Bir ömrün hekayəti
Faşizm üzərində Qələbədən
70 il keçir
Şahbaz Hüseynov... Bu ad və soyad oxucularımızın çoxuna tanış gəlməyə bilər... Bu, təbiidir... Çünki bizim həddən ziyadə praqmatikləşmiş dövrümüzdə insanlar hamını tanımır...
90 yaşlı Şahbaz Hüseynov Azərbaycanın cənnət guşələrindən olan Yardımlının sayılıb-seçilən el ağsaqqalıdır. Bu yazıda qəhrəmanımızın ömürnaməsinə üzümüzü tutub səhifə-səhifə vərəqləyəcəyik...
Ş.Hüseynov sanballı bir nəslin nümayəndəsidir. Onun babası Hacı Hüseyn çox nüfuzlu və qoçaq, fərasətli adam olub, məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevlə dostluq edib. Dostluqlarını möhkəmləndirmək, daimi etmək məqsədilə hətta qardaşlıq siğəsi də oxutdurublar. Onlar bir yerdə həcc ziyarətində olublar və məşhur milyonçunun köməyi ilə Hacı Hüseyn ata-baba yurdları Demanı Çar Aleksandrdan alıb. Azərbaycanda sovet hakimiyyəti qurulanda Hacı Hüseyn Deman, Avaş, Perinbel, Jerinbel, Gavran, Dağüzü və başqa kəndlərdən 300 nəfərədək könüllü yığıb bolşeviklərə qarşı mübarizəyə qalxıb. Ən böyük döyüş isə 1921-ci ilin may ayında Perinbel istiqamətində olub. Burada Hacı Hüseynin dəstəsi polkovnik Dalkovun batalyonunu mühasirəyə alaraq məhv edib. Lakin əlavə kömək nəticəsində bolşeviklərin gücü artır və Hacı Hüseyn məcbur olub Ərdəbilə - İranın sayılıb-seçilən xanlarından olan qayınatası Məmmədqulu xana pənah aparır. Hacı Hüseyn 1922-ci ilin may ayında Ərdəbildə dünyasını dəyişir və müqəddəs Şeyx Cüneyd qəbiristanlığında dəfn olunur.
Şahbaz Hüseynov sovet hakimiyyətinin repressiyaya məruz qalmış bir nəslinin taleyini yaşayır. Onun atası Əli Ağayev yenə Hacı Zeynalabdinin məsləhəti ilə Peterburqda hərbi məktəb bitirir. Bir müddət Romanovun alayında zabit kimi xidmət keçən Əli Ağayev Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Mehmandarovla görüşür və sərhədlərin qorunması işinin təşkilində yaxından iştirak edir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əli Ağayev bir müddət kolxoz sədri işləsə də, 1935-ci ilin bir yaz gecəsi “NKVD” əməkdaşları onların da qapısını döyür. Şahbaz atasını bir də müharibədən sonra görür...
Şahbaz Hüseynov 1941-1945-ci illər müharibəsinin iştirakçısıdır, Qafqazdan Berlinə - Reyxstaqa qədər döyüş yolu keçmiş bir qəhrəmandır. Qısa müddət müəllim kimi çalışan Ş.Hüseynov Qafqaz uğrunda döyüşlər başlayanda qanlı-qadalı müharibəyə yollanır. Onun döyüş yolu haqqında Mehdi Həsənovun “Odlarda bərkimiş ömür” məqaləsində oxuyuruq: “Şahbaz Hüseynovun döyüşdüyü 105-ci alpinist dəstəsi çətin keçilən dağlıq ərazidə öz işini müvəffəqiyyətlə başa çatdırıb 32-ci qvardiyaçı diviziyanın tərkibinə qoşuldu. Şiddətli döyüşlərdən sonra diviziya Bataysk istiqamətində irəliləyirdi. Ust-Labinsk qəsəbəsində almanların böyük dəstəsi ilə rastlaşan kiçik leytenant Şahbaz Hüseynovun vzvodu ağır döyüşə girdi. Vzvodun igid əsgərləri qəsəbənin yaxınlığındakı Naxovka kəndində düşmənin 6 tankını və xeyli əsgərini məhv etdilər. Döyüşə bacarıqla rəhbərlik etdiyinə və qoçaqlıq göstərdiyinə görə Şahbaz Hüseynov “İgidliyə görə” medalı ilə təltif olunur.
1944-cü ilin noyabrında Jitomir yaxınlığında vzvodun döyüşçüləri özlərini əsl qəhrəman kimi tanıtdılar. Noyabrın 3-də Şahbaz Hüseynovla iki nəfər döyüşçü mühüm strateji əhəmiyyətə malik olan təpəni düşməndən qoruyurdu. Hitlerçilər neçə dəfə hücuma keçsələr də, 3 nəfər qəhrəman sovet əsgərinin müqavimətini heç cür qıra bilmirdilər. Düşmən hər vasitə ilə bu mühüm mövqeni ələ keçirməyə çalışırdı. Günorta düşmən hücuma keçdi, yanında partlayan mərmi qəlpəsi onu başından ağır yaraladı. Huşunu itirən baş leytenant gözünü açanda özünü Kiyev hərbi xəstəxanasında gördü”.
Dəfələrlə yaralanmasına baxmayaraq, baş leytenant Şahbaz Hüseynov bir an belə silahı yerə qoymayıb, döyüş meydanını tərk etməyib.
Şahbaz dayının mərd sinəsi orden-medallarla
doludur. Bu
orden-medallar arasında müharibə dövründə alınanlar
da var, sovet dövründə, müstəqillik illərində
də... 1943-cü ildə aldığı “Qırmızı
ulduz” ordeni, yenə həmin ildə sinəsinə taxılan
“İgidliyə görə”, 1944-cü ildə “Qafqazın
müdafiəsinə görə”, 1945-ci il may ayının
9-da “1941-1945-ci illər Böyük Vətən müharibəsində
Almaniya üzərində Qələbəyə görə”
medalları ilə yanaşı, müstəqil dövlətimizin
“1941-1945-ci illər müharibəsi veteranı” döş
nişanı və digər onlarla orden və medallar da var.
Veteran Şahbaz Hüseynovun atası ilə bağlı
atdığı addım onu hamının gözündə
ucaldır. Atası Əli Ağayev 1936-cı ildə “xalq
düşməni” kimi həbs olunduqdan sonra Sibirə
sürgün edilir. Şahbaz
qanlı-qadalı müharibə illərində
çoxlarının cəsarət edə bilmədiyi bir
addım atır. Gənc kəşfiyyatçı
atasının azad olunması xahişi ilə Stalinə məktub
yazır. O, müharibədən qayıdanda atası
artıq evdə idi. Bu, qibtə ediləcək
bir fakt idi.
İkinci
Dünya müharibəsindən bir neçə il sonra SSRİ rəhbərliyi İranla
münasibətlərdə bəzi siyasi məqamlara görə
Deman kəndinin köçürülməsinə qərar
verir. Beləcə, Şahbaz dayının
ata-baba yurdu zorla indiki Şirvan şəhərinə
köçürülür. Şahbaz
Hüseynov bu köçürülmənin şahidi kimi bu
gün də o olayları yada salanda kövrəlir.
Ş.Hüseynov Azərbaycanın bəzi
tanınmış ziyalılarına, dövlət xadimlərinə
dərs demiş, həyatının 70 ilini pedaqoji fəaliyyətə
həsr etmiş bir ziyalıdır. O, Azərbaycan ziyalısının ən yaxşı nümayəndələrinə
xas təmiz vicdan, daxili azadlıq, həqiqətpərəstlik
və ədalət hissini həmişə özündə
qoruyub saxlayıb. Bu mənada həm müasirlərinə,
həm də gənc nəsillərə böyük bir
örnəkdir.
O, unikal
yaddaşı olan, yaşının bu çağına
baxmayaraq, hətta iki qərinədən də əvvəl
baş vermiş hadisələri detallarına qədər
xatırlayıb danışa, yaza bilən canlı bir salnamədir.
İndiki kimi yadımdadır, bir neçə il
əvvəl onunla ilk tanışlığımızda
müharibə dövründə bütün komandirlərinin
adlarını, hadisələrin baş verdiyi vaxtları, nəinki
illəri, hətta aylarına, günlərinə qədər
dəqiq xatırlaması məni heyran qoymuşdu. Şahbaz Hüseynov yaşadığı tarixi ən
incə detallarına qədər yadda saxlayan və nəsildən-nəslə
ötürən canlı salnamədir.
O,
çox yaxşı dostdur. Şahbaz Hüseynov
onunla çiyin-çiyinə döyüş meydanında
vuruşmuş bütün silahdaşlarını
xatırlayır, vətən yolunda canından keçmiş
həmin insanların adı gələndə indi də
gözləri dolur. O, dostları yolunda nələr
etdiyini danışanda bu adamın ərdəmliyinə heyran
qalmaya bilmirsən. Həyatda olmayan
dostlarının qisasını nə tribunallardan, nə həbsdən
qorxmadan almağı bacaran bir türk kişidir Şahbaz
Hüseynov.
Tale ona məşhur insanlarla görüşməyi,
onlarla ünsiyyətdə olmağı da qismət
etmişdir. Əgər müharibə dövründə Jukovla
görüşmüşdüsə, müharibədən
sonra - həm sovet dövründə, həm də müstəqillik
qazandıqdan sonra ulu öndər Heydər Əliyevlə
görüşüb. Bu günlərimizdə isə
Şahbaz Hüseynova Prezident İlham Əliyevlə, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ilə
görüşmək nəsib olub, bütün müharibə
veteranları kimi, onların diqqəti və qayğısı
ilə əhatə olunub.
Şahbaz Hüseynov ömrü boyu vətəninə,
xalqına təmənnasız xidmət edib. İstər
pedaqoq kimi, istər döyüşçü, istərsə
də ağsaqqal kimi həmişə insanlara nümunə
olub. Şahbaz müəllim həyatı
boyu düşdüyü ən mürəkkəb vəziyyətlərdə
belə vətəninin, xalqının mənafeyini hər
şeydən yüksək tutub. Bir dəfə ondan
soruşdum: “Şahbaz dayı, müharibəyə gedəndə
hansı hissləri keçirirdiniz? Axı
beş il əvvəl hökümət sizin atanızı
günahı olmadan həbs etmişdi”. Cavabı qısa
oldu: “Oğul, o vaxt belə şeyləri fikirləşmirdik. Biz torpaq, vətən uğrunda
döyüşürdük. Onda bizim
üçün Vətən Sovetlər Birliyi idi”. Bəli,
budur vətəndaşlıq məsuliyyətinin və hissinin
ən yüksək zirvəsi! Bu baxımdan
Şahbaz Hüseynov kimi insanlar həmişə göz
önündə olmalıdırlar. Ona
görə də Yardımlı rayonunda elə bir tədbir
olmaz ki, burada Şahbaz müəllim iştirak etməsin.
O, doğulub boya-başa çatdığı Yardımlı
rayonunun Veteranlar Şurasının sədri kimi ictimai fəaliyyətini
davam etdirir, oxuduqlarını, gördüklərini, bildiklərini
gənclərlə, bu təcrübəyə ehtiyacı
olanlarla bölüşür.
Ş.Hüseynov həm də bir nəslin
ağsaqqalı, gözəl ailə
başçısıdır. Onun övladları və nəvələri
də eynən özü kimi Azərbaycana, dövlətimizə,
xalqımıza bağlı insanlardır, dövlətçilyimizin
möhkəmlənməsinə öz töhfələrini
verməkdədirlər...
Şahbaz Hüseynov onlara göstərilən diqqət və
qayğıdan həmişə ağızdolusu
danışır. “Bizə göstərilən diqqətdən
narazılıq etməyə haqqımız yoxdur. Yadınızdadırsa, bir vaxtlar bizi ittiham edirdilər
ki, sovet imperiyasını qorumuşuq. Hətta 9 may Qələbə
Gününü dövlət bayramları sırasından
çıxardılar. Bunun nəticəsində
Böyük Vətən müharibəsi
iştirakçıları maddi, mənəvi, psixoloji
sarsıntılarla üzləşdi. Onların
keçdiyi döyüş yolunun misilsiz hərbi-vətənpərvərlik
nümunəsi kimi təbliğ edilməməsi bir yana, üstəlik bu insanlar dövlətin
sosial müdafiəsindən, bir sıra imtiyaz və güzəştlərdən
də məhrum olmuşdular. Ancaq ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə
1994-cü ildə Böyük Vətən müharibəsi
iştirakçılarının üzləşdikləri
tarixi ədalətsizliyə son qoyuldu. Həmin ildən 9
may yenidən Azərbaycanda Qələbə Günü kimi rəsmiləşdirildi
və dövlət bayramları sırasına daxil edildi. Müharibə iştirakçıları Heydər
Əliyevin diqqət və qayğısı ilə əhatə
olundular, veteranların sosial müdafiəsi ildən-ilə
gücləndirildi. Əsası ulu öndər
tərəfindən qoyulmuş ənənələr bu
gün Prezident İlham Əliyev tərəfindən layiqincə
davam etdirilir.
Bu qayğının davamı kimi Yardımlıda
müharibə veteranları daim diqqətdə
saxlanılır. Bu gün rayonda keçirilən elə
bir tədbir yoxdur ki, orada veteranlar iştirak etməsin. Rayonda veteranların istirahətinin və asudə
vaxtının səmərəli keçirilməsi
üçün ikimərtəbəli Veteran evi tikilib,
onların bütün problemləri rayon rəhbərliyi tərəfindən
həll edilir. Bir də ki,
Yardımlının abadlaşması, gözəlləşməsi,
övladlarımızın rifahının gündən-günə
yaxşılaşması elə bizə ən böyük
qayğıdır. İndi
Yardımlıya baxanda adamın ürəyi
açılır. Bir neçə il
bundan əvvəl rayondan çıxan hər bir kəs
qayıdıb gələndə onu tanımayacaq. Ötən il mənim ata-baba yurdum olan Demana yeni avtomobil
yolu çəkildi. Cənab Prezident İlham Əliyevin də
açılışına qatıldığı
Yardımlı-Deman-Arvana avtomobil yolunun ümumi uzunluğu 46
km-dir. Bu yol 23 yaşayış məntəqəsini əhatə
edir. Avtomobil yolu rayon mərkəzinin kəndlərlə
nəqliyyat əlaqəsinin
yaxşılaşdırılmasında, həmçinin
iqtisadiyyatın və turizmin inkişafında mühüm əhəmiyyət
kəsb edir”. Ümumiyyətlə, digər
rayonlarımızda olduğu kimi, Yardımlıda da Prezident
İlham Əliyevin tapşırıqları, tövsiyələri
yüksək səviyyədə yerinə yetirilir. Həmin tapşırıqlardan biri də Şahbaz
Hüseynov kimi insanlara sonsuz qayğı və diqqətlə
bağlıdır.
Seymur ŞEYDAYEV
Azərbaycan.-2015.- 8 may.- S. 14.