Görkəmli alimin
şərəfli ömür yolu
Faşizm
üzərində qələbədən 70 il ötür.
Yarım milyondan artıq müharibə
iştirakçısı olan həmyerlilərimizin
yarısı döyüşlərdə qəhrəmancasına
həlak olmuş, minlərlə gənc azərbaycanlı
göstərdiyi igidliyə görə orden və medallarla təltif
edilmiş, onların bəziləri Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülmüşdür.
Haqqında söhbət açmaq
istədiyimiz Azərbaycanın əməkdar həkimi, tibb
elmləri doktoru, professor Sədrəddin Məmmədəli
oğlu Kərimov da İkinci cahan müharibəsinin
alovlarından keçmişdir.
Hər
bir millətin dövlətçilik tarixində elm və mədəniyyətin
tərəqqisinin mühüm dövrləri görkəmli
ziyalıların qabaqcıl nümayəndələrinin
adları və fəaliyyətləri ilə bağlı
olmuşdur. Dünyanın harasında olsalar da, onların əldə
etdikləri yüksək nailiyyətlərin şöhrəti
bizə çatır. Bu insanların çoxunun adları
ölkəsinin inkişaf tarixinə yazılır. Professor Sədrəddin
Kərimov da belə seçilmiş insanlardan biridir.
Görkəmli
alim, pedaqoq, vətənpərvər ziyalı Sədrəddin
Kərimov cəmiyyətimizin elmi və mədəni həyatında
özünəməxsus yer tutmuşdur. Alimin
ömrünün dəyəri yaşanmış illərin
sayı ilə deyil, həmin illərdəki uğurlu fəaliyyəti,
Vətən və xalq yolunda fədakarlığı ilə
ölçülür.
Alim-pedaqoq
S.Kərimov işi, əməli, xeyirxahlığı, səmimiyyəti
ilə onu tanıyanların qəlbində özünə hədsiz
məhəbbət və hörmət qazanmışdır,
yaddaşlarda əsl ziyalı, mehriban insan kimi
qalmışdır.
Hər
bir xalqın böyüklüyü və dünyanın mədəni
millətləri içərisində layiqli yer tutması təkcə
onun bəşəriyyətə bəxş etdiyi görkəmli
simalarına görə deyil, həm də onların qədir-qiymətini
bilməsi, əziz xatirələrinin yaddaşlarda möhkəmləndirilməsi
və daim anılmasına göstərdikləri qayğı
ilə ölçülür.
Belə
tanınmış şəxsiyyətlərin
vaxtaşırı xatırlanması, onların dövlət
və xalq qarşısındakı xidmətlərinin
işıqlandırılması gələcək nəslə
bir örnək olur, ziyalılarımızın bugünkü
günə qədər hansı yollardan keçdikləri həmişə
nümunə çəkilir.
Sədrəddin
Kərimov 1922-ci il aprelin 1-də Goranboy rayonunun
Qızılhacılı kəndində ziyalı ailəsində
dünyaya gəlmişdir. Atası Məmmədəli müəllim
Gəncəbasar bölgəsində hələ 1924-cü ildə
öz təşəbbüsü ilə ilk ibtidai məktəbin
açılmasına və orada qızların təhsil
almasına müvəffəq olmuşdur. Anası Mərguşə
xanım da rus və ərəb dillərində oxuduğu
üçün həmin dillərin gözəl bilicisi idi.
Ailənin 4 oğlu və 2 qızı olmuşdur. Övladların
böyüyü olan Sədrəddin orta təhsilini doğma
rayonunda almış, 15 yaşında orta məktəbi
bitirmişdi.
Tibb
elminə marağı onu N.Nərimanov adına Azərbaycan
Tibb İnstitutunun (hazırda Azərbaycan Tibb Universiteti)
müalicə-profilaktika fakültəsinə gətirmiş,
1943-cü ildə ali təhsilini müvəffəqiyyətlə
başa vuran kimi ordu sıralarına
çağırılmışdır. O, Xarkov şəhərindən
döyüşə başlamış, Polşa,
Macarıstan, Rumıniya, Çexoslovakiya cəbhələrində
şərəflə vuruşmuş və sanitar
rotasının komandiri vəzifəsində Berlin şəhərinə
qədər döyüş yolu keçmişdir. Sədrəddin
həkim 1943-1946-cı illər cəbhədə yüzlərlə
yaralının həyatını xilas etmiş və
1946-cı ildə tibb xidməti mayoru kimi ordudan tərxis
olunmuşdur. Sədrəddin Kərimov 8 il Qasım
İsmayılov (hazırda Goranboy) rayonunda sahə xəstəxanasında
baş həkim işləyir, bununla yanaşı o, tibb sahəsində
elmi axtarışlarla da məşğul olur və yorulmadan
çalışırdı. O, 1954-cü ildə Tibb
Universitetində klinik ordinaturaya qəbul olunmuş və
kafedra müdiri vəzifəsinə qədər yüksəlmişdir.
Alim 1960-cı ildə namizədlik dissertasiyasını
uğurla müdafiə etmişdir. S.Kərimovun elmi tədqiqatları
Azərbaycan tibb elminin inkişafında mühüm rol
oynamışdır.
Professor
S.Kərimov ilk işlərini hipertoniya xəstəliyinin
respublika əhalisinin arasında yayılması məsələlərinə,
sonrakı tədqiqatlarını isə miokard infarktın Azərbaycanın
müxtəlif iqlim-coğrafi zonalarında
yayılmasının öyrənilməsinə həsr
etmişdir. Alim bununla kifayətlənməmiş və
aldığı nəticələri "Ateroskleroz və
miokard infarktının Azərbaycanın iqlim-coğrafi şəraitində
epidemioloji və klinik öyrənilməsi" mövzusunda
doktorluq dissertasiyasında ümumiləşdirmiş, 1971-ci
ildə müvəffəqiyyətlə müdafiə etmiş
və tibb elmləri doktoru alimlik dərəcəsini
almışdır.
Professorun
elmi fəaliyyətində ürəyin işemik xəstəliyinin
immunoloji aspektlərinin öyrənilməsi xüsusi yer
tutmuş, rəhbərlik etdiyi kafedranın əməkdaşları
ilə birgə qanın laxtalanma sisteminin, trombositar şaxənin,
elektrolit, lipid, karbohidrat mübadilələrin, mikroelementlərin,
immunolojı göstəricilərin, irsiyyət nəzərə
alınmaqla xromosom abberasiyanın və müasir patogenetik
müalicənin dinamik müəyyənləşdirilməsi
məsələləri araşdırılıb öyrənilmişdir.
O,
1974-cü ildən 1989-cu ilədək Tibb Universitetinin
"Daxili xəstəliklər" kafedrasına rəhbərlik
etmiş, müalicə-profilaktika fakültəsinin dekanı
olmuş və bacarıqlı terapevt kimi ad-san
qazanmışdır.
Görkəmli
alim fəaliyyəti dövründə 140-dan artıq elmi əsərin,
3 dərsliyin, 7 metodik tövsiyənin müəllifi olmuş,
çoxlu sayda elmlər doktorları və namizədləri
hazırlamışdır.
S.Kərimov
respublika terapevtlər cəmiyyətinin sədri kimi 1990-cı
ilin dekabrında keçirilmiş Azərbaycan terapevtlərinin
I qurultayının əsas təşkilatçılarından
biri və qurultay materiallarını əhatə edən
ikicildlik nəşrin redaktoru olmuşdur. Qeyd etmək yerinə
düşərdi ki, o zaman həkimlərin ali məclisinə
keçmiş İttifaqın sanballı alimləri də gəlmiş,
qurultay böyük əks-səda doğurmuşdur. Sədrəddin
müəllim isə bu bacarığına görə
SSRİ Səhiyyə Nazirliyi və Ümumittifaq Elmi Terapevtlər
Cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuş
və Botkin adına medala layiq görülmüşdür.
Mükafatlardan
söz düşmüşkən, professor müxtəlif illərdə
neçə-neçə orden və medallarla təltif
edilmişdir. Onların sırasında SSRİ Silahlı
Qüvvələrinin ildönümləri münasibətilə
verilən yubiley medalları, Böyük Vətən
müharibəsində qələbənin 50 illik, Sovet
İttifaqı marşalı Jukovun 100 illiyinə həsr
olunmuş yubileyin medalları, müxtəlif ordenlər, veteranların
döş nişanları və s. xüsusi yer tutur.
Respublikamızda
professor S.Kərimovun böyüyüb başa
çatdığı ailəni alimlər ailəsi kimi
tanıyırlar. Qardaşı tibb elmləri namizədi Nurəddin
Kərimov uzun illər Naftalandakı sanatoriyalardan birinin
baş həkimi kimi çalışmışdır. Tofiq Kərimov
tanınmış riyaziyyatçı alim, elmlər doktoru,
professor, uzun müddət Azərbaycan Dövlət İqtisad
Universitetinin riyaziyyat kafedrasının müdiri olmuşdur,
Ramiz Kərimov texnika elmləri namizədi, dosentdir, Elmira Kərimova
fizika-riyaziyyat elmləri doktoru, professordur, AMEA-nın Fizika
İnstitutunda laboratoriya müdiri olaraq
çalışır. Güllü xanım isə ali təhsilli
müəllim olmuşdur.
Professor
S.Kərimovun həyat yoldaşı Amaliya xanım və
qızları Sevinc, Təranə onun işini davam etdirirlər.
Sevinc Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun
artrologiya şöbəsinin elmi rəhbəri, tibb elmləri
namizədidir. Təranə Azərbaycan Elmi-Tədqiqat
Kardiologiya İnstitutunun baş elmi işçisi, tibb elmləri
üzrə fəlsəfə doktorudur. Oğlu Azər
iqtisadçı alimdir. Böyük nəvəsi Erkin Qədirov
hüquqşünas alimdir. Tanrı insanlığa məxsus
bütün gözəl xüsusiyyətləri sadə, təvazökar,
ağıllı, gülərüz, bacarıqlı təşkilatçı
olan bu nəcib insana - Sədrəddin Kərimova bəxş
etmişdir. O, öz həkimlik fəaliyyəti dövründə
minlərlə xəstələrə şəfa vermiş və
misilsiz xeyirxahlıqlar etmişdir.
Professor
S.Kərimovun həyat və yaradıcılığı,
alimliyi, pedaqoqluğu, Hippokrat andına sadiq olan həkimliyi hər
bir gənc nəsil üçün örnək ola bilər.
Şərəfli
ömür yolu keçmiş istedadlı alim,
qayğıkeş pedaqoq və təcrübəli həkim-kardioloq
olan professor S. Kərimov öz sadəliyi, səmimiliyi,
xeyirxahlığı, yüksək insani keyfiyyətləri,
dostluğa sədaqəti ilə sağlığında onu
tanıyanların böyük hörmətini qazanmış və
dünyasını dəyişdikdən sonra da bu nəcib
insanın parlaq xatirəsi yaxınlarının, həmkarlarının,
çoxsaylı tələbələrinin qəlbində əbədi
yaşayacaq, böyük hörmət və məhəbbətlə
anılacaq.
Öz
həyatını bütövlükdə xalqına xidmətə
həsr etmiş parlaq ziyalılar heç vaxt unudulmur.
Vəsadət ƏZİZOV,
Azərbaycan Tibb Universitetinin
II Daxili xəstəliklər
kafedrasının müdiri, professor
Azərbaycan.-2015.- 9 may.- S. 12.