların təkmilləşdirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirmişdir.
Ulu öndərin müstəqil enerji sisteminin
formalaşması istiqamətində həyata keçirdiyi məqsədyönlü
siyasət Prezident İlham Əliyev tərəfindən
ardıcıllıqla davam etdirilmiş və zamanın tələblərinə
uyğunlaşdırılaraq ölkənin iqtisadi qüdrətinin
artması fonunda özünün yeni yüksəliş mərhələsinə
qədəm qoymuşdur. Bu sahədə görülən işlər
ona gətirib çıxarmışdır ki, Azərbaycan
elektrik enerjisi idxalına tamamilə son qoymuş, əlavə
enerji istehsalı ölkəmizin onun da
ixracatçısına çevrilməsinə imkan
yaranmışdır. Hazırda Azərbaycan elektrik
enerjisinin hasilatı və ixracı sahəsində potensialını
davamlı şəkildə genişləndirməkdədir.
Bütün bunlar isə Prezident İlham Əliyevin rəhbərliyi
altında sözügedən sahədə həyata
keçirilən siyasətin nə dərəcədə
mükəmməl bir əsasa söykəndiyini, böyük
bir perspektivə hesablandığını əyani şəkildə
nümayiş etdirir. Bu kontekstdə enerji sisteminin inkişafı sferasında
Azərbaycan Prezidenti İlham Əliyevin atdığı
mühüm addımlardan biri 2005-ci il
fevralın 14-də “Azərbaycan Respublikasında yanacaq-enerji
kompleksinin inkişafı (2005-2015-ci illər) Dövlət
Proqramı”nın təsdiqi barədə sərəncam
olmuşdur.
Ölkənin yanacaq-enerji kompleksində
qazanılmış uğurların daha da möhkəmləndirilməsinə,
iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının
daha dolğun ödənilməsini reallaşdırmağa
yönələn adı çəkilən proqram qəbul
edildiyi müddətdən etibarən qarşıdakı on
illik dövrdə bu kompleksə daxil olan sahələrin
inkişaf istiqamətlərini müəyyənləşdirmiş
və onların həyata keçirilməsi üçün
konkret tədbirlərin icrasını nəzərdə
tutmuşdur.
Dövlət başçısının göstərişlərinə
əsasən, ötən illərdə Azərbaycan İES-in
III və IV enerji blokunun yenidən qurulmasının başa
çatdırılması nəticəsində 200 MVt əlavə
güc yaradılmışdır. Bundan başqa, 2011-ci
ildə Azərbaycan İES-də görülən işlər
stansiyanın gücünü 2000 MVt-dən 2600 MVt-yə
yüksəltməyə imkan vermişdir. Stansiyanın səmərəliliyinin
artması isə ildə 500 min ton yanacağa qənaət
edilməsi deməkdir.
Ölkə rəhbərinin təşəbbüsü və
dəstəyi ilə həyata keçirilən tədbirlər
nəticəsində daha əvvəl mövcud stansiyalar modernləşdirilmiş,
onlar dünya standartlarına cavab verən müasir qurğu və
avadanlıqlarla təchiz edilmişdir. Nəticədə stansiyaların
faydalı iş əmsalı artmış, bir kVt-saat elektrik
enerjisinin istehsalına sərf edilən şərti yanacağın
miqdarı əhəmiyyətli dərəcədə
azalmışdır. Qarşıdakı
dövrdə də ölkədə elektrik enerjisinin
hasilatının yüksələn xətt üzrə
inkişaf edəcəyi şübhə doğurmur.
Elektrik enerjisi sistemində daha bir mühüm məsələ
odur ki, bu gün ölkəmizdə generasiya gücləri bütün
respublikanı əhatə edir. Bu isə hər bir
bölgədə güclü energetika potensialının
yaranmasına, sosial-iqtisadi rifahın
yaxşılaşmasına öz töhfəsini verməkdədir.
Generasiya sahəsində görülən
işlər nəticəsində Azərbaycan nəinki öz
enerji tələbatını tam təmin etmiş, hətta
güclü ixrac potensialı da yaratmışdır. Əldə olunmuş ixrac potensialını
reallaşdırmaq üçün Azərbaycan-Gürcüstan-Türkiyə
enerji dəhlizi layihəsinin icrası Azərbaycana yeni imkanlar
verir.
Beləliklə, ölkənin elektroenergetika sisteminin
dayanıqlığının təmin edilməsi məqsədilə
nəzərdə tutulmuş tədbirlərin,
ötürücü və paylayıcı elektrik şəbəkələrinin
yenidən qurulması işlərinin uğurla yerinə
yetirilməsi əhalinin və sənayenin elektrik enerjisi ilə
fasiləsiz təminatına, bu sahədə ixrac
potensilanın genişlənməsinə böyük imkan
yaratmışdır.
Yeri gəlmişkən, son illər paytaxt və ətraf
ərazilərin elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən ardıcıl tədbirlərin bir qisminə
də nəzər salmaq istərdik. Əvvəla onu qeyd edək
ki, sözügedən sahədə reallaşdırılan
uğurlu dövlət siyasəti nəticəsində
paytaxtın dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə
təchizatı təmin olunmuş, şəbəkədə
itkilər minimuma endirilmiş, ötürücü güclər
artırılmış, qəza açılmaları aradan
qaldırılmışdır.
“Azərbaycan
Respublikasının yanacaq-enerji kompleksinin inkişafı
(2005-2015-ci illər) üzrə Dövlət Proqramı”, “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı dövlət proqramı”, Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair qəbul edilmiş dövlət proqramları və eləcə
də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul
edilmiş digər proqramlar enerji sisteminin yenidən
qurulması ilə bağlı həyata keçirilən tədbirlərin
uğurla davam etdirilməsində çox mühüm stimul
olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi
bütün ölkədə olduğu kimi, Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
infrastrukturunun inkişafına daha da təkan vermiş,
xüsusilə yol təsərrüfatının və nəqliyyatın
işinin yaxşılaşdırılmasına, elektrik
enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin
yüksəlməsinə müsbət təsir göstərmişdir.
Qeyd olunan
proqramların icrası nəticəsində paytaxt və ətraf qəsəbələrin
fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin
olunması, abunəçilərə yüksək səviyyəli
xidmət göstərilməsi, elektrik şəbəkəsinin
dünya standartlarına uyğun yenidən qurulması istiqamətində
genişmiqyaslı yenidənqurma işləri həyata
keçirilmişdir.
Görülən tədbirlər sayəsində paytaxtda
dairəvi təchizat sistemi yaradılmış və bu
sistemin tətbiq olunması paylayıcı və
ötürücü şəbəkələrin
dayanıqlığını artırmışdır. Bununla əlaqədar
mövcud investisiya proqramında bu sistemə daxil olan 110 kV-luq
yarımstansiyaların tikintisi prioritet yer tutur.
Azərbaycan
Respublikası Prezidentinin 10 fevral 2015-ci il
tarixli sərəncamına əsasən “Bakıelektrikəbkə”
ASC-nin bazasında “Azərişıq” Açıq Səhmdar
Cəmiyyəti yaradılmışdır. “Azərişıq”
ASC Azərbaycan Respublikasının ərazisində elektrik
enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz
və səmərəli şəkildə elektrik enerjisi ilə
təchizatını həyata keçirəcək, bu sahədə
yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın
müasirləşdirilməsini və ondan səmərəli
istifadəni, habelə bu sahənin inkişafı ilə
bağlı digər işləri yerinə yetirəcək.
Ölkədə
gedən iqtisadi inkişafa uyğun olaraq dövlət
başçısının imzaladığı
sözügedən sərəncamdan irəli gələn vəzifələrin
uğurla həyata keçirilməsi məqsədilə
artıq “Azərişıq”da yenidənqurma işləri, yeni
texnologiyaların şəbəkəyə tətbiqi, yüksək
peşə hazırlığına malik kadrların
hazırlanması işlərinə başlanılmış,
bu işləri həyata keçirmək üçün
qısa vaxt ərzində tədbirlər planı
hazırlanmış, texniki təchizat bazası
yaradılmışdır.
Artıq ölkəmizin bütün rayon mərkəzlərində,
qəsəbə və kəndlərində yararsız, istismar müddəti
başa çatmış komplekt transformator məntəqələrinin
(KTM) yenilənməsi - müasir tipli avadanlıqlarla təchiz
edilməsi prosesinə başlanılmışdır. Yeni
güc mərkəzləri həm görünüş
baxımından əvvəlkindən fərqlənir, həm də
böyük texniki
üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir.
Bu işlərlə yanaşı, uzun illər istismar olunan ağac dayaqlar yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda olduğu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaqla bərabər, normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək. Ölkə ərazisində yeni KTM-lər quraşdırılmazdan əvvəl həmin ərazilərdə abonentlərin sayı tam dəqiqləşdirilir, perspektiv inkişaf istiqamətləri öyrənilir və gələcək tələbata uyğun güc mərkəzləri seçilir. Həmin güc mərkəzlərinin qidalandırılması da yeni texnologiyalara əsaslanır. Yeni güc mərkəzlərini qidalandırmaq üçün hava elektrik verilişi xətlərinin yenilənməsi, aralıq məsafənin qısaldılması sahəsində də lazımi tədbirlər görülür. Hazırda rayonlarda 35 kilovoltluq yarımstansiyaların quraşdırılması işləri gedir.
Ümumiyyətlə, bu gün bütün qüvvəmizi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamından irəli gələn vəzifələrin icrasına səfərbər etmişik. ASC-nin gələcək fəaliyyəti ilə bağlı hazırlanan 4 bənddən ibarət inkişaf proqramının uğurla reallaşdırılması diqqət mərkəzində saxlanılır. Onu da qeyd edək ki, inkişaf proqramının birinci - reabilitasiya mərhələsində mövcud imkanları səfərbər edib enerji təchizatındakı problemləri aradan qaldırmaq nəzərdə tutulur. Bununla əlaqədar müvafiq tədbirlər həyata keçiriləndən sonra enerji təchizatı zamanı baş verən açılmaları iki dəfəyədək azaltmaq mümkün olacaq.
İnkişaf proqramının ikinci bəndinə əsasən mövcud şəbəkə planlı şəkildə tamamilə yenidən qurulacaqdır ki, bununla bağlı dövlət başçısının xüsusi göstərişi vardır. Sözügedən mərhələdə görüləcək böyük həcmli işlərin reallaşdırılması, başqa sözlə, mövcud şəbəkənin planlı şəkildə tamamilə yenidən qurulması istiqamətində hazırda ardıcıl tədbirlər görülür.
İnkişaf proqramının üçüncü bəndi 2025-ci ilədək olan bir dövrü əhatə edir. Bu müddətdə dairəvi, ikişüalı və dayanıqlı sxemin hazırlanması qarşıda mühüm vəzifə kimi durur. Nəhayət, inkişaf proqramının sonuncu bəndində “Azərişıq” ASC-nin iş fəaliyyətində və idarə olunmasında ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi öz əksini tapmışdır ki, həmin işlərin bu il başa çatdırılması nəzərdə tutulur.
Əminliklə deyə bilərəm ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarını rəhbər tutaraq “Azərişıq”ASC tərəfindən inkişaf proqramında nəzərdə tutulan tədbirlər vaxtında və uğurla yerinə yetiriləcək, mövcud problemlərin qısa müddətdə aradan qaldırılmasına, elektrik təchizatında daha müasir metodların tətbiqinə, istehlakçıların etibarlı, səmərəli və təhlükəsiz elektrik enerjisi ilə təchiz edilməsinə nail olacağıq.
Səhmdar cəmiyyətin kollektivi həmişə olduğu kimi, bundan sonra da dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, xalqımızın rifahının daha da yüksəldilməsi naminə ümummilli lider Heydər Əliyevin ideyalarının gerçəkləşməsi üçün var gücü ilə çalışacaq, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşərək qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsinə nail olacaq.
Baba RZAYEV,
“Azərişıq”
Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan.-2015.- 7 may.- S. 8.