Berlinədək uzanan döyüş yolu

 

Faşizm üzərində Qələbədən 70 il keçir

 

Vilvan kəndi Lənkəran rayonunun abadiri yaşayış məntəqələrindəndir. 1941-1945-ci illər müharibəsi dövründə bu kənddən 128 nəfər döyüşə gedib. Onlardan 76-sı geri qayıtmayıb. Demək olar ki, hər ailənin ürəkləri yandıran itkisi vardır.

“Şöhrət” ordenli Ağadadaş Əbilqasım oğlu Səmədov 1924-cü ilin martında  anadan olub. Müharibənin nə olduğunu yaxşı bilir. Onu hər kəs əsl qəhrəman kimi tanıyır. Rusiyanın keçmiş prezidenti Dmitri Medvedevin 2008-ci il sentyabrın 15-də Bakıya səfəri zamanı cəsur döyüşçü Ağadadaş Səmədovla görüşü bu günyaddan çıxmır. Rusiya dövlətinin başçısı həmin gün qəhrəman döyüşçüyə müharibədən 63 il sonra - 1943-cü ildə layiq görüldüyü  ala bilmədiyi 2-ci və 3-cü dərəcəli “Şöhrət” ordenlərini təqdim etdi, ən xoş arzularını bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev keçmiş cəbhəçini layiqli təltif münasibətilə təbrik etdi. A.Səmədov böyük diqqət və qayğıya görə dövlət başçılarına minnətdarlığını bildirdi.  Dövlət başçıları qəhrəman döyüşçü ilə xatirə şəkli çəkdirdilər. Sonra o, 2010-cu ildə Moskvada Qızıl meydanda Qələbə paradında iştirak etdi.

...Ağadadaş Səmədovu Lənkəran Hərbi Komissarlığına 1942-ci il oktyabrın 26-da çağırıblar. Müharibəyə gedənə qədər Lənkəran Maşın-Traktor Stansiyasında sahə aqronomu işləyib. Rayondakı Subtropik Bitkilər Texnikumunu bitirmişdi.

Ömrünün 91-ci baharını yaşayan keçmiş cəbhəçinin sinəsi xatirələrlə doludur. 77-ci Azərbaycan atıcı diviziyasının 105-ci alıyının 3-cü batalyonu tərkibində Mozdokdan başlayan döyüş yolu onu Berlinə qədər aparıb çıxardı. Onun yaddaşına heyran qalmamaq olmur: bu qəhrəmanlıq yolu, döyüşlərin getdiyi yerlər, tarixlər necə də iz salıb qocaman cəbhəçinin hafizəsində. Gözləri qarşısında canını tapşıran həmyerliləri - cəbhə dostları, iştirak etdiyi döyüşlər, sinə gərdiyi çətinliklər, ölüm-dirim savaşları, aldığı yaralar, nələr, nələr... Xatırlayır hamısını. 1943-cü il fevralın sonunda ağır döyüşdən sonra gözlərini hospitalda açmışdı. Alman-faşist cəlladları hətta hospitallara da təyyarə ilə bomba yağdırırdılar. Döyüş yoldaşlarından bir çoxu bu vəhşiliyin qurbanı olmuşdu. Qonşu hospitalda yatan dostu Fətiağanı və daha 16 yaralını ələ keçirən faşistlər onları diri-diri yandırmışdılar. Ağadadaş kişi indinin özündə də olub-keçənləri sakit xatırlaya, qəzəb və nifrətini gizlədə bilmir.

Bu hadisə isə 1943-cü il aprelin 15-də Krasnodarda baş vermişdi. Çayı keçərkən düşmən hücumuna məruz qaldılar. Başını qaldıranı qamışlıqda gizlənmiş düşmən pulemyotçusu hədəfə alırdı. İrəli hərəkət etmək qeyri-mümkün idi. Rota komandiri A.Səmədovu yanına çağırdı:

- Xəzərin sahilində böyüyən suda üzməyi bacarar, - dedi cavab gözləmədən faşist pulemyotçusunu susdurmaq əmrini verdi.

Ağadadaş kişi elə danışır ki, o çətin tapşırıq, barmaqlarının donunu açmaq üçün əllərini ağzına aparması, qumbaranı hədəfə tərəf tullaması ilə pulemyotla bərabər pulemyotçunun da havaya uçması göz önündə canlanır.

Həmin ilin avqustu, noyabrın 3-ü 6-sı... Kiyevin faşistlərdən təmizlənməsi. Yaralı ola-ola dözüm göstərib atışmanı davam etdirməsi. Yenidən hospital.

171-ci diviziyanın 388-ci polkunun tərkibində hərbi xidmətinə davam edən Ağadadaş Səmədov Dubin ətrafındakı döyüşdə cəsurluq göstərir. Bir gün yox, bir dəfə yox! O deməsə , biz döyüşçümüzün qəhrəman kimi tanındığını başa düşürük. Təkbaşına döyüşdə düşmənə sonsuz tələfat verən Ağadadaşın cəsurluğu sayəsində polk öz döyüş mövqeyini yaxşılaşdırmış igid döyüşçünü düşmənin cəngindən son anda qurtarmışdı. Bəs necə?! Bu, Azərbaycan atıcı diviziyası idi. 1941-1945-ci illər müharibəsində Azərbaycan nefti kimi böyük görmüş, yurddaşlarımızın birləşdiyi şanlı ordu! Həmin döyüşdən sonra A.Səmədov 3-cü dərəcəliŞöhrətordeninə təqdim edilir.

1944-cü ilin yayı. Qərbi Ukrayna. 2-ci dərəcəliŞöhrətordeni. Döyüş yollarında saysız-hesabsız əməliyyatlar, ağır tapşırıqlar... 1945-ci ilin qışı. Visla-Oder əməliyyatı. Krakov azad edilir. Avropanın faşizmdən təmizlənməsi uğrunda qanlı döyüşlər gedir. Ağadadaş şəxsi şücaətinə görə 1-ci dərəcəliŞöhrətordeninə təqdim edilir.

Qələbəyə bir neçə gün qalmış Berlində gedən döyüşlərdə qəhrəmanımız ayağından yaralanır. Yaralıları Ukraynaya aparan qatar meşənin içindən keçərkən qəflətən dayanır. Qələbə xəbəri - xəbərlərin ən gözəli! Yaralı cəbhəçilər bir andaUra!” deyə sevinclə qışqırmış, ağrılarını unudaraq yaxşıca bayram etmişdilər.

Veteran döyüşçü, 91 yaşlı Ağadadaş Səmədov 13 övlad atasıdır, 40-dan çox nəvəsi, 20-dən çox nəticəsi var. Özünü yaxşı hiss edir. Müxtəlif tədbirlərdə, gənclərlə, məktəblilərlə görüşlərdə iştirak edir, onların vətənpərvərlik ruhunda böyüməsi üçün  həmişə müharibə xatirələrindən söhbət açır.

 

Etibar ƏHƏDOV

Lənkəran

Azərbaycan.-2015.- 8 may.- S. 14.