Zülmətdən ağ günə çıxanlar
Valideyn himayəsindən məhrum
olan uşaqlar artıq kimsəsiz deyillər
(Əvvəli qəzetin 8 may nömrəsində)
Valideynsiz böyüyüb əsl
valideyn nümunəsi yaradanlar
Artıq mənzil
başına yaxınlaşırdıq və söhbətimizi
yarımçıq saxlamalı olduq. Çünki
qarşıda bizi başqa bir həyat hekayəti gözləyirdi.
Hansı ki, burada yaşayan gənclər bir
gün belə gözəl mənzildə ailəsi ilə birgə
yaşayacaqlarını xəyallarına da gətirməyiblər.
Amma indi onların tamam başqa bir
dünyaları var. Biz də o dünyanı bir neçə
saatlıq səyahət etdik.
Qapı açılır və bizi ilk qarşılayan
5 yaşlı Xalidlə 1 yaşlı Mələk olur. Adətən,
uşaqlar evlərinə tanımadıqları bir insan qonaq gələndə
utanıb bir kənara çəkilirlər. Amma bu mənzərənin şahidi olmadıq. Xalid ədəb-ərkanla salamlaşdı və
maraqlı baxışları ilə bizi süzməyə
başladı. Yenicə yeriməyə
başlayan Mələk isə sanki tanıdığı bir
insanı görmüş kimi idi. Üzündəki təbəssüm
məsum körpənin xoşbəxt bir şəraitdə
yaşadığından xəbər verirdi...
Bura Fərzəliyevlər ailəsinin xoşbəxt məkanıdır. Ailə
başçısı Şahvələd Fərzəliyev bu mənzildə
ömrünün ən gözəl, mənalı günlərini
keçirir. Ömrünün
uşaqlıq illərini müxtəlif internatlarda, gənclik
çağlarını isə yataqxanada keçirən
Şahvələdin çox ağır həyat hekayəti
var. Söhbətimiz davam edən müddətdə gah balaca Mələyi
bağrına basıb oxşayır, gah da Xalidlə
bağlı ürək dolusu danışırdı. İş rejimi gərgindir - 12 saatdır. Bu müddətdə tez-tez evə zəng edib
uşaqları xəbər alıb, onların səsini eşitməsə
narahat olur. Amma indiyədək anlaya bilmir
ki, həyatın ən gözəl neməti olan övlad
valideynlər tərəfindən kimsəsizlər evlərinə
necə verilir? Ailə qurmazdan öncə çox
qapalı, qaraqabaq, tənhalığı sevən bir gənc
olan Şahvələd indi tamam başqa bir insan olduğunu
deyir: "Sanki mən o adam deyiləm. Övladlarım, həyat yoldaşım bu həyatda
ən dəyərli varlıqlarımdır. Hərdən köhnə hisslərim oyanır, amma
bir müddət keçir uşaqlar mənə o anları
unutdururlar. Canından olan bir
parçanı gözün görə-görə kimsəsizlər
evinə vermək, həyatını məhv eləmək qəddarlıqdır".
Susur... Bir qədər kövrəlir və yenə
danışmağa başlayır. Danışdıqca
sanki uşaqlıq illərini yenidən yaşayır, gah əsəbləşir,
gah da söhbətini yarımçıq saxlayırdı.
Onu dinləmək də çox təsirli idi.
1984-ci il mart ayının 10-da Qusar rayonunun Balaqusar kəndində
anadan olan Şahvələd 4 yaşında olarkən
anasını itirir. Səbəb isə uzun
sürən xəstəlik olur. Həyat
yoldaşını itirən atası Fikrət kişi
yeganə övladını böyütməkdən imtina edərək
onu Qusar rayonunda yerləşən internat məktəbinə
vermək qərarına gəlir. Hətta balaca
Şahvələdi özü yox, Balaqusar kəndinin məktəb
direktorunun müavininə verərək Qusara aparmasını
xahiş edir. Özü isə baş
götürüb ölkədən gedir. Beləcə,
Şahvələdin kimsəsiz həyat hekayəti
başlayır. Bir müddət rayonda
qaldıqdan sonra onu Bakı şəhər Xətai rayonu 3
saylı uşaq evinə göndərirlər.
İlk günlərdən özünə qapanıb tək-tənha
qalan, yoldaşlarına qoşulmayan, hər gün
atasının yolunu gözləyən Şahvələd beləcə
8-ci sinfi başa vurur. Buradan isə onu Quba rayonunda yerləşən
valideyn himayəsindən məhrum olmuş uşaqlar
üçün xüsusi internat məktəbinə göndərirlər.
Artıq özünü dərk edən Şahvələd
Balaqusar kənd icra nümayəndəliyinə məktublar
göndərərək ata və anasının
qohumlarını axtarmağa başlayır. Günlər keçir, Şahvələdin
qohumları onun məktublarına cavab verirlər və onunla
görüşə gəlirlər. Ancaq nə
Şahvələd, nə də qohumlar onu tanıyır.
Bəlli olur ki, atası Fikrət kişi
Azərbaycana qayıtdıqdan sonra yenidən ailə qurub və
Şahvələdi görmək üçün yeni həyat
yoldaşının qardaşını göndərib. Beləcə, baş tutan görüş mənasız
yekunlaşır. Bir gün həyətdə oynayarkən
yanından bir kişi keçir və bir
neçə dəqiqədən sonra direktor onu otağına
çağırır. Yuxarı qalxdıqda həmin
adamı direktorun otağında görür. Sən demə, bu insan onun doğma atası Fikrət
imiş. Direktor təqdim edir və uzun söhbətdən
sonra atasını
bağışlayıb-bağışlamadığını
soruşur: "Baxdım üzünə və fikirləşdim
ki, dalımca gəlibsə, yəqin səhvlərini başa
düşüb. Dedim ki, mən kimsəsiz böyüdüm,
amma onu Allah bağışlasın".
Beləcə, Şahvələd atasına qoşulub 15
ildən sonra doğma evlərinə qayıdır. Burada isə
onu analığı qarşılayır. Maddi
durumu o qədər də yaxşı olmayan ailədə iki
uşaq da böyüyür. Yəni,
Şahvələd bu evdə ögey qardaş və
bacısı ilə birgə yaşamalı olur. Günlər keçir, özünə qarşı
münasibətlərin getdikcə soyuduğunu görən
Şahvələd getmək qərarına gəlir. Amma gedəcəyi yer yox idi. 18
yaşı tamam olan kimi Qusar Rayon Hərbi
Komissarlığına gedib özünü təqdim edir və
hərbi xidmətə yollanır. Vətənə
olan borcunu yerinə yetirdikdən sonra geri dönür. Getdiyi yer isə evləri yox, Qubadakı valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün xüsusi internat
məktəbi olur. Ancaq burada uşaqlar
yetkinlik yaşına qədər saxlanıldığı
üçün yenidən Xətai rayonu 3 saylı uşaq
evinə üz tutur. Burada Şahvələdi
tanıdıqları üçün qəbul edirlər və
peşə təhsili alması üçün Dövlət
Neft Şirkətinin Sosial İnkişaf İdarəsi Təlim,
Tədris və Sertifikatlaşdırma Departamentində qrupa
daxil edirlər. Burada Şahvələd 1 il
müvafiq tədris kurslarında təhsil alır və
elektrik qaz qaynaqçısı ixtisasına yiyələnir.
Kurslar bitdikdən sonra Heydər Əliyev adına
Bakı Neft Emalı Zavodunda 4 nömrəli istehsalatın
texnoloji qurğuların operatoru vəzifəsində
çalışmağa başlayır. Sığınacaq
yeri isə müvəqqəti olaraq Nizami rayonunda yerləşən
və hazırda "Gələcəyə İnam"
İctimai Birliyin yerləşdiyi yataqxana olur. Şahvələd həm də birliyin
üzvüdür.
Heydər
Əliyev Fondu həm də dar günün güvənc yeridir
İllər keçir və bir gün Şahvələdin
taleyini dəyişəcək bir hadisə baş verir. Ona ailə həyatı
qurmaq barədə məsləhət verilir. Şahvələd etiraz etmir və həmin
xanımı görmək üçün Mərdəkan qəsəbəsinə
yollanır və təklifə müsbət cavabını
bildirir. Maraqlı burasıdır ki, kimsəsiz
və yataqxana şəraitində yaşayan bir gənclə
ailə qurmaq üçün qarşı tərəf də
razılıq bildirir. Əslində bu iki
şəxs arasında bir müddət sevgi macərası da
yaşanır və həyat yoldaşı Zülfiyyə
Şahvələdi bəyənir. Onun maddi
vəziyyəti, sosial durumu isə Zülfiyyəni narahat etmir.
Səbəbini isə özündən
soruşanda bəlli oldu ki, Şahvələdin
yaşadığı həyat hekayəti ilə atası Məhəmməd
kişinin yaşadığı həyat eynidir. Onun atası Məhəmməd Hasilov da Zaqatala
rayonunda yerləşən uşaq evində böyüyüb.
Yetkinlik yaşına çatdıqdan sonra
işləmək üçün paytaxta gəlib. Gündüzlər işləyib gecələr
küçələrdə yatırmış. Xəzər rayonu Mərdəkan qəsəbəsində
fəaliyyət göstərən Elektrostansiyada işə
düzəlir və orada Moldovadan işləmək
üçün Bakıya gələn Sofiya Pavlova ilə
münasibət qurur. Sofiya Pavlova qaqauz
türküdür. Onların isti
münasibəti məhəbbətə çevrilir və ailə
qurmaq qərarına gəlirlər. Bu
cütlükdən 4 qız, 1 oğlan dünyaya gəlir.
Çox çətin vəziyyətdə yaşayan ailə
uzun müddətdən sonra Mərdəkan qəsəbəsində
torpaq sahəsi alıb özləri üçün ev tikirlər. Atası ilə eyni həyatı
yaşayan Şahvələdin evlilik təklifini qəbul edən
Zülfiyyə bu
gün xoşbəxt bir ailəsinin olduğunu deyir. 2 övlad payına görə daim Tanrıya və
yaşadıqları mənzilə görə isə Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq
edir.
24 yaşında ailə quran Şahvələd deyir ki,
bir gün belə bir mənzilə sahib olacağına
heç vaxt inanmayıb. Ailə qurduqdan sonra bir müddət Mərdəkanda
yaşayıb, sonra kirayənişin qalıblar. Həm ARDNŞ-də işlədiyi
üçün, həm də "Gələcəyə
İnam" İB-nin Heydər Əliyev Fonduna müraciəti
nəticəsinə onlara ikiotaqlı mənzil
bağışlanıb. Onun sözlərinə
görə, valideyn qayğısından və himayəsindən
məhrum olmuş uşaqlar hər zaman Mehriban xanım
Əliyevanın sevgisini, qayğısını hiss ediblər.
Heydər Əliyev Fondunun həyata keçirdiyi
"Uşaq evlərinin və internat məktəblərinin
inkişafı" proqramı bu kateqoriyadan olan
uşaqların həyat şəraitinin
yaxşılaşdırılmasına, onlara diqqət və
qayğının artırılmasına geniş imkanlar
yaradır. Şahvələdin arzusu odur
ki, Azərbaycanda valideyn himayəsindən məhrum olmuş gənclərin
hər biri onun kimi bu xoşbəxtliyi yaşasın. Uzun söhbətdən sonra bu xoşbəxt ailənin
bir stəkan çayını içib onlara xoşbəxtlik,
can sağlığı arzulayıb ayrıldıq.
Tərlan Səfərovla yarımçıq qalan
söhbətimizə davam edə-edə İctimai Birliyin
üzvləri ilə görüşmək üçün məskunlaşdıqları
yataqxanaya üz tutduq. 3 mərtəbəli yataqxananın birinci
və üçüncü mərtəbələrində məcburi
köçkünlər, ikinci mərtəbəsində isə
valideyn himayəsindən məhrum olmuş uşaqlar
yaşayır. Bir otaq isə "Gələcəyə
İnam" İctimai Birliyinin ofisidir. Birlik
internatları, uşaq evlərini tərk etməkdə olan və
ya tərk etmiş gənclərin bir şəbəkəsidir.
İstəkləri isə cəmiyyətdə bəzi qrup
insanların uşaq evlərini tərk etmiş gənclərə
qarşı mövcud olan baxışlarının dəyişməsi
istiqamətində iş aparmaqdır.
Tərlan örnəyi
29 yaşlı Tərlan 6 yaşında olarkən 3 övlada sahib olan valideynləri ayrılmaq qərarına gəliblər. Anası Tərlanı Maştağa qəsəbəsində yerləşən 1 saylı internat məktəbinə təhvil verir. Amma Tərlanın digər bacı-qardaşından xəbəri olmur. Ayrı-ayrı uşaq evlərində böyüyən bacı-qardaşlar bu müddət ərzində bir-birindən xəbərsiz olurlar. 5-ci sinifdə oxuyarkən isə ona şad xəbər verilir və bacı-qardaşına qovuşur. Onu 3 saylı uşaq evinə gətirirlər. Burada Tərlan bacı-qardaşı və bayaq qonağı olduğumuz Şahvələdlə bir yerdə böyüyür. Atası haqqında heç bir məlumatı olmasa da, anası nənəsinin təkidi ilə onlara baş çəkirmiş. Ancaq nənələri dünyasını dəyişdikdən sonra ananın ayağı uşaq evindən kəsilir...
İndi boya-başa çatan bu 3 gənc bir yerdə yaşayır. Uşaq evlərində böyüsələr də, hər 3 uşaq oxumaq, elm-biliyə sahib olmaq istəyir. Bu istək onları arzularına çatdırır. Heç bir kurs, heç bir repetitor yanına getməyən 3 yeniyetmə məktəbdə aldığı təhsillə kollec və ali məktəbə daxil olur. Özü Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin, bacısı Təranə Səfərova isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. Qardaşı Nurlan Səfərov isə hazırda Xəzər Universitetinin jurnalistika fakültəsində təhsil alır.
Bu gün Tərlan ictimai-siyasi fəaliyyətlə də məşğuldur. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının Gənclər Birliyinin İdarə Heyətinin üzvü olan T.Səfərov rəhbəri olduğu birliyi yaratmağı hələ uşaq evində olarkən qərarlaşdırıbmış. Deyir ki, uşaq evində olarkən daim düşündüyü məsələlərdən biri kimsəsiz uşaqların bir-biri ilə daha yaxın münasibət qurması, əlaqələrinin itməməsi, onların şəbəkəsini yaradılması olub. Onun fikrincə, bu gün valideyn himayəsindən məhrum olmuş uşaqlara Heydər Əliyev Fondu çox yüksək səviyyədə dəstək göstərir: "Bu gün ölkəmizdə kimsəsiz uşaq deyəndə, hər kəsin gözü önünə onların himayədarı kimi Mehriban xanım Əliyeva gəlir. Uşaqların iş və mənzillərlə təmin olunması üçün fond bir çox layihələr həyata keçirir. Ona görə də kimsəsiz uşaqlar fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya daim minnətdardırlar".
Lənkəran, Quba, Şəki və digər rayonların uşaq evlərindən ayrılan 150 nəfəri birləşdirən "Gələcəyə İnam" İctimai Birliyi həm Heydər Əliyev Fondu, həm də Nizami Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq edir. Uşaq evlərini tərk etmiş gənclərin hazırda məskunlaşdıqları yataqxanada yerləşmələri üçün icra hakimiyyəti onlara dəstək olub. Birlik əsasən gənclərin öncə işlə təmin olunmasına çalışır. Eyni zamanda, onlara qarşı cəmiyyətdəki bəzi baxışların dəyişməsi üçün layihələr hazırlayır. Sözlərinə görə, polis idarələri, prokurorluqlarla mütəmadi əlaqə saxlayırlar. Ölkədə hər hansı bir motivdə baş verən dələduzluqda, cinayətkarlıqda təqsirləndirilən şəxslər sırasında valideyn himayəsindən məhrum olmuş uşaqların düşməsi halı kəskin şəkildə azalıb və demək olar ki, yox dərəcəsindədir. Bu gün həbsxanalarda olan məhkumlar arasında onlar çox az saydadırlar. Bu səbəbdən də məqsədləri odur ki, kimsəsiz uşaqlara soyuq münasibət, qorxulu baxışlar dəyişsin.
Bu gənclərin işlə təmini məsələsinə gəlincə, T.Səfərov deyir ki, Dövlət Neft Şirkəti hər il 10 gənci təlim-tədris mərkəzində kurslara cəlb edərək 1 ildən sonra işlə təmin edir. İşə götürülən gənclərin ailə qurub yaşaması üçün yaşayış binaları inşa olunur. Bu da dövlət tərəfindən kimsəsiz gənclərə göstərilən qayğının ən yüksək formasıdır. İctimai Birlik ümid edir ki, uşaq evlərini tərk edən hər bir gənc dövlətin qayğısı sayəsində gələcəkdə işlə, mənzillə təmin olunacaqlar və cəmiyyətimizdə bəzi insanların uşaq evlərini tərk edən gənclərə qarşı münasibətində də dəyişiklik olacaq. Çünki bu gənclər Azərbaycanın işıqlı gələcəyi, dövlət və dövlətçiliyinin qorunması üçün hər an hər bir işə hazır olan gənclərdir. Bu işdə isə onlara Heydər Əliyev Fondu daim kömək göstərir və gənclərin cəmiyyətə adaptasiyası, müstəqil həyata başlamaları üçün lazımi dəstək verir.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2015.- 9 may.- S. 10.