Neft Daşlarında o görüşlər unudulmur

 

Xəzərin qoynunda, polad dirəklər üstündə salınmış Neft Daşlarına “mədən- şəhər” də deyirlər. Özünün daimi Neft Daşları adını almazdan əvvəl bu bənzərsiz məkan “Qara daşlar”, “Yeddi gəmi adası” kimi tanınıb. Sonralar Neft Daşlarını obrazlı şəkildə “Möcüzələr adası”, “Dünyanın yeddinci möcüzəsi”, “Əfsanəvi şəhər” də adlandırıblar. Bir sözlə, ona çox təriflər deyilib. Amma onların heç biri doğru-dürüstlüyünə, məna dərinliyinə və nəhayət, obrazlığına görə ümummilli lider Heydər Əliyevin Neft Daşları haqqında dediyi sözlərə çata bilməz.

Ulu öndər “Neft Daşları XX əsrdən XXI əsrə atılmış körpüdür” deyib. Bu cümlənin çox böyük məna yükü var. Ümummilli lider Heydər Əliyevin başqa bir vaxt dediyi “Neft Daşları olmasaydı, nə “Azəri” olardı, nə “Çıraq”, nə də “Bakı-Tbilisi-Ceyhan” sözləri sanki bu fikri tamamlayır. 

Neft Daşları elə bir məkandır ki, onun haqqında sözlə təsəvvür yaratmaq çətindir. Bu möcüzələr şəhəri haqqında neçə filmə baxsan, nə qədər oxusan da, hansı mənzərələrə malik olduğunu və necə əhəmiyyət daşıdığını yalnız onu görəndən sonra bilirsən. Ümummilli lider Heydər Əliyev burada dəfələrlə olmuş, estakada və meydançaları gəzmiş, dənizin qoynunda hünər göstərən neftçilərlə görüşmüş, bir sözlə, Neft Daşlarını sevmişdi. Buraya səfər edəndən sonra Neft Daşları haqqında həqiqəti özünün dahiyanə fikri ilə ifadə etmişdi: “Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz”.

Əslində, ulu öndər Neft Daşlarını hələ Azərbaycana rəhbərlik etdiyi vaxtlardan əvvəl görmüş və dəyərləndirmişdi. Belə ki, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlərdə dəfələrlə dəniz şəhərində olmuşdu. Məsələn, 1967-ci ildə DTK-nın 50 illiyi münasibətilə keçirilən tədbirlər çərçivəsində Neft Daşlarına gəlmiş və burada müdafiə, təhlükəsizlik məsələləri ilə bağlı mühazirələr oxumuş, eləcə də neftçilərlə fərdi söhbətlər aparmışdı. Ulu öndər həmçinin Neft Daşlarının rəhbərliyi ilə görüşmüş, klubda, kitabxanada, neftçilərin yaşadıqları yataqxanalara baş çəkmiş, onların şəraiti, məişəti, istirahət və asudə vaxtlarının necə təşkil olunması ilə maraqlanmışdı.

Qocaman neftçilər də deyirlər ki, Heydər Əliyev Neft Daşlarını çox sevirdi. Ulu öndər gecədən xeyli keçənədək polad dirəklər üstündə salınmış qeyri-adi şəhəri və mədənləri gəzmiş, neftçilərin qonağı olub onlarla maraqlı söhbətlər etmişdi.

 Hər söhbətdən, hər görüşdən ümummilli liderin neftçilərə hörmətlə yanaşdığı, onların fədakar əməyini yüksək dəyərləndirdiyi hiss edilir, görünürdü. Odur ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbər seçiləndə Neft Daşlarının əməkçiləri də çox sevindilər.

Xatırladaq ki, 1969-cu ildə neft sənayesinin inkişafını sürətləndirmək tədbirləri ilə bağlı Azərbaycan KP MK-nın qəbul etdiyi qərar “qara qızıl” hasilatının enmə tempinin qarşısını almaq üçün geniş proqram müəyyənləşdirdi. Bununla  Neft Daşlarının qarşısında da yeni üfüqlər açıldı.

Neft Daşları həmişə ulu öndərin diqqət mərkəzində idi. Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdə ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqların birində vurğulamışdı ki, dəniz neftçiləri ən təmiz və saf qüvvədir. Hətta suyun çirkab götürmədiyi barədə olan atalar sözünü də xatırlatmışdı. Bu o demək idi ki, dəniz öz qoynunda yalnız təmiz insanlara yer verir. Bu sözlərlə ulu öndər dəniz neftçilərinə yüksək qiymət verir, onlara xüsusi rəğbət və qayğısını ifadə edirdi.

Ulu öndərin “Möcüzələr adası”nın əməkçiləri ilə görüşlərinin biri 1972-ci ildə oldu. O zaman bütün SSRİ-də Ukraynanın Rusiyaya birləşdirilməsinin 150 illiyi geniş qeyd edilirdi. Azərbaycanda bu münasibətlə nəzərdə tutulan tədbir Neft Daşlarında keçirildi. Heydər Əliyevin başçılıq etdiyi böyük bir nümayəndə heyəti dəniz şəhərinə gəldi. Ukraynadan gəlmiş qrup, o cümlədən Kiyev Şəhər Partiya Komitəsinin birinci katibi də burada idi. Ukraynalı qonaqlar Neft Daşlarında müxtəlif millətlərin övladlarının necə mehriban yaşayıb-işlədiklərinə sözün əsl mənasında heyran qalmışdılar.

Bu səfərin bir özəlliyi də vardı. Ulu öndər əfsanəvi şəhərə ömür-gün yoldaşı Zərifə xanımı da gətirmişdi. Neftçilər böyük alim, gözəl həkim, səmimi insan olan Zərifə xanım Əliyevanın söhbətlərindən çox məmnun qalmışdılar. Zərifə xanım neftçi qadınlarla görüşmüş, onlara həssaslıqla yanaşmış, qayğıları ilə maraqlanmış, problemlərini xəbər almışdı.

1975-ci ildə Azərbaycan KP MK Neft Daşlarının 25 illik yubileyinin qeyd edilməsi barədə qərar qəbul etdi. Neft Daşlarında düzənlənən tədbir isə yubileyin zirvəsinə çevrildi. Heydər Əliyev buraya gəmi ilə gəlmişdi. Gəminin yan aldığı meydançada neftçilər ulu öndəri və onunla birlikdə gələn nümayəndələri böyük sevinclə qarşıladılar. Heydər Əliyevlə birlikdə buraya SSRİ neft sənayesi naziri V.A.Şaşin, Azərbaycanın dövlət nümayəndələri, incəsənət ustaları da gəlmişdilər.

Ulu öndər burada rəsmi iclaslar keçirməyə tələsməmiş, onu əhatə edən neftçilərlə səmimi görüşmüş, söhbət etmiş, uğurları ilə, qayğı və problemləri ilə maraqlanmışdı. O zaman idarənin rəisi tanınmış neftçi-alim Bəhmən Hacıyev idi. Qaydalara uyğun olaraq idarənin rəhbəri, partiya komitəsinin katibi və həmkarlar təşkilatının sədri hörmətli qonaqları salamladılar. Neftçilərin işi, ekstremal vəziyyətdə qazandıqları uğurlar barədə məlumat verdilər. Bundan sonra şəhərin mərkəzi hissəsində mitinq və açıq meydançada böyük konsert oldu.

Mitinqdə ulu öndər neftçilər qarşısında hər dəfə olduğu kimi, yenə də məzmunlu, möhtəşəm nitq söylədi. Dəniz neftinin tarixindən, neftçilərin hünərindən danışdı. Qabaqcıllar orden və medallarla təltif olundular.

Ulu öndər böyük uzaqgörənliklə: “Respublikamızda dənizdə neftçıxarmanın pioneri sayılan Neft Daşları böyük inkişaf  perspektivlərinə malikdir və hələ uzun illər zəngin yanacaq mənbəyi olacaqdır” deyirdi. Ona görə də Neft Daşlarının inkişafına xüsusi diqqət yetirirdi.

Elə 1975-ci ilin iyun ayında Neft Daşlarında olarkən də yenicə bünövrəsi qoyulmuş beşmərtəbəli binaların inşasının sürətləndirilməsi barədə əlaqədar təşkilatlara göstəriş verdi. Qeyd etdi ki, bu yataqxanalar mümkün qədər tez tikilməli, neftçilər etibarlı binalarda yaşamalıdırlar. Tezliklə binalar istifadəyə verildi və neftçilər bundan çox məmnun qaldılar.

Həmin gün yubiley mərasimində SSRİ xalq artistləri Rəşid Behbudovun, Müslüm Maqomayevin və Zeynəb Xanlarovanın çıxışları neftçilərin bayram sevincini ikiqat artırdı. Məşhur “Uqryum çay” filminin yaradıcı qrupu ilə görüş də neftçilərə xoş təsir bağışladı. Bütün bunlar ulu öndər Heydər Əliyevin əfsanəvi dəniz şəhərinə, fədakar dəniz neftçilərinə diqqət və qayğısından qaynaqlanırdı.

Yubiley tədbirləri ertəsi gün indi Heydər Əliyevin adını daşıyan sarayda davam etdirildi. Ulu öndər buradakı çıxışında da dənizin qoynunda neft və qaz çıxaran insanların əməyinə yüksək qiymət verməklə yanaşı, sahənin inkişafı yollarından da bəhs etdi. Neft Daşlarına səfəri ilə bağlı təklif və qeydlərini bildirdi, konkret tapşırıqlar verdi. Bunlar neftin sahilə sualtı boru xətti ilə nəql olunması, Neft Daşlarında elektrik stansiyasının tikilməsi və digər önəmli məsələlər idi.

Bu göstəriş və tövsiyələrdən sonra neftçilərə göstərilən ictimai-iaşə, ticarət, sosial xidmətin səviyyəsi xeyli yüksəldi. Burada əvvəlkindən daha çox mədəni-kütləvi tədbirlər keçirilməyə başlandı. Bu gün Neft Daşlarının ahəngdar işini təmin edən sənaye və sosialtəyinatlı obyektlərin bir çoxu həmin illərin yadigarıdır.  

25 il “Möcüzələr adası”nda çalışmış neftçi-şair Zaməddin Ziyadoğlu maraqlı bir xatirə danışırdı. Dedi ki, ulu öndər Neft Daşlarına səfərlərinin birində burada böyük infrastruktur tikintisinə rəhbərlik edən tanınmış inşaatçı, Sosialist Əməyi Qəhrəmanı Xanoğlan Bayramovla söhbət edirdi. Görülən işlərin nəticəsindən razı qalan ulu öndərin nəzərləri birdən uzaqlara, dənizlə səmanın birləşdiyi nöqtəyə zilləndi. Sonra üzünü neftçilərə tutaraq bütün bunların çox yaxşı olduğunu vurğuladı və əlini irəliyə uzatdı: “İndi daha qabağa getmək, orada, irəlidə iş aparmaq lazımdır” - dedi.

Bu, Xəzərin həmin ərazisi idi ki, çox az vaxtdan sonra orada “Günəşli” yatağı işləməyə başladı...

Yaxın keçmişin salnaməsi göstərir ki, Xəzərin daha dərin qatlarında tədqiqatlar məhz ötən əsrin 70-ci illərinin ortalarına təsadüf edir. Həmin dövrdə sahə üçün yeni texnika və avadanlıqlar alındı, respublikada yaradılmış iri istehsal, emal, tikinti-quraşdırma sahələri Xəzər dənizində işləri genişləndirməyə imkan verdi. “Şelf” seriyasından olan üzən qazma qurğularının, böyük yükqaldırma gücünə malikAzərbaycan” kran gəmisinin istismara buraxılması, indi ulu öndərin adını şərəflə daşıyan Bakı Dərin Özüllər Zavodunun inşa edilməsi, “Günəşli” yatağında ilk quyuların qazılması, orada özüllərin quraşdırılması da bu vaxt baş verib. Bütün bu işlərin təşəbbüsçüsü, təşkilatçısı və rəhbəri ümummilli lider Heydər Əliyev idi.

Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da neft sənayesinin inkişafına yönəltdiyi ardıcıl tədbirlərdən Neft Daşlarına pay düşdü. Mədən-şəhərin 50 illiyinə hələ xeyli qalmış ümummilli lider Heydər Əliyev yubileyə hazırlıqla bağlı sərəncam imzaladı. 1999-cu ildə dəniz şəhərinin yarıməsrlik yubileyi təntənə ilə qeyd olundu. Ulu öndər Neft Daşlarının əməkçilərinə təbrik məktubu ünvanladı. 

Ümummilli lider Neft Daşlarına ona görə əsrdən-əsrə atılmış körpü deyib ki, Xəzərdəki daha böyük yataqların kəşfinə yol buradan açılıb. Azərbaycanın neft sənayesinin gələcək inkişafına inamı Neft Daşları yaradıb. Ulu öndər çıxışlarında “Əsrin müqaviləsi”nə gələn yolun öz başlanğıcını məhz Neft Daşlarından götürdüyünü dönə-dönə vurğulayıb. Məsələn, çıxışlarının birində deyib: “Biz yeni əsrə müstəqil Azərbaycanın yeni neft strategiyası ilə qədəm qoyuruq. Həmin strategiyanın maddi və elmi təməli isə məhz Neft Daşları ilə qoyulmuşdur”.

Dəniz neftçiləri Heydər Əliyevin onlara göstərdiyi qayğını unutmurlar. Doğrudur, əziz qonağın “Möcüzələr adası”na səfərlərinin şahidi olan insanların çoxu artıq dünyasını dəyişib, yaxud təqaüdə çıxıb. Amma onların söylədikləri xatirələr  neftçilər arasında nəsildən-nəslə keçir. Neft Daşlarının əməkçilərinin yaratdıqları Heydər Əliyev muzeyində bütün bunların bir çoxu öz əksini tapıb. Ulu öndərə neftçi sevgisi və ehtiramı “Neft Daşları” NQÇİ-nin inzibati binasının qarşısındakı parkda ucaldılmış möhtəşəm abidə ilə də ifadə olunub.

Ulu öndərin Neft Daşlarına bu münasibəti Azərbaycan dövlətinin bugünkü iqtisadi siyasətində, Prezident İlham Əliyevin dəniz şəhərinin inkişafına və onun əməkçilərinə göstərdiyi qayğıda öz təcəssümünü tapır. Neft Daşlarının 55 və 60 illik yubileylərində dövlət başçısı polad özüllər üzərində qurulmuş şəhərin, fədakar neftçilərin qonağı olmuş, keçən il keçirilən 65 illik yubileyində isə “Möcüzələr adası”nın əməkçilərinin böyük bir dəstəsini dövlət mükafatları ilə təltif etmişdir.

66 ildir istismar olunan “Neft Daşları”nın ehtiyatları hələ boldur. Bu gün Neft Daşları yenə də “qara qızıl” və mavi yanacaq hasil edən, işləyən, qurub-yaradan, çiçəklənən bir şəhərdir. İldən-ilə cavanlaşsa da, dəniz neftinin “beşiyi başında” məhz onun dayanması tarixə silinməz xətlə yazılmış həqiqətdir. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev Neft Daşlarını Azərbaycan neftçilərinin əmək qəhrəmanlığına ucaldılmış möhtəşəm abidə adlandırıb.

 

Flora SADIQLI,

Azərbaycan.-2015.- 7 may.- S. 10.