“HEYDƏR ƏLİYEV” yazılır, “AZƏRBAYCAN” oxunur

 

İnkişaf etmiş cəmiyyətlərdə insanların psixoloji tərbiyəsi üçün motivasiya hekayətlərinin gücündən geniş istifadə olunur. Diqqət etsək, hər il dünyada nəşr edilən kitabların müəyyən bir hissəsinin hansısa sahədə böyük uğurlar qazanmış şəxsiyyətlərin vərdişlərinə, həyat tərzinə, reallıqlara münasibətinə həsr olunduğunu görərik.

Müasir dövrün oxucusunu, tamaşaçısını Sofoklun, Şekspirin qəhrəmanlarının taleyindən daha çox Albert Eynşteynin həyata baxışları, Stiv Cobsun həyatı, Bill Qeytsin ömürlüyü maraqlandırır...

Bütün dünyada bu cür nəşrlərə böyük maraq var. Bütün dünyada oxucular bu cür nəşrlərin qəhrəmanlarının uğur sirrini incəliklərinə qədər öyrənməyə çalışırlar. Onların həyat təcrübəsindən barınmağa can atırlar...

Hərdən düşünürəm ki, əgər dünyada ədəbiyyat mövcud olmasaydı, ayrı-ayrı insanların ömür yolu bu dəyərin yerini tutardı...

Hər insan bir kitabdır əslində, hər insan bir əsərdir...

Amma bu əsərin toplum üçün kəsb etdiyi maraq, cəmiyyətə gətirdiyi fayda da insanlara görə dəyişir. Mənsub olduğu xalqın, dövlətin tarixində misilsiz rolu olan liderlər haqqında yazılanlar bu həyat hekayətlərinin başında gəlir. Çünki onların ömürlüyü aydın bir yoldur, çıxılmazlığa məhkum anlarında xilas qapısını nişan verən işıq selidir, doğru qərarların ünvanıdır.

***

Öz milli dövlətini qurub yaradan, cəmi bir neçə on il içərisində əsrlərə bərabər işlər görən böyük şəxsiyyətlər haqqında düşündükcə bəzən elə bilirik ki, onlar sadəcə zamanın təsadüfü kimi doğulublar, yetişiblər, tarix özü sırf təsadüfdən onlara əbədiyyət şansı verib.

Əslində isə burada təsadüflərə yer yoxdur. O şəxsiyyətlər əsrlər boyu xalqın ruhunda toplanmış enerjinin, irəliyə doğru hərəkət duyğusunun ifadəçiləridir. Bu duyğu onlara qədər neçə şəxsiyyətin ömürlüyündən adlayıb, hər ömürdə bir cür təzahür edib və konkret şəxsiyyətin həyat və fəaliyyətində ən yüksək formada inikas olunub.

Tarix o şansı şəxsiyyətlərdən çox həmin şəxsiyyətlərin ardınca gələcəyə doğru irəliləyən topluma verir...

Bəli, öz xalqının əsl lideri olub vətəninə tarixi nailiyyətlər qazandırmaq, adını vətən tarixinin şərəf salnaməsinə çevirmək, həmişə bu tarixlə birgə xatırlanmaq o liderdən çox o xalqın şansıdır. Tarixdə əvvəl-əvvəl kütlənin inamını qazanıb, sonra bilərəkdən, ya bilməyərəkdən onlara faciələr yaşadan liderlər də çox olub. Zamanın xalqa verdiyi əsl şans isə öz inam və güvənində yanılmamaq şansıdır. Taleyini əmanət etdiyi liderin heç bir zaman onun taleyi ilə oynamamasıdır. Xalqı uçurumun, fəlakətin astanasına deyil, tərəqqi, rifah ümmanına gətirib çıxarmasıdır.

Tarixin xalqa qazandırdığı ən böyük şans doğru zamanda, doğru məkanda, həm də doğru liderə malik olmaq şansıdır...

***

Bəzən xalq öz ruhundakı azadlıq sevdasını ortaya qoymaq istəyəndə bu əzmi, məsuliyyəti üzərinə götürəcək lider olmur. Həm xalqın belə bir istəyi, həm bu istəyi reallığa çevirmək üçün hər cür fədakarlıqlara hazır lider olanda buna şərait yetişmir. Belə bir şərait, belə bir lider olduqda isə, bəzən xalq dünyanın reallıqlarını nəzərə alaraq öz məqsədinə doğru yürümək üçün daha uyğun zamanı gözləyir.

Uyğun zamansa bu amillərin hamısının bir arada olduğu məqamdır.

Azərbaycan xalqı böyük şəxsiyyətlərdən heç zaman xali olmayıb. Milli dövlətçilik salnaməmiz xalqın azadlığı, elin firavanlığı uğrunda bir ömür sərf etmiş dövlət adamlarının, sərkərdələrin qəhrəmanlıq nümunələri ilə zəngindir. Amma tarixdə hər nə qədər böyük nailiyyətlərə, qürur doğuran nəticələrə imza atsalar belə, vaxt yenə hansısa məqamında bu şəxsiyyətlərə qarşı səxavətsiz davranıb. Bəzənsə hətta amansızlıq edib, bu insanları əzib keçib zaman... Onların apardıqları mübarizələr son məqsədə çatmadan yarıda dayanıb, ya da başqa müstəvilərə adlayıb.

Ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk dəfə demokratik cümhuriyyət bina etmiş Azərbaycan Xalq Cümhuriyyətinin liderləri də vaxtın əzib keçdiyi yanlış zamanların dəyərli övladları idilər.

Onlar Azərbaycan xalqı üçün çox iş gördülər, demokratik, hüquqi dövlət quruculuğu yolunda əzmlə addımlayan müstəqil Azərbaycan Respublikasının günü indi də faydalandığı çox milli dəyərlərə imza atdılar.

Çətinliklə bir cümhuriyyət qurdular, bir bayraq ucaltdılar...

Amma zamanın səmum yelləri onlara hədəfə çatmağa, vətənin gələcəyi üçün düşünülmüş ali məqsədlərə yetişməyə imkan vermədi.

***

Azərbaycanın ictimai fikir tarixinin ən yüksək zirvəsində qərar tutan “Molla Nəsrəddin” jurnalının qurucusu Cəlil Məmmədquluzadə o jurnalın ərsəyə gəldiyi məqamı belə təsvir edirdi ki, “Molla Nəsrəddin” jurnalını təbiət özü yaratdı, zəmanə özü yaratdı”...

Doğru zamanın övladı olmaq o zamanla birgə dünyaya gəlməkdir, o zamanın içində yetişməkdir. Doğru zamanın övladı olmaq gələcək uğurların başlanğıcıdır. Həm də bu imkanı dərk edib, özünü bu zamanın içində yetişdirməkdir, onun çağırışlarına biganə qalmamaqdır və bununla da vaxtın cilovunu əlinə alıb onun axarını dəyişməkdir.

Heydər Əliyev doğru zamanın lideri idi.

...Və onun böyüklüyü onda idi ki, taleyin əta etdiyi bu imkandan öz xalqının faydasına ən yüksək həddə qədər istifadə edə bilirdi.

vvv

Heydər Əliyevin ilk dəfə Azərbaycan siyasi səhnəsində görünməsi ötən əsrin 50-ci illərinin ortalarına təsadüf edirdi. Cümhuriyyətin süqutu, 30-cu illərdə aparılan kütləvi repressiyalar, azərbaycanlıların da həm ön, həm arxa cəbhədə böyük əzmkarlıqla vuruşduqları İkinci Dünya müharibəsinin ağır yaraları, onilliklər boyu aparılan antimilli, şovinist siyasət xalqın azadlıq əzmini qıra bilməmişdi. Amma bu ruh sinələrin dar məhbəsində idi.

1953-cü ildə, Stalinin ölümündən sonra 50-ci illərin ortalarından özünü hiss etdirən siyasi mülayimləşmə dövründə bu ruha sahib çıxası, ona yeni bir həyat verəsi hamiyə ehtiyac vardı. Yoxsa Azərbaycan cəmiyyəti yaranmış bu əlverişli məqamdan nəsibini ala bilməyəcəkdi. Bu imkan yanlış səmtlərə doğru yönələcək və xalqın gələcəyi üçün ciddi bir fayda verməyəcəkdi.

Belə bir zamanda siyasi səhnəyə Heydər Əliyev kimi milli ruhlu, milli düşüncəli, vaxtın çağırışlarına son dərəcə həssas, müdrik bir liderin çıxması Azərbaycan xalqının gələcək tarixi uğurlarının başlanğıcına çevrildi.

Nədənsə tarixçilərimiz o dövrlə bağlı əhatəli tədqiqat işlərinin aparılmasına tələsmirlər. Bu istiqamətdə müəyyən araşdırmalar aparılsa da, bütün bunlar hələlik mətbuatda dərc edilən müxtəlif məqalələr çərçivəsindən kənara çıxmır. Halbuki o dövrün tarixi reallıqları Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə tarixinin ötən əsrin 70-ci illərindən götürülməsi üçün zəngin material verir.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçildi. Milli-azadlıq uğrunda ilk qeyri-leqal dərnəklər də Azərbaycanda məhz 70-ci illərin əvvəllərindən formalaşmağa başladı. Uzun illər xüsusi xidmət orqanlarında rəhbər vəzifədə çalışmış, ictimai-siyasi proseslərin alt qatında, siyasi sistemin dərinliklərində baş verənləri hamıdan daha yaxşı bilən, hamıdan daha yaxşı duyan yüksək hazırlıqlı dövlət xadiminin rəhbərlik etdiyi ölkədə bu iki amil, görəsən, sadəcə təsadüf idimi?!

Vətənimizin əsrlərdən bəri bir-birindən ayrı salınmış Quzeylə Güneyi arasında ilk ədəbi-mədəni əlaqələr ötən əsrin 70-ci illərində yarandı. Məhəmmədhüseyn Şəhriyarın ana dilində yazdığı inqilabi ruhlu şeirlər vətənin Quzeyində də ilk dəfə kitab kimi nəşr olunaraq tezliklə xalqın dilinin əzbərinə çevrildi.

Bir neçə il əvvələ qədər “türk” sözünü dilə gətirənlərin qisməti “ya Sibir, ya da qəbir” olan ölkədə birdən-birə “Türkologiya” jurnalı nəşrə başladı və bu jurnal ittifaq məkanındakı bütün türkdilli respublikaların düşüncə adamlarını pərvanə kimi özünə cəlb edən yanar şam oldu.

Radioda, televiziyada, milli ruhlu, milli məzmunlu verilişlərin görünməsi də, kino tariximizin qiymətli inciləri olan, məzmununda keçmişlə bugünü birləşdirən, nəsillər arasında mənəvi körpü salan “Nəsimi”, “Babək”, “Dədə Qorqud”, “Nizami”, “Axırıncı aşırım”, “Dəli Kür” və s. bu kimi filmlər də məhz həmin illərdə ərsəyə gəldi.

Azərbaycan yazıçı və şairlərinin əsərləri, klassik ədəbiyyatımızın ən sanballı nümunələri xarici dillərə tərcümə edildi. Azərbaycan ədəbi irsinin təbliği istiqamətində geniş bir hərəkat başlandı. Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafına nail olmaqdan ötrü mövcud bütün imkanlar ortaya qoyuldu. Ölkə boyunca xalqın görkəmli oğullarının heykəlləri ucaldıldı. Onların yubileyləri keçirildi. Bu şəxsiyyətlər cəmiyyətə yenidən təqdim olundu, yenidən tanıdıldı.

Xalqın azadlıq ruhunun ifadəçisi olan milli düşüncəli alimlər, ziyalılar, yazıçı və şairlər, sənət adamları Heydər Əliyevin simasında qüdrətli bir hami tapdılar. Heydər Əliyev onları qorudu, xalqın milli sərvətləri olan bu insanların üzərinə qanad sərdi, 30-cu illərdə ən dəyərli ziyalılarımızı bir-bir dənləyən, gedər-gəlməzə yollayan qırmızı terrorun bu dəfə başqa şəkildə o ziyalıların da ömrünü qarət etməsinə imkan vermədi.

Təsadüfi deyil ki, o dövrdə Azərbaycanda bütün SSRİ məkanı üçün xarakterik olan dissident hərəkatının təzahürləri müşahidə olunmurdu. Çünki Heydər Əliyev cəmiyyətin düşünən insanları ilə birgə bu meyilləri milli məqsədlərə, daha faydalı məramlara yönəltməyi bacarırdı.

Uzun illər diqqətdən kənarda qalmış, qorxu içində özlərinə qapanmış Azərbaycan ziyalıları məhz Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsindən sonra dövlətin qayğısını hiss etməyə başladılar. Respublikanın bir çox görkəmli alimləri Sovet İttifaqının ali dövlət mükafatları ilə təltif edildi. Azərbaycanlı mütəxəssislərin ixtira və kəşfləri nəinki SSRİ-də, həm də dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən elmi mərkəzləri maraqlandırmağa başladı.

Azərbaycanda bütün dünyaya səs salan ən böyük elmi kəşflərin məhz ötən əsrin 70-ci illərində edilməsi tarixi bir reallıqdır.

***

Heydər Əliyev verdiyi mükafatlarla, dəstəklə ziyalıları cəmiyyətdə MİLLİ RUHUN oyanışına ürəkləndirdi, xalqın tarixi yaddaşını üzə çıxardı, adət-ənənələrimizi qorudu. Heydər Əliyevin o illərdə rəsmi çıxışlarını Azərbaycan dilində etməsi cəmiyyət üçün bir gözlənilməzlik idi. Çünki indiyə qədər belə ali vəzifəli şəxslər yüksək kürsülərdə yalnız rus dilində danışırdılar.

Heydər Əliyevin Azərbaycan dilinə belə bir münasibət sərgiləməsinin arxasındakı mətləbləri indi daha aydın dərk edirəm. Bu, ulu öndərin ana dilimizə sevgisindən, bu dilin zənginliklərinə, ifadə imkanlarına bələdliyindən irəli gəlirdi, bu, öz yerində. Heydər Əliyev onu da yaxşı bilirdi ki, Şah İsmayıl Xətai dövründən sonra Azərbaycan dilinin dövlət dili kimi işlənmək imkanı olmayıb. Bu dil əsrlər ərzində dövlət idarələrinə, rəsmi sənədlərə, kargüzarlıq sisteminə yaxın buraxılmayıb və bu səbəbdən də dilimizin rəsmi-funksional üslubu ədəbiyyat adamlarımızın ən yüksək səviyyədə inkişaf etdirdikləri bədii üslubun, eləcə də təbii bulaq kimi qaynayıb inkişaf edən xalq-məişət dilinin arxasınca sürünüb. Ulu öndərə o da əyan idi ki ana dilimizi bu müstəvidə o özü inkişaf etdirməsə, o illərdə belə bir missiyanı kimsə üzərinə götürməyəcək.

Heydər Əliyev milli təfəkkürümüzün aynası olan ana dilimizə sahib çıxdı. Min bir çətinlik hesabına Azərbaycan dilinin ölkə Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə müyəssər oldu.

Milli dəyərlərimizdən olan Novruz bayramının coşqusu, qələbəliyi o illərə qədərki müəyyən ehtiyatlı, tərəddüdlü təşəbbüslərdən sonra bir də məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində evlərdən ellərə yayıldı. Yenidən elin ən əziz bayramı kimi qeyd olundu.

Heydər Əliyev cəmiyyətdə vicdan azadlığının təmin olunması sahəsində də böyük işlər gördü. Onun ölkə rəhbərliyinə gəlişindən sonra sovet Azərbaycanında İslam dininin sıxışdırılması siyasətinə son qoyuldu. Sovet hakimiyyəti qurulandan sonra xalqın dinini, imanını əlindən almaq üçün məqsədli şəkildə anbara, mal tövləsinə çevrilmiş məscidlər bu cür əcaib münasibətdən hifz olundu, qapısına qıfıl vurularaq ən azı tarixi abidə kimi qorundu.

***

Cəmiyyətin inkişaf qanunlarını özünəməxsus fəhmlə dərindən bilən Heydər Əliyevin o illərdə gənc nəslin təhsil almasına verdiyi önəm də səbəbsiz deyildi. Məhz Heydər Əliyevin siyasi iradəsi sayəsində bütün ölkə universitetlərinin, xüsusilə də bu universitetlərin ən nüfuzlu fakültələrinin qapıları kasıb, zəhmətkeş ailələrin övladlarının üzünə açıldı.

Heydər Əliyev bilirdi ki, imkanlı adamlar öz övladlarına başqa ittifaq ölkələrində də istədikləri kimi təhsil verə bilirlər. Ona görə də ulu öndər kasıblara arxa durdu. Bilikdən başqa güvənc yerləri olmayan bu insanları öz arzularına qovuşdurdu. Yaratdığı bərabər imkanlarla yüksək təhsili onlar üçün də əlçatan, ünyetən etdi.

Keçmiş SSRİ-nin ali məktəblərinə respublikamız üçün xüsusilə gərəkli ixtisaslar üzrə təhsil almaq məqsədilə göndərdiyi on minlərlə Azərbaycan gənci hesabına cəmiyyət üçün zəngin intellektual potensial, İNSAN KAPİTALI formalaşdırdı. Yaratdığı hərbi məktəblərlə hərb sənətini gəncliyimizə sevdirdi, öz milli zabitlərimizi yetişdirdi.

Heydər Əliyev Azərbaycan həyatına haqq-ədalət gətirdi. Ədalət hissini, başqasının haqqını yeməmək duyğusunu cəmiyyətdə hamının tapınmalı olduğu dəyərə çevirdi.

***

Heydər Əliyev o illərdə Azərbaycanın sosial-iqtisadi inkişafının təməlini formalaşdırdı. Milli dövlətçiliyimizin özülünü möhkəmləndirdi. Bütün ölkə boyu qurub-yaratdığı müəssisələrlə, minillərlə su çıxmayan torpaqlara çəkilib o torpaqların qan damarlarına çevrilən kanallarla, münbitləşdirilən əkin sahələri ilə Azərbaycan insanını iş-güc sahibi etdi.

Respublikanın ən ucqar kəndlərinə də yol çəkildi, qaz xətləri çəkildi, ən ucqar evlərdə də elektrik lampaları yandı, radio səsi eşidildi, televiziya öz mavi ekranındakı görüntülərlə evlərə qonaq gəldi.

Kəndlərimizə, şəhərlərimizə qədim, acınacaqlı bir Şərq məskəni görüntüsü verən, palçıq daxmalar, çiy kərpicdən tikilmiş evlər, qara damlar məhz Heydər Əliyevin zamanında yavaş-yavaş mişar daşlarından, çay daşlarından tikilmiş səliqəli, abad imarətlərlə əvəz olunmağa başladı.

Bakı şəhəri də bir-birinin ardınca inşa edilən yaraşıqlı memarlıq abidələri ilə öz qiyafəsini dəyişdi. Keşmiş ittifaqın ən gözəgəlimli şəhərlərindən birinə çevrildi.

***

Kremldə çalışdığı illərdə də Heydər Əliyevin bir əli yenə Azərbaycanın üstündə idi. Azərbaycan yenə də özünün dəyərli övladının diqqət və qayğısı ilə əhatə olunmuşdu. Onun adı Azərbaycanın qürur mənbəyi idi. Bütün azərbaycanlılar ittifaq məkanında özünü bu adla birgə təqdim edirdi, bu adla birgə qəbul olunurdu. Çünki Heydər Əliyevin adı, nüfuzu bütün ittifaqla bir idi. Bu ad bir tərəfində gün çıxanda, o biri tərəfində gün batan keçmiş ittifaqın hər yerində uca tutulurdu. Xalqımızın milli potensialının ifadəçisi kimi hər bir azərbaycanlıya şərəf gətirirdi, inam yaradırdı.

Və ötən əsrin 80-ci illərinin sonlarından həm Azərbaycanda, həm də Heydər Əliyevin taleyində başlanan keşməkeşlər dövrü...

Kremldə ulu öndərə qarşı başlanan təzyiqlər, vəzifədən istefa, bədxahlarının ona qarşı apardıqları çirkin kampaniyalar, Heydər Əliyevin Bakıya, daha sonra bir zamanlar doğulub boya-başa çatdığı Naxçıvan torpağına qayıdışı...

Bu məqamı, əfsus ki, sonralar sənədli mənbələrlə dəqiqləşdirə bilmədim. Heydər Əliyevin Moskvadan Bakıya döndüyü o çətin günlərdə insanlar arasında maraqlı bir söhbət dolaşırdı. Deyirdilər ki, Heydər Əliyev paytaxtda qaldığı o bir neçə gündə Bakı bulvarına da baş çəkib və bir zamanlar böyük sevgi ilə qurub yaratdığı, abadlaşdırdığı bu məkanın qısa müddət ərzində necə tar-mar edildiyini, baxımsız qalıb necə miskin görkəmə düşdüyünü görüncə göz yaşlarını saxlaya bilməyib.

Belə bir fakt bəlkə həqiqətən olmuşdu, bəlkə heç olmamışdı, əfsus ki, dəqiqləşdirmək imkanında deyiləm, amma o zamanlar xalq arasında belə bir söhbət həqiqətən dolaşırdı və hər hansı fakta əsaslanıb-əsaslanmamasından asılı olmayaraq, bu, xalqın reallığa verdiyi qiymətin ifadəsi idi.

Dağılansa təkcə Bakı bulvarı deyildi. Heydər Əliyevin qurulub yaradılmasına uzun illər sərf etdiyi istehsal, infrastruktur obyektlərinin, bir zamanlar saat kimi dəqiqliklə işləyən sosial-iqtisadi mexanizmlərin darmadağın edilməsinə cəmi bir neçə ay yetmişdi. Zavodlar, fabriklər dağıdılmış, bir zamanlar qızıl pulla xaricdən alınmış, nəhəng dəzgahlar dəyər-dəyməzinə xarici dəllallara satılmış, kənd təsərrüfatı sistemi iflic vəziyyətinə düşmüş, insanların uzun illər ərzində min bir zillətlə qara gün üçün topladıqları vəsaitlər maliyyə sistemindəki xaos, kosmik sürətli inflyasiya mühitində qara qəpiyə bərabər olmuş, camaatın əli boşda qalmışdı.

Xalqın Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə dönüşünü israrla tələb etdiyi o günlərin qurğuşun kimi ağır ovqatını XXI əsrin və üçüncü minilliyin ayrıcında Azərbaycan xalqına müraciəti zamanı ulu öndər özü belə xarakterizə edəcəkdi: “Ölkə onu gözləyən fəlakətlərdən, daxili və xarici antiazərbaycan qüvvələrin qəsdlərindən, vətəndaş müharibəsindən, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsindən və nəhayət, müstəqil dövlətçiliyin məhvindən, Azərbaycanın parçalanmasından xilas edilməli idi”.

Heydər Əliyevi yenidən Azərbaycan hakimiyyətinə bu tarixi zərurət gətirdi. Onun öz xalqına, xalqın ona olan sevgisi gətirdi. Ulu öndərin ölkənin, xalqın ən çətin günlərində Azadlıq meydanında onun təfəkkürü işığına toplanmış milyonlarla insana üz tutaraq söylədiyi “Mən sizə arxalanmışam, həmişə də sizə arxalanacağam. Çünki mənim xalqın firavanlığından, xoşbəxtliyindən böyük heç bir arzum yoxdur” kəlmələrindəki sevgi, əminlik, inam, güvən Azərbaycanın tarixi nailiyyətlərinin qaynağına çevrildi.

***

Yaşın, həyat təcrübəsinin ildən-ilə genişləndirdiyi düşüncə hüdudları müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə Heydər Əliyevin ölkənin və xalqın gələcəyi üçün atdığı addımları daha aydın şəkildə sərf-nəzər etməyə imkan verir.

Bir zamanlar bu addımlar hamı kimi, mənim üçün də sadəcə siyasi bir qərar idi, amma indi onları göz önündəki nəticələri ilə birgə təhlil edərkən bu qərarların nə qədər böyük tarixi əhəmiyyət daşıdığını, nə qədər müdrik, nə qədər uzaqgörən bir zəkanın məhsulu olduğunu anlayıram.

Etiraf edim ki, bütün bunlara təəccübləndikcə təəccüblənirəm. Dünyanın siyasi mənzərəsi, böyük güclərin öz taleyinin sahibi kimi yaşamaq niyyətində olan toplumların başına gətirdikləri oyunlar bu təəccübümü getdikcə artırır.

İstər-istəməz düşünürəm: Heydər Əliyev bütün bunları necə bacardı?!

Azərbaycana qarşı yönələn, bəzilərini ictimaiyyət olaraq bizim də açıq şəkildə görə bildiyimiz, bəzilərini sadəcə Heydər Əliyevin özünün görüb duyduğu, özünün yaşadığı min bir təhdidlərə, min bir təzyiqlərə, hətta terror aksiyalarına rəğmən ölkəmiz Qərbin aparıcı şirkətləri ilə “Əsrin müqaviləsi”ni necə imzalaya bildi?!

İndi də adama yuxu kimi gələn “Üç dəniz əfsanəsi” - Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi, Böyük İpək yolu, Bakı-Ərzurum qaz kəməri layihəsi, Bakı-Tbilisi-Qars dəmiryol xətti və digər bu kimi çoxsaylı qlobal enerji-kommunikasiya layihələrini reallığa çevirmək necə mümkün oldu?!

Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğu proseslərini necə həyata keçirmək mümkün oldu?! Dünyanın nüfuzlu təşkilatlarına üzv olan müstəqil ölkəmiz qısa müddət ərzində bütün dünyada bu qədər yüksək nüfuzu, inamı, etibarı necə qazandı?! Azərbaycan dörd bir yandan üzərinə yönələn o qədər hücumlar, zərbələr qarşısında necə duruş gətirdi, ayaqda durdu, kövrək qədəmlərini ildən-ilə möhkəmləndirib mətin addlmlarla gələcəyə doğru irəliləməyə başladı?!

Təəccüblənirəm, amma sadəcə Heydər Əliyev adı bütün bu suallarıma cavab verir. Azərbaycan bütün bunları Heydər Əliyevin adı ilə qazandı, bu adın işığında, bu adın gücündə, bu adın mənəvi birliyində, bütövlüyündə əldə etdi.

Və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tarixinin ən qüdrətli çağlarını yaşayan müstəqil Azərbaycan dövlətinin güc aldığı mənəvi qaynaq yenə bu addır.

İlham Əliyevin öz nəcib əməlləri ilə daim uca tutduğu, mənəvi gücü, enerjisi ilə Azərbaycana tarixin ən böyük nailiyyətlərini qazandırdığı Heydər Əliyev adıdır...

***

Yüksək rəssamlıq istedadına malik olan Heydər Əliyevə İlahi həm də gözəl hüsnxət qabiliyyəti vermişdi. Heydər Əliyevin təhsil aldığı illərdə şagirdlərin xəttinə xüsusi diqqət yetirərdilər və ulu öndər də bu qabiliyyətə erkən yaşlarından yiyələnmişdi.

O, mürəkkəbli qələmlə yazmağı çox xoşlayardı. Ona ünvanlanmış 21 suala cavabında özünün bu barədə qeydi də var.

Bir dəfə yüksək dövlət mükafatlarının təqdimatı zamanı unudulmaz aktyorumuz mərhum Hacıbaba Bağırov bir sənətkar ərki ilə ona ən çox sevdiyi qələmlərdən bağışladı. Heydər Əliyev bu xoş hədiyyəyə görə təşəkkürünü bildirdi və özünəməxsus yumorla, təbəssümlə “Elə bütün günü yazıram” dedi.

Bəli, Heydər Əliyev bütün günü yazırdı. Amma onun yazdıqları ədəbi-bədii mətnlər, memuarlar deyildi...

Heydər Əliyev mürəkkəbli qələmlə tariximizin ən möhtəşəm əsəri kimi müstəqil Azərbaycan dövlətini yazıb-yaradırdı...

Azərbaycanı kağızlardan reallıqlara köçürürdü və yaradılan hər xoş reallığa, həyata keçən hər nəcib niyyətə qələmlə öz imzasını qoyurdu...

Ona görə də bu gün Heydər Əliyevin adı olan hər yerdə Azərbaycan var...

Azərbaycan üçün yerinə yetirilən hər işdə onun dəst-xətti görünür...

Heydər Əliyevin adı yazılan hər yerdə isə “Azərbaycan” oxunur...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2015.- 8 may.- S. 6.