Füzulidə artıq savaş
yox, qürur və inkişaf məşəli alovlanır
Məşəl
İmişlidə alovlandı
I Avropa Oyunlarının məşəli sevinc, fərəh, xoş ovqat paylaya-paylaya doğma yurdumuzu dolanmaqdadır. Məşəlin keçdiyi bölgələr - Naxçıvan, Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı, Biləsuvar və digər rayonlarda bahar günlərində bayram sevinci yaşanmaqdadır.
I Avropa Oyunlarının məşəlini qarşılayan növbəti bölgə Qarabağın cənnətmisal məkanı Füzuli rayonu oldu. Mayın 7-də təntənəli qarşılanma mərasiminin keçirildiyi Horadiz şəhəri anamız vətənin yaralı yeridir. Uzun illərdir ki, Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Füzuli rayonunun xeyli ərazisini işğal altında saxlayır. Bax, elə bu gün toplaşdığımız Horadiz şəhəri müharibənin od-alovunda yandırılıb xarabazara çevrilmişdi. Horadizin yaxın keçmişindəki viranə görkəmi ilə bu gün gözqamaşdıran gözəlliyi heç cür müqayisə edilə bilməz. Mərmilərin dağıtdığı binalar, yanıb qaralmış divarlar, xaraba qoyulmuş kəndlər, qəsəbələr və bir də bu ədalətsiz müharibədə əzizlərini, doğmalarını, isti yuvalarını, rahat ev-eşiyini itirmiş insanların kədər süzülən naümid baxışları təsvir etdiyimiz o dövrün gözdağlayan canlı tablosu idi.
Nə acı ki, Füzuli camaatı ürəkparçalayan, qandonduran bu tarixi yaşayıb. Məkrli düşmənin qəfil həmləsi onu haqlasa da, yıxılmayıb, ağrı-acılara mərdliklə sinə gərib, ona arxa duran dövlətin davamlı qayğısından güc alaraq daş üstə daş qoyub, yerlə yeksan edilmiş Horadizi də, viranə kəndləri də, daha gözəl, daha yaraşıqlı və müasir formada yenidən bərpa edə biliblər. Horadizin bu gün hər kəsi heyran qoyan abad görkəmi bölgəyə dəfələrlə səfər etmiş Prezident İlham Əliyevin xüsusi qayğı və diqqətinin, rayon sakinlərinin torpağa, vətənə bağlılığının məntiqi nəticəsidir. Dövlət başçısının hər səfərindən sonra bölgənin sosial-iqtisadi inkişafını sürətləndirmək üçün Prezidentin Ehtiyat Fondundan xüsusi sərəncamla ayrılan böyük məbləğdə vəsait hesabına Horadiz bu növrağa qovuşa bilmişdir. Çox sayda məktəb və uşaq bağçaları, müasir standartlara cavab verən müalicə-diaqnostika mərkəzi, su elektrik stansiyası, Muğam Mərkəzi, Olimpiya İdman Kompleksi, şahmat məktəbi, tikiş fabriki, tarix-diyarşünaslıq muzeyi, ulu öndərə sonsuz məhəbbət və ehtiramın nümunəsi olan möhtəşəm Heydər Əliyev Mərkəzi və parkı - bu siyahını xeyli uzatmaq da olar, bunlar məhz dövlət qayğısının göstəricisidir.
Dünən isə Horadiz əsl bayram libasında idi. I Avropa Oyunlarının məşəlinin pişvazına çıxanlar sanki əziz bir el bayramına toplaşmışdılar. Yaxşı tanıdığımız, rayonun ictimai-siyasi həyatının fəal iştirakçılarından olan gənc ziyalı Bayram Niftəliyev bu qürurverici tarixin təəssüratını məmnuniyyətlə bölüşür:
- Bu gün Fizuli camaatı üçün əsl bayramdır. Bir dönüb bura toplaşan adamların çöhrəsinə baxın. Təbii ki, ancaq sevinc, fərəh görəcəksiniz. Üzü gülən, baxışlarından fərəh yağan bu adamların çörək təknəsi bu gün boldur. Evinə fasiləsiz təbii qaz, su, işıq verilir. Yeni və yaraşıqlı məktəblərimiz, xəstəxanalarımız var. Yollar rahat, kənd və qəsəbələr abaddır. Bu gün bizim Qarabağ problemindən savayı başqa bir dərdimiz yoxdur. İnanırıq ki, Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz qətiyyəti, müdrik siyasəti, dövlətimizin sürətlə artan iqtisadi və hərbi qüdrəti sayəsində bu problem öz həllini tapacaq, torpaqlarımız işğaldan azad olunaraq doğma Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. Hər bir Fizuli sakininin üəryində bu əminlik var. Yaşadığımız bu bayram ovqatı isə, heç şübhəsiz, qələbəyə olan inamımızı daha da artırır. Bugünkü sevincin, fərəhin mayasını məsələnin mahiyyətində axtarmaq lazımdır. Öz uğurları ilə dünyanı heyran qoyan Azərbaycan Avropa tarixində ilk dəfə keçirilən mötəbər idman tədbirinə ev sahibliyi edir. Bu, böyük fərəh doğurur. I Avropa Oyunlarının keçirilməsi üçün məhz Azərbaycanın seçilməsi dövlətimizin qüdrətinə, ölkədə bərqərar edilmiş ictimai-siyasi sabitliyə, bütün dünya üçün nümunə ola biləcək insan hüquqlarının sivil qaydada qorunduğu vətəndaş cəmiyyətinə göstərilən etimaddır. Bax, bizi ən çox sevindirən də elə bu məqamdır: Avropada yaxşı mənada seçilməyimiz, diqqət çəkməyimizdir. Buna görə qürur hissi keçiririk.
İzdihamdan qopan alqış dalğası məşəlin yaxınlaşdığını bildirir. Nəzərlər məşəl gətirilən yola dikilir. Məşəlçilər hazır vəziyyətə gəlirlər. Alov estafeti qəbul olunur. Məşəli qəbul edib başı üzərinə qaldıran Atamoğlan Qəhrəmanov əvvəlcədən müəyyən edilmiş marşrut üzrə yürüşə başlayır.
Məşəl keçən yol boyu çox sayda rayon sakinləri toplaşmışdır. Əllərində odunu qədim “Atəşgah” məbədindən almış məşəli, ürəklərində vətənin daha işıqlı sabahlarına yenilməz inamı qürurla daşıyan Qarabağ övladları estafeti alqış sədaları altında davam etdirirlər.
Məşəl əldən-ələ ötürülür. Məşəlçilər Əlihüseyn Yaqubov, Tariyel Əliyev, Şöhrət İmanov, Elmin Zeynalov, Bəşir Əliyev, İbrahim Nağıyev, Kamal Məmmədov, Elçin Sadıqov və Rövşən Ələsgərov bir-birini əvəzləyirlər. Beləcə, məşəl ara verməyən alqış sədalarının müşayiəti ilə nəzərdə tutulan yerə - Heydər Əliyev parkına çatdırılır. Burada qoyulmuş səhnədəki məşələ od vurulur.
Sonra alov festivalı başlanır. Respublikanın və rayonun incəsənət ustaları mərasim iştirakçıları qarşısında maraqlı proqramla çıxış edirlər.
Lazım
QULİYEV,
Azərbaycan.-2015.- 8 may.- S. 10.