I Avropa Oyunları Heydər
Əliyevin idman siyasətinin təntənəsidir
I Avropa Oyunlarına 34 gün
qaldı
İdman
elə bir sahədir ki, idmançılarımız müxtəlif
ölkələrdə yarışlarda iştirak edir, qələbələr
qazanırlar və hər dəfə müstəqil Azərbaycanın
adını ucaldırlar. Müstəqil Azərbaycanın
himni çalınır, müstəqil Azərbaycanın
bayrağı qaldırılır və müstəqil Azərbaycan
dünyanın müxtəlif ölkələrində
tanınır. Demək olar ki, idman kimi Azərbaycanın
müstəqilliyinin rəmzlərini nümayiş etdirən
ikinci bir vasitə yoxdur.
Heydər
ƏLİYEV
Azərbaycan
idmanının təşəkkül dövrünə və
təbliğinə nəzər salsaq, Heydər Əliyev siyasətinin
unudulmaz, bənzərsiz və tarixi xidmətlərinin, heyrətamiz
fəaliyyətinin xarüqələr
yaratdığının şahidi olarıq.
Bu mənada
Azərbaycan idmançılarının hələ sovet
dövründə Olimpiya oyunlarında qazandıqları
uğurlardan danışarkən qeyd etməliyik ki, məhz ulu
öndər Heydər Əliyevin təşəbbüs və
uzaqgörənliyi sayəsində ötən əsrin 70-80-ci
illərində ölkəmizdə idmanın inkişaf sahəsində
görülən işlər həmin nailiyyətlərin əldə
edilməsində böyük rol oynayıb.
Dövlət
müstəqilliyinin ilk illərində özünü
bütün sahələrdə qabarıq göstərən
ideoloji-siyasi, iqtisadi böhran səbəbindən idman siyasəti
tamamilə diqqətdən kənarda qalmışdı. Hələ
sovetlər dövründə qazandığı müvəffəqiyyətlərlə
məşhurlaşmış adlı-sanlı, perspektivli
idmançılarımızın böyük əksəriyyəti
dözülməz şərait ucbatından ölkəmizi tərk
etmək məcburiyyətində qalmışdılar.
İdmana tarixən marağın güclü olduğu Azərbaycanda
vəziyyətin belə acınacaqlı şəkil alması
gənclərin qeyri-sağlam həyat tərzinə, zərərli
vərdişlərə aludəçiliyinə, bir sözlə,
mənəvi aşınmasına səbəb olur, müharibə
vəziyyətində yaşayan məmləkətdə fərarilik
hallarının çoxalmasına şərait
yaradırdı. Digər tərəfdən, ulu öndər
Heydər Əliyevin vaxtilə xalqa ərməğan etdiyi
idman kompleksləri baxımsızlıq ucbatından
dağıdılmış, idmanımız taleyin ümidinə
qalmışdı. Bunun subyektiv səbəbləri daha
çox idi. O illərdə idman sahəsində
yaranmış vəziyyətə münasibət bildirərkən
Heydər Əliyev demişdi: "1990-1993-cü illərdə
Azərbaycanda bütün idman qurğuları
dağıdılmışdı. Azərbaycanın ən
böyük stadionu bərbad vəziyyətə
salınmışdı. Ayrı-ayrı adamlar orada müxtəlif
bazarlar, dükanlar açmışdılar, oranı
kababxanaya döndərmişdilər. Bilin, mən bu məsələ
ilə tanış olanda Azərbaycanda çox şeylər
dağıdılmışdı. Amma Azərbaycanın gəncliyi,
idmanı üçün ən vacib olan bu stadionun
dağıdılması məni həddindən artıq
incitdi."
Ümummilli
lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra idmanın inkişafı
dövlət siyasətinin prioritet istiqamətindən birinə
çevrildi. Beləliklə də, bu sahədə yüksəlişin
əsası qoyuldu. Azərbaycanın bir idman ölkəsi kimi
beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına
qoşulması geniş vüsət aldı. Çox qısa
zamanda həyata keçirilən mühüm tədbirlərin
nəticəsi olaraq idmançılarımız tədricən
möhtəşəm qələbələrə imza
atdılar. 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər
idmançı ilə qatılan Azərbaycanın 197 ölkə
arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq
olimpiya hərəkatında ilk nailiyyəti idi.
Heydər Əliyevin Azərbaycanın
idman siyasətinin həyata keçirilməsi sahəsindəki
xidmətləri əvəzsizdir. Ulu öndər
idmançıların cəmiyyət həyatındakı
rolunun artması, özlərinə layiqli yer tutmaları
üçün əlindən gələni əsirgəməmişdir.
Dövlətin idman siyasətinin həyata keçirilməsi
üçün 1994-cü ildə Heydər Əliyevin fərmanı
ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu
mənada 1994-cü ili respublikanın idman həyatında
dönüş ili adlandırmaq olar. 1995-ci il martın 5-də
Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana
əsasən, Azərbaycan Respublikası əhalisi arasında
sağlam həyat tərzinin təbliğ edilməsi və bədən
tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi,
bu sahədə ümumxalq yardımının təşkil
olunması məqsədilə gənclərin idmana
marağını artırmaq və Azərbaycan
idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin
yaratmaq üçün fond yaradıldı.
Ulu
öndər ölkə həyatının müxtəlif sahələrində
əldə olunmuş nailiyyətlər sırasında
idmançılarımızın beynəlxalq arenalarda
qazandıqları uğurları yüksək qiymətləndirmiş,
idman zəfərlərinin böyük dəyərinin
olduğunu daim qeyd etmişdir. 1995-ci ilin dekabrında beynəlxalq
yarışlarda yüksək nailiyyətlər qazanmış
idmançılarla görüşündə Heydər
Əliyev demişdir: "Ötən illərdə bizim itkilərimiz
çox olmuşdur. Ancaq nailiyyətlərimiz də az deyildir.
Bu nailiyyətlər içərisində idman sahəsində,
beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər
çox qiymətlidir. Onların qiyməti Azərbaycan
xalqının təkcə fiziki cəhətdən yüksək
keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən
ibarət deyildir, həm də müstəqil Azərbaycan
Respublikasını dünyada tanıtmaqdan ibarətdir".
Ölkəni
tanıtdıra biləcək idmançıların
yetişdirilməsinin müxtəlif amillərdən
asılı olduğunu qeyd edən Heydər Əliyev bu
işi yalnız idmançı və məşqçinin əməyi,
səyi ilə bağlamaq istəyənlərlə, Azərbaycanda
idman ənənəsinin olmamasına istinad edənlərlə,
ölkədə bu və ya digər idman növünün
inkişaf etdirilməsini qeyri-mümkün sayanlarla heç
vaxt razılaşmamışdır. Ulu öndər
çıxışlarından birində demişdir:
"Çox narahat olurdum ki, niyə bizim idmançılar
yüksək adlar ala bilmirlər? Bizə cürbəcür
izahatlar verirdilər. Bəzi adamlar hətta belə hesab edirdilər
ki, guya Azərbaycan xalqının, Azərbaycan millətinin
idman ənənəsi zəngin olmadığına görə,
böyük olmadığına görə və onun
böyük tarixi olmadığına görə bizim azərbaycanlılar
bu yüksək adları ala bilmirlər. Bəzən belə
deyirdilər ki, məsələn, güləşdə bizim
azərbaycanlılar müəyyən bir çempion adı
ala bilərlər, amma başqa idman növlərində ala
bilmirlər. Düzü, o illər mən bu fikirlərlə
daxilən razı olmurdum və açıq da deyirdim ki, bunlar
doğru fikirlər deyildir. Bizim xalqımız, millətimiz
fiziki cəhətdən, genetik cəhətdən çox sağlam
xalqdır, çox sağlam millətdir. Buna görə də
ola bilməz ki, bizim idmançılar yüksək nailiyyətlər
qazana bilməsinlər".
Ulu
öndər eyni zamanda, Azərbaycanda idmanın kütləviliyinə
nail olmaq, bədən tərbiyəsi və idmanı geniş
coğrafi məkanda inkişaf və təbliğ etdirmək,
yüksək nailiyyətlər qazanmaq və dünya
şöhrətli idmançılar hazırlamaq
üçün bu sahə ilə birbaşa məşğul
olan qurumlar qarşısında konkret vəzifələr
qoymuşdu. İdmanın inkişafı üçün həyata
keçirilməli əsas tədbirlər sırasına
mövcud idman bazalarının, stadionların, meydança və
zalların qorunması, bərpası və təyinatı
üzrə istifadəsinin təmin edilməsi, yeni idman
bazalarının, meydançalarının, stadion və
zalların tikilməsi, zəruri avadanlıqlarla təchizatı,
idman klublarının açılması, mütəxəssislərin
yetişdirilməsi, ölkə birinciliklərinin və digər
yarışların keçirilməsi,
idmançılarımızın beynəlxalq
yarışlarda iştirakının təmin edilməsi,
yüksək nəticələri olan idmançılara diqqət
və qayğı göstərilməsi, ölkəmizdə
beynəlxalq yarışların keçirilməsi, uşaq və
yeniyetmələrin daha geniş miqyasda idmana cəlb
olunması daxil edilmişdi.
Çox
qısa zamanda həyata keçirilən mühüm tədbirlərin
nəticəsi olaraq idmançılarımız tədricən
möhtəşəm qələbələrə imza
atdılar, üçrəngli bayrağımız beynəlxalq
arenalarda dalğalanmağa başladı. Heydər Əliyev
idmanın, bədən tərbiyəsinin inkişafını
hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü
olmaqla yanaşı, həm də dövlətin beynəlxalq
nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi.
Ulu öndər idmanın dövlətimizin dünyada tanınmasında,
imicinin möhkəmlənməsində müstəsna rolunu
önə çəkərək deyirdi: "İdman, bədən
tərbiyəsi xalqın sağlamlığı ilə
bağlı olan mühüm sosial sahədir. Azərbaycan
bayrağı dünyada, demək olar ki, iki dəfə
qaldırılır. Bu, bir Azərbaycanın dövlət
başçısı hər hansı ölkəyə gələrkən
və bir də idmançılarımız beynəlxalq
yarışlarda çempion adını qazanarkən baş
verir. Azərbaycan himni səslənir, dövlət
bayrağı qaldırılır".
Məhz
Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanda
idmanın inkişafı sahəsində mühüm nailiyyətlər
əldə edildi. İdmançılarımız ən
mötəbər yarışlardan vətənə
qızıl medallarla qayıtmağa başladılar. Qısa
zaman kəsiyində Azərbaycan idmançılarının
qazandıqları qızıl medalların sayı 70 illik sovet
dövründə qazandığımız qızıl
medalların sayını ötüb keçdi. Azərbaycanda
bədən tərbiyəsi və idman vahid qüvvəyə
çevrildi. Ölkədə böyük quruculuq erası
başlandı. Sidney Olimpiya Oyunlarından sonra istifadəyə
verilən ilk olimpiya idman kompleksinin
açılışına təşrif buyurmuş Beynəlxalq
Olimpiya Komitəsinin prezidenti Jak Roqqun: "Məndən bu
regionda idmanın inkişafını soruşduqda,
böyük məmnuniyyətlə sizin ölkənizi
nümunə göstərirəm" deməsi artıq ilk
böyük qiymət idi və onun təsdiqini sonra dəfələrlə
ən yüksək zirvələrdən eşitdik.
Davamlı
olaraq Olimpiya oyunlarındakı nəticələr, ildən-ilə
artan medal sayı, Azərbaycanın dünya və qitə
çempionatlarının, qran-pri və kubok
yarışlarının, olimpiya təsnifat turnirlərinin ev
sahibinə çevrilməsi, mütləq ənənəyə
çevrilmiş və ölkənin dörd bir yanında
inşa olunan idman qurğularının hər birinin misalı
qeyd etdiyimiz ənənələr məktəbinin,
böyük irsin təntənəsidir.
Uğurlu
idman siyasətinin nəticəsi olaraq Azərbaycan bu gün
dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş,
idmançılarımız isə əsas rəqib kimi qəbul
olunurlar. Ölkəmizin qısa müddətdə idman sahəsində əldə
etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və
Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən
yayınmamışdır. Məhz beynəlxalq idman təşkilatlarının
istəyi ilə ölkəmizdə onlarla olimpiya lisenziyalı
beynəlxalq turnirlər, mötəbər yarışlar,
dünya və Avropa çempionatları keçirilmişdir.
Onlardan
ən mötəbəri isə
tarixdə ilk dəfə təşkil olunacaq Avropa
Oyunlarıdır. Bu, Azərbaycan və Avropa idmanının həyatında
mühüm və əlamətdar hadisə kimi tarixə
yazıldı. İlk Avropa Oyunlarının Azərbaycanda
keçirilməsi ulu öndər Heydər Əliyevin idman
siyasətinin təntənəsi kimi dəyərləndirilir.
Əminliklə söyləmək olar ki, bu, Heydər
Əliyevin düşünülmüş və gələcəyə
hesablanmış siyasətinin nəticəsidir.
Çünki ümummilli lider Heydər Əliyevin ölkədə
bədən tərbiyəsi və idmanın inkişafı sahəsində
gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı
dünyaya idman ənənələri olan ölkə kimi də
tanıtdırıb.
Elçin CƏFƏROV,
Azərbaycan.-2015.- 9 may.- S.1;11.