İqtisadi modernləşməni
təmin edən inkişaf modelinin müəllifi
Hər bir xalq gələcək inkişaf hədəflərini
düzgün müəyyənləşdirmək
üçün ilk növbədə müəyyən zaman
çərçivəsində keçdiyi yolun uğurlu nəticələrindən
bəhrələnməyə çalışır. Bu həqiqət
işığında bir daha aydın görünür ki, Azərbaycan
cəmi 24 illik müstəqillik tarixi ərzində
ağır sınaqlardan, çətinliklərdən
üzüağ çıxmış, bir çox inkişaf
etmiş dövlətlərin onilliklər boyu qət etdiyi
inkişaf mərhələlərini geridə qoymuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində
obyektiv və subyektiv səbəblər üzündən xaos,
anarxiya, iqtisadi tənəzzül dövrünü yaşayan
Azərbaycan bu gün Cənubi Qafqaz regionunun sürətlə
inkişaf edən, qlobal enerji-kommunikasiya layihələrinin
lokomotivinə çevrilən, bütün sahələrdə
sürətlə modernləşən dövləti kimi
tanınır.
Sürətli yüksəliş yolunda olan, qarşıya
qoyduğu hədəflərə inamla çatan
respublikamız beynəlxalq aləmdə mövqeyini ildən-ilə
möhkəmləndirir, dünya əhəmiyyətli qlobal
layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Ötən əsrin
90-cı illərində daha çox qlobal və subregional
enerji layihələri ilə beynəlxalq ictimaiyyətin diqqətini
çəkən respublikamız son 12 ildə iqtisadi modernləşmə,
demokratikləşmə, insan hüquqlarının təminatı,
sivilizasiyalararası dialoq və multikulturalizm sahəsində
mühüm uğurlara imza atmışdır. Müstəqillik
tariximizin ən mühüm uğuru isə
respublikamızın heç bir dövlət və beynəlxalq
təşkilatdan asılı olmadan müstəqil siyasət
yeritməsi, milli maraq və mənafeyini qətiyyətlə
müdafiə etməsidir. Aparıcı
dünya dövlətləri hazırda Cənubi Qafqazın tərəqqi
və yüksəlişini Azərbaycandan kənarda
görmür, respublikamızın mövqeyi ilə
hesablaşırlar.
Son bir ildə
geosiyasi səbəblərlə bağlı olaraq dünya
bazarında neftin qiymətlərinin iki dəfəyədək
aşağı düşməsinin yaratdığı
iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın
iqtisadi inkişafını qoruyub saxlaması, hökumətin
sosial öhdəliklərinin uğurla
reallaşdırılması, təxirəsalınmaz layihələrin
icrasında çətinliklərin yaranmaması
“İnkişafın Azərbaycan modeli”nin
uğurlarını bir daha təsdiqləyir. Qonşu
ölkələrdəki devalvasiya, resessiya kimi neqativ iqtisadi
proseslərin təsiri fonunda hökumət respublikanın
valyuta ehtiyatlarını qorumaq, ixracı stimullaşdırmaq
üçün obyektiv səbəbdən manatın məzənnəsində
dəyişiklik etməli olsa da, ümumi inkişaf tempi qorunub
saxlanmışdır.
Şübhəsiz, respublikamızın
qazandığı bu və digər nailiyyətlərin lider
amili ilə bağlılığı bu gün cəmiyyətdə
danılmaz fakt kimi qəbul olunur. Xalqımızın XX
əsrdə dünya siyasi arenasına bəxş etdiyi
böyük şəxsiyyət, dərin zəkası, fitri
idarəçilik keyfiyyətləri ilə ümummilli liderlik
zirvəsinə yüksəlmiş Heydər Əliyev müstəqil
respublkamızın milli inkişaf modelinin banisi kimi daim
böyük ehtiramla xatırlanır.
Məlumdur
ki, ötən əsrin 90-cı illərinin əvvəllərində
müstəqilliyin bərpa olunması Azərbaycanın
qarşısında diktaturadan demokratiyaya, komanda
iqtisadiyyatından sərbəst bazar iqtisadiyyatına, iki əsrlik
işğalçılıq tarixi olan imperiyanın bir hissəsindən
milli dövlətə çevrilmək, dünya miqyasında
özünü təsdiq etmək vəzifəsini qoymuşdu.
Bu mürəkkəb proses keçid dövrünün ilkin mərhələsində
cəmiyyətin ictimai-siyasi, iqtisadi və mənəvi həyatında
ciddi kataklizmlərlə müşayiət olunmuş, bir tərəfdən
yeni ictimai-iqtisadi formasiyanın doğurduğu yeniliklərin
ictimai şüurda tam “həzm olunmaması”, digər tərəfdən
cəmiyyətin mənafeyini təmin edən legitim siyasi
hakimiyyətin yoxluğu dövlət idarəetmə sistemini
iflic vəziyyətinə salmışdı. 1990-1992-ci illərdə
hakimiyyətdə olanların yarıtmaz fəaliyyəti nəticəsində
dövlətin iqtisadi-siyasi dayaqlarının laxlaması, cəmiyyət
həyatının bütün sahələrində tənəzzül
və böhran meyillərinin güclənməsi, ölkənin
vətəndaş qarşıdurması həddinə
çatması, bölgələrdə dövlətçilik
üçün potensial təhdidə çevrilən
separatçı meyillərin baş qaldırması cəmiyyətin
həlledici qismində haqlı olaraq belə bir qəti rəy
formalaşdırmışdı ki, yaranmış
acınacaqlı vəziyyətdən çıxış
yolu hakimiyyətə müstəqil Azərbaycan dövləti
quruculuğunun mürəkkəb məsələlərini həll
etməyi bacaran yeni qüvvələrin gəlməsidir.
Belə
bir ağır vəziyyətdə - 1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə hakimiyyətə gələn
ulu öndər Heydər Əliyevin qarşısında
ölkəni siyasi və iqtisadi tənəzzüldən, hərc-mərclikdən,
müstəqilliyin itirilməsi təhlükəsindən
çıxarmaq, sabit və tarazlı milli inkişaf
strategiyası müəyyənləşdirmək,
bütün sahələrdə modernləşməni həyata
keçirmək kimi taleyüklü vəzifələr
dayanırdı. Şübhəsiz, kommunizm
ideologiyasının zehinlərdəki və sosial gerçəklikdəki
yaşantılarını aradan qaldırmaq, sürətlə
yeni ictimai-iqtisadi münasibətlər sisteminə keçmək,
cəmiyyət həyatının müxtəlif sahələrində
demokratikləşməyə nail olmaq, yeni mərhələnin
tələblərinə uyğun mükəmməl hüquqi
baza formalaşdırmaq, qanunun aliliyini bütün səviyyələrdə
təmin etmək ardıcıl və davamlı səylər
göstərilməsini zərurətə çevirmişdi. Ulu öndər müdrik siyasi addımları ilə
ilk gündən sübut etdi ki, demokratiya heç də
özbaşınalıq və hərc-mərclik deyil,
qanunların aliliyinə söykənən idarəetmə
forması və siyasi mədəniyyətdir. Onun müəyyən qanunauyğunluqlarından kənara
çıxdıqda insanların, dövlətin
inkişafına deyil, demokratik idealların, prinsiplərin
buxovlanmasına, məhvinə gətirib çıxarır.
Ümummilli lider Heydər Əliyevin müdrikliklə
yaratdığı milli dövlətçilik modeli spesifikliyi
və unikallığı ilə fərqlənməklə,
xalqın gələcək yaşam fəlsəfəsini, milli
inkişaf prioritetlərini müəyyənləşdirmiş,
demokratik dəyərləri özündə maksimum dərəcədə
ehtiva etmişdir. Azərbaycanın prioritet inkişaf yoluna
çevrilmiş milli iqtisadi modeli özünəməxsus
uzaqgörənliklə əsaslandıran ümummilli lider bu
spesifik modelin yalnız demokratik tərəqqiyə əsaslanan
möhkəm ictimai-siyasi sabitlik şəraitində davamlı
nəticələr verə biləcəyini diqqətə
çəkmişdir.
Ulu öndər mərkəzi planlaşdırma və
bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi
formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini
müdrikliklə irəli sürmüş, onun mərhələlərlə
həyata keçirilməsinə
çalışmışdır. Heydər Əliyev
bildirmişdir ki, Azərbaycan könüllü olaraq
qoşulduğu demokratiya yolunun iqtisadi bazisə əsaslanan təkamül
modelini özünün alternativsiz inkişaf yolu hesab edir.
Keçid dövrünü yaşayan respublikamızda
demokratik proseslərin iqtisadi islahatlara adekvat şəkildə
tətbiqi bu modelin diktə etdiyi başlıca şərtlərdən
olmuşdur. Heydər Əliyev milli gəliri yüksəltmədən,
ümumi daxili məhsulun artımına, vətəndaşların
yaşayış tərzində əsaslı dəyişikliklərə
nail olmadan, təşəbbüskarlığa və maddiləşən
işgüzar fəallığa təkan verən əlverişli
biznes mühiti yaratmadan, milli sahibkarlığın
inkişafını təmin etmədən, ən
başlıcası, ictimai-siyasi sabitliyin keşikçisi olan
orta burjuaziyanı formalaşdırmadan vətəndaş cəmiyyəti
və hüquqi dövlət ideyasının
mümkünsüzlüyünü bildirmişdir.
Azərbaycanda demokratikləşmə və modernləşmənin
ilkin mərhələsi üçün xarakterik xüsusiyyətlərdən
biri də dünya təsərrüfat sisteminə və
ümumilikdə Avratlantik məkana sürətli
inteqrasiyanın təmin edilməsi olmuşdur. 1994-cü ildə “Əsrin
müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin
Xəzər hövzəsində böyük miqdarda investisiya
yatırması Azərbaycana ən müasir innovasiya və
informasiya texnologiyaları gətirməklə yanaşı,
demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə,
vətəndaş cəmiyyətinin formalaşmasına, habelə
Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə
əməkdaşlıq xəttinin güclənməsinə
ciddi təkan vermişdir.
Böyük
müdriklik və iqtisadi hesablama əsasında müəyyənləşdirilmiş
bu iqtisadi inkişaf strategiyasının əsasını
üç mərhələdə həyata keçirilməsi
nəzərdə tutulan islahatlar təşkil etmişdir:
birinci mərhələdə güclü dövlət tənzimlənməsi
ilə böhrandan çıxmaq, ikinci mərhələdə
iqtisadiyyatın sabitliyini təmin etmək,
üçüncü mərhələdə isə iqtisadi
dirçəlişə nail olmaq. Hər bir mərhələyə
uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində
1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin
edilmiş, 1997-ci ildən sosial-iqtisadi inkişafda müsbət
meyillər özünü göstərməyə başlamışdır.
Həmin illərdə ölkə iqtisadiyyatının
strukturu mülkiyyət və təşkilati-hüquqi
baxımdan köklü surətdə dəyişdirilmiş,
bir sıra mərkəzi və dövlət idarəetmə
orqanları ləğv edilmiş, digərlərinin tənzimləmə
funksiyaları saxlanılmaqla təsərrüfat funksiyaları
dayandırılmışdır. Ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında iqtisadi sahədə həyata
keçirilən islahatların başlıca qayəsini həm
də dövlətsizləşdirmə prosesinin sürətləndirilməsi
- iqtisadi cəhətdən güclü və müstəqil
milli şirkətlərin yaradılması, insanların biznes
təşəbbüskarlığının,
özünüifadə imkanlarının
artırılması, demokratik dəyərlərin ictimai
şüurda möhkəmlənməsi kimi mühüm
prinsiplər təşkil etmişdir.
Müasir dünya təcrübəsi göstərir ki,
iqtisadi və sosial inkişafın aparıcı amillərindən
birinə çevrilən sahibkarlıq fəaliyyəti, özəl
sektor olmadan əhalinin maddi rifah halının dinamik yüksəlişi
mümkün deyil. Dinamizm, təşəbbüs, yenilik,
yüksək məhsuldarlıq anlayışlarını
özündə ehtiva edən sahibkarlığın
inkişafı tərəqqi prosesinin sürətləndirilməsi
ilə yanaşı, inkişafa yönəlik çoxsaylı
yeni ideyaların ərsəyə gəlməsində də
mühüm rol oynayır. İnkişaf
etmiş Qərb ölkələrinin timsalında qeyd edilənlərin
əyani təsdiqini göstərən çoxsaylı misallar
göstərmək mümkündür.
Sahibkarlığın bazar iqtisadiyyatı şəraitində
iqtisadi yüksəlişə verdiyi töhfəni aydın
görən Heydər Əliyevin həyata keçirdiyi sistemli
tədbirlər nəticəsində ölkədə siyasi və
makroiqtisadi sabitliyə nail olunması kontekstində özəl
sektorun formalaşması üçün həm hüquqi baza
yaradılmış, həm də dövlət tərəfindən
sahibkarlara hərtərəfli dəstək verilmişdir.
Özəl
sektorun inkişafı istiqamətində atılan mühüm
addımlardan biri bu sahədə hüquqi bazanın dünya təcrübəsinə
uyğun olaraq təkmilləşdirilməsi, ölkənin qəbul
edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında
iqtisadiyyatın inkişafına şəraitin
yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət
mexanizminin formalaşdırılması və inkişafı,
həmçinin rəqabətin qorunması ilə
bağlı müddəaların öz əksini
tapmasıdır. Sosial-iqtisadi tərəqqi
prosesində sahibkarlıq potensialının uğurla
realizasiyası üçün atılan növbəti vacib
addımlardan biri 1993-1995-ci illəri və 1997-2000-ci illəri
əhatə edən iki dövlət proqramı olmuşdur.
Həmin proqramlar iqtisadi siyasətin prioritet
istiqamətlərindən biri kimi sahibkarlığın
inkişafını, dövlətin özəl sektorun subyektlərinə
hərtərəfli dəstək göstərməsini
özündə ehtiva etmişdir. Bütün
bunlara paralel olaraq sözügedən sahəyə dövlət
nəzarət sistemi təkmilləşdirilmiş, müvafiq
qanunvericilik bazasında qabaqcıl dünya təcrübəsinə
uyğun dəyişikliklər həyata keçirilmişdir.
Ulu
öndərin 1996-cı il iyunun 17-də
imzaladığı “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə
dövlət nəzarətinin qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə” fərman
iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və
lüzumsuz xarakterli yoxlamaların sayının
azaldılmasına gətirib çıxarmışdır.
“Sahibkarlıq fəaliyyəti haqqında”, “Müəssisələr
haqqında”, “Səhmdar cəmiyyəti haqqında”, “Haqsız
rəqabət haqqında”, “Əmtəə birjası
haqqında”, “Lizinq xidməti haqqında” və digər qanunlar
ölkədə sahibkarlığın inkişafı məqsədilə
mükəmməl hüquqi bazanın formalaşmasını
təmin etmişdir. Azərbaycan Respublikasının
Sahibkarlığa Kömək Milli Fondu, Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyi, bir sıra
şəhər və rayonlarda sahibkarlığın
inkişafı mərkəzlərinin yaradılması ilə
dövlətin sözügedən iqtisadi subyektlərə dəstəyi
yeni keyfiyyət mərhələsinə qədəm
qoymuşdur.
Ulu öndər Heydər Əliyev mütəmadi olaraq
sahibkarlarla görüşür, onların
qayğılarını, problemlərini öyrənir,
mövcud çətinliklərinin həlli məqsədilə
operativ qərarlar qəbul edirdi. 1998-ci ildə
keçirilən prezident seçkilərində ulu öndərin
vəkili olmuş şəxs kimi deyə bilərəm ki, bu
görüşlər heç də protokol və ya ictimai rəy
naminə keçirilmir, praktik nəticələrlə yadda
qalırdı. İş adamları ilə
səmimi görüşlərdən biri 1996-cı ilin əvvəllərində
keçirilmişdi. Həmin
görüşdə çıxış edərək bu sahədəki
mövcud çətinliklərdən danışmış,
səmərəli nəticələrə nail olmaq
üçün bəzi təkliflər irəli
sürmüşdük. Ulu öndər
Heydər Əliyev özünəməxsus təmkinlə, həssaslıqla
həmin təklifləri dinləyərək suallar vermiş,
özəl sektorun fəaliyyətinə mane olan neqativ amillərin
aradan qaldırılması ilə bağlı aidiyyəti
dövlət qurumlarının rəhbərlərinə
tapşırıqlar vermişdi. Eyni zamanda, Heydər
Əliyev sahibkarlıq subyektlərinə dövlət büdcəsindən
güzəştli kreditlərin verilməsi, habelə dövlət-sahibkar
münasibətlərinin institusionallaşdırılması məqsədilə
Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar
Şurasının yaradılması ilə bağlı təşəbbüsümüzə
müsbət yanaşmış, belə bir qurumun
yaradılmasını dəstəkləmişdi. Bu
görüşdən az sonra ulu öndərin
sərəncamı ilə yaradılmış Şuranın məqsədi
ölkədə sahibkarlığın inkişafına nail
olmaq, iş adamlarının dövlət
başçısının yürütdüyü siyasətin
həyata keçirilməsində səmərəli, fəal
iştirakını istiqamətləndirmək, bu yolda
mövcud olan problemləri araşdırmaq və onların həlli
üçün təkliflər verməkdir.
Həyata keçirilən tədbirlər sayəsində
həmin illərdə sahibkarlıq iqtisadiyyatın səmərəli
strukturunu formalaşdıran əsas amillərdən birinə
çevrilmiş, ölkənin insan amilindən, təbii
ehtiyatlarından və texniki potensialından daxili bazarın
formalaşmasında məharətlə istifadə
olunmuşdu. Eyni zamanda, sahibkarlığın etibarlı
müdafiəsi sistemi yaradılmış, bazar infrastrukturunun
təkmilləşdirilməsi, səmərəli iqtisadi-maliyyə
mexanizminin formalaşdırılması mümkün
olmuşdur. Sahibkarlığın daha
dinamik formada inkişafını xüsusi diqqət mərkəzində
saxlayan ümummilli lider sonrakı dövrdə də özəl
sektorun ümumi iqtisadiyyatda xüsusi çəkisinin artmasına
xidmət edən yeni fərman və sərəncamlar
imzalamışdır.
Sahibkarlığın
inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə
əsassız müdaxilələrin qarşısının
alınması, korrupsiya, rüşvətxorluq və digər
vəzifədən sui-istifadə halları ilə mübarizənin
gücləndirilməsi məqsədilə 1999-cu il
yanvarın 7-də imzalanmış “Dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi və
sahibkarlığın inkişafı sahəsində süni
maneələrin aradan qaldırılması haqqında”, 2002-ci
il sentyabrın 28-də imzalanmış
“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin
qarşısının alınması haqqında” fərmanlar
tarixi əhəmiyyətə malik sənədlər idi. Həmin fərmanlarda dövlət qurumları ilə
sahibkarlıq subyektləri arasındakı problemlər tam təsvir
olunur, onların aradan qaldırılmasının konkret istiqamətləri
müəyyənləşdirilirdi. Sonuncu
fərmana əsasən, Daxili İşlər Nazirliyinin
İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin
ləğv edilməsi və məhkəmənin qərarı
olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə
müdaxiləsinin qadağan edilməsi sahibkarların
müdafiəsi istiqamətində vacib xarakter
daşıyırdı. Heydər Əliyevin 30 aprel
2001-ci il tarixli fərmanı ilə
İqtisadi İnkişaf Nazirliyinin (indi İqtisadiyyat və Sənaye
Nazirliyi) yaradılması isə sahibkarlığın
inkişafına dövlət köməyi və onun dövlət
tənzimlənməsi tədbirlərinin vahid qurumda birləşdirilməsinin
və idarə edilməsinin əsasını qoymuş və
sahibkarlığın inkişafını ümumi iqtisadi
inkişafın tərkib hissəsinə çevirmişdir.
2002-ci ilin avqust-sentyabr aylarında imzalanmış bir
sıra mühüm fərman və sərəncamlar isə
ölkədə sahibkarlığın inkişafında yeni mərhələnin
əsasını qoymuşdu. Nəticə etibarilə
ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi
sistemi daha təkmil hala gəlmiş, tək paytaxtda yox,
regionlarda da sahibkarlığın inkişafına əlverişli
şərait yaradılmış, rəqabətqabiliyyətli
məhsulların məcmu istehsal həcmi əhəmiyyətli
dərəcədə artmışdı. 2001-ci
ilin yekunlarına görə ümumi daxili məhsulda
qeyri-dövlət sektorunun payı 71 faiz təşkil edirdi.
Ümummilli
lider Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf strategiyasını son 12 ildə uğurla davam etdirən,
yeni əlavələrlə daha zəngin hala gətirən
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
kompleks tərəqqisində yeni mərhələ
yaşanır. Dövlət
başçısının həyata keçirdiyi iqtisadi
siyasətin əsas xarakterik xüsusiyyətləri onun
sosialyönümlü olması və bütün problemlərin
həllində iqtisadi aspektin ön plana çəkilməsidir.
“Müasir dövlət, güclü iqtisadiyyat,
yüksək sosial rifah” tezisi əsasında
reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf
etmiş cəmiyyət quruculuğu sahəsində
mühüm uğurların əldə olunmasına imkan
yaratmışdır.
Qlobal böhran şəraitində Azərbaycanın
iqtisadi dayanıqlılıq nümayiş etdirməsi ilk
növbədə ölkədə sahibkarlar sinfinin
formalaşması və hazırkı inkişaf səviyyəsi
ilə izah olunmalıdır. Son 12 ildə sahibkarlığın
inkişafı istiqamətində dövlət səviyyəsində
bir sıra siyasi, təşkilati, hüquqi və iqtisadi tədbirlərin
görülməsi, sahibkarlıq fəaliyyəti
üçün daha əlverişli mühitin
yaradılması məqsədilə əsaslı
islahatların aparılması da Azərbaycanda həyata
keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tələblərindən
irəli gəlmişdir.
Regionların
sosial-iqtisadi inkişafına xidmət edən (2004-2008,
2009-2013 və 2014-2018-ci illər) dövlət
proqramlarının uğurlu nəticələrindən biri də
ölkədə daha əlverişli biznes və investisiya
mühitinin formalaşması, iş adamlarının fəaliyyət
imkanlarının genişlənməsi, bölgələrin
istehsal potensialının səmərəli realizə edilməsidir.
Həyata keçirilmiş tədbirlərin
mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın
liberallaşdırılması və sərbəst bazar
prinsiplərinin dərinləşdirilməsindən ibarət
olmuş, nəticədə milli sahibkarların ümumi daxili
məhsulda xüsusi çəkisi 83 faizə
çatmışdır.
Sahibkarlığın inkişafı ilə bağlı
dövlət proqramları çərçivəsində
sahibkarlara dövlət maliyyə köməyi sistemi də təkmilləşdirilmişdir. Sahibkarlığa Kömək
Milli Fondunun fəaliyyətinin Azərbaycan
iqtisadiyyatının inkişafının prioritetləri və
mərhələlər üzrə həlli tələb olunan
vəzifələrlə uzlaşdırılması,
sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi
və bu fəaliyyətin genişləndirilməsinin təmin
edilməsi məqsədilə Azərbaycan Respublikası
Prezidentinin müvafiq fərmanları ilə 2002-ci, 2004-cü,
2005-ci, 2006-cı, 2008-ci və 2010-cu il tarixli fərmanları
ilə fondun statusu və vəsaitlərinin istifadə edilməsi
qaydaları təkmilləşdirilmiş, güzəştli
kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə
və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli
istifadə etməsinə əlverişli şərait
yaradılmışdır.
Bu günlərdə Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının Bakıda keçirilmiş 48-ci illik
toplantısında iştirak edən Azərbaycan Prezidenti cənab
İlham Əliyev ölkəmizin dinamik inkişafı ilə
bağlı bir sıra mühüm göstəriciləri diqqətə
çatdırmışdır. Dövlət başçısı
son 10 ildə ümumi daxili məhsulun 3 dəfə
artdığını, dövlət borcunun aşağı səviyyədə
olduğunu xüsusi vurğulamışdır: “Xarici borcumuz
olduqca aşağı səviyyədədir, ümumi daxili məhsulun
təqribən 10 faizini təşkil edir. Biz
milyardlarla xarici sərmayə cəlb edə bilmişik,
müstəqillik illərində bu rəqəm 200 milyard
dollara bərabər olmuşdur. Ötən il ərzində bu rəqəm 27 milyard dollar təşkil
etmişdir. Biz görürük ki, bu rəqəm
artmaqdadır və ən vacib məsələ ondan ibarətdir
ki, bu vəsaitin 70 faizi yerli sərmayədir. Bununla belə,
Azərbaycan xarici sərmayələr üçün
çox cəlbedici ölkə olaraq qalır...
...Biz
özəl sektora aşağı faizli kreditlərin verilməsi
nəticəsində bu sahənin
stimullaşdırılmasını və iqtisadiyyatın real
sektoruna sərmayələrin cəlb olunmasını davam
etdirəcəyik”.
Şübhəsiz, sahibkarlığın
inkişafı, yeni müəssisələrin istifadəyə
verilməsi həm də işsizlik probleminin həlli
baxımından vacibdir. Məşğulluq siyasətinin mühüm istiqamətlərindən
biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran
amillərin aradan qaldırılması və məşğulluq
səviyyəsinin artırılmasını
stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan kiçik və orta
sahibkarlığın inkişafına yönəlmiş tədbirlər
xüsusi əhəmiyyət kəsb edir. Ötən
illərdə məşğulluq siyasətində əsas məqsəd
əmək ehtiyatlarından daha dolğun istifadə etməklə
əhalinin səmərəli məşğulluğunun təminatından
ibarət olmuşdur. Bu məqsədə
çatmaqdan ötrü sahibkarlığın, xüsusilə
kiçik və orta sahibkarlığın inkişafı
üçün daha münbit şəraitin
yaradılması; məşğulluğun səmərəli
inkişafını təmin edən investisiya fəallığının
dəstəklənməsi; işaxtaran və işsiz vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi; qeyri-formal əmək
münasibətlərinin leqallaşdırılması istiqamətində
tədbirlər həyata keçirilmişdir. Əmək bazarında tələb və təklif
arasında dinamik uyğunluğun gücləndirilməsinə
yönəldilmiş infrastruktur təkmilləşdirilmiş,
kadr hazırlığı sisteminin, o cümlədən
peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin
fəaliyyətinin dinamik inkişaf edən əmək
bazarının tələblərinə
uyğunlaşdırılması təmin olunmuşdur.
Azərbaycan
Prezident cənab İlham Əliyevin Asiya İnkişaf
Bankının Rəhbərlər Şurasının 48-ci
illik toplantısında qeyd etdiyi kimi, “biz 9 milyondan artıq əhaliyə
malik olduğumuz ölkədə 1 milyondan artıq iş yeri
yaratmağa müvəffəq olmuşuq. Bunun nəticəsində
işsizlik çox aşağı səviyyəyə, təqribən
5 faizə enmişdir. Bizim ən böyük
nailiyyətimiz isə, düşünürəm ki,
yoxsulluğun aradan qaldırılması ilə
bağlıdır. On-on beş il
öncə bu göstərici 50 faizə bərabər idisə,
bu gün həmin rəqəm 5 faizdir”.
Azərbaycanda enerji resurslarından
asılılığın azaldılmasını, qeyri-neft
sektorunun inkişafını prioritet istiqamətlərdən
biri elan etmiş Prezident İlham Əliyev davamlı tərəqqinin
təmini baxımından respublikada güclü sənaye
potensialının yaradılmasını da vacib sayır. 2014-cü ilin
“Sənaye ili” elan edilməsi ölkənin zəngin sənaye
potensialının realizəsinə yaxşı imkanlar
açmışdır. Güclü sənaye
potensialının inkişafı üçün zəngin
xammal bazasının mövcudluğu, nəhəng və
çoxşəbəkəli sənaye kompleksinin
imkanlarının səfərbər edilməsi bu sahənin
keyfiyyət və kəmiyyət baxımından
sıçrayışına təkan vermişdir.
Sənayenin inkişafı üçün ölkədə
müvafiq qanunverici bazanın formalaşdırılması da
diqqət mərkəzində saxlanılır. Hələ 2009-cu il 14 aprel tarixli “Xüsusi iqtisadi zonalar
haqqında” qanun ölkədə sənayeləşmə
prosesinin sürətlənməsinə yeni təkan
vermişdir. Dünya təcrübəsi göstərir
ki, iqtisadiyyata, qeyri-neft sektorunun inkişafına xarici kapital
axınını, habelə beynəlxalq inteqrasiyanı sürətləndirmək
baxımından xüsusi iqtisadi zonaların yaradılması
zəruridir. Bu cür iqtisadi zonalar
xüsusi əlverişli hüquqi rejimə malik müstəqil
ərazi təsərrüfat kompleksi olmaqla yanaşı,
ölkədə beynəlxalq iqtisadi əlaqələr sisteminə
açılan səmərəli dəhlizdir. Bu dəhliz vasitəsilə ölkə
iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici
kapital, qabaqcıl texnologiya, mütərəqqi idarəetmə
üsulları cəlb edilir.
Hökumət sənayenin inkişafını stimullaşdıracaq tədbirləri də diqqət mərkəzində saxlamışdır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri tətbiq edilmişdir. Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklərin 2013-cü il yanvarın 1-dən qüvvəyə minməsi iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə, bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan vermişdir.
Ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə sənaye sahəsində zəngin ənənələri olan Sumqayıt şəhəri də tarixi şöhrətini bərpa etmək əzmindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Sumqayıta səfərləri zamanı şəhərin nəinki Cənubi Qafqazın, ümumilikdə Avropanın mühüm sənaye mərkəzlərindən birinə çevriləcəyini bildirmişdir: “Bu gün Sumqayıt Kimya Sənaye Parkının təməl daşı qoyulur. Bu, ölkəmiz üçün çox əlamətdar hadisədir. Çünki bu, yeni bir sənaye şəhəri olacaqdır... Beləliklə, gələcəkdə Sumqayıtda bütün bu zavod və fabriklərdə işləmək üçün başqa rayonlardan da işçi qüvvəsi gələcəkdir. Bu proses başlamışdır. Qonşu rayonlardan, ətraf yerlərdən indi işçi qüvvəsinin axını müşahidə olunur. Yəni Sumqayıtı mən bax belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, yaşamaq, işləmək üçün rahat, gözəl, abad bir şəhər olmalıdır”.
Son illər Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Sənaye Parkının və digər sənaye obyektlərinin istifadəyə verilməsi ölkə rəhbərinin Sumqayıta və sumqayıtlılara yüksək qayğısının göstəricisidir. Bu müəssisələrdə respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. İnanırıq ki, yüksək diqqət və qayğı sayəsində Sumqayıtın ən iri müəssisələrindən sayılan Sumqayıt Şüşə Zavodunun da əsaslı yenidənqurulması reallaşacaq, burada dünya standartlarına cavab verən keyfiyyətli şüşə istehsalı mümkün olacaqdır.
Bir sözlə, Azərbaycanın dinamik və modern inkişafının əsas ünvanlarından birinə çevrilən Sumqayıt sürətli intibahının yeni mərhələsini yaşayır. Abadlıq və quruculuq işlərinin daha geniş vüsət aldığı gənclər şəhəri günü-gündən simasını gözəlləşdirməkdə, təkcə daimi sakinlərinin yox, şəhərə gələn qonaqların xatirəsində də silinməz izlər buraxmaqdadır.
Bu gün ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik tərəqqi yoluna çıxardığı Azərbaycan regionun sürətlə inkişaf edən lokomotiv dövlətinə çevrilmişdir. Respublikamız qlobal böhranın qabarıq duyulduğu bir şəraitdə sosial-iqtisadi inkişaf tempini qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyinə töhfə verir. İnanırıq ki, tarixdə ilk dəfə keçiriləcək “Avro-2015” ilk Avropa Oyunları da Azərbaycanın iqtisadi, siyasi və fiziki-mənəvi potensialını bütün dünyaya nümayiş etdirəcək, multikulturalizm mərkəzinə çevrilmiş ölkəmizin nüfuzunu daha da yüksəldəcəkdir.
Qüdrət
KƏRİMOV,
“Xəzər”
ASC-nin sədri, iqtisad elmləri doktoru
Azərbaycan.-2015.- 8 may.- S. 7.