Heydər Əliyev strategiyası Azərbaycanın hərtərəfli inkişafının təməlidir

 

 

"...Azərbaycanın iqtisadiyyatı bütün sahələrdə ildən-ilə inkişaf edir və yaranmış əsas gələcək inkişaf üçün böyük zəmindir".

Heydər ƏLİYEV

 

Azərbaycan Respublikasının hazırkı dayanıqlı inkişafı və hərtərəfli tərəqqisinin əsası xalqımızın ümumilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, gələcək inkişaf üçün möhkəm təməl yaradılmışdır. Vaxtilə Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi islahatlar olmasaydı, Azərbaycanın hazırkı inkişafı ancaq xəyal olaraq qalardı. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahədən danışanda dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin adı çəkilməsin.

Məhz onun ölkəmiz və xalqımız qarşısındakı misilsiz xidmətləri sayəsində müasir Azərbaycan dövləti qurulmuş, dövlətçiliyimizin siyasi, iqtisadi əsasları yaradılmış, ölkəmiz dünyada öz layiqli yerini tutmuşdur. Təsadüfi deyildir ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövr müstəqilliyimizin əbədi və dönməz xarakter alması, dövlətçiliyimizin möhkəmlənməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuş, Heydər Əliyevə fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazandırmışdır.

Ulu öndər bütün həyatı boyu Vətənimizin gələcəyini düşünmüş, Azərbaycanın müstəqilliyinin əbədiliyinə, ölkəmizin hərtərəfli inkişafına bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini müəyyənləşdirmişdir: "...Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir". Bu siyasi xətt - fəaliyyət prinsipi 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanın iqtisadi inkişafının əsaslarının yaradılması, zəngin iqtisadi potensialının ölkənin gələcək inkişafına, xalqın rifahının yüksəlməsinə yönəldilməsi prosesinə start verildi. Azərbaycanın Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrilməsi üçün bütün sahələrdə geniş islahatlar aparan Heydər Əliyev zəngin idarəçilik təcrübəsi sayəsində o dövrdə Azərbaycanın tarixində böyük dönüş yaratdı. Ulu öndərin gərgin fəaliyyəti və qətiyyəti sayəsində Azərbaycanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edəcək kompleks inkişaf proqramlarının icrasına başlandı, iqtisadi və digər sahələrdə SSRİ rəhbərliyi səviyyəsində əlverişli qərarların qəbuluna nail olundu.

Dahi siyasət korifeyinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri aparıldı, Azərbaycan sovet respublikaları arasında xammal mənbəyi sayılan aqrar respublikadan inkişaf etmiş sənaye ölkəsinə çevrildi, sənaye və kənd təsərrüfatının bütün sahələrində inkişafa nail olundu, yeni sənaye sahələri yaradıldı, istehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqeyə yiyələndi, istehsal olunan məhsulların keyfiyyəti yaxşılaşdı. 1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sənaye sahələri yaradıldı. Əgər XIX əsrdən 1969-cu ilədək (təxminən 100 il ərzində) Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, 1969-1982-ci illərdə onların sayı 1048-ə çatdırıldı. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərindən geniş istifadə sayəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradıldı. Bu dövrdə Azərbaycanın ixrac potensialı da artdı, sənaye və kənd təsərrüfatı məhsulları təkcə İttifaq respublikalarına deyil, xarici dövlətlərə də ixrac olunmağa başlandı. Həmin illərdə Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Heydər Əliyev 1970-ci illərdə neft sənayesinin bütün sahələrinin inkişafına da xüsusi diqqət yetirirdi. Məhz ulu öndərin rəhbərliyi ilə neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, "qara qızıl"ın Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsinin əsası qoyulmuşdur. Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Ötən əsrin 70-80-ci illərində sənayenin inkişafı sahəsində görülmüş işlər və yaradılmış infrastruktur Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra da ölkəmiz üçün çox əhəmiyyətli olmuşdur.

Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə - 1969-1982-ci illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri də respublikanın elektrik enerjisi ilə təminat səviyyəsinin artırılması, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasıdır. Məhz həmin illərdə Azərbaycanın hər kəndinə, hər evə elektrik xətti çəkildi. Əgər 1969-cu ildə Azərbaycan elektrik enerjisi alan ölkə idisə, 1982-ci ildə artıq o, elektrik enerjisi satan respublikaya çevrildi, elektrik stansiyalarının sayı və gücü xeyli artırıldı.

XX əsrin 60-cı illərinədək iqtisadiyyatın ənənəvi sahəsi olan kənd təsərrüfatı sahəsində əsas göstəricilər üzrə Azərbaycan müttəfiq respublikalar arasında sonuncu yerlərdən birini tuturdu. Belə ki, kənd təsərrüfatında məhsuldarlıq aşağı idi, aqrar məsələlərin həllində elmi nailiyyətlərdən çox zəif istifadə edilirdi, bu sahə üzrə demək olar ki, yüksək ixtisaslı kadrlar hazırlanmırdı. Ulu öndərin uzaqgörən və müdrik siyasəti sayəsində Azərbaycan qısa zamanda Sovet İttifaqında qabaqcıl kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük respublikasına çevrildi. 1976-1980-ci illərdə kənd təsərrüfatı ümumi məhsulunun artımına görə Azərbaycan SSRİ-də 15 müttəfiq respublika arasında birinci yerə çıxdı.

Heydər Əliyevin rəhbərliyi ilə o dövrdə ölkəmizdə aparılan sürətli inkişaf tikinti-quraşdırma, nəqliyyat, infrastruktur sahələrinə də təsirsiz ötüşmədi. Bu gün paytaxt Bakıda, eləcə də Azərbaycanın rayonlarında  tikilən yüzlərlə yaşayış binası, iri istehsal kompleksləri, su anbarları, yaşıllıq və istirahət zonaları və s. məhz Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsidir. Ulu öndərin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 1969-1982-ci illərdə respublika əhalisinə 376,1 min yeni tikilmiş mənzil verilmişdi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə yeni mənzillə təmin edilməsinə imkan yaratmışdı.

Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına çevrilməklə yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə də müsbət nəticələr əldə etdi. Ulu öndər bilirdi ki, Azərbaycanın inkişafı onun iqtisadi qüdrətinin artması ilə yanaşı, elm və mədəniyyətin, ən əsası isə insan potensialının inkişafından asılıdır. Heydər Əliyevin səyi nəticəsində o dövrdə minlərlə azərbaycanlı gəncin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaları üçün şərait yaradıldı. Müstəqillik dövründə həmin mütəxəssilərin bilik və bacarıqları ölkə iqtisadiyyatının yenidən bərpa olunmasında xüsusilə əhəmiyyətli oldu.

Azərbaycanın inkişaf tarixinin dinamikası bir daha təsdiq edir ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr əslində respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. 1970-ci illərdən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Ötən əsrin son onilliyində Azərbaycan müstəqilliyini yenidən bərpa etdi. Lakin müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və beləliklə, ölkə iqtisadiyyatı idarəolunmaz vəziyyətə düşmüşdü. Yeni dövrün tələblərinə uyğun iqtisadiyyatın qurulmaması, yerli və İttifaq miqyasında olan müəssisələr arasında mövcud əlaqələrin qırılması, ölkənin iqtisadi, siyasi, informasiya blokadasına alınması nəticəsində 1990-cı illərin əvvəllərində ÜDM-in, sənaye istehsalının, xarici ticarət dövriyyəsinin həcmi azalmış, inflyasiya idarəolunmaz səviyyəyə çatmışdı. İstehsal sahələrinin sıradan çıxması nəticəsində işsizlik səviyyəsi artmış, əhalinin pul gəliri azalmışdı.

Azərbaycanın gələcək taleyinin müəyyən olunduğu belə bir ağır zamanda dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Azərbaycanı xaos və böhrandan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Hakimiyyətə "Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm" prinsipi ilə qayıdan Heydər Əliyev ömrünün sonunadək bu strateji xəttə sadiq qaldı. Bu gün də tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ümummilli liderin şəxsi müdaxiləsi, prisipiallığı olmasaydı, Azərbaycan adlı dövlət dünya xəritəsində olmazdı.

Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Azərbaycan dövlətini labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün kompleks tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində əsaslı dəyişikliklər edilməsi üçün mühüm addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Azərbaycanın gələcək inkişafına istiqamətlənmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Heydər Əliyevin başlatdığı irimiqyaslı iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə vəziyyəti sabitləşdi, iqtisadiyyata investisiyalar cəlb olundu, xalqın həyat səviyyəsi yaxşılaşdı.

İslahatların uğurla aparılması üçün sovet dövründən qalmış qanunların müasirləşdirilməsi, habelə yeni qanunların qəbulu son dərəcə vacib idi. Genişmiqyaslı islahatlara başlayan ulu öndər yaxşı bilirdi ki, bu prosesin ağrısız keçməsi, vətəndaşların mənafeyinə ziyan vurulmaması üçün ilk növbədə mükəmməl qanunvericilik bazası formalaşdırılmalıdır. Qanunvericilik təşəbbüsü əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanunların Milli Məclisin müzakirəsinə göndərən Heydər Əliyev onların demokratik prinsiplərlə və aşkarlıq şəraitində müzakirəsini də vacib sayırdı. Bu dövrdə qəbul olunmuş iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir. Bu normativ-hüquqi sənədlərin başlıca məqsədini müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, bazar iqtisadiyyatının formalaşdırılması, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların sosial və iqtisadi hüquqlarının daha dolğun təmin edilməsi təşkil edirdi. Ümumilikdə isə 1993-2003-cü illərdə qəbul edilmiş 1715 qanun və qərardan 975-i ümummilli lider Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında parlamentə təqdim olunmuşdu.

Ümummilli liderin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş Azərbaycanın qapılarını dünyanın üzünə açdı, bu sahədə yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da qoydu. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Azərbaycanın enerji daşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi Heydər Əliyevin neft strategiyasının ən böyük uğurlarından biridir.  Bu gün bütün dünya etiraf edir ki, Heydər Əliyevin uzaqgörənliyi, mübarizliyi olmasaydı, Bakı-Tibilisi-Ceyhan da olmazdı. Azərbaycanın iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına təkan vermiş və çox böyük siyasi maneələr dəf edilməklə reallaşdırılmış Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə şübhə ilə yanaşanlara cavab olaraq Heydər Əliyev demişdir: "Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri var, olacaq və yaşayacaqdır. Bu, elə bir neft kəməridir ki, yüz il, bəlkə də ondan da çox yaşayacaqdır". Eyni zamanda, Azərbaycan qazının Qərb bazarına ixracının təmin olunması üçün ulu öndərin  təşəbbüsü ilə Cənubi Qafqaz Boru kəmərinin inşasına başlanıldı.

Ümummilli lider 1999-cu ildə neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondunun yaradılması ilə bağlı fərman imzaladı. Fəaliyyətinin əsasını Heydər Əliyevin "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur" fəlsəfəsi təşkil edən Dövlət Neft Fondunun başlıca məramı neft və qaz hasilatından əldə olunan vəsaitlərin səmərəli idarə edilməsidir. Ulu öndərin müdrik qərarı ilə Dövlət Neft Fondundan ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. Hazırda beynəlxalq təşkilatlar tərəfindən fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir.

Heydər Əliyev strategiyasına uyğun olaraq, neft-qaz sənayesi iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət sayəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin müdrik, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı iqtisadi siyasət nəticəsində neft-qaz sənayesi ilə yanaşı, elektrotexnika, maşınqayırma, kimya və digər sahələrin də inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirildi.

Ümummilli liderin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri infrastrukturun inkişaf etdirilməsi olmuşdur. Bu baxımdan Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəqliyyatın inkişafı siyasətinin mərkəzində ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı, eləcə də milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası dururdu. Bu məqsədlə TRASEKA, Şimal-Cənub nəqliyyat dəhlizi, İNOGEYT proqramının həyata keçirilməsinə başlanıldı. Nəticədə Azərbaycan Xəzər regionunda əsas multimodal nəqliyyat qovşağına və beynəlxalq əhəmiyyətli neft-qaz tranziti ölkəsinə çevrildi.

Ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, aqrar islahatların həyata keçirilməsi, sovxoz və kolxozlara məxsus torpaqların, mal-qaranın və əmlakın kəndlilərə paylanması, qiymətlərin sərbəstləşdirilməsi və s. tədbirlər aqrar bölmənin inkişafına təkan vermiş, kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri aparılmış, yeni sahələr yaranmış, məzmunca fərqli münasibətlər formalaşmışdır. Ulu öndərin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı kənd təsərrüfatını 1990-cı illərin əvvəllərindəki böhranlı vəziyyətdən xilas etdi və gələcək inkişafının əsasını qoydu. Aparılan torpaq islahatları nəticəsində 1350 min hektardan çox torpaq sahəsi əvəzsiz olaraq kəndlilərə paylandı, kolxoz və sovxozların yerində fermer təsərrüfatları yaradıldı. Bütün qeyd olunan tədbirlərin həyata keçirilməsi nəticəsində bu gün aqrar bölmədə özəl sektorun xüsusi çəkisi demək olar ki, 100%-ə çatıb.

1995-ci ildən etibarən ölkədə aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini də dövlət mülkiyyətinin özəlləşdirilməsi və azad sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması təşkil edirdi.

Özəlləşdirilmiş torpaqlarda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmin olunması məqsədilə ümummilli liderin təşəbbüsü ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara uzunmüddətli vergi tətillərinin verilməsinə başlandı və bu proses hazırda da davam edir. Belə ki, indi də kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər torpaq vergisindən başqa, bütün digər vergi ödəmələrindən azaddırlar. Kənd təsərrüfatının inkişafı sahəsində ulu öndərin başladığı işlər sonrakı illərdə də uğurla davam etdirilmiş, Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi böyük diqqət və qayğı sayəsində Azərbaycan öz ərzaq təhlükəsizliyini təmin edən ölkəyə çevrilmişdir.

"Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur" - deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı. Ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişafı strategiyası özəl bölmənin inkişafına yönəlmiş tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması, dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması ilə xarakterizə edilir. Qəbul olunmuş dövlət proqramlarının bu sahənin inkişafında xüsusi rolu oldu, kiçik və orta sahibkarlığın inkişafını iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevirdi. Heydər Əliyevin rəhbərliyi ilə sahibkarlıq infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atıldı, sahibkarlara maliyyə dəstəyi və zəruri texniki yardım göstərən strukturlar formalaşdı. Sahibkarların vergi yükünün azaldılması məqsədilə mənfəət və əlavə dəyər vergisinin dərəcələri aşağı salındı, kiçik sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi tətbiq edilməyə başlandı. Dövlət mülkiyyətinin özəlləşdirilməsinin qanunvericilik bazası yaradıldı və bu sahədə müvafiq dövlət proqramları təsdiq olundu.

Ümummilli liderin ölkənin gələcək inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrdən biri də regionların tarazlı və davamlı inkişafının təmin edilməsi olmuşdur. Heydər Əliyev Azərbaycanın davamlı inkişafı baxımından regionların inkişafını və bölgələrdəki potensialdan səmərəli istifadəni vacib hesab edirdi. Bu baxımdan, 1995-2003-cü illər regionların sürətli sosial-iqtisadi inkişafına hazırlıq mərhələsi kimi dəyərləndirilir. Bazar münasibətlərinin geniş vüsət alması, hərtərəfli iqtisadi islahatların aparılması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, milli sahibkarlar sinfinin formalaşması ilə regionların hazırkı inkişafına əlverişli zəmin yaradıldı. Heydər Əliyev strategiyası regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının uğurlu icrasında da əhəmiyyətli olmuş, 2014-2018-ci illəri əhatə edən yeni dövlət proqramının icrasına zəmin yaratmışdır.

Heydər Əliyev ilk gündən vətəndaşların həyat səviyyəsinin yüksəldilməsini sosial-iqtisadi inkişafın başlıca məqsədi kimi müəyyənləşdirmişdir. Azərbaycan xalqına xidməti ən böyük xoşbəxtlik kimi dəyərləndirən ulu öndər demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur". Ölkədə hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədləri Heydər Əlieyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş ali qanunvericilik sənədində - Konstitusiyada təsbit edilmişdir.

Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində artıq 1996-cı ildə sosial göstəricilərin dinamikasında müsbət meyillər özünü göstərməyə başladı. Ümummilli liderin müxtəlif illərdə imzaladığı fərman və sərəncamlarla hərbi qulluqçuların, səhiyyə, təhsil, sosial müdafiə, elm, mədəniyyət sahəsində çalışanların əməkhaqqı, pensiyaların minimum məbləği, şəhid ailələrinin, 20 Yanvar əlillərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda əlil olanların pensiya və müavinətləri dəfələrlə artırılmış, müxtəlif sahələrdə böyük xidmətləri olan şəxslərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə fərdi təqaüdlər təsis edilmişdir.

Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi daim ulu öndərin diqqətində olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qaçqın və məcburi köçkünlərin maddi vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra qanunlar qəbul edilmiş, ulu öndər tərəfindən fərman və sərəncamlar imzalanmışdır. Azərbaycanın haqq səsinin dünyaya və beynəlxalq təşkilatlara çatdırılması, məcburi köçkünlərin çadırlardan müasir evlərə köçürülməsi sahəsində ilk addımları da Heydər Əliyev atmışdır.

Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrilmişdir. Ulu öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə, beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfələrini vermişdir. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və s. kimi nüfuzlu beynəlxalq institutlarla səmərəli əməkdaşlıq yaradılmışdır.

Heydər Əliyev strategiyasının həyata keçirilməsi sayəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlanmışdır. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artmışdır. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur.

Ulu öndərin inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasəti sayəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmişdir. Dövlət başçısının rəhbərliyi ilə dayanıqlı və davamlı inkişaf edən, dünyada mövqeyi möhkəmlənən, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz daha böyük uğurlara doğru inamla irəliləyir. Özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni və yüksək inkişaf mərhələsini yaşayır. Ulu öndərin memarı olduğu müasir Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olması, bazar iqtisadiyyatına keçidin başa çatması, ölkəmizin xaricə investisiya yatıran ölkəyə çevrilməsi son illərdə qazandığımız uğurların yalnız bir hissəsidir.

Azərbaycandakı siyasi-iqtisadi sabitliyin, yüksək beynəlxalq imicinin, eləcə də  mühüm beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olmasının nəticəsidir ki, ölkəmiz İslam İnkişaf Bankının 35-ci illik toplantısına ev sahibliyi etmiş, Davos, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların müntəzəm olaraq keçirildiyi məkan olmuşdur. Gələn ayda Azərbaycan Birinci Avropa Oyunları kimi nüfuzlu idman tədbirinə də ev sahibliyi edəcəkdir. Bütün bunlar ölkəmizə beynəlxalq aləmdə göstərilən böyük etimadın, dünyanın siyasi arenasında gündən-günə artan nüfuzunun təzahürüdür.

Prezident İlham Əliyevin elmi əsaslara söykənən praqmatik siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə sözün əsl mənasında sıçrayışlı sosial-iqtisadi inkişafa nail olunmuş və son on ildə ümumi daxili məhsul 3 dəfə, dövlət büdcəsinin gəlirləri 12,2 dəfə, sənayedə yaradılmış əlavə dəyər 3,6 dəfə, strateji valyuta ehtiyatları 28,6 dəfə, daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların həcmi 3,6 dəfə, o cümlədən qeyri-neft sektoruna investisiyalar 9,6 dəfə, orta aylıq əməkhaqqı 4,5 dəfə, orta aylıq pensiyalar 7.2  dəfə, əhalinin əmanətləri  17.8 dəfə artmış, 1 milyon 300 mindən çox yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 5 faizə enmişdir.

Bu dövrdə ölkəmizdə orta illik iqtisadi artım 12,2 faiz təşkil etmiş və Azərbaycanın bu uğuru dünyada ən yaxşı nəticələrdən biri kimi qeydə alınmışdır. ÜDM-in həcminə görə Azərbaycan dünya ölkələri arasında 40 pillədən çox irəliləmiş və 2004-cü ildəki 108-ci yerdən 2014-cü ildə 67-ci yerə yüksəlmişdir. Ölkəmizdə formalaşdırılmış əlverişli biznes və investisiya mühiti investisiya axınının sürətlənməsinə şərait yaratmış, iqtisadiyyatımıza indiyədək 200 milyard dollar investisiya qoyulmuşdur.

Ölkə iqtisadiyyatındakı dayanıqlı inkişaf 2015-ci ildə də davam edir. Belə ki, bu ilin I rübündə ümumi daxili məhsul 5,3% artmış, sənayedə 3,5%, kənd təsərrüfatında 3,4%, rabitədə 9,3%, tikintidə 13,2%, nəqliyyatda 5,0%, ticarətdə 9,6%, ümumilikdə qeyri-neft sektorunda 7,0%-lik artıma nail olunmuşdur. Hazırda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 68%-i ötmüşdür. Bu ilin ilk 3 ayında 30 minə yaxın yeni iş yeri açılmış, əhalinin gəlirləri 5,3% artmaqla inflyasiyanı 2 dəfəyədək üstələmişdir.

Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların, aparıcı reytinq agentliklərinin qiymətləndirmələrində də öz əksini tapır. "Dünya rəqabət qabiliyyətliliyi 2014-2015" hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında birincidir. Əsas  kredit reytinq agentlikləri - "Fitch Ratings", "Standart & Poor's"  və "Moody's" Azərbaycanın suveren reytinqini investisiya reytinqi səviyyəsində saxlamışlar. Bununla yanaşı, Azərbaycan  adambaşına düşən ümumi milli gəlirin təsnifatına görə "aşağı orta gəlirli" ölkələr qrupundan "yuxarı orta gəlirli" ölkələr qrupuna, İnsan İnkişafı hesabatında  "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna yüksəlmişdir.

Azərbaycanın inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq edilmiş, Heydər Əliyev ideyalarından güc alan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayacaqdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası sayəsində 2020-ci ilədək  ölkədə qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in həcminin iki dəfə artırılması nəzərdə tutulub.   Rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması sahəsində innovasiya fəaliyyətinin genişləndirilməsi üçün müvafiq qanunvericilik bazasının  və zəruri mexanizmlərin yaradılması davam etdiriləcəkdir. Bunun üçün həlledici şərtlərdən biri kimi çıxış edən insan kapitalının davamlı olaraq inkişaf etdirilməsi əsas istiqamətlərdən biri olaraq qalacaqdır. Həmin dövrədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında və BMT İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına görə "yüksək insan inkişafı" ölkələri qrupunda üst sıralara yüksəlməsi hədəflənir. Konsepsiyada nəzərdə tutulmuş vəzifələrə nail olunması ölkəmizin qüdrətinin daha da artmasını, beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini və əhalinin rifahının daha da yaxşılaşmasını təmin edəcəkdir.

Çox əlamətdar haldır ki, xalqımızın ümummilli liderinin misilsiz irsi bu gün onun adını daşıyan fond tərəfindən layiqincə davam etdirilir. Heydər Əliyev Fondu və onun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycanda milyonlarla insan tərəfindən mərhəmət qapısı, etimad ünvanı kimi qəbul olunur. Ölkə miqyasında, həmçinin çoxsaylı xarici dövlətlərdə fond tərəfindən həyata keçirilən layihələr tibdən təhsilə, mədəniyyətdən mənəvi irsə, ədəbiyyatdan digər sosial sferalara qədər mühüm sahələri əhatə edir.

 

Beləliklə, siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişaf edən Azərbaycanın bugünkü nailiyyətləri Heydər Əliyev siyasətinin, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu inkişaf kursu Azərbaycanı daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır".

 

Şahin MUSTAFAYEV,

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri

Azərbaycan.-2015.- 9 may.-  S.4.