Bizə yeni üfüqlər açdı

 

 

"Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır."

Heydər ƏLİYEV

 

Bu gün Azərbaycan dünya miqyasında öndə gedən dövlətlər sırasında məğrur durur. Bu torpaq dahilər, onun adını zirvələrə ucaldan şəxsiyyətlər yetirib. Heydər Əliyev də belə şəxsiyyətlərdən idi. O, Azərbaycan xalqının yaddaşında həm böyük siyasətçi, həm də qətiyyətli, uzaqgörən dövlət başçısı kimi qalmışdır. Azərbaycan tarixinin ən çətin dönəmlərində ölkəmizin və xalqımızın istəyi və xoşbəxt gələcəyi naminə hakimiyyətə qayıtmış ulu öndər dahi şəxsiyyətdir. "Azərbaycanın ən böyük sərvəti onun müstəqilliyidir" deyən ümummilli lider dövlətçiliyimizin daha da möhkəmləndirilməsi və tarixi ənənələrinin bərpası, ölkədə demokratiyanın bərqərar olması istiqamətində miqyassız işlər görmüşdür.

Azərbaycanda vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yoluna nəzər saldıqda, göz önünə ilk olaraq 1990-cı illərin əvvəllərinin böhranlı vəziyyəti və bundan doğan ictimai, siyasi, iqtisadi çətinliklər gəlir. Məhz belə bir anda - 1993-cü ildə çətin və mürəkkəb ictimai-siyasi vəziyyətin ağır olduğu bir zamanda Heydər Əliyev xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Ümummilli lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarının möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. Onun həyata keçirdiyi siyasət nəticəsində dövlət müstəqilliyinin qorunub saxlanılması, siyasi sabitliyin təmin olunması, beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi, xalqın rifahının artması müşahidə olunmağa başlamışdır.

Ulu öndərin həyata keçirdiyi siyasət onun necə müdrik insan olmasından xəbər verirdi. Heydər Əliyev ölkənin, xalqın taleyi ilə bağlı qərar qəbul edəndə bunu həmişə düşünülmüş şəkildə reallaşdırmışdır. Çünki xalqın nə istədiyini yaxşı bilirdibuna uyğun istiqamətlərdə də addımlar atmışdır. O, insan hüquqlarının müdafiəsinə önəm vermişbu hüquqların müdafiəsi yolunda mühüm addımlar atmışdır. Heydər Əliyevin bu istiqamətdə gördüyü işlərin ən vaciblərindən biri "İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) haqqında" qanunun qəbul edilməsi və Ombudsman Aparatının yaradılması olmuşdur. Ölkədə Ombudsman Aparatının yaradılması vətəndaşların hüquqlarının müdafiəsi sahəsində atılmış mühüm addımlardan biri idi. Böyük siyasətçi insan hüquqları çərçivəsində qadın hərəkatının inkişafına da güclü stimul vermişdi. Ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz tarixi faktdır. O, qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilmişdir. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliği, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur. Ulu öndərin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar idi. Heydər Əliyev hər zaman vurğulayırdı ki, dövlət quruculuğumuzun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, mənəviyyatımızın inkişaf etdirilməsi üçün bu günvar qüvvələrini sərf edirlər. Azərbaycanda lider qadınlar, sahibkar qadınlar yetişir. İqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, bir sözlə, bunu hər addımda görmək olar. Dövlət qurumlarında, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunların qəbulu, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiqinin reallaşdırılması danılmazdır. Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə daim seçilirlər.

Ulu öndər qadın problemlərinin dövlət səviyyəsində həlli üçün mühüm fərman imzalamış, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüş, tədbirlər həyata keçirmişdir. Heydər Əliyevin iştirakı ilə elə həmin ildə Azərbaycan qadınlarının I qurultayı, 2003-cü ildə isə II qurultayı keçirilmişdir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən idi. Çünki qadınlarımız bu qurultayla demokratik cəmiyyətdə qadın hərəkatının əsasını qoymuşdular. Ümummilli liderin dəstəyi ilə keçirilən Azərbaycan qadınlarının qurultayları ölkənin qadın hərəkatı tarixində yeni səhifələr açmışdır. Heydər Əliyev Azərbaycan Respublikası qadınlarının I qurultayında çıxış edərək demişdir: "...Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər... Respublikamızda çoxsaylı qadın təşkilatları fəaliyyət göstərir. Bütün Azərbaycan qadınlarının bir məqsədi, bir amalı vardır: Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevirmək..." Artıq qurultay ənənə halına çevrilib və hər 5 ildən bir keçirilir.

Ulu öndər 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" fərman da imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman isə ölkədə qadın siyasətinin daha da güclənməsinə gətirib çıxarmışdı. 2000-ci ilin iyun ayında Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı" qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də, qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup da yaradılmışdır. Milli Fəaliyyət Planının həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən, dövlət hər bir insanın irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır.

Qadın siyasəti müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Qadın hüquqları həm qanunlar, həm də bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit olunmuşdur. Qəbul edilmiş bir sıra dövlət proqramları, o cümlədən, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram"ları ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasında mühüm xarakter daşıyır. Həmçinin büdcənin və digər qanunvericilik sənədlərin gender ekspertizasının keçirilməsi də vacib məsələlərdəndir.

Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən qadın problemləri və haqlarının müdafiəçisinə çevrilmişdir.

Onun genişuğurlu dövlət qadın siyasəti həm ölkə daxilində, həm də xaricdə özünü büruzə verirdixarici təcrübə öyrənilərək tətbiq edilirdi. Ölkəmizdə qadın hüquqlarının geniş müstəvidə əks olunması və problemlərin qanunvericilik çərçivəsində həllində Heydər Əliyevin beynəlxalq təşkilatlara qəbul olunmaq təşəbbüsü müsbət nəticə vermişdir. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq onların qadın məsələlərini əhatə edən konvensiyalarını, protokollarını qəbul etmiş və qanunvericiliyimizdə qadınların hüquqları mövzusu təkmilləşdirilmişdir. Azərbaycanın 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edəndən sonra bir sıra təşkilatlara üzv seçilməsi cəmiyyətin inkişafında və dövlət müstəqilliyinin qurulmasında qadınların rolunun daha da artmasına gətirib çıxarmışdır. 1992-ci ildə Azərbaycan BMT və ATƏT-in, 2001-ci ildə Avropa Şurasının üzvü olmuşdur. Bu kimi təşkilatlara daxil olmaqla gender məsələləri, Azərbaycan qadınlarının vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yerli strukturlar formalaşmağa başlamışdır.

Azərbaycan 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-cu il Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız həyat" Regional Məlumatlandırma Kompaniyasına, 2001-2002-ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına və digər layihələr çərçivəsində olan tədbirlərə qoşulmuşdur. Ölkəmiz, həmçinin Beynəlxalq Əmək Təşkilatının qadınların əmək və məşğulluq sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında" 45 saylı BƏT Konvensiyasını, "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında" 100 saylı BƏT Konvensiyasını, "Analığın mühafizəsi haqqında" 103 saylı BƏT Konvensiyasını, "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" 111 saylı BƏT Konvensiyasını və 29 yanvar 1957-ci il tarixli "Ərdə olan qadının vətəndaşlığı haqqında" Konvensiyanı da qəbul etmişdir.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsi Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdi. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadisosial vəziyyətlərinin yaxşılaşdırılması olmuşdur. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını və sülhə, gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdi. IV Ümumdünya Qadın Konfransı Azərbaycanda qadın hərəkatının dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. O vaxt ölkəmizdə qadın problemləri ilə məşğul olan dövlət qurumu yox idi. Elə buna görə də, ümummilli lider Heydər Əliyev "4-cü Ümumdünya Qadın Konfransına hazırlıqla əlaqədar Azərbaycan qadınlarının Milli Komitəsinin yaradılması haqqında" 15 sentyabr 1994-cü il tarixli fərman imzalamışdı. Azərbaycan qadınlarının Milli Komitəsində dövlət strukturlarının qadın rəhbərləri və qeyri-dövlət qadın təşkilatlarının nümayəndələri təmsil olunmuşdur. Milli Komitə bir il ərzində Pekin konfransına ciddi hazırlaşmışdı. Ulu öndər bu məsələni diqqətdə saxlayırdı. Müdrik dövlət başçısı yaxşı bilirdi ki, XX əsrin sonlarında Ermənistanın hərbi təcavüzü ilə üzləşən, ərazisinin 20 faizi işğal altında olan, müharibənin ağrı-acılarını yaşayan, bir milyon qaçqın və məcburi köçkünü olan Azərbaycanın qadınlarının bu konfransda iştirakı olduqca böyük əhəmiyyət kəsb edir. Konfrans zamanı ümummilli lider xalqa müraciət edərək demişdir: "Milyondan artıq qaçqını və məcburi köçkünü olan Azərbaycan üçün bu gün ən ümdə vəzifə Ermənistan Respublikasının hərbi təcavüz nəticəsində doğma evindən-ocağından məhrum olan qaçqın qadın və uşaqların problemlərini həll etməkdən ibarətdir." Konfransda qadınların cəmiyyətdə vəziyyətinin yaxşılaşdırılması sahəsində 12 strateji istiqamət müəyyən edilmiş, qadın və təhsil, qadın və sağlamlıq, qadınlara qarşı zorakılıq, qadınlar və silahlı münaqişələr, qadınlar və yoxsulluq, qadınların insan hüquqları, qərar qəbuletmədə qadınların rolu və digər bu kimi vacib məsələlər diqqət mərkəzinə gətirilmişdi. Bu gün həmin konfransın iştirakçısı olan qadınların əksəriyyəti rəhbər vəzifələrdə çalışır, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Bu il artıq Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının qəbul olunmasının 20 illiyi tamam oldu. Bu tarix mart ayının 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yüksək səviyyədə qeyd olunmuşdur. Tədbirdə Pekin konfransının yubileyinə həsr olunmuş qısametrajlı film hazırlanmış və nümayiş edilmişdir. Həmçinin, Pekin konfransında iştirak edən qadınlara komitə tərəfindən xatirə hədiyyələri təqdim edilmişdir. Hər il olduğu kimi, bu il də dövlət ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi sahəsində səmərəli fəaliyyət göstərmiş tanınmış ziyalılar ölkə rəhbəri tərəfindən mükafatlandırılmışlar.

  Əvəzolunmaz siyasi iradə ümummilli lider Heydər Əliyevin fərman və sərəncamlarında, "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanın ratifikasiyasında və bu Konvensiyaya Əlavə Protokolun imzalanmasında öz əksini tapmışdır. Şübhəsiz ki, Azərbaycan qadınları və ümumiyyətlə dünyanın bütün qadınları üçün "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" Konvensiya (CEDAW) xüsusi əhəmiyyətə malikdir. Bu Konvensiya qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəddir. Onun preambulasında deyilir ki, qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biridir. Konvensiya qadınların vəziyyətinin yaxşılaşdırılmasını  müasir dövrün ən qlobal problemlərinə aid edir. Bizim bu konvensiyaya qoşulmağımız ulu öndərin şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Böyük siyasətçi Heydər Əliyevin fərmanı ilə Azərbaycan 1995-ci ildə BMT-nin "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi" Konvensiyasına qoşulmuşdur. Bu sənədə uyğun olaraq qadınların sosial rifahının yaxşılaşdırılması və onların ictimai fəallığının artırılması istiqamətində ölkəmizdə mühüm addımlar atılmışdır. Konvensiyaya  178-ə yaxın dövlət qoşulmuşdur. Bu fakt bir daha müasir dövrdə qadınların rolunun artırılmasına dünya ictimaiyyətinin yüksək əhəmiyyət verməsini təsdiq edir. 2000-ci ilin fevral ayında "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi" Konvensiyasına Əlavə Protokol qüvvəyə minmişdir. Əlavə Protokol qadınlara fərdi və ya qrup şəklində Konvensiyada nəzərdə tutulmuş hüquqların pozulması barədə birbaşa "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitə" yə şikayət etmək hüququ verir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkə daxilində imzalanan qanunlar, fərman və sərəncamlar, dövlət proqramları imkan yaratmışdır ki, bu gün qadınlarımız dünya miqyasında sayılıb seçilsinlər. Ümummilli liderin yürütdüyü siyasi xətti layiqli şəkildə davam etdirən Prezident İlham Əliyev bu məsələyə böyük önəm verir. Qadın problemləri daim dövlət qayğısındadır və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması üçün Prezident İlham Əliyevin sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Həmçinin hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün "Gender bərabərliyinin təminatları haqqında" (2006-cı il), "Məişət zorakılığının qarşısının alınması haqqında" (2010-cu il) Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbulu insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verməyə başladı.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydər Əliyev Fondunun timsalında əksini tapıb. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir.

Tarixi keçmişə də nəzər salanda görürük ki, ümummilli lider Heydər Əliyevin xalqı, vətəni yolunda etdiyi fədakarlıqlar, göstərdiyi xidmətlər, atdığı addımlar unudula bilməz. Çünki onun gördüyü işlər həm bugünkü, həm də gələcək nəsillərə daim öz töhfəsini verəcəkdir.

 

Hicran HÜSEYNOVA,

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor

Azərbaycan.-2015.- 9 may.-  S.6.