Qaxın tarixi məkanları
ilə tanışlıq beynəlxalq elmi
konfrans iştirakçılarının böyük marağına səbəb olub
Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda VI beynəlxalq elmi konfrans keçirilir.
Konfransın proqramına uyğun olaraq tədbirdə iştirak edən xarici qonaqların bir qrupu, həmçinin təşkilatçı qurumların - Bakı Slavyan Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təmsilçiləri mayın 6-da Qax və Şəki rayonlarında olublar.
Qonaqların Qax rayonu ilə tanışlığı geniş turizm potensialına malik olan İlisu kəndindəki tarixi məkanları ziyarətlə başlayıb. İnşa tarixi XVII-XVIII əsrlərə aid edilən, yerli əhali arasında “Sumuq qala” adı ilə tanınan müdafiə qülləsi ilə tanışlıq tədbir iştirakçılarının marağına səbəb olub.
Sonra qonaqlar kəndin ərazisində yerləşən digər tarixi məkanlarla, həmçinin Kürmük çayının üzərindəki XVII əsrin sonu - XVIII əsrin əvvəllərinə aid “Ulu körpü” ilə tanış olublar.
Konfrans iştirakçıları daha sonra Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət ediblər. Qonaqların diqqətinə çatdırılıb ki, Qax rayonunda milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır, dini tolerantlıq yüksək səviyyədədir. Bildirilib ki, XVIII əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icra edilməsi üçün hər cür şərait yaradılıb. Kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.
Qax şəhərində əsaslı təmir işləri davam etdirilən XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Cümə məscidi ilə tanışlıq da qonaqlarda xoş təəssürat oyatdı.
Şəhərin qədim tarixi hissəsi - “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzi ilə tanışlıq zamanı məlumat verildi ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra “İçəribazar” kompleksi müasir və füsunkar görkəm alıb. Burada əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir.
Buradakı açıq səma altında yaradılan 300 yerlik teatr, sənətkarlıq emalatxanaları qonaqların marağına səbəb olub. Tədbir iştirakçıları rayonun folklor və rəqs kollektivlərinin, muğam üçlüyünün ifasında maraqlı konsert proqramını izləyiblər.
Sonra Heydər Əliyev Mərkəzində rayon ziyalılarının iştirakı ilə toplantı keçirilib. Qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində ulu öndərin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev azərbaycanşünaslığın aktual problemlərinə həsr olunan konfransın əhəmiyyətini xüsusi vurğulayıb, tədbir iştirakçılarına Qax rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə geniş məlumat verib.
Ural Federal Universitetinin Avropa araşdırmaları kafedrasının müdiri, Azərbaycanşünaslıq Mərkəzinin direktoru Aleksandr Nesterov Azərbaycanda bir neçə dəfə olduğunu, ölkəmizi artıq öz doğma vətəni kimi sevdiyini vurğulayıb. Qax rayonuna ilk dəfə səfər etdiyini diqqətə çatdıran qonaq deyib ki, buradakı tarixi abidələrin oxşarına dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. O, bu abidələri öz gözləri ilə gördüyü üçün özünü xoşbəxt sandığını, rayonun təbiətinə vurulduğunu diqqətə çatdırıb.
Tədbir çərçivəsində Bilik Fondunun həyata keçirdiyi “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində Qax rayonunun Qum kəndindəki Zakir Müslümov adına tam orta, Qəbələ rayonunun Nic qəsəbəsindəki 1 saylı və Zaqatala rayonunun Əliabad qəsəbəsindəki Adil Hacıyev adına 1 saylı tam orta məktəblər arasında “Qardaşlaşma sazişi”nin imzalanması mərasimi olub.
Mərasimdə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxış edərək layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Qax rayonuna səfərləri çərçivəsində konfrans iştirakçıları, həmçinin Kürmük məbədində keçirilən “Kürmük-oba” mərasiminə də qatılıblar.
Rayonun tarixi məkanları ilə tanışlıq VI beynəlxalq elmi konfrans iştirakçılarında xoş təəssürat yaradıb.
Sonra qonaqlar qədim Şəki şəhərinə yola düşüblər.
AZƏRTAC
Azərbaycan.-2015.- 7 may.- S.14.