Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə UNESCO-da Azərbaycanın çövkən oyununa həsr olunan sərgi
açılıb
Mayın
6-da UNESCO-da Heydər Əliyev Fondunun və Azərbaycan
Respublikasının UNESCO yanındakı daimi nümayəndəliyinin
təşkilatçılığı ilə qurumun Təcili
Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni İrs
Siyahısına daxil edilmiş Azərbaycanın Qarabağ
atüstü oyunu - çövkənə həsr olunan sərginin
açılışı və məşhur fransız
yazıçı və ekspert Jan-Lui Quronun müəllifi
olduğu “Qarabağ atı” kitabının təqdimatı
olub.
Tədbir
2015-ci il mayın 16-da UNESCO-da keçiriləcək Avropa
Muzeylər Gecəsi çərçivəsində qurumun
iqamətgahında keçirilib.
Tədbiri
açan UNESCO-nun baş direktorunun mədəniyyət məsələləri
üzrə müavini Alfredo Perez Heydər Əliyev Fonduna və
Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinə
çövkənlə bağlı möhtəşəm sərginin
keçirilməsinə görə təşəkkürünü
bildirib. A.Perez Azərbaycan Respublikasının UNESCO-nun
2003-cü il Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə
Konvensiyanın implementasiyasında aktiv rolunu yüksək qiymətləndirib.
Baş
direktorun müavini çövkənin 2013-cü ildə
UNESCO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni
İrs Siyahısına daxil edilməsini Azərbaycan Hökumətinin
qeyri-maddi irsin qorunmasına yüksək diqqətinin göstəricisi
kimi qiymətləndirib.
Azərbaycanın
UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov
Avropa Muzeylər Gecəsində 7-ci dəfə iştirak
etdiyini xatırladıb və ilk dəfə Azərbaycanın
UNESCO tərəfindən tədbirdə dəyərli qonaq
qismində iştiraka dəvət olunduğunu bildirib.
A.Kərimov
çövkənin azərbaycanlıların özünəməxsusluğunun
və xalqımızın mədəniyyətinin
formalaşmasında əhəmiyyətli rol
oynadığını qeyd edib. O, qədim çövkən
oyununun dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində,
“Dədə Qorqud” dastanında və məşhur səyahətçilərin
yazılarında əks olunduğunu diqqətə
çatdırıb. Daimi nümayəndə çövkənin
Azərbaycanın Qarabağ bölgəsinin atları ilə əlaqədar
olduğunu bildirib və qeyd edib ki, həmin ərazilərin
işğalı nəticəsində sözügedən at
növünün artımı mürəkkəbləşib.
Buna baxmayaraq, Qarabağ atlarının qorunması
üçün dövlət tərəfindən tədbirlər
görülür və çövkənin 2013-cü ildə
UNESCO-nun Təcili Qorunmaya Ehtiyac olan Qeyri-Maddi Mədəni
İrs Siyahısına daxil edilməsi onun qorunmasına əlavə
təkan verib. Çövkən oyununun artıq Qarabağ ilə
yanaşı, ölkəmizin digər regionlarında da
yayıldığı diqqətə
çatdırılıb. A.Kərimov Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti və
UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
təşkilatın dəyərlərinin təşviqində
və müxtəlif sahələrdə layihələrə
göstərdiyi dəstəyi qeyd edib və sərginin
keçirilməsində Heydər Əliyev Fondunun rolunu
vurğulayıb.
Daimi
nümayəndəliyin rəhbəri “Qarabağ atı”
kitabının müəllifi Jan-Lui Quroya gördüyü
işə görə təşəkkürünü
bildirib. Çövkən oyununun özündə həm mədəni
irsi, həm də idmanı ehtiva etdiyini və bu iki elementin
sülh və insanların yaxınlaşmasına xidmət
etdiyini vurğulayan daimi nümayəndə ölkəmizin bu
sahədə konkret fəaliyyətlərini qeyd edib. Bu
yaxınlarda Bakıda keçiriləcək III
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və
ilk Avropa Oyunları haqda məlumat qonaqların diqqətinə
çatdırılıb.
Jan-Lui
Quro çövkənin məhz Qarabağ atlarının
üstündə oynanıldığını qeyd edib və
onun UNESCO tərəfindən bəşəriyyətin
qeyri-maddi mədəni irs kimi tanınmasının Azərbaycan
üçün böyük bir uğur olduğunu
vurğulayıb. Yazıçı qeyd edib ki, Azərbaycan
Hökuməti tərəfindən Qarabağ atlarının
qorunmasına və artmasına böyük qayğı
göstərilir. O, Qarabağ atının dünyada 3 “təmiz
qanlı” at növündən biri olduğunu vurğulayıb.
Sonda
sərgidə iştirak edən UNESCO-da akkreditə olunmuş
daimi nümayəndələrə, katibliyin təmsilçilərinə,
Fransa ictimaiyyətinin nümayəndələrinə və
jurnalistlərə “Qarabağ atı” kitabı paylanıb.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.-2015.- 8 may.- S. 13.