Qarabağ şikəstəsi”nin vətəni şikəst qala bilməz...”

 

Milli Qəhrəman Ramiz Qəmbərov belə deyərdi

 

“Canımdan, qanımdan əzizdir Şuşa. Bu torpağın hər qarışından musiqi, şeir sədası gəlir. Elə təbiət də bu yerlərdən barını, bərəkətini, varını əsirgəməyib. Şəfalı sular, füsunkar mənzərələr, qədim qalalar, bürclər, bulaqlar, daşlar... Ulu bir qədimlik yağır bu diyardan. Hələ Cıdır düzünün nadir çiçəyini - Xarı bülbülü demirəm...” Milli Qəhrəman Ramiz Qəmbərovun Şuşa haqqında xatirələrindən oxuyuruq bu sətirləri. Bu yurd uğrunda, el-oba yolunda heç nəyini əsirgəmədi. Əslində, inşaat mühəndisi olmaq istəyirdi. Amma ali təhsilini yarımçıq qoydu. Özü demişkən, əgər Şuşa yoxdursa, deməli, bizim hər şeyimiz yarımçıqdır. Ömrümüz bu yolda qırılsa da, bitib-tükənsə də, zərrə qədər heyfslənmərəm...

Bu yerlərdə kimlərin izi-sorağı qalmadı, ilahi?! Şuşanın bünövrəsini qoyan Pənah xanın, oğlu İbrahim xanın, qızları Ağabəyim Ağa, Gövhər Ağa, daha sonra Məhəmməd bəy Cavanşir, böyük şairlər - Molla Pənah Vaqif, Xurşudbanu Natəvan... O qədər şəxsiyyətlər yetirib ki Şuşa. Hansını sayıb-sadalayasan? Heç Cavanşir nəslinin faciəsi sağalmamış Qarabağ savaşının ağrıları, acıları, itkiləri başladı. Ramiz Qəmbərov xatirələrində yazır ki, mən bu yurdu rəvayətlər, nağıllar, əfsanələr diyarı kimi tanıyıram. Və elə bilirəm ki, dünyanın heç bir guşəsində belə cənnətməkan ola bilməz. Bu deyimlər də yurd sevgisindən, el-obaya vurğunluqdan, bağlılıqdan yaranır. Şuşa təhlükədə olanda, erməni işğalçıları bu diyara göz dikəndə Ramiz Qəmbərov özünümüdafiə batalyonu yaratdı. Son döyüşlərə qədər bu batalyona komandirlik etdi. Şuşanın elə bir kəndi, obası, oylağı, gədiyi yoxdur ki, Ramiz o yerlər uğrunda döyüşməsin. Onun gündəliyində maraqlı bir məqam var. Yazır ki, “Qarabağ şikəstəsi”nin vətəni şikəst qala bilməz. O doyumsuz harayı, ah-naləni düşmən haradan anlasın ki?! Vallah, şikəstənin harayını eşidən adam o tərəflərə güllə atmaz. O ecazkar səsə - şikəstəyə yalnız erməni faşistləri qıya bilər.

Məşhur xanəndə Seyid Şuşinskinin bir deyimini xatırlayıram: “Şuşanın yuxarısında bir gədik var. Səhər saat beşdən altıya qədər orada bir meh əsir. Əgər adam o vaxt orada dayanıb o mehi sinəsinə alsa, hökmən səsi olacaq!” Bax, belə möcüzəli diyardır Şuşa! O yer uğrunda ölmək də olar, şəhidlik zirvəsinə yüksəlmək də.

1992-ci ildə Ramiz Qəmbərov Şuşanın təhlükədə olan kəndlərini xilas etmək üçün rəhbərlik etdiyi batalyona yeni qüvvələr cəlb edir. Özü kimi cəngavərləri, iradəli, mətin oğulları eyni cəbhədə birləşdirir. Kərkicahanın, Kosaların, Nəbilərin, Malıbəylinin müdafiəsi uğrunda gərgin döyüşlər başlayır. Ramiz deyirdi ki, biz müqəddəs ruhları, qədim məskənləri layiq olduqları kimi qorumağı bacarmalıyıq. Qara, şər qüvvələr, ləyaqətsiz qonşular bizi yurdumuzdan didərgin salmağa cəhd etsələr də, unutmasınlar ki, bu yerlər toxunulmazdır.

Ramiz Qəmbərovun sonuncu döyüş yolu Kosalar və Kərkicahandan keçdi. Ağır döyüşlərin birində yaralansa da, axıra qədər düşmənə təslim olmadı. Son nəfəsində də əsl komandir nümunəsi, lider örnəyi göstərdi. Sübut etdi ki, onu ölümlə, güllə yarası ilə qorxutmaq olmaz. Şuşanın yaraları, ən kiçik zədələri onu o qədər sarsıdır, incidirdi ki... Heç 30 il də yaşamadı. Bütün arzuları, istəkləri yarımçıq qaldı. Memar kimi Şuşanın qədim binalarını yenidən bərpa etmək, dirçəltmək istəyirdi. İstəyirdi ki, Şuşada yeni üslubdaMuğam eviinşa etsin, xalq sənəti muzeyinin eskizlərini hazırlasın... Bir-birindən işıqlı, maraqlı planları vardı Ramizin. Düşmən o planları alt-üst etsə də, Ramizin böyük Şuşa sevgisini kiçildə bilmədi. Bu gün o nəsillərin layiqli ardıcılları, davamçıları böyüyür. Böyüyür ki, Ramiz kimi təpərli, dəyərli oğulların arzuları, niyyətləri yarımçıq qalmasın.

Bakıda o qədər də böyük olmayan bir küçə var - Ramiz Qəmbərov küçəsi. Hər dəfə bu dalandan ötəndə dönüb o illəri xatırlayırsan. Ramiz Qəmbərovla bahəm Şuşa da yada düşür. O qədər xatirələr oyandı ki... “Qarabağ şikəstəsi”ni bir də eşitmək istəyirsən. Amma bu dəfə Ramiz Qəmbərovun əvəzinə. Axı, o bu şikəstəni  canı, qanı qədər sevirdi...

Bu gün də Şuşanın əsir düşən dağlarında nadir səslərin əks-sədası qalır. O kövrək duyğulu səslər bizi o yerlərə səsləyir. Elə Milli Qəhrəman Ramiz Qəmbərov da o dağların, yamacların ətrini, doyumsuz qoxusunu yadların, yağıların ümidinə qoymaq istəmirdi. İstəmirdi ki, doğma yurdumuza naşıların, naqislərin izi düşsün. Onun bir deyimi də maraqlıdır: “Mən bilmirəm, müqəddəs Qarabağ torpağı haradan başlanır? Amma təkcə onu bilirəm ki, o yerlərə şikəstənin avazı yayılırsa, deməli, oradan Qarabağ havası gəlir...”

Bəlkə də bu dünyada hər kəsi bir savab yaşadır. Ramiz Qəmbərov da yurdunu, elini-obasını qoruya-qoruya ən cavan yaşlarında Şuşanın bir daşına, naxışına döndü. Gün gələcək, Şuşanın Cıdır düzündə - Xarı bülbülün vətənində Qarabağ bülbülləri biroxuyacaq. O səsə Ramizin ruhu da gişli-gizli oyanacaq, elə onun adına da yeni nəğmələr qoşulacaq!

Milli Qəhrəman Ramiz Qəmbərov haqqında bu kiçik yazını tamamlayanda xalq yazıçısı Anarın Şuşa haqqında bir deyimini xatırladım: “Özüm də bilmirəm, Şuşanı niyə bu qədər sevirəm. Burada doğulmamışam, burada böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrəbam burada yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir. Amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı, ömrümü burada keçirərdim. Və vəsiyyət də edərdim ki, öləndə məni burada basdırsınlar...”

Çox hörmətli Anar müəllim! Şuşada yaşamaq istəyiniz kövrək və müqəddəs arzudur. İmkanım olsaydı, deyirsiniz. Təkcə onu deyirik ki, Allah sizə elə bir güc, imkan versin ki, heç olmasa Şuşada keçirilən poeziya bayramlarında, sənət məbədlərinin açılışında iştirak edə biləsiniz. O yerlərə qayıdışınızı, elə hamılıqla dönüşümüzü səbirsizliklə gözləyirik. Gözləyirik ki, yenə Cıdır düzündə ötən illərin təntənələri qurulsun, Azərbaycan Bayrağı bu yerlərdə dalğalansın! Onda təkcə sizin arzularınız yox, elə hamımızın niyyətləri, istəkləri çiçək açacaq. Milli Qəhrəman Ramiz Qəmbərovun da Şuşada əsirlikdə qalan məzarı bir heykələ dönəcək. Adını daşıyan məktəbin şagirdləri bu yerləri dönə-dönə ziyarət edəcək. Axı, 29 yaşlı qəhrəman arzularını, istəklərini axıra qədər ipə-sapa düzə bilmədi. Yarımçıq qırılan bir şəhid ömrünün ağrılarını yaşadı. Amma inanırıq ki, böyük məbədgahda - Şuşada arzularımızın həqiqətə çevriləcəyi gün gələcək!..

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2015.- 8 may.- S. 16.