Azərbaycan istənilən mötəbər
yarışı keçirməyə qadirdir
Dinamik inkişaf edərək regionun lider dövləti statusunu təmin edən Azərbaycan artıq müxtəlif mövzulu - siyasi, iqtisadi, mədəni, humanitar tədbirlərin keçirildiyi məkana çevrilib.
Bütün bunlar ölkəmizin artan gücündən və nüfuzundan xəbər verir. Artıq Azərbaycanın multikulturalizm, humanitar forum, eləcə də mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəz rolunu oynamasını bütün dünya qəbul edir.
Bunlarla yanaşı, Azərbaycan son illər həm də bir çox nüfuzlu idman yarışlarına da ev sahibliyi edib. Məlum olduğu kimi, beynəlxalq səviyyəli yarışların hər hansı ölkədə baş tutması üçün ciddi rəqabət aparılır, hər bir dövlət ev sahibi olmaq istəyir. Sevindirici haldır ki, Azərbaycanın beynəlxalq idman tədbirlərinin də keçirildiyi ünvana çevrilməsi reallıqda özünü göstərən həqiqətdir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib.
Artıq indiyədək onlarla ali, mötəbər idman tədbiri ölkəmizdə təşkil olunub. Ən əsası, Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq yarışlara deyil, eyni zamanda qitə və dünya çempionatlarına ev sahibliyi edən dövlətdir. Bunu son illər Bakıda bədii gimnastika, boks, bodibildinq, güləş, həndbol, şahmat və idmanın digər növləri üzrə onlarla beynəlxalq turnirlərin yarışlarının keçirilməsi də təsdiq edir. Bu tədbirlərin ən yüksək səviyyədə baş tutması üçün ölkəmizdə təşkilati baxımdan yüksək şərait, imkan var. Bunu dünya idman təşkilatları təsdiqləyir və bu səbəbdən də bu yarışlar reallaşır. Futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatı və Formula-3 yarışları Azərbaycanda ən müxtəlif idman tədbirlərinin keçirilməsi üçün böyük imkanlara malik olduğunu təsdiq edib. Ən mühüm uğurlarımızdan biri odur ki, 40-dan artıq Olimpiya idman kompleksinin tikilməsi ölkəmizdə beynəlxalq yarışları təkcə Bakıda deyil, regionlarda da təşkil etməyə imkan verir. Bu da Azərbaycanın idman sahəsindəki uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsidir.
Hər il müxtəlif
beynəlxalq yarışların Azərbaycanda keçirilməsi
ölkəmizin idman şöhrətini daha da ucaldıb. Bu mənada 2012-ci ilin
dekabrında Avropa Olimpiya
Komitəsinin I Avropa Oyunlarının
Bakıda keçirilməsi barədə qərarı təsadüfi
deyildi. Məlum olduğu kimi, 2012-ci il
Azərbaycanda “İdman
ili” elan olunmuşdu. Bu baxımdan
Avropa Olimpiya Komitəsinin tarixdə ilk
dəfə keçiriləcək
bu möhtəşəm
idman tədbiri ilə bağlı qərarı ölkəmizdə
“İdman ili”ndə həyata keçirilən
fəaliyyətin və
qazanılan uğurların
məntiqi nəticəsi
idi.
Prezident
İlham Əliyev
2013-cü il 17 yanvar tarixində “I Avropa Oyunlarının
2015-ci ildə Bakı
şəhərində keçirilməsi
üzrə Təşkilat
Komitəsinin yaradılması
haqqında” sərəncam
imzalayıb. Sərəncama
əsasən, Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin
üzvü, UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın sədrliyi
ilə 2015-ci ildə Bakı şəhərində
I Avropa Oyunlarının
keçirilməsi üzrə
Təşkilat Komitəsi
yaradıldı.
Məlum
olduğu kimi, Yay Olimpiya Oyunlarına
ev sahibliyi
edəcək dövlətin
hazırlıq üçün
ən azından 7-8 il vaxtı olur.
Azərbaycanın isə
Avropa Oyunlarına hazırlıq üçün
cəmi iki il yarım
vaxtı vardı. Bundan başqa, Yay Olimpiya Oyunlarının keçirilməsində artıq
böyük təcrübə
mövcuddur və Beynəlxalq Olimpiya Komitəsi demək olar ki, hər
bir sahə üzrə öz göstərişlərini verir.
Mövcud təlimatlarda hər
bir istiqamət üzrə müəyyən
edilmiş metodiki qaydalar var. I Avropa Oyunları üçün isə heç bir təlimat və təcrübə yox idi. Belə olan halda bütün
məsuliyyət, təşkilati
məsələlərin yoluna
qoyulması Azərbaycanın üzərinə
düşürdu. Cəmi
iki il
ərzində Bakıda
yeni idman infrastrukturunun yaradılması
və oyunların təşkili üzrə digər işlərin sürətlə və vaxtında həyata keçirilməsi göstərir
ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi üzərinə düşən
işləri layiqincə
yerinə yetirib. Hazırlıq işləri demək
olar ki, başa çatıb.
Bakı şəhərində yaradılan
və əsaslı şəkildə təmir
edilən bütün
idman obyektlərimiz ən yüksək standartlara cavab verir. Mühüm məsələlərdən biri
odur ki, Avropa Oyunlarının keçirilməsi ilə bağlı standartları
Azərbaycan müəyyən
edib. Ona görə növbəti
belə yarışlarda
Azərbaycanın nümunəsi
əsas götürüləcək.
Aprelin
26-da Azərbaycanın və
dünyanın idman tarixində əlamətdar
hadisə baş verdi. Həmin gün
Bakıda Birinci Avropa Oyunlarının məşəli alovlandırıldı
və bununla da möhtəşəm idman hadisəsi özünün yeni mərhələsinə qədəm
qoydu. Artıq I Avropa Oyunlarının
məşəlinin səyahəti
başlayıb. Estafetə
1000 nəfərdən çox
məşəlçi cəlb
olunub və hər regionda “Alov festivalı”nın
keçirilməsi nəzərdə
tutulub. Məşəl Bakıya gətirilənədək
təxminən 5500 kilometr
məsafə qət edəcək. Məşəlin
gövdəsi “Bakı-2015” brendində yer alan nar
ağacını xatırladır,
alovu qoruyan mis başlıq da nar formasındadır.
Onun 50 çəyirdəyi Oyunlarda
iştirak edən ölkələrin sayını
təmsil edir. Məşəlin alovlandırılması
mərasimində Prezident
İlham Əliyev deyib: “2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsi Birinci Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi haqqında
qərar qəbul etmişdir. Bu, tarixi
bir qərar idi. Çünki başqa qitə
oyunlarından fərqli
olaraq, Avropada Oyunlar heç vaxt keçirilməmişdir.
Bu, Azərbaycana Avropa Olimpiya ailəsi tərəfindən
göstərilmiş böyük
etimad idi. Bu qərara görə
Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.
Bu qərar bizi
çox sevindirdi, Azərbaycan xalqını
sevindirdi. Bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Vaxtımız məhdud idi. Ona görə biz dərhal işə başladıq,
Təşkilat Komitəsi
yaradıldı. Bu müddət ərzində
Təşkilat Komitəsi
çox fəal və böyük uğurla işlədi.
Bu gün artıq
Azərbaycan və Bakı şəhəri bu oyunların keçirilməsi üçün
tam hazırdır”.
Bu gün Azərbaycanın
dünyanın idman mərkəzinə çevrilməsi
ölkəmizdə həyata
keçirilən idman
siyasətinin bəhrəsidir. Bu siyasətin
gətirdiyi uğurları
biz peşəkar idmançılar
daha yaxından hiss edirik. Mənim idmanla ilk dəfə
məşğul olduğum
illər sovet dövrünə təsadüf
edir. O zaman Azərbaycan idmançılarının
beynəlxalq yarışlarda
iştirak etmək imkanları çox məhdud idi, idman infrastrukturu da indiki kimi
deyildi. Dövlət müstəqilliyimizin ilk illərində isə Azərbaycanda idman demək olar ki, tənəzzülə
uğramışdı. Yalnız ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyindən
və İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsindən
sonra Azərbaycan idmanı tamamilə yeni mərhələyə
qədəm qoydu.
Ötən 18 ildə
idman infrastrukturu tamamilə yenidən qurulub, Olimpiya hərəkatı inkişaf
edib, idmançılarımız
hər il
yüzlərlə qızıl
və gümüş
medal qazanıblar. Fəxr edirəm
ki, mən də bu dövrdə
pauerliftinq üzrə
dəfələrlə dünya
və Avropa çempionu olmaqla, dünya rekorduna imza atmaqla Azərbaycan
bayrağını zirvələrə
ucaltmışam.
İdmançı həyatımda ən yadda qalan hadisələr
nailiyyətlərimin xalqımızın
ulu öndəri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək
qiymətləndirilməsidir. 2002-ci ildə ümummilli lider Heydər Əliyev təhsil aldığım Azərbaycan
Dövlət İqtisad
Universitetinə gəlmişdi.
Həmin
vaxt mənə dahi şəxsiyyətlə
şəxsən görüşmək
müyəssər oldu.
Heydər Əliyev qazandığım nailiyyətlərlə
yaxından maraqlandı,
müdrik tövsiyələrini
verdi və
yeni qələbələr
arzuladı. Bu, mənim həyatımın
ən xoş və həyəcanlı anı idi. Bu görüşdən sonra
bir idmançı kimi üzərimdə daha böyük məsuliyyətin dayandığını
hiss etdim. Ulu öndərin layiqli
davamçısı, Prezident
İlham Əliyev tərəfindən 2009-cu ildə
mən “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunmuşam. 2011-ci ildə isə dövlət başçısı
idmandakı nailiyyətlərimə
görə mənə
mənzil hədiyyə
edib. Bütün bunlar həyatımın
qürurverici anlarıdır.
İdman sahəsində gerçəkləşdirilən
dövlət siyasəti,
Olimpiya ideyalarının
təbliği, idmanın
maddi-texniki bazasının
möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində
ölkəmiz mötəbər
beynəlxalq idman yarışlarının keçirildiyi
məkan kimi şöhrət qazanıb. Dünya
idmanının tarixində
ilk dəfə keçirilən
Avropa Oyunlarına ev sahibliyi
etmək missiyası isə Azərbaycan üçün daha böyük önəm daşıyır. Hazırkı mərhələdə qarşıda
duran ən vacib vəzifə yarışların yüksək
səviyyədə keçirilməsidir.
20 idman növü
üzrə 6000-dən çox
idmançı yarışacağı
Oyunların bütün
infrastrukturu hazırdır.
I Avropa Oyunları Azərbaycanın gələcəkdə
də mötəbər
və daha böyük idman yarışlarına ev sahibliyi etmək imkanlarını yüksəldəcək. Ən əsası,
Azərbaycanın Yay Olimpiya Oyunlarına təşkilatçılıq etmək şansları yüksələcək. Bu
mənada I Avropa Oyunlarının Azərbaycana
həvalə olunması
gələcəkdə Yay
Olimpiya Oyunlarının
da Bakıda təşkili üçün
gözəl zəmin yaradır. Azərbaycan bütün dünyaya
sübut edəcək
ki, istənilən mötəbər yarışı
keçirməyə qadirdir.
Vüqar NAMAZOV,
Azərbaycan Respublikası Prezidentinin
fəxri diplomçusu,
ağırlıqqaldırmanın
pauerliftinq növü
üzrə dünya və Avropa çempionu, dünya rekordçusu
Azərbaycan.-2015.-
7 may.- S. 11.