Azərbaycanın
müasir hüquq sisteminin banisi
09 May 2015
Sivilizasiya
tarixinin çoxəsrlik təcrübəsi göstərmişdir
ki, xalqların və dövlətlərin inkişafında
liderlərin çox böyük rolu olmuşdur. Məhz belə
fenomenal şəxslərə malik olan dövlətlər və
millətlər çox yüksək inkişaf yolu
keçmiş və tarixi uğurlar əldə etmişlər.
Belə liderlər bizim xalqın tarixində də
yetişmiş, Azərbaycanın inkişafında, dövlətçiliyimizin
yaranıb möhkəmlənməsində, milli-mənəvi
dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli
rol oynamışlar. Onların sırasında öz
işıqlı əməlləri ilə xalqı müstəqilliyə
qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində
mühüm xidmətləri olmuş ümummilli lider Heydər
Əliyevin adı qürur hissi ilə çəkilir. Azərbaycanın
tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu
dahi insanın xalqımız qarşısındakı xidmətləri
ölçüyəgəlməzdir.
Qürurverici haldır ki, otuz ildən
artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin
taleyi dahi və uzaqgörən şəxsiyyət, şərəfli
adı bizim üçün həmişə əziz və
unudulmaz Heydər Əliyevlə bağlı olmuşdur. Bu illər
xalqımızın milli mənlik şüurunun oyanışı,
azadlıq və müstəqillik hissinin güclənməsi,
ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının
vüsətli dirçəlişi ilə əlamətdardır.
Bütün həyatını və siyasi fəaliyyətini
xalqının və vətəninin tərəqqisinə həsr
etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan
bir dövlət kimi zamanın ağır və sərt
sınaqlarından uğurla çıxaraq hərtərəfli
tərəqqiyə nail olmuşdur. Ulu öndərin siyasi fəaliyyəti
təkcə Azərbaycan üçün deyil, həm də
postsovet məkanı üçün mühüm əhəmiyyət
daşımaqla yanaşı, dünya miqyasında gedən
proseslərə də birbaşa təsir göstərmişdir.
Məlum
həqiqətdir ki, 1969-cu ilin iyulunda Heydər Əliyevin
respublika rəhbəri seçilməsi ilə Azərbaycanın
taleyində və tarixində dönüş başlandı.
Xalqımızın mənəvi-əxlaqi dəyərlərinə
söykənən genişmiqyaslı tədbirlərin həyata
keçirilməsi insanlarda nəinki milli ruhun və
özünüdərkin oyanışını şərtləndirdi,
həmçinin onların ictimai fəallığının
və işgüzarlığının yüksəlməsinə
təkan verdi. Milli qürur hissinin güclənməsi, milli
şüurun yüksəlməsi sosial-iqtisadi və mədəni
həyatın bütün sahələrinin dirçəlişi
üçün zəmin oldu.
Tarixi
hadisələrin sonrakı gedişi də sübut etdi ki, Heydər
Əliyevin 1969-1982-ci illərdə gördüyü işlər
gələcəkdə milli dövlətçilik
ideyalarının hərəkətverici qüvvəyə
çevrilməsi və cəmiyyətin məhz bu məfkurə
ətrafında səfərbər olması üçün
şərait yaratdı. Həmin dövrdə respublikada bərqərar
edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə
əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin
yüksək həddə çatmasına, Azərbaycanın
keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta
beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu
gün fəxrlə deyə bilərik ki, Azərbaycanın
indiki siyasi və iqtisadi müstəqilliyi, beynəlxalq
münasibətlər sisteminə və dünya
iqtisadiyyatına inteqrasiyası məhz qeyd olunan illərdə
təməli Heydər Əliyev tərəfindən
qoyulmuş potensiala əsaslanır.
Beləliklə,
tamamilə qanunauyğun haldır ki, əsrlərin və
minilliklərin qovuşuğunda Azərbaycanın demokratik və
bəşəri dəyərlərə sadiq müstəqil
dövlət kimi formalaşması məhz ulu öndərin
titanik siyasi fəaliyyətinin nəticəsi, 1993-cü ilin
iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışının bəhrəsidir. Bu tarixdən
etibarən Heydər Əliyev Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsini, xalqın birliyinin təmin
olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi dirçəliş
üçün zəmin yaradılmasını
özünün dövlətçilik strategiyasının
prioritet istiqaməti kimi müəyyənləşdirdi.
Müstəqillik
bərpa edildikdən sonra insan hüquq və
azadlıqlarının qorunması məqsədilə həyata
keçirilən hüquqi islahatlar sırasında ən
mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində
həyata keçirilən tədbirlər planı olmuşdur.
1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından
biri məhz ölüm cəzasının tətbiqi üzərində
moratorium qoyulmasıdır. Demokratik hüquqi dövlət
quruculuğu yolunu tutmuş Azərbaycan xalqı müstəqilliyin
bərpasından sonrakı ilk illərdə bir çox
çətinliklərlə
qarşılaşmışdı. O dövrdə ölkəmizdə
hökm sürən hərc-mərclik,
özbaşınalıq, qanunsuz silahlı birləşmələrin
mövcudluğu, cinayətkarlığın tüğyan etməsi,
insanların dinc və təhlükəsiz
yaşamasını ciddi təhdid altında qoymuşdu. Ulu
öndərin həyata keçirdiyi siyasət sayəsində
dövlətçiliyimiz möhkəmləndirildi,
ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara,
zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə
son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz
yaşamaq hüququ əldə etdilər. Bütün bunlar
demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və
azadlıqlarının müdafiəsinə təminat verdi.
Tarixən
məhkəmə-hüquq sistemində köklü dəyişikliklərin
həyata keçirildiyi, vətəndaş cəmiyyəti
quruculuğu yönümündə inamlı addımların
atıldığı dövlətlərdə insan hüquq və
azadlıqlarına maksimum təminat yaradan yeni Konstitusiyanın
qəbulu zərurət olur. Cəmiyyətdə siyasi
sabitliyin, sülhün, ümumi razılığın təminatçısı
kimi çıxış edən Konstitusiya, eyni zamanda dövlətin
gələcək inkişaf prioritetlərini, şəxsiyyət,
cəmiyyət və dövlət arasındakı münasibətlərin
sivil çərçivələrini müəyyənləşdirir.
Əsas Qanun bütün hüquq sisteminə xas olan hüquqi
tənzimləmə funksiyasını yerinə yetirməklə
yanaşı, sosial, siyasi, humanist missiyanı da həyata
keçirir. Dövlət quruluşunun təməl prinsiplərini
müəyyənləşdirən Konstitusiya həm də cəmiyyət
həyatının başlıca sahələrinə dövlət
müdaxiləsinin meyarlarını, yol verilən həddini dəqiqləşdirir,
bu sahədəki dövlət siyasətinin ümumi istiqamətlərini
təsbit edir. Bütün bu və ya digər xüsusiyyətləri
ilə konstitusiya hər bir xalqın və dövlətin həyatında
xüsusi rola malikdir.
Azərbaycan
Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə
1993-cü ilin oktyabrında yeni Konstitusiyanın hazırlanması
üçün təşəbbüs göstərilsə də,
ölkədə siyasi sabitliyin mövcud olmaması, sosial gərginlik,
zorakı dövlət çevrilişi cəhdləri, həmçinin
qarşıya çıxan bir sıra təxirəsalınmaz
vəzifələr bu təşəbbüsün
reallaşmasını ləngitmişdir. Həmin dövrdə
həlli vacib olan məsələlərdən biri davam etməkdə
olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin gedişinə təsir göstərə
biləcək qəti addımlar atılması idi. Bunsuz
ölkənin ərazi bütövlüyünü qorumaq,
daxili ictimai sabitliyə nail olmaq mümkün deyildi. Milli
ordunun döyüş qabiliyyətinin artırılması və
genişmiqyaslı müdafiə tədbirlərinin həyata
keçirilməsi, döyüşçülərdə
yaranan ruh yüksəkliyi sayəsində düşmənə
qarşı bir neçə uğurlu hərbi əməliyyat
aparıldı. Belə şəraitdə beynəlxalq qüvvələrin
təsiri altında münaqişə tərəfləri atəşi
dayandırmaq barədə razılığa gəldilər.
Bu barədə saziş 1994-cü ilin mayında imzalandı və
münaqişənin dinc vasitələrlə aradan
qaldırılmasına prioritet istiqamət seçildi. Ötən
iyirmi ildə bu istiqamətdə göstərilən səylər
konkret nəticə verməsə də, atəşkəs
rejimi Azərbaycanın müstəqil dövlət kimi
yaşamasını və sonrakı inkişafını şərtləndirən
amillərdən biridir.
Heydər
Əliyevin ölkə iqtisadiyyatında köklü dəyişikliyə
gətirib çıxaran və müstəqil dövlətimizə
beynəlxalq nüfuz qazandıran yeni neft strategiyasının
həyata keçirilməsinə məhz atəşkəsdən
sonra başlanıldı və 1994-cü ilin sentyabrında
dünyanın iri neft şirkətləri ilə "Əsrin
müqaviləsi" adlandırılan neft müqaviləsi
imzalandı.
Lakin
müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi,
sosial-iqtisadi inkişafın bünövrəsinin qoyulması
Azərbaycanı yenidən anarxiya və başıpozuqluq
girdabına salıb bundan öz mənfəətləri naminə
istifadə etmək istəyən daxili və xarici qüvvələrin
ciddi müqaviməti ilə üzləşdi. 1994-cü ilin
oktyabrında və 1995-ci ilin martında dövlət
çevrilişinə silahlı cəhdlər göstərilməsi
müstəqil dövlətçiliyimiz üçün
növbəti sınaqlar oldu. Ümummilli lider Heydər
Əliyevin qətiyyəti, xalqın öz qüdrətli
liderini qızğın şəkildə dəstəkləməsi
nəticəsində bu təhlükəli cəhdlərin
qarşısı alındı, ölkədə hakimiyyəti
zor və silah gücünə ələ keçirmək məsələsinə
birdəfəlik son qoyuldu. 1993-1995-ci illər müasir Azərbaycanın
tarixinə dövlət müstəqilliyinin qorunub
saxlanılması uğrunda mübarizə dövrü kimi
yazılmışdır. İctimai-siyasi sabitliyin və qanunçuluğun
bərqərar edilməsi bu dövrün ən mühüm
nailiyyəti oldu və ümummilli liderə dövlət
quruculuğunda, iqtisadi, sosial və mədəni həyatda
böyük işlərə başlamaq, genişmiqyaslı və
ardıcıl islahatlar aparmaq üçün əlverişli
imkan yaratdı. Ulu öndər əmin idi ki, demokratik dəyərlərin
üstünlüyünü qəbul edən,
azadlığın, haqq və ədalətin bərqərar
olunduğu dövlət qurmaq istəyən hər bir ölkə,
hər bir xalq üçün Konstitusiya birinci dərəcəli
əhəmiyyət daşıyır. Siyasi, iqtisadi, hüquqi
sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə
keçid dövrünün başlandığı bir vaxtda
Konstitusiyanın - Əsas Qanunun rolu qat-qat artır.
Beləliklə,
ümummilli lider Heydər Əliyevin böyük səyi sayəsində
dövlətçiliyə qarşı yönəldilmiş qəsdlərin
qarşısı alındıqdan və ölkədə
Əsas Qanunun qəbuluna imkan verən zəruri şərait,
siyasi sabitlik formalaşdıqdan sonra Milli Məclisin
iclasında ölkə Prezidentinin sədrliyi ilə Konstitusiya
layihəsinin hazırlanmasına məsul olan xüsusi komissiya
yaradıldı. Görkəmli alimlərin,
hüquqşünasların, mütəxəssislərin və
rəhbər işçilərin daxil edildiyi bu komissiya 1995-ci
il iyul ayının 5-də ilk iclasını keçirdi.
Komissiyanın
iclasında geniş nitq söyləyən ümummilli lider
Heydər Əliyev dəyərli tövsiyələrini, məsləhətlərini
verdi. "Biz elə bir layihə hazırlamalı və nəhayət,
elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil
Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında
uzun müddət sabit yaşamasını təmin edən əsas
qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, -
ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar
hamısı xalqın iradəsinə söykənməli,
seçkilər yolu ilə təmin olunmalıdır" - deyən
ulu öndər Heydər Əliyev Azərbaycan
Respublikasının ilk Konstitusiyasının
hazırlanmasında həm Azərbaycanın tarixi
keçmişinin milli dəyərlərindən, həm də
ümumbəşəri dəyərlərdən,
dünyanın demokratik dövlətlərinin təcrübəsindən
istifadə edilməsini mühüm vəzifə kimi irəli
sürdü.
Nəhayət,
1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə
olaraq müstəqil dövlətimizin Konstitusiyası
ümumxalq səsverməsi yolu ilə qəbul edildi.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas
müddəalarını özündə əks etdirən
Konstitusiyada insan və vətəndaş
hüquqlarının, azadlıqlarının təmin edilməsi
dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik
dövlətçilik ənənələrimizə, milli və
ümumbəşəri dəyərlərə söykənərək
yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və
vətəndaş cəmiyyəti quruculuğunun təməlini
qoydu. Qeyd olunduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə
ölüm cəzasının icrasına moratorium qoyulmuş,
daha sonra ölüm cəzasının tətbiqi məhdudlaşdırılmış
və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə
olaraq ölkəmizdə ölüm cəzası ləğv
edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi
düşüncələrə, dərin elmi təhlilə,
dünya təcrübəsinə və reallığa əsaslanmaqla
humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə
və insan hüquqlarına hörmət kimi yüksək
amallarla yaşayan ulu öndərin gələcək nəsillərə
mühüm töhfəsi oldu. Dövlət
başçısının 3 fevral 1998-ci il tarixli müraciətində
deyilirdi: "Mən cinayət-hüquq siyasətini hərtərəfli
təhlil edərək, ədalət, azadlıq, humanizm və
insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə
ölüm cəzasının ləğv edilməsi qənaətinə
gəlib bu tarixi bəyanatı vermişəm."
Ölüm cəzasının ləğvi Azərbaycanın
hüquqi-demokratik dövlət quruculuğu yolunda olduğunu
bir daha sübut etdi.
Konstitusiyanın
preambulasında Azərbaycan xalqının, Azərbaycan
dövlətinin müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq, demokratik quruluşa təminat
vermək, vətəndaş cəmiyyətinin bərqərar
edilməsinə nail olmaq, xalqın iradəsini ifadə edən,
insan hüquq və azadlıqlarını təmin edən
hüquqi, dünyəvi dövlət qurmaq və digər bu
kimi prioritet məqsədlər bəyan edilmişdir. Azərbaycanda
konstitusion quruluşun vacib əsası kimi xalq hakimiyyətini
(xalqın suverenliyini) bəyan edən və Azərbaycan
xalqını hakimiyyətin yeganə mənbəyi elan edən
Konstitusiya xalqın öz suveren hüququnu bilavasitə
ümumxalq səsverməsi - referendum və ümumi, bərabər
və birbaşa seçki hüququ əsasında sərbəst,
gizli və şəxsi səsvermə yolu ilə
seçilmiş nümayəndələri vasitəsilə həyata
keçirməsini nəzərdə tutur. Əsas Qanun Azərbaycan
dövlətinin hakimiyyətlərin bölünməsi
prinsipi əsasında təşkil edilən demokratik,
hüquqi, dünyəvi, unitar respublika olduğunu təsbit
edir, başqa sözlə, dövlətin öz təyinatını
tam yerinə yetirməsi üçün bütün zəruri
xüsusiyyətləri göstərir. Konstitusiya ölkədə
sağlam siyasi mühitin formalaşmasına imkan verən, vətəndaşların
cəmiyyətin siyasi həyatında və dövlətin idarə
olunmasında iştirakını nəzərdə tutan siyasi
müxtəliflik və plüralizm kimi mühüm prinsipləri
təsbitləyir. Əsas Qanun konstitusiyalı quruluşun
xüsusiyyətlərindən biri kimi iqtisadi fəaliyyət
azadlığını, mülkiyyət növlərinin
müxtəlifliyini və onların bərabər müdafiəsinə
verilən təminatı əks etdirir.
Konstitusiyamızın
ən mütərəqqi cəhəti burada insan hüquq və
azadlıqlarının ali dəyər kimi qəbul edilməsi,
insan və vətəndaş hüquqlarının və əsas
azadlıqların geniş təsbit olunmasıdır. Əsas
Qanunda əksini tapmış müddəaların üçdə
ikisinin sırf insan hüquq və azadlıqları ilə
bağlı olması bunu əyani surətdə təsdiqləyir.
Belə normalar bu və ya digər şəkildə, lakin
tamamilə fərqli doktrinada sovet dövründə qəbul
edilmiş konstitusiyalarda da əksini tapmışdı. Lakin həmin
konstitusiyalarda bu hüquqları vətəndaşlara dövlət
verirdi. Yeni Konstitusiyanın əvvəlkilərdən əsas
və prinsipial fərqi də məhz onda ilk növbədə
insan hüquq və azadlıqlarının prioritetliyinin,
üstünlüyünün birmənalı bəyan edilməsidir.
Dövlətin mahiyyəti, ali məqsədi isə bu
hüquqları tanımaqdan, müdafiə və təmin etməkdən
ibarətdir - Konstitusiyanın 12-ci maddəsinin birinci hissəsinə
əsasən, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın
qəbulundan sonra ümummilli lider Heydər Əliyev
hüquq-mühafizə orqanlarının fəaliyyətinin də
yeni dövrün tələblərinə
uyğunlaşdırılması üçün bir sıra
mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin
etmişdir.
Ümummilli
lider Heydər Əliyevin rəhbərliyi ilə islahatların
hüquqi bazasının yaradılması, insan hüquq və
azadlıqlarının qorunması sahəsində
mühüm sənədlər qəbul edilmiş,
respublikamız müxtəlif beynəlxalq konvensiya və
sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə
hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin
təmin edilməsi məqsədilə ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər
sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli
sərəncamı ilə yaradılmış Hüquq
İslahatları Komissiyasını xüsusi qeyd etmək
lazımdır. Bu komissiya xalqımızın dövlətçilik
tarixində yaratdığı ənənələri qorumaqla
inkişaf etmiş dövlətlərin hüquq islahatları
ilə bağlı təcrübəsindən də bəhrələnmişdir.
Komissiyanın 4 may 1996-cı ildə keçirilmiş
iclasında ümummilli lider Heydər Əliyev demişdir:
"Müstəqil Azərbaycan Respublikasının ilk
Konstitusiyasının həyata keçirilməsi prosesi hər
birimizin əsas vəzifələrindən biridir. Bu
baxımdan məhkəmə, hüquq-mühafizə
orqanlarının islahatı ilə əlaqədar
qanunların hazırlanması, qəbul olunması çox
mühüm əhəmiyyət kəsb edir. İndi
qarşımızda Konstitusiya əsasında qanunların qəbul
olunması kimi çox böyük vəzifələr yar. Hər
sahədə qanunlar qəbul edilməlidir. İndi mən vaxt
deyə bilmərəm, - bir il, iki il, - hər halda müəyyən
bir zaman ərzində nail olmalıyıq ki, bütün sahələr
üzrə müstəqil Azərbaycan dövlətinin
qanunları olsun." Heydər Əliyevin Hüquq
İslahatları Komissiyasındakı bu fikri respublikamızda
qanun yaradıcılığı sahəsində həyata
keçirilən böyük işlərin proqram sənədi
kimi mühüm əhəmiyyətə malikdir.
Hüquq
islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən
biri də Heydər Əliyevin 1996-cı il iyunun 8-də
imzaladığı "Avropa Şurası və Azərbaycan
Respublikası arasında əməkdaşlıq
proqramının həyata keçirilməsi haqqında" sərəncamdır.
Bu sənədə əsasən beynəlxalq standartlara
uyğun "Konstitusiya Məhkəməsi haqqında",
"Məhkəmələr və hakimlər haqqında",
"Prokurorluq haqqında" qanun və digər hüquqi sənədlərin
layihələri hazırlanıb Milli Məclisdə müzakirə
edilmiş və müvafiq qaydada qəbul olunmuşdur. Milli Məclisin
indiyədək qəbul etdiyi hüquqi sənədlərin
böyük bir hissəsi Heydər Əliyev tərəfindən
parlamentin müzakirəsinə verilmiş qanun layihələri,
konvensiyalar və sazişlərdir. Respublika parlamenti son on
üç il ərzində bu istiqamətdə, yəni
hüquq islahatları sahəsində xeyli tarixi sənədlər
qəbul etmişdir.
Ümummilli lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı da hüquq islahatları baxımından mühüm əhəmiyyət kəsb edən tarixi sənədlərdəndir. Bu fərmanda ölkəmizdə insan hüquq və azadlıqlarının cəmiyyətimizdə əsas meyar olduğu xüsusilə vurğulanmış, icra strukturlarının vəzifələri müəyyən edilmişdir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə ölkəmizin Avropa xalqları ailəsi ilə inteqrasiyasını gücləndirən normativ sənədlər də qəbul olunmuşdur. Parlament bu sahədə "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanı, "İşgəncələrin və qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasını, "Yerli özünüidarəetmə haqqında" Avropa Xartiyasını təsdiq edən sənədləri, "Vətəndaşlıq haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Dini etiqad azadlığı haqqında" qanunları qəbul etmişdir.
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması hüquq islahatları baxımından respublikamız qarşısında mühüm öhdəlik və vəzifələr qoymuşdu. Bu vəzifələrin yerinə yetirilməsi sahəsində ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmiş, dövlət başçısının təşəbbüsü ilə Milli Məclisdə dövlət qulluğunu tənzimləyən bir sıra qanunvericilik aktları da qəbul edilmişdir.
Hüquq islahatları sahəsində Milli Məclis Heydər Əliyevin təşəbbüsü ilə bir neçə Konstitusiya qanunu da qəbul etmişdir. Bunlar "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında", "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında", "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Konstitusiya qanunlarından ibarətdir. Bütün bu sənədlər ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasına necə böyük əhəmiyyət verildiyinin əyani təsdiqidir.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunduqdan bir müddət sonra - 2002-ci ildə ölkəmizin həmin dövrdəki inkişaf səviyyəsinə və perspektivlərinə uyğun olaraq keçirilmiş referendumda bir sıra mühüm məsələlər öz həllini tapmış, o cümlədən seçki prosesi ilə bağlı proporsional seçki sistemi ləğv olunmuş, majoritar seçki sisteminə keçilmişdi. Belə ki, ümummilli lider qanunvericiliyin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının daha etibarlı təmin edilməsi məqsədilə 22 iyun 2002-ci il tarixli fərmanla Konstitusiyada dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsini ümumxalq səsverməsinə çıxardı. Fərmanda göstərilirdi ki, bu addım respublikamızın "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətindən irəli gəlir. Referendumun keçirilməsi insan hüquq və azadlıqlarının qorunmasını daha da gücləndirdi, vətəndaşlara məhkəmələrə, Ombudsmana, Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verdi, ölkənin seçki sistemini daha da təkmilləşdirdi. Milli Məclisdə referendumun nəticələrindən irəli gələn müxtəlif qanun layihələri də hazırlandı.
Ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarını qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönəldilmiş yüzlərlə qanun layihəsi Heydər Əliyevin imzası ilə parlamentə təqdim edilmiş və qəbul olunmuşdur. Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi qanunvericilik aktları, o cümlədən Mülki Məcəllə, Mülki-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəllə, Cəzaların İcrası Məcəlləsi, "Torpaq islahatı haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" və digər qanunlar Azərbaycanın demokratik yolla ardıcıl inkişafı üçün bütün hüquqi təminatları yaratmışdır.
Göründüyü kimi, məhz 1995-2003-cü illər Azərbaycanın demokratik prinsiplərə sadiq bir dövlət kimi inkişafında mühüm bir dövr olmaqla dünya birliyinə inteqrasiya yolunda ona çox böyük nailiyyətlər qazandırdı. Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi, gərgin zəhməti və təşəbbüskarlığı, yaradıcı dühası və beynəlxalq nüfuzu olmadan bunları əldə etmək mümkünsüz idi.
Həmin illərdə Konstitusiyada təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşmış, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilmişdir. Ölkəmizdə müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Ümummilli lider vicdan azadlığının təmin edilməsini, tolerantlıq mühitinin formalaşmasını əsl vətəndaş cəmiyyətinin formalaşdırılması üçün mühüm faktor sayırdı və respublikaya rəhbərliyi dövründə bu amilləri dövlət həyatının ayrılmaz hissəsinə çevirmişdi. Heydər Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən qurulmuşdur. Bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsi, ölkəmizdə insan hüquqlarının təmin edilməsi və qorunması üçün böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi ilə bağlı 2009-cu il martın 18-də təyin edilmiş Referendum Aktı da tamamilə təbii və məntiqə uyğun olub ölkədə həyata keçirilən hərtərəfli islahatların mahiyyətindən irəli gəlirdi. Çünki Azərbaycan bu gün sosial-iqtisadi, siyasi-hüquqi və mədəni inkişafının elə yüksək mərhələsindədir ki, əldə olunmuş fundamental nəticələr cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiyada demokratik xarakterli bir sıra əlavə və dəyişiklikləri sosial sifarişə çevirir. 2009-cu il 18 mart tarixində əhalinin böyük əksəriyyətinin dəstəklədiyi Referendum Aktında əksini tapmış Konstitusiyaya əlavə və dəyişikliklər mahiyyət etibarilə Azərbaycanın çağdaş inkişaf dinamikası, cəmiyyətin şüur səviyyəsi, çağdaş modernləşmə strategiyasının tələbləri ilə uzlaşır. "Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin ümumxalq səsverməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla, respublikanın sivil, demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqləmişdir. Referendum Aktı layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mütərəqqi xarakter daşıdığı, beynəlxalq hüquq normalarına tamamilə uyğun olduğu, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına yönəldiyi qabarıq görünür. Konstitusiyanın 29 maddəsinə təklif olunan 41 əlavə və dəyişikliyin böyük qismi sırf insan hüquq və azadlıqları ilə bağlı olub, bu sahədə daha səmərəli təminat mexanizmləri formalaşdırmaq məqsədi daşıyır. Həmin dəyişikliklər aktuallığı və əhəmiyyəti ilə diqqəti cəlb edir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının daha da genişləndirilməsi, bu hüquq və azadlıqların təminatı üçün dövlətin üzərinə əlavə vəzifələrin qoyulması Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərin əsas iki səciyyəvi cəhətidir. Bütövlükdə, Konstitusiya islahatları ölkəmizdə insan hüquqlarına dair beynəlxalq normaların da maneəsiz tətbiqinə imkan verməklə, dünya birliyində daha layiqli yer tutmağımıza imkan yaratmaqdadır. Ölkəmizdə müasir dövlət quruculuğunun həyata keçirilməsinin, bəşəri-demokratik dəyərlərə uyğun dövlətçilik təsisatları və cəmiyyət modeli formalaşdırılmasının hüquqi əsasları yarandıqdan sonra Azərbaycanın müstəqilliyi möhkəmləndirilərək əbədi və dönməz xarakter almışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, sosial islahatların həyata keçirilməsi, dövlətimizin beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Belə ki, Milli Məclisin qəbul etdiyi qanunvericilik aktlarının, o cümlədən "Vətəndaşlıq haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında", "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunların əsas ruhu insan hüquqlarının müdafiəsi təminatlarının yaradılması olmuşdur. Bunlar bir tərəfdən Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun təmin edilməsi, çoxpartiyalılığa, müxtəlif siyasi cərəyanların ideyalarının azad ifadə olunmasına əsaslanan siyasi sistemin yaradılması, insan və vətəndaş hüquqlarının qorunmasına qulluq edən təsisatların formalaşması, digər tərəfdən isə, ölkəmizdə azad rəqabətə, inkişaf etmiş mülki dövriyyəyə, müasir bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın qurulması məqsədini güdən qanunvericilik tədbirlərini əhatə etmişdir.
Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan ölkəmizdə qəbul olunmuş amnistiya aktları və əfv fərmanları on minlərlə şəxsə tətbiq edilmişdir. Heydər Əliyev hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəxsiyyətin alçaldılması, zorakılıq, işgəncə və bu kimi qeyri-qanuni üsul və vasitələrə yol verilməsi hallarının aradan qaldırılmasını hüquq-mühafizə orqanları qarşısında vacib vəzifə kimi qoymuşdur.
Danılmaz həqiqətdir ki, sülh və əmin-amanlıq olmadan insan hüquqlarına tam riayət olunması mümkün deyil. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı iyirmi beş ildən artıq davam edən silahlı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan artıq soydaşımız insan hüquqlarından mərhum edilmişdir. Heydər Əliyev keçirdiyi bütün beynəlxalq görüşlərində Dağlıq Qarabağ problemini və onun hüquqi-diplomatik həllinin vacibliyini ön plana çəkmişdir. Məhz onun ölkə rəhbəri olduğu dövrdə Azərbaycan dövləti ərazi bütövlüyünün, qaçqınların və məcburi köçkünlərin pozulmuş hüquqlarının tam bərpası üçün sülhsevər siyasət apararaq atəşkəsə nail olmuş, münaqişənin həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində və digər beynəlxalq təşkilatlar xətti ilə ardıcıl və məqsədyönlü iş aparılmışdır.
Müstəqil Azərbaycanın ilk Konstitusiyasının banisi olan Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin fəal diplomatiyası sayəsində dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibəti əsaslı surətdə dəyişmişdir. Heydər Əliyev siyasətinin əsasını sülh, beynəlxalq hüquq normaları, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına hörmət və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri təşkil edir. Heydər Əliyevin Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi işinə xidmət edəcəkdir.
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistan Respublikasının təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Müstəqil dövlətçiliyimizin banisi, müasir Azərbaycanın memarı, ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur.
Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırıb. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz" - deyən Prezident İlham Əliyev bəyan edib ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.
Azərbaycan Prezidenti İlham Əliyev son illərdə cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamışdır. Məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi xüsusilə, 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendum xalqın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. 18 mart referendumunun ciddi şəkildə dəstəklənməsi və pozitiv nəticələrlə yekunlaşması isə ilk növbədə, cəmiyyətin Heydər Əliyev ideallarına sədaqətinin, eləcə də onun böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji inkişaf kursunu layiqincə davam etdirən cənab İlham Əliyevə sarsılmaz inamının bariz təcəssümüdür.
Beləliklə, sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm təməllərinin qoyulmasında ümummilli liderin xidmətləri əvəzsizdir və daim tarixdə qalacaqdır.
Siyavuş
NOVRUZOV,
Milli Məclisin
komissiya sədri, YAP İdarə Heyətinin üzvü
Azərbaycan.-2015.- 9 may.- S.5.