Veteranlar bizim ən əziz, ən mötəbər insanlarımızdır

 

Faşizm üzərində Qələbədən 70 il keçir

 

"Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır.

Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur."

 Heydər ƏLİYEV

 

Bu günlər Odlar diyarı Azərbaycanda bayram bayrama qarışıb. Ölkəmizdə keçiriləcək "Bakı-2015" Birinci Avropa Oyunlarının sevinc əhval-ruhiyyəsi Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubiley təntənələrinə qovuşaraq insanlarda daha xoş ovqat yaradıb. Xatırladaq ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Azərbaycan cəbhəyə etibarlı arxa olub. Bu zaman respublikamızdan 700 min adam cəbhəyə yollanıb, onların 350 mindən çoxu bu müharibədə həlak olub. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub. Azərbaycan döyüşlərdə təkcə canlı qüvvə ilə yox, həm də bol nefti ilə iştirak edib. Böyük Vətən müharibəsi illərində SSRİ-də hasil olan neftin 72 faizini Bakı verib. Tarixçi-araşdırıcıların fikrincə, döyüşə gedən hər 10 tankın, hər 10 təyyarənin 7-si Bakı nefti ilə işləyib. Deməli, tarixi qələbənin qazanılmasında ön cəbhədə vuruşan azərbaycanlılarla yanaşı, arxa cəbhədə fədakarlıqlar göstərən soydaşlarımızın da əməyi çox olmuşdur...

1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində tarixi qələbə bəşəriyyəti faşizm taunundan xilas edən əsl rəşadət zəfəri idi. Müxbirimiz bu rəşadəti 70 il bundan öncə bizlərə bəxş edən insanların bugünkü bayram ovqatından, qayğılarından söhbət açmaq üçün Respublika Veteranlar Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayevlə görüşüb söhbət etmişdir.

 - Cənab general, bayramınız mübarək! Ölkə başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva təşkilatınızın yeni inzibati binasının açılışında iştirak etdilər. Ölkəmizdə bayramın bayrama qarışdığı bu xoş yaz günlərində tarixi Qələbəni böyük təntənə ilə qeyd edən veteranların əhval-ruhiyyəsi necədir?

- Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışında iştirakı və veteranlarla görüşü onlarda xoş ovqat yaratmışdır. Görüşdə ölkə başçısı Böyük Vətən müharibəsində xalqımızın keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq respublika veteranlarını Qələbə bayramı münasibətilə təbrik etdi. Onu da deyim ki, Prezidentin Böyük Vətən müharibəsi iştirakçılarına sayğı və qayğı ilə əhatə olunmuş 2 fevral 2015-ci il tarixli "Azərbaycan Respublikasından olan iştirakçıların "1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi" yubiley medalı ilə təltif edilməsi haqqında", 23 fevral 2015-il tarixli "1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi barədə, eləcə də 3 aprel 2015-ci il tarixdə imzaladığı "1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" sərəncamları ictimaiyyət tərəfindən dərin razılıq hissi ilə qarşılanmış, veteranların böyük ruh yüksəkliyinə və sevincinə səbəb olmuşdur. Mütəmadi olaraq dövri mətbuatda, radio və televiziyada Böyük Vətən müharibəsi iştirakçıları haqqında maraqlı yazılar verilir. Bakı şəhərində idarə və müəssisələrdə, ali təhsil ocaqlarında, nazirlik və şirkətlərdə, eləcə də ölkəmizin rayonlarında tədbirlər, veteran döyüşçülərlə görüşlər keçirilir.

Böyük Vətən müharibəsi iştirakçılarına olan bu qayğı ulu öndər Heydər Əliyevin imzası ilə həyata vəsiqə alan 1994-cü il 28 iyun tarixli "Veteranlar haqqında" qanunda öz hüquqi əsasını tapmışdır. Veteranlara olan diqqət və qayğı sərəncamlardan göründüyü kimi, bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin digər sərəncamına əsasən Böyük Vətən müharibəsinin iştirakçıları, həmin dövrdə arxa cəbhədə çalışan əmək veteranları, Leninqradın, Moskvanın, Stalinqradın, Odessanın və Sevastopolun müdafiəsinə görə döyüşmüş veteranlarımız Qələbənin 70 illik yubiley medalı ilə təltif olunacaqlar.

Prezidentin 23 fevral 2015-ci il tarixi sərəncamında "1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Tədbirlər Planı"nın icrası istiqamətində Respublika Veteranlar Şurasının iştirakı ilə aidiyyəti nazirliklərlə birlikdə "Milli proqram" layihəsi hazırlanmış və bu sənəd respublika Nazirlər Kabinetində təsdiq edilmişdir.

- Cənab general, veteranların böyük hamisi Heydər Əliyevlə dəfələrlə görüşmüsünüz. Bu bayram ərəfəsində ümummilli lideri bir daha xatırlamaq yerinə düşərdi.

- Heydər Əliyev həqiqətən, veteranların dostu və qayğıkeşi olmuşdur. Müdrik şəxsiyyət və dövlət xadimi yaxşı bilirdi ki, respublikada veteranlara göstərilən qayğı təkcə onların sosial problemlərinin həlli deyil, bu, bütövlükdə cəmiyyətdə yetişməkdə olan gənc nəslin mənəvi-əxlaqi və vətənpərvərlik ruhunda tərbiyə olunmasında əyani vasitədir.

Mən ümummilli lider Heydər Əliyevi çoxdan tanıyırdım. Keçən əsrin 90-cı illərində respublika Müdafiə Nazirinin müavini və nazir vəzifəsində işlədiyim dövrdə Ali Baş Komandandan tapşırıqlar almışam. Heydər Əliyev rütbəsindən və vəzifəsindən asılı olmayaraq insanları böyük təmkinlə dinləyirdi və onların problemlərinə qayğı ilə yanaşırdı.

- Son illərdə veteranlara kimi qayğılar göstərilib?

- Hazırda ölkəmizdə 1342 nəfər Böyük Vətən müharibəsi iştirakçısı var. Onlara qayğı Azərbaycan Prezidenti İlham Əliyevin həmişə diqqət mərkəzindədir. Veteranlara Prezident təqaüdünün verilməsi, onlara birdəfəlik maddi yardımın göstərilməsi, mənzil avtomobillərlə təmin edilməsi, sanatoriya xəstəxanalarda pulsuz müalicə olunmaları buna bariz nümunədir.

Azərbaycanda Böyük Vətən müharibəsinin I qrup əlilləri 150 manat, II qrup əlilləri 130 manat, III qrup əlilləri 100 manat Prezident təqaüdü alırlar. Hər il 500 nəfərdən çox müharibə veteranı Mərdəkan Şağandakı xəstəxanada pulsuz müayinə müalicə olunur, sağlamlıqlarını bərpa edirlər.

Qələbənin 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 800 manat məbləğində, müharibədə həlak olmuş ya sonralar vəfat etmiş döyüşçülərin dul qadınlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden medallarla təltif edilmiş şəxslərə 400 manat məbləğində birdəfəlik yardım verilmişdir.

MDB məkanında heç bir ölkədə veteranlara belə yüksək məbləğdə yardım göstərilməyib. Son iki-üç ildə Böyük Vətən müharibəsi əlillərinə 300-dən çox avtomobil verilib, 75 nəfər mənzillə təmin olunub. Hazırda Əhalinin Sosial Müdafiəsi Nazirliyində 63 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili növbəsindədir. Çox güman ki, onlar da Prezidentin göstərişi ilə maşınla təmin olunacaqlar.

- Böyük Vətən müharibəsində Qələbənin 70 illik yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizin başçısı cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada yubiley tədbirlərində iştirak edəcəkdir. Bu tədbirlərə veteranlarımız da qatılacaqmı?

- Bəli! Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə əlaqədar yubiley tədbirlərində iştirak etmək üçün Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dəvət almışdır. Bu tədbirlərə veteranlarımız da qatılacaqdılar.

1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində Qələbənin əldə edilməsində keçmiş SSRİ respublikaları içərisində Azərbaycanın xüsusi xidmətləri vardır. 700 min nəfərdən çox Azərbaycan vətəndaşı cəbhəyə çağırılmış mərdliklə vuruşmuşlar. 416, 77, 223, 396, 402-ci diviziyalar Azərbaycanda yaradılmış həmin diviziyaların döyüş yolu Şimali Qafqazdan başlamış Berlinə qədər davam etmişdir.

Müharibədə təyyarələrin, tankların istifadə etdikləri yüksək keyfiyyətli yanacağın 80 faizindən çoxunu Bakı neftçiləri göndərmişlər. Bunu görkəmli hərb xadimləri Jukov, Vasilevski, Rokosovski öz memuarlarında etiraf etmişlər. Ümummilli lider Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi".

Azərbaycanın dövlət başçısının Moskvada keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda bayram tədbirlərində iştirakı bizim üçün qürur xalqımız üçün böyük fəxrdir. Qısaca olaraq bunları xatırlatmaqla demək istəyirəm ki, bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin halal haqqıdır.

- Böyük veteran ordunuz var. Onlar Veteranlar Şurasının imkanlarından istifadə edə bilərlərmi?

Hazırda respublikamızda bir milyon iki yüz səksən mindən çox müharibə, əmək, silahlı qüvvələr veteranı təqaüdçü var. Bu, böyük bir ictimai qüvvədir. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra veteranların cəmiyyətdə zəifləmiş mövqeyi, nüfuzu bərpa olundu.

Qürurla deməliyəm ki, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Veteranların bütün problemləri dövlət orqanları tərəfindən maneəsiz həll olunur. Söhbətimin əvvəlində qeyd etdiyim kimi, Prezident İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin Nərimanov rayonunda müasir tələblərə cavab verən yeni ofis binası Respublika Veteranlar təşkilatının istifadəsinə verilmişdir. Burada təşkilatın səmərəli işi üçün nümunəvi şərait yaradılmışdır.

Respublika Veteranlar Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyata keçirdiyi daxili xarici siyasətini həmişə dəstəkləyir.

- Bayramla əlaqədar ürək sözləriniz?

- Böyük Vətən müharibəsi iştirakçılarına, əmək, silahlı qüvvələr veteranlarına, Qarabağ müharibəsi iştirakçılarına can sağlığı, xoşbəxtlik arzulayıram. Ən böyük arzumuz isə Qələbə bayramını Xankəndidə, Şuşada, Laçında qeyd edək.

 

 

Müsahibəni apardı:

Rəhman SALMANLI,

Azərbaycan.-2015.- 9 may.- S. 12.