“Atəşgah”dan Sabirabada daşınan od

 

Məşəl Saatlı və Sabirabadda alovlandı

 

Sabirabadın Bayraq meydanında qələbəlikdir. Xoş ovqatlı, yüksək əhval-ruhiyyəli izdiham əziz və müqəddəs “qonağın”, ata-babalarımızın həmişə uca tutduğu, ehtiramla yanaşdığı odun, alovun pişvazına çıxıblar. Mayasını paytaxtımız Bakı şəhərində yüz illər boyu şölələnən “Atəşgah”dan alan məşəl məşhur sərkərdələr, qəhrəman oğullar diyarı Naxçıvanı, ölkəmizin cənub bölgəsini dolanıb bərəkətli Muğan düzünə təşrif buyurur.

Əlbəttə, söhbət ölkəmizin paytaxtında keçiriləcək Birinci Avropa Oyunlarından gedir. Artıq sözügedən möhtəşəm idman yarışının başlayacağı ana sayılı günlər qalır.

Məşəl Saatlı rayonundan gətirilir. Bu qonşu rayonla Sabirabadı qırılmaz tellər bağlayır. Bu ellərin xeyiri də, şəri də birdir. Budur, Saatlıda bir az öncə yaşanan bayram ovqatı, indi Sabirabadda duyulur. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursuna həmişə sədaqətli olan sabirabadlılar bu gün respublika Prezidenti İlham Əliyevin ətrafında sıx cərgələrlə birləşiblər. Bölgə sakinləri istehsal etdikləri bol kənd təsərrüfatı məhsulları ilə ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr verir, qazandıqları yüksək nailiyyətlərlə ölkə iqtisadiyyatının inkişafı prosesində fəal iştirak edirlər.

Bu əlamətdar gündə sabirabadlıların da sevinməyə, şadlanmağa yetərincə haqları vardır.

Budur, Saatlı istiqamətində yolda məşəli gətirən dəstə görünür. Meydanda alqış qopur. Sanki od təşnəsi, alov aşiqi imiş bu adamlar... Sabirabada qədəm qoyan məşəlin öz odunu kökü Zərdüştlüyə bağlanan qədim “Atəşgah” məbədindən alması heç şübhəsiz mərasim iştirakçılarında fərqli təsir oyadır.

Ara verməyən alqış sədaları altında sabirabadlı məşəlçi idman veteranı Mirəflan Ağayev estafeti qəbul edir. Sabirabadlı məşəlçilər 10 nəfərdən ibarətdirlər. Məşəl alov festivalının keçirələcəyi məkana aparılır. Marşrut ulu öndərin adını daşıyan prospekt seçilmişdir. Prospekt boyu düzülən məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri məşəlçiləri sürəkli şəkildə alqışlayır, gur səslə “Yaşasın Azərbaycan!”, “Sözü ilə əməli bir olan Prezident İlham Əliyevə eşq olsun” şüarlarını söyləyirlər.

Mirəflan Ağayev məşəli başı üzərinə qaldırıb asta qaçışla doğmalarının əhatə etdiyi yol boyu qürurla yüyürür. Xeyli məsafə qət etdikdən sonra estafeti boks üzrə Azərbaycan çempionu Seymur Adışova ötürür. Bu məqamda Mirəflan Ağayevlə həmsöhbət olmaq üçün yaranan ani fürsəti qaçırmaq istəmirik. Bir məşəlçi olaraq keçirdiyi hissləri bizimlə bölüşmək istəyimizi cavabsız qoymur:

- Məşəli başım üzərinə qaldırıb yüyürdükcə ömrüm boyu keçirmədiyim qeyri-adi hissləri yaşadım. Özümü çox xoşbəxt sayıram. Birinci Avropa Oyunlarına ev sahibliyi etməyimiz hər bir ölkə vətəndaşı kimi mənim də ürəyimi qürurla doldurur. İndi elə bir fürsət yaranıb ki, dünya Azərbaycanı olduğu kimi tanısın. Həmişə arzu olunan bu imkanın gerçəkləşməsi respublika Prezidenti İlham Əliyevin uzaqgörən müdrik siyasətinin məntiqi nəticəsidir. Bu, bir həqiqətdir ki, dünya Azərbaycanı hələ də yetərincə tanımır. İnanıram, Birinci Avropa Oyunları elə geniş imkanlar yaradacaq ki, biz dünyaya gerçək Azərbaycanı, onun bəşəri dəyərlərə sədaqətini, milli adət-ənənələrini, özünəməxsus spesifik xüsusiyyətlərini olduğu kimi tanıda biləcəyik. Bu yarışlarda iştirak edəcək idmançılarımıza isə qələbə, yalnız qələbə arzulayıram.

Məşəl bir an da ara verməyən alqışların müşayiəti ilə prospekt boyunca aramla irəliləyir. Məşəl daşıyanlar bir-birini əvəz edir. Boks üzrə respublika çempionu Seymur Adışov, pəhləvan Amid Babayev, karate üzrə Avropa çempionu Ramiz Məmmədov, futbol veteranı İbrahim İbrahimov, sərbəst güləş üzrə Azərbaycan çempionu Seyfulla Mehdiyev və başqaları əvvəlcədən müəyyən edilmiş yerlərdə estafeti bir-birilərinə ötürərək məşəli sabirabadlıların sevimli məkanına, ulu öndər Heydər Əliyevin adını daşıyan parka gətirirlər. Burada qurulmuş səhnə baxışların hədəfinə çevrilir. Gətirilən odla səhnədə piyalə formasındakı məşəl də alışdırılır. Bu şərəf məşəlçilər sırasında yer alan Sabirabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyevə etibar olunur. Beləcə mərasim yeni mərhələyə keçir. Alov festivalı başlayır. Respublikanın tanınmış incəsənət ustaları, Sabirabad rayon Mədəniyyət evinin özfəaliyyət ansamblının üzvləri ifa etdikləri rəngarəng musiqi nömrələri, milli rəqslərlə meydanı qızışdırırlar. Hər ifadan sonra alqış sədaları ətrafı bürüyür.

Beləcə, Sabirabad tarixi bir gün yaşayır. Birinci Avropa Oyunlarının məşəlindən od alan çıraq yarışlar başa çatanadək Sabirabaddakı Heydər Əliyev Mərkəzində  şölələnəcəkdir.

 

Lazım QULİYEV,

Azərbaycan.-2015.- 7 may.- S. 12-13.