Müstəqil Azərbaycan
dövlətçiliyinin banisi
Tarixdə izi olan böyük şəxsiyyətlər
insan ömrünün zaman adlı sədlərini dəf edərək
əbədiyasarlıq hüququ qazanırlar. Məhz onların qurub
yaratdıqları, miras qoyduqları irs
xalqlarının gələcəyinə işıq salıb,
sonrakı tarixini, dünyadakı yerini müəyyənləşdirib.
Belə dühalardan biri də şərəfli
və mənalı ömür yolunu Azərbaycanın
nicatına, milli dövlətçiliyimizin dirçəlməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna qovuşmasına
həsr edən Heydər Əliyevdir. Xalqımızın
ümummilli liderinə çevrilmiş bu dahi insanın
adı ölkəmizin simvoluna, əməlləri isə şəxsi
hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti
doğma vətəninə və torpağa məhəbbət,
sədaqət meyarı olmuşdur. Ona
görə də ulu öndər Heydər Əliyevin adı
ilə bağlı olan hər bir tarix bizim üçün
müqəddəsdir və bu günlərdə anadan
olmasının 92-ci ildönümü xalqımız tərəfindən
böyük ehtiram və sevgi ilə anılır.
İstənilən
xalqın dövlətçilik ənənələrinin milli
irs və düşüncə əsasında
həyata vəsiqə alması üçün əlverişli
siyasi mühit, elm və təhsili istiqamətləndirməyi
bacaran güclü və vətənpərvər liderin
olması əsas şərtdir. Lakin bu gücə
və vətənpərvərlik hissiyyatı olan liderə
malik olmayan xalqın yaranan siyasi şəraitdə real
şansdan yetərincə yararlanması, milli iradəsini
toplayaraq müstəqillik, azadlıq ideallarına
qovuşması mümkün deyil. Müəyyən mərhələdə
önə çıxan fenomen şəxsiyyətlər mənsub
olduqları xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik
və milli dövlətçilik kimi ali
idealların gerçəkləşməsində müstəsna
rol oynayır, bununla da əbədiyaşarlıq qazanırlar.
XX əsrdə Azərbaycanın yetirdiyi ən
böyük şəxsiyyət - ümummilli lider Heydər
Əliyev belə dühalardan olmuşdur.
Müasir Azərbaycan tarixinin parlaq siması, qüdrətli
şəxsiyyəti olan Heydər Əliyevin siyasi obrazı
xalqımızın dövlətçilik şüurunun,
tarixin sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin,
müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin
canlı mənzərəsidir. Milli özünüdərkin
ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət
ideyası da Azərbaycanın yeni tarixində məhz Heydər
Əliyevin adı ilə bağlıdır.
Xalqımız tarix boyu əxz etdiyi dövlətçilik ənənələrini,
milli dəyərləri, nailiyyətləri, ali keyfiyyətləri
məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək
dayanıqlı müstəqil dövlətini qurmuş, millət
kimi mövcudluğunu, özünü idarə etmək
bacarığını yüksək səviyyədə
nümayiş etdirmişdir. Ulu öndər müasir dövlətimizin
ideoloji-siyasi əsaslarını tarixi irs və
milli-mənəvi dəyərlər zəminində yaradaraq
praktik surətdə gerçəkləşdirmiş dahi
strateq kimi xalqımızın əbədi və tükənməz
sevgisini qazanmışdır. Ulu öndər
ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni
pozitiv dəyişikliklərinə hazırlamaqla,
yaranmış tarixi şəraitə uyğun strateji qərarlar
qəbul etməklə yanaşı, fəaliyyətində
daim milli maraq və mənafeləri önə çəkmiş,
uzaq hədəflərə hesablanmış inkişaf
strategiyası həyata keçirmişdir. Bu mənada onun keçdiyi həyat yoluna nəzər
yetirdikdə xalqımızın dünəni, bu günü,
sabahı aydın görünür.
Ümummilli liderə
layiq olduğu qiyməti vermək, onun vətən və xalq
naminə göstərdiyi misilsiz xidmətləri və fədakarlıqları
obyektiv dəyərləndirmək böyük məsuliyyət
tələb edir. Hər birimiz
üçün əziz olan ulu öndərin doğum
günü ərəfəsində bu böyük
dühanın Azərbaycan dövləti və xalqı
qarşısındakı xidmətlərinə nəzər
yetirməklə həm də bu böyük şəxsiyyətin
xatirəsinə öz ehtiramımızı ifadə edirik.
Çünki ümummilli lider
Heydər Əliyev fəaliyyətinin hər bir məqamı
ilə xalqın, dövlətin, cəmiyyətin və onun
üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan
torpağının, Azərbaycan dövlətinin, Azərbaycan
xalqının mənafeyi və bütövlüyü
uğrunda fədakarlıqla çalışmış,
müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin
inkişafı, demokratiyanın genişləndirilməsi,
xalqın rifah halının daha da
yaxşılaşdırılması üçün
mümkün ola bilən hər bir işi görmuşdür.
Heydər Əliyevin ümummilli liderə çevrilməsini
təmin edən başlıca amillərdən biri onun istənilən
siyasi şəraitdə xalqın, dövlətin problemlərinə
biganə qalmamasıdır. Bu yerdə ulu öndərin
sovetlər dövründə Azərbaycana rəhbərliyini
xatıralamaya bilmərik. Heydər
Əliyev respublikaya rəhbərliyinin ilk dövrlərindən
atdığı addımlarla, keçirdiyi islahatlarla
xalqını, dövlətini sevən rəhbər
olduğunu sübuta yetirmişdir. Ulu öndər
respublikanın üzləşdiyi problemləri ilk gündən
düzgün müəyyənləşdirməklə,
onların həlli üçün lazımi iradə, qətiyyət
və prinsipiallıq göstərmiş, fitri istedadı,
yüksək təşkilatçılıq və idarəçilik
məharəti, ən əsası, milli ideallara
bağlılığı ilə Azərbaycanı cəmi bir
neçə ilə dinamik inkişaf yoluna
çıxarmağa müvəffəq olmuşdur. İdarəçilikdə mütərəqqi
yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi
yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin
etmişdir.
Ən
mühüm məsələlərdən biri də odur ki,
SSRİ dövlət təhlükəsizlik sistemində
sıravi işçidən rəhbər vəzifəyə
kimi yüksəlmiş ilk azərbaycanlı olan Heydər
Əliyev sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycana
rəhbərlik etməyə başladığı 1969-cu ildən
respublikamızda böyük iqtisadi, elmi yüksəlişlə
yanaşı, ədəbi-mədəni inkişafa və
müstəqil düşüncəyə yol
açmışdır. Sovet rejiminin ideoloji məsələlərə
xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın
milli maraqları, mədəni-mənəvi dəyərlərinin
qorunması üçün mümkün olan bütün
işləri görmüşdür. Heç
nədən çəkinməyərək əzmkar fəaliyyəti
ilə xalqının tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti,
adət-ənənəsi və düşüncə sistemi
barədə dolğun təsəvvürlər
formalaşdırmışdır. Ulu
öndərin repressiya qurbanlarına bəraət verilməsi
istiqamətində gördüyü işlər
xalqımızın milli məfkurəsinin güclənməsinə
xidmət etmişdir. Bu mənada Heydər
Əliyevin Azərbaycana birinci rəhbərlik etdiyi dövrdə
ən diqqətçəkən məqamlardan biri milli
özünüdərkin inkişafı, xalqın tarixi
yaddaşının özünə qaytarılmasıdır.
Ulu öndərin vətənpərvər fəaliyyətinin
nəticəsində ictimai şüurdakı istiqlal
duyğuları aşkara çıxaraq yeni məzmun kəsb
etmiş, respublikada milli ruhlu ziyalı təbəqəsi
formalaşmışdır. Məhz həmin
dövrdə Azərbaycan tarixçiləri şanlı
keçmişimizin mümkün qədər obyektiv tədqiqi
və qələmə alınması istiqamətində ilk
addımlarını atmağa başladılar. O cümlədən
milli rəmzlərə və atributlara həssas olan Heydər
Əliyev Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilərkən
Azərbaycan dilinin bu ali sənəddə
rəsmi dil kimi göstərilməsinə nail olmuşdur. Bugünün zirvəsindən baxdıqda, həmin
illərdə Heydər Əliyevin xalqının
hüquqlarını qoruyan, haqqı nahaqqa verməyən,
milliləşdirmə siyasəti aparmaqla həm də
ziyalı elitasını sərt təqiblərdən qoruyan
fenomenal lider keyfiyyətləri daha qabarıq sezilir. Görünən odur ki, Azərbaycan xalqı dahi
liderin rəhbərliyi sayəsində yüksək iradə
göstərməklə milli yaddaşını, mənəvi,
əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini
qorumaq əzmini toplaya bilmişdir.
Xalqımızın
dahi oğlunun sovet dövründə Azərbaycan
üçün gördüyü bütün işlər
böyük gələcəyə hesablanmışdı və
bu potensial müstəqillik bərpa ediləndən sonra ölkəmizin
başlıca dayaqlarını təşkil etdi. Belə ki, ötən əsrin 70-ci illərindən
başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə
respublikada həyata keçirilən genişmiqyaslı
islahatlar iqtisadi potensialın formalaşdırılmasına,
sosial-mədəni həyatın canlandırılmasına və
milli-mənəvi dəyərlərin dirçəldilməsinə
yönəldilərək gələcək müstəqilliyin
təmin olunması üçün zəmin və
bünövrə hazırlamışdır. Elə bir tarixi bünövrə
yaradılmışdı ki, onun möhkəm dayaqları
üzərində gələcəkdə müstəqil Azərbaycanın
qurulması, yeni tarixinin əsasının qoyulması
labüd idi. Tarixi gedişatın nəticəsi
olaraq XX əsrin 90-cı illərində müstəqil Azərbaycanı
yaratmaq missiyasını da ulu öndər Heydər Əliyev
layiqincə yerinə yetirdi. Xalqımız
dövlət müstəqilliyini bərpa etdikdən sonra
yaşamağa məhkum olduğu böhran və tənəzzül
günlərində məhz Heydər Əliyev
dühasının sayəsində xilas oldu, azadlığa
qovuşdu.
Müstəqilliyimizin bərpasından sonrakı ilk
dövrü - 1991-1993-cü illər tariximizə xaos, anarxiya,
böhranın dərinləşdiyi, dövlətin
parçalanma, millətin məhvolma ərəfəsində
olduğu məşəqqətli dövr kimi həkk edilib. SSRİ-nin
dağılması ilə elan edilən müstəqillik Azərbaycan
xalqına azad ölkənin vətəndaşı olaraq
qürur duymaq hissindən əvvəl Dağlıq Qarabağ
problemi kimi milli faciə və bu problemdən heç də
geri qalmayan siyasi təlatümlər, hakimiyyət
ambisiyaları nəticəsində meydana çıxan
qovğalar, itkilər gətirmişdi. Kağız
üzərində olan müstəqilliyi dövlətin
mövcudluğu timsalında təsbit etmək, onu möhkəmləndirmək
lazım idi, lakin o vaxt iqtidarda olanlar yalnız öz mövqelərini
möhkəmləndirməklə məşğul idilər.
Xalqın iqtisadi, sosial qayğılarını, ərazi itkisi
nəticəsində əmələ gələn problemləri
həll etmək əvəzinə hələ kövrək
olan dövləti yeni problemlər məngənəsinə
salır, ordu qurmaq əvəzinə qanunsuz silahlı quldur dəstələri
təşkil edir, ictimai sabitlik yaratmaqdansa, bu sabitliyi təmin
edəcək dövlət strukturlarını, daxili işlər
orqanlarını kriminal elementlərə çevirir, iqtisadi
islahatlar aparmaq əvəzinə sovet dövründən
qalmış müəssisələri talan edirdilər. Nəticədə xalqın güzəranı
böhranın ən son həddinə qədəm qoymuş,
dövlət etnik separatçılığın
tüğyan etməsi nəticəsində Dağlıq
Qarabağ bölgəsindən əlavə, faktiki olaraq
şimal və cənub ərazilərinə nəzarəti də
itirmişdi.
O illərdə
xalqımızın təhlükələr məngənəsində
yaşamağa məhkum olması, son həddə
çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül,
erməni təcavüzünün coğrafiyasının
genişlənməsi və bütün bunların
qaçılmaz nəticəsi kimi əhalini bürüyən
bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin
güclü liderə ehtiyacının olduğunu göstərirdi.
Bunun nəticəsi kimi Azərbaycan xalqı
1993-cü ilin oktyabrında ulu öndər Heydər Əliyevə
etimad göstərərək onu özünün layiqli rəhbəri
seçdi. Beləliklə, 1991-1993-cü illərdə ən
ağır günlərini yaşamış Azərbaycan
xalqı məhz ulu öndər Heydər Əliyevin adı ilə
bağlı olan düzgün siyasi seçim əsasında
xaosdan tərəqqiyə keçid mərhələsinin
bünövrəsini qoydu.
Heydər Əliyev Azərbaycan xalqının öz
taleyini ona etibar etməkdə yanılmadığını
hakimiyyətə dönüşünün ilk günlərindən
sübuta yetirdi. İlk növbədə qısa zaman kəsiyində
ölkəni bir neçə il ərzində
taqətdən salan hərc-mərcliyə qətiyyətlə
son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərəfli
böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın
dərinliklərinə irəliləməsinin
qarşısı alındı. 1994-cü ilin
oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev
özünün qətiyyəti və xarizması ilə Azərbaycan
dövlətçiliyini ağır faciələrdən xilas
etdi. Dövlət çevrilişinə
silahlı cəhdlərin göstərilməsi müstəqil
dövlətçiliyimiz üçün sınaqlar oldu və
Heydər Əliyevin qətiyyəti, xalqın öz qüdrətli
liderini qızğın şəkildə dəstəkləməsi
nəticəsində təhlükəli cəhdlərin
qarşısı alındı, ölkədə hakimiyyəti
zor və silah gücünə ələ keçirmək ənənəsinə
birdəfəlik son qoyuldu.
Xalqın istəyi ilə hakimiyyət sükanı
arxasına keçən Heydər Əliyev hələ sovet
illərində başladığı işləri bu dəfə
yeni siyasi situasiyada ardıcıl olaraq davam etdirdi. Ümummilli
liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan
cəmiyyətində dövlətçilik ideyalarının
bərqərar olması fundamental əhəmiyyət kəsb
etməyə başladı. Heydər
Əliyev ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə
yanaşı, demokratik, qüdrətli dövlət modeli
konsepsiyasını həyata keçirməyə
başladı. Bu müddətdə siyasi
sabitliyin tam təmin olunması dövlətin gələcək
iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirməyə
imkan yaratdı. Azərbaycanın yeni neft
strategiyasının hazırlanaraq həyata keçirilməsi
də ümummilli lider Heydər Əliyevin Azərbaycan
dövlətçiliyi qarşısındakı ən
böyük xidmətlərindən biridir. Milli mənafeləri siyasi fəaliyyətində hər
zaman uca tutan ulu öndər Qərb şirkətləri ilə
birgə Xəzərin Azərbaycan sektorundakı zəngin neft
ehtiyatlarının işlənilməsini müstəqil
respublikamızın milli təhlükəsizlik
maraqlarının təminatı baxımından da son dərəcə
vacib sayırdı. “Əsrin müqaviləsi”ni imzalaması Xəzər dənizində beynəlxalq
əməkdaşlığın bünövrəsini qoymaqla
yanaşı, Azərbaycanın müstəqil dövlət
olaraq təbii sərvətlərinə sahib çıxmaq,
milli mənafelərini, iqtisadi və strateji maraqlarını
sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi.
Bu müqavilə respublikamızın dövlət
müstəqilliyinin mühüm təminatına çevrilməklə
həm də Azərbaycanın iqtisadi yüksəlişinə
yol açdı. “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı
misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi
inkişaf fonunda daha qabarıq görünür.
Hüquqi dövlət quruculuğu sahəsində həyata
keçirilən kardinal islahatlar ulu öndər Heydər
Əliyevin dövlətçiliyimiz qarşısındakı
ən böyük xidmətlərindəndir. Hüquqi
dövlət - hüququn üstünlüyü, qanunun aliliyi,
hamının qanun və müstəqil məhkəmələr
qarşısında bərabərliyi təmin edilən
demokratik dövlətdir. Belə dövlətdə
insan hüquq və azadlıqları tanınır və təmin
edilir, dövlət hakimiyyətinin təşkilinin əsasını
qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin
bölgüsü prinsipi təşkil edir.
Ulu öndər Heydər Əliyevin
başlatdığı hüquqi dövlət quruculuğunda
güclü dövlət anlayışı xüsusi yer
tuturdu. Bu dövlət təkmil mərkəzi və yerli
idarəetmə mexanizmi, ictimai-siyasi həyatı sabit, işlək
qanunları, ədalətli cəmiyyəti olan, insanları dəyərləndirilən
və qabiliyyətinə görə proseslərə cəlb
edilən milli birliyə malik bir sistem tələb edirdi. Odur ki, ulu öndərin ölkəmizə rəhbərliyinin
ilk illəri yeni dövlət idarəçilik sisteminin
yaradılması və dövlət nizam-intizamının
möhkəmləndirilməsinə, milli birliyə və vətəndaş
həmrəyliyinə nail olunmasına sərf edildi. Qısa zamanda güclü hüquqi və dünyəvi
dövlət quruculuğu istiqamətində milli dövlətçilik
ənənələrinə, beynəlxalq standartlara əsaslanan
hüquqi islahatlar həyata keçirildi. Hüquqi
dövlət yaratmaq arzusu ilə yaşayan xalqımız Heydər
Əliyevin rəhbərliyi ilə hazırlanmış
Konstitusiya layihəsini 12 noyabr 1995-ci il
tarixdə ümumxalq səsverməsində qəbul etdi. Konstitusiyada xalqın dövlət hakimiyyətinin
yeganə mənbəyi olması, dövlətin demokratik,
hüquqi və dünyəvi olması, idarəçiliyin
hakimiyyət bölgüsü əsasında təşkil
olunması kimi təməl prinsiplər təsbit edildi. Qısa zamanda Konstitusiyada təsbit olunmuş hakimiyyət
bölgüsü prinsipinə uyğun dövlət idarəetmə
sisteminin formalaşması, icra, qanunvericilik və məhkəmə
orqanlarının səmərəli fəaliyyətinin təmin
edilməsi hüquqi dövlət quruculuğunun mühüm
uğurları idi. Heydər Əliyevin rəhbərliyi
ilə ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq
standartlara uyğun şəkildə yenidən quruldu. Bu sahədə aparılan islahatlar hüquqi dövlət
quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə
insan hüquqlarının təmin edilməsi və
qorunması üçün böyük əhəmiyyət kəsb
etdi. Bütövlükdə həm
Konstitusiya, həm də digər mütərəqqi qanunlar, həyata
keçirilən təşkilati və praktiki tədbirlər
ölkəmizdə hüquqi dövlətin möhkəm əsasını
yaratdı. Hər sahədə
qanunçuluğun aliliyinin təmin edilməsi nəticəsində
dövlət öz nailiyyətlərini ardıcıl olaraq
artırdı.
Bu məsələ
ilə bağlı
Heydər Əliyev Azərbaycanı azad, ədalətli,
demokratik, siyasi plüralizmin hökm sürdüyü, vətəndaş
cəmiyyətinə malik bir ölkə kimi görmək istəyirdi
və daim buna çalışırdı. 1995-ci
ildə çoxpartiyalı sistem əsasında ilk parlament
seçkiləri keçirilməsi, Avropanın demokratik
institutları ilə Azərbaycanın əlaqələrinin
gücləndirilməsi və Qərbə inteqrasiya xəttinin
götürülməsi bu böyük liderin öz ölkəsinin
gələcəyi ilə bağlı mövqeyinin göstəricisi
idi.
Təbii ki, yeni dövlət quruculuğunda ən
mühüm məsələlərdən biri bütün Azərbaycan
vətəndaşlarının vahid dövlətçilik ətrafında
birləşdirilməsi idi. Ulu öndər dilindən, dinindən,
etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin
bir məfkurə ətrafında birləşdirilməsi
üçün ciddi iş apardı. Ona görə
dövlət quruculuğu ilə yanaşı, bütün Azərbaycan
vətəndaşlarını vahid amal, ideya və məqsəd
ətrafında birləşdirəcək milli ideologiyanın
yaradılması da dövlət siyasətinin aparıcı xətti
idi. Bu məsələdə Heydər
Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyası milli həyatın, konfessiyaların
harmoniyası, ölkədə yaşayan bütün millətlərin
və etnik qrupların qardaşlığı,
qarşılıqlı əlaqəsi, onların ümumi
taleyi və müstəqil Azərbaycanın
bütövlüyü uğrunda birgə mübarizəsidir.
Bu mənada ideologiya kimi azərbaycançılıq
müstəqil Azərbaycanın fəlsəfi-sosioloji
doktrinasının sosiomədəni və etno-siyasi cəhətlərini
özündə birləşdirir. Ulu öndər Heydər
Əliyev azərbaycançılıq ideologiyasının
başlıca prinsiplərinin - dövlətçilik, ana dili,
milli mədəniyyət, milli-mənəvi dəyərlərin
və s. inkişafı və cəmiyyət tərəfindən
mənimsənilməsi sahəsində ardıcıl və məqsədyönlü
addımlar atdı. Bu da Azərbaycanda vətəndaş
həmrəyliyinin təmin edilməsində başlıca rol
oynadı. Nəticə etibarilə bu
ideologiya unitar, hüquqi və demokratik dövlət kimi Azərbaycanın
möhkəmləndirilməsinə və inkişafına
yönəldildi.
Heydər
Əliyevin müstəqil ölkəmizə rəhbərlik
etdiyi 10 il Azərbaycanın ən yeni
tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi
yazıldı. Bu dövr ərzində Heydər
Əliyev ölkəmizi təhlükə və çətinliklərdən
qurtararaq ardıcıl inkişaf yoluna çıxardı.
Bu illər ərzində sosial-iqtisadi inkişafa
geniş meydan açıldı, ölkəyə xarici sərmayələr
cəlb edildi, böhran həddində olan
iqtisadiyyatımızda, sənayedə uğurlu islahatlar nəticəsində
tərəqqiyə doğru inamlı dönüş
yarandı. Sosial islahatlar həyata
keçirildi, səfalət həddində yaşayan vətəndaşlarımızın
sosial güzəranı əsaslı şəkildə dəyişdi,
onların həyat tərzi yüksəldi, əhalinin
maaşlarının, təqaüdlərinin, müavinətlərinin
mərhələli artımı davamlı hal aldı. O
cümlədən postsovet məkanında ilk dəfə olaraq
Azərbaycanda effektli aqrar islahatlar aparıldı, torpaqlar təmənnasız
olaraq kəndliyə verildi. Kənd təsərrüfatı
tənəzzüldən qurtularaq inkişaf mərhələsinə
qədəm qoydu. Şəffaf özəlləşdirmə
prosesi nəticəsində ölkədə xüsusi
mülkiyyətə keçidin sağlam təməli qoyuldu və
özəl sektorun inkişafına hər cür şərait
yaradıldı. Nizami ordu quruldu, Azərbaycan
Silahlı Qüvvələrinin maddi-texniki bazası gücləndirildi.
Dövlətimiz dünya birliyində layiqli
yerini tutdu. Müstəqil ölkəmizin
beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi,
Azərbaycan həqiqətlərinin dünyada
tanıdılması məhz Heydər Əliyevin xidmətləri
sayəsində mümkün olmuşdur. Yalnız
yenidən siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycan
özünün geosiyasi imkanlarını gerçəkləşdirə
bilmiş, ölkənin beynəlxalq aləmdən təcrid
olunmaq təhlükəsi aradan qalxmışdır. O
cümlədən ümummilli liderin gərgin diplomatik səyləri
və şəxsi nüfuzu sayəsində müstəqil
respublikamız bir sıra nüfuzlu beynəlxalq təşkilatlara,
o cümlədən Avropa Şurasına üzv qəbul
edilmiş və beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirmişdir.
Beləliklə, Azərbaycanı hərtərəfli inkişaf
yoluna çıxaran ulu öndər əməlləri ilə,
xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq
qazandı. Zəmanəmizin ən görkəmli siyasi xadimi
siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı
ilə Azərbaycanın yeni tarixində dövlətçiliyimizin
möhkəmlənməsinə, müstəqilliyimizin əbədi
olmasına verdiyi töhfələrə görə
xalqımızın ümummilli liderinə çevrildi.
Ulu
öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli
inkişafını təmin edən təkmil irs,
dövlətçilik xətti, siyasi məktəb yaratdı. Bu irsin ən görkəmli nümayəndəsi,
Heydər Əliyev siyasi məktəbinin layiqli təmsilçisi
olan Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan
milli intibahının şərəfli mərhələsini
yaşayır. Bu gün İlham
Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik
inkişafı, sürətli tərəqqisi, həyata keçirilən
əzəmətli layihələr, Azərbaycanın hərtərəfli
yeniləşməsi, modernləşməsi, vətənimizi
dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət
dəyişikliklər ulu öndərin qoyduğu yolun
davamından başqa cür qiymətləndirilə bilməz.
Dinamik sosial-iqtisadi inkişaf, ölkəmizin
dünya birliyində öz yerini daha da möhkəmləndirməsi
məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam
etdirilməsinin, ideyalarının yaşamasının, siyasi
kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu yüksəliş Heydər Əliyevin həm də
uzaqgörən bir strateq olaraq müəyyən etdiyi
inkişaf konsepsiyasının alternativsizliyini tam
dolğunluğu ilə təsdiq edir.
Son 12 ildə
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs sayəsində
Azərbaycanın yeni dövrün tələblərinə
cavab verən sürətli və kompleks inkişafı təmin
olunub, o cümlədən xalqımızın malik olduğu
müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik kimi
parametrlər daha da güclənib. Regionda və dünyada
baş verən tarixi prosesləri düzgün qiymətləndirən,
geosiyasi dəyişikliklərin gedişini xalqın
maraqları çərçivəsinə yönəltməyə
qadir olan, bu məqsədlə praqmatik, rasional gedişlər
etməyi bacaran, hadisələrin inkişaf axarını
qabaqlayan Prezident İlham Əliyev ölkəmizin
inkişafına və təhlükəsizliyinə nail olmaqla
yanaşı, dünya birliyində onun mövqelərini
davamlı şəkildə gücləndirib.
Dövlət
başçısının düşünülmüş,
məqsədyön
lü fəaliyyəti
ölkəmizdə milli birliyin, sabitliyin daha da möhkəmlənməsinə,
Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun
daha da artmasına gətirib çıxarıb. Xarizma,
yüksək nüfuz, təşkilatçılıq
bacarığı, müdriklik, yüksək intellektuallıq,
milli-mənəvi dəyərlərin daim uca tutulması,
novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik,
prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər
Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini
xarakterizə edən başlıca xüsusiyyətlərdəndir.
Fəaliyyəti ilə xalqdan daim dəstək alan, ənənə
ilə novatorluğun, keçmişlə gələcəyin
üzvü vəhdətinə nail olan, müasir qloballaşma
dövründə istənilən məsələ üzrə
Azərbaycanın milli maraqlarının sadiq təminatçısı
kimi çıxış edən Prezident İlham Əliyev ulu
öndərin layiqli davamçısı olaraq beynəlxalq
miqyasda da ölkəmizin yeganə və alternativsiz lideri kimi qəbul
edilir.
Ulu öndərin başladığı enerji siyasəti də bu dövrdə uğurla davam etdirilib. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə Prezident İlham Əliyev Azərbaycanın bölgədəki lider mövqeyini daha da möhkəmləndirdi. Bu gün ölkəmizin təşəbbüsü ilə həyata vəsiqə alan “Cənub” qaz dəhlizi Avropa məkanında reallaşmaqda olan ən böyük infrastruktur layihəsidir. Bu layihə Azərbaycan qazının İtaliyaya qədər ötürülməsini təmin edəcək. Hazırda bu layihənin əsas hissələri olan Cənubi Qafqaz boru kəməri genişləndirilir, Transanadolu (TANAP) və Transadriatik (TAP) kəmərlərinin tikintisi davam edir. Resursları 1 trilyon kubmetrdən çox “Şahdəniz” yatağı isə “Cənub” dəhlizini qazla təmin edəcək. “Cənub” dəhlizinin işə düşməsindən sonra Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Bu dəhliz Azərbaycan qazını Avropanın mərkəzinə çatdıracaq. Ən əhəmiyyətlisi isə odur ki, bundan ilk növbədə Azərbaycan dövləti və xalqımız qazanacaq.
Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi də regionun lider dövləti olan Azərbaycanın xarici maddi və mənəvi dəstək olmadan belə iri maliyyə tutumlu layihələrin reallaşdırılmasına qadir olduğunu göstərdi. Azərbaycanın kosmik klubun üzvü olması ölkəmizin iqtisadi potensialını bir daha bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin əzmkarlıqla həyata keçirdiyi siyasət respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaratdığı kimi hər bir vətəndaşın həyatında da irəliləyişlərə səbəb olub. Uğurlu siyasət həm də Azərbaycanın beynəlxalq imicini gücləndirib, ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini, beynəlxalq tədbirlər məkanına çevrilməsini təmin edib.
Prezident İlham Əliyevin respublikamıza uğurlu rəhbərliyinin nəticəsi olaraq son 12 ildə Azərbaycanda sivil, demokratik, hüquqi dövlət quruluşu daha da möhkəmlənmişdir. Ölkədə qanunvericilik sahəsindəki islahatlar geniş vüsət almış, məhkəmə-hüquq islahatları sayəsində bu sahədə mövcud olan normativ aktlar Avropa standartlarına uyğunlaşdırılmış, bazar iqtisadiyyatının hüquqi bazası daha da möhkəmləndirilmişdir.
Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və Prezident İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir azərbaycanlının müqəddəs borcudur. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət hər birimiz üçün nümunədir. Prezident İlham Əliyevin sürətlə inkişaf etdirdiyi Azərbaycanın yüksəlişində Heydər Əliyevin adını daşıyan və Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun xidmətləri əvəzolunmazdır. Bu günlərdə yaradılmasının 11 ili tamam olacaq fond bu müddətdə ulu öndərin ideyalarını rəhbər tutaraq ardıcıl və məqsədyönlü fəaliyyətini uğurla həyata keçirib. Nəcib əməlləri ilə xeyirxahlıq ünvanına çevrilən, hər bir azərbaycanlının qürur yeri, fəxri və vüqarı olan Heydər Əliyev Fondu qarşıya qoyduğu məqsədlərin həyata vəsiqə tapması üçün yeni zirvələr fəth edir, doğma Azərbaycanımızın adını daim ucaldır.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış dövlətimiz müstəqillik yollarında bugünkü sivil dünyanın qanunlarına uyğun inkişaf edir və getdikcə möhkəmlənir. Qarşıdan I Avropa Oyunları gəlir. Tarixdə ilk dəfə keçiriləcək bu möhtəşəm idman hadisəsinə ev sahibliyi etmək Heydər Əliyevin əsəri olan müasir Azərbaycanın qazandığı ən mühüm uğurlardan biridir. Bu Oyunların Azərbaycanda keçirilməsi ilk növbədə ölkəmizin qüdrətinin, artan gücünün və beynəlxalq nüfuzunun göstəricisidir. Qüdrətli, güclü, nüfuzlu Azərbaycan isə Heydər Əliyev ideyalarının başlıca qayələridir. I Avropa Oyunlarının timsalında hər bir uğurumuz təsdiq edir ki, Prezident İlham Əliyevin apardığı siyasət Heydər Əliyev ideyalarının həyata keçməsini layiqincə təmin edir.
Alış
QASIMOV,
Bakı Dövlət
Universitetinin Əmək və ekologiya hüququ
kafedrasının müdiri, hüquq
üzrə elmlər doktoru, professor
Azərbaycan.-2015.- 7 may.- S. 9.