Türk Şurası dövlətlərinin strateji araşdırma mərkəzlərinin əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb

 

Mayın 8-də Türk Şurasına üzv dövlətlərin rəsmi strateji araşdırma mərkəzlərinin birgə əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandum Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin rəsmi beyin mərkəzləri arasında imzalanıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov bununla əlaqədar keçirilən tədbirdə çıxış edərək deyib ki, bugünkü görüş Azərbaycanın ayrılmaz parçası olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı gününə təsadüf edir. O, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında tezliklə həll ediləcəyinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib.

Təmsil etdiyi qurum haqqında məlumat verən Ramil Həsənov deyib ki, Şuranın əsas istiqamətlərindən biri xarici siyasətdə ölkələrin milli maraqlarını bir araya gətirərək müdafiə etməkdir.

Digər çıxış edənlər imzalanan memorandumun türkdilli ölkələrin rəsmi beyin mərkəzləri arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini qeyd ediblər.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli tədbirdə iştirak edib.

 

Azərbaycan.-2015.- 9 may.- S. 10.