416-cı Azərbaycan milli atıcı diviziyasının döyüş yolu hünər yoludur

 

XX əsrin ən dəhşətli müharibələrindən olan İkinci Dünya müharibəsinin başa çatmasından 70 ilə yaxın vaxt keçir. 61 dövlətin, dünya əhalisinin 1.700 milyon nəfərinin və ya dörddə üçünün iştirak etdiyi İkinci Dünya müharibəsi 40 ölkənin ərazisini əhatə etdi, 110 milyon adam, yaxud Birinci Dünya müharibəsindəkindən 40 milyon nəfərdən artıq insan hərbi səfərbərliyə alındı. Müharibədə 50 milyondan çox adam həlak oldu, 100 milyondan çox insan yaralandı və şikəst qaldı. Təkcə sovetlər birliyi müharibədə 30 milyon nəfərədək itki verdi.

 1941-ci ildə Azərbaycan SSR-in əhalisi 3,4 milyon nəfər idi. Müharibə başlayanda orduya səfərbərlik respublikada ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə yollandılar. Müharibə illərində Azərbaycandan ordu sıralarına 678.950 nəfər kişi, 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 271-ci, 396-cı, 402-ci, 416-cı atıcı diviziyalar yaradılmışdır. Bu diviziyaların əsas heyətini azərbaycanlılar təşkil edirdi. Onlar müxtəlif orduların tərkibində döyüş əməliyyatlarında iştirak etdi.

Qırmızı bayraqlı və II dərəcəli "Suvorov" ordenli 416-cı diviziya 1942-ci ilin mart-sentyabr aylarında yaradılmışdır. Müxtəlif vaxtlarda komandanları S.Starojilov, V.Maslov, T.Əliyarbəyov, D.Sızqanov olmuşlar. H.Zeynalov, P.Ryabov, R.Məcidov və başqaları diviziyanın qərargah rəisi və siyasi rəhbəri idilər. Onun tərkibində 2 atıcı polk, topçu polku, minamyot və tank vuran qırıcı diviziyonu, topçu və qərargah batareyası, tibb-sanitar batalyonu vardı.

Diviziyada "Qızıl əsgər" qəzeti nəşr olunurdu. 1942-ci ilin mayında diviziyanın döyüşçüləri and içdilər. Diviziya həmin ilin iyununda 44-cü ordunun tərkibinə daxil oldu. Diviziya Dağıstan MSSR-də yerləşirdi. Sentyabrın axırında onun hissələri cəbhə xəttinə yaxın Batırki, Lipatov, Postnı rayonlarında yerləşdirildi. 1942-ci il noyabrın 30-da diviziya cəbhə xəttinə gətirildi və Şimali Qafqazda Mozdok rayonunda müdafiə mövqeyi tutaraq Şimali Qafqazda ümumi əks-hücumda iştirak etdi və dekabrın 2-də Novo Lednev və Kapustino yaşayış məntəqələri düşməndən azad edildi. 1943-cü ilin yanvar-fevral aylarında Mozdok, Kafkazskoe Linilin, Stavropol, Armavir, Azov dənizi sahilləri uğrunda gedən döyüşlərdə və bu yerlərin düşməndən təmizlənməsində xüsusi hünər göstərdi.

Tərkib daim yeniləşdirilirdi. 1943-cü ilin yayında və payızında diviziyaya 600 nəfər təlim keçmiş azərbaycanlı döyüşçü göndərildi. Diviziya 1943-cü ilin fevral-avqust aylarında digər əsgəri hissələrlə birlikdə Sambek müdafiə xətti rayonunda mövqe tutdu. 1943-cü il avqustun 30-da Taqanroq şəhərinin azad edilməsində həmyerlilərimiz xüsusilə fərqləndilər. Ona "Taqanroq" diviziyası fəxri adı verildi, "Qırmızı Bayraq" ordeninə layiq görüldü. Taqanroq ətrafında vuruşmalar zamanı düşmənin 10.000 nəfərədək əsgər və zabiti məhv edildi, ərzaqla dolu 150 maşın ələ keçirildi. 416-cı diviziyanın döyüşçülərindən Ağaşirin Cəfərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, İslam Səfərli üçüncü dərəcəli "Şərəf nişanı" ordeni ilə təltif olundu. 416-cı diviziyanın döyüşçülərindən 8 nəfər 1943-cü ilin oktyabrında Melitopol şəhəri yaxınlığındakı döyüşlərdə göstərdiyi igidliyə görə noyabr ayının 1-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Diviziyanın qəhrəman döyüşçülərindən Bəhyəddin Mirzəyev 1936-cı ildə ordu sıralarına çağırılmışdı. 1938-ci ilədək Bakı zenit topçu alay məktəbində oxumuş, 1939-cu ildə Tbilisidə hərbi məktəbi bitirmiş, 416-cı diviziyanın tərkibində Mozdokdan Berlinədək döyüş yolu keçmiş, taqım, batareya, divizion komandiri kimi Şimali Qafqaz, Ukrayna və Moldovanın azad edilməsində iştirak etmiş, Visla-Oder əməliyyatında rəşadət göstərmişdir.

B.Mirzəyev 1943-cü il aprelin 6-da bir neçə aylığa Yaroslav vilayətindəki Kostroma şəhərinə kursa göndərilir, sonra Melitopol ətrafında vuruşan diviziyaya qayıdaraq 4-cü batareyaya komandir təyin edilir. Melitopol əməliyyatında göstərdiyi igidliyə görə I dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif olunur, ona baş leytenant rütbəsi verilir. Dnepr çayı sahilində Bolşaya Belozorka rayonu ətrafındakı vuruşmalarda göstərdiyi şücaətə görə "Qırmızı Ulduz" ordeni ilə təltif olunur.

1943-cü ilin iyun ayında B.Mirzəyev Moskvaya 3 aylıq zabitlər kursuna göndərilir. Kursu bitirdikdən sonra 7-ci batalyona komandir təyin olunur. Döyüşlərdə təcrübə toplayan igid azərbaycanlı kapitan rütbəsinədək yüksəlir. Ordunun Nikolayev şəhərində möhkəmlənməsində xüsusi xidmətləri olan B.Mirzəyev Odessanın alınmasında böyük rəşadət göstərir. Dnestr çayının qərb sahillərində almanlarla döyüşdəki igidliyinə görə "Qırmızı Ulduz" və I dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunan qəhrəman Visla çayının qərb sahilində almanları geri çəkilməyə məcbur edir, arxadan gələn piyadaçılar üçün yol açılır.

Mirzəyev Oder çayı sahilində şiddətli döyüşlər keçirir. Almanlar 30-a qədər təyyarə və 20-yə yaxın tankla əks-hücuma keçirlər. Mirzəyevin batareyası top komandirləri Qasım Qasımov, Mövsüm Qasımov, Rasim İbrahimov düşmənin bir alay qüvvəsini məhv edir, 4 tankı yandırır.

1945-ci il martın 24-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə B.Mirzəyevə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

Diviziyanın snayperçiləri 4 ay ərzində 1.017 alman əsgər və zabitini məhv edir. Artilleriya hissəsi düşmənin 80 artilleriya və minamyot batareyasını, atıcı hissə 2.500 hitlerçini məğlubiyyətə uğradır. Ordenli kapitan Ə.Abdullayev, batalyon komandirinin müavini, ordenli kapitan, bakılı Firudin Süleymanov, bakılı kapitan Əbülfət Yusifov döyüşçülərə nümunə olurlar.

416-cı diviziyanın döyüşçüsü, Şəkinin Zunud kənd sakini İsaq Qurbanov minamyot atan dəstənin komandiri kimi Mozdokdan Berlinədək döyüş yolu keçdi. Dnepr sahilində düşmənin 3 tankını sərrast atəşlə məhv etdiyi, Visla çayı ətrafında faşistlərə tələfat verdiyi, Oder çayı boyunda almanların tankını susdurduğuna görə 1-ci və 2-ci dərəcəli "Vətən müharibəsi", "Qırmızı Ulduz" ordenləri, "Qafqazın müdafiəsinə görə", "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunur.

Macarıstan, xüsusilə Budapeşt uğrunda

 döyüşlər özünün gərginliyi və strateji əhəmiyyətinə görə digərlərindən fərqlənirdi. Kapitan Müseyib Qurbanovun Budapeştdən yazdığı məktubunda aparılmış əməliyyat nəticəsində fevralın 13-də 2-ci və 3-cü Ukrayna cəbhəsi qoşunlarının köməyi ilə Budapeşt şəhərini tutduqlarını bildirir və azərbaycanlı döyüşçülərin rəşadətindən söz açırdı. Məktubda bildirilirdi ki, polkovnik Saqimovun azərbaycanlılardan ibarət diviziyası Budapeşt ətrafında düşmənin 9 müdafiə xəttini yarmış, 11 əks-hücumun qarşısını almış və düşmən böyük tələfata uğramışdır.

Mayor Məmməd Məmmədovun tankvuran topçular diviziyası 3 günlük döyüşdə düşmənin 10 tankını və 100-dən çox hitlerçini məhv etmişdi. Mayor Manafovun atıcı bölməsi düşmənin şiddətli müqavimətini qıraraq 3 macar yaşayış məntəqəsini almışdı, çoxlu sayda alman, macar əsgər və zabiti məhv etmişdi.

Bakılı kəşfiyyatçı Bayramov 25 gün düşmən arxasında qalaraq onların planları haqqında məlumatları komandanlığa ötürmüşdü. Kamal Paşayev Budapeşt küçələrində vuruşdu, düşmən tankını vurdu, 2 hitlerçini məhv etdi. İstehkamçı Həlim İbrahimov Dunay çayını keçərək sahəni minadan təmizlədi. Ağdam rayonundan olan 5 ordenli kiçik leytenant Çərkəz Qurbanovun taqımı təkcə son döyüş ayında 100-dən artıq alman, macar əsgər və zabitini məhv etdi, 70 hitlerçini, o cümlədən 3 alman zabitini əsir götürdü.

Quba rayonunun İkinci Nüvədi kəndindən olan döyüşçü Yaqub Qasımov müharibənin ilk günlərindən könüllü olaraq cəbhəyə getmişdi. Sıravi əsgərlikdən qvardiya leytenantı rütbəsinədək yüksələn Y.Qasımov 1942-ci ildən minaatanlar rotasına başçılıq etmiş, Qafqaz, Krım, Odessa uğrunda döyüşlərdə bir neçə dəfə yaralanmış, Macarıstana qədər uzun döyüş yolu keçmişdir. Göstərdiyi igidliyə görə "Qırmızı Ulduz", "Boqdan Xmelnitski" ordenləri, "Döyüş xidmətlərinə görə", "İgidliyə görə" medalları ilə təltif olunmuşdur. Yaqub Qasımovun şücaətindən "Kommunist" qəzetinə göndərilmiş məktubda oxuyuruq: "EQoşunlarımız Macarıstanın paytaxtı Budapeşt şəhəri ətrafına gəlib çıxmışdılarE Döyüş meydanının təbii şəraitinin dağlıq, meşəlik olması düşmənin müdafiəsini daha da möhkəmləndirmişdiE Beləliklə, bizim piyada qoşunlarımızın hücum yolu üzərində ciddi çətinlik yaranmışdı. Bu an birləşmə komandiri Yaqub Qasımovu yanına çağıraraqE düşmənin arxasına keçib, onu mina atəşinə tutulmasını əmr edirE Cəsarətli zabit, qoçaq azərbaycanlı balası məharətlə hərəkət edərək cinahdan düşmən arxasına keçdi. Minamyotları xəlvət yerə qoyub hitlerçiləri arxadan mina atəşinə tutdu. Bu gözlənilməz zərbədən vahiməyə düşən düşmən Qasımovun kiçik dəstəsi üzərinə 8 tank, bir rota avtomatçı göndərdiE Qvardiyaçı minaatıcılar düşmənin 8 tankını və 40-da artıq əsgərini məhv etdilər".

1945-ci il fevralın axırında diviziya digər hissələrlə birlikdə düşmənin inadlı müqavimətini qıraraq Oder sahillərinə çıxdı. Oderin keçilməsindəki vuruşmalarda göstərdiyi əsgəri rəşadət üçün diviziyanın 6 döyüşçüsünə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Oder çayını birinci keçənlərdən olan kapitan Bəxtiyar Fərəcovun "Kommunist" qəzetinə yazdığı məktub döyüşçülərimizin qəhrəmanlığına dair faktlarla doludur.

1945-ci ilin yazında Visla və Oder çayları arasında gedən döyüşlərdəki xidmətlərinə görə diviziyanın 1368-ci atıcı polku "Qırmızı bayraq", 1095-ci polku III dərəcəli "Suvorov", 444-cü əlahiddə sanitar batalyonu "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdu. 1945-ci ilin fevral-mart aylarında diviziya Berlinin qapısı sayılan Kustrin şəhərinin alınmasında yaxından iştirak etdi. "Kommunist" qəzetinin xüsusi müxbirləri Novruz İbrahimov və kapitan Nüsrət Bağırov xəbər verirdilər ki, Kustrin şəhərinin alınmasında Qəbələ rayonunun Vəndam kəndindən olan Məmmədnəbi İsmayılov şəhəri və qalanı almaq uğrunda döyüş rəşadətinə görə Ali Baş Komandanlıqdan təşəkkür aldı. Məmmədnəbinin piyada manqası 1.500 almanı əsir götürdü.

1945-ci il yanvarın 20-də general-mayor D.Sızranovun və mayor Mahmudovun alayı Kustrin şəhəri və qalasına hücumda fərqləndilər. Leytenant Məmməd Abdullayevin topçu bölməsi düşmənin 25 döyüş nöqtəsini dağıdaraq 350-dən çox faşisti öldürdü, 49 nəfəri əsir aldı. Bu döyüşlərdə M.Abdullayev 24 faşist məhv etdi. 10-dan çox faşist tankını, 26 avtomobilini, 5 zenit topunu, 2 zirehli maşınını, 190 əsgər və zabiti məhv edən Nuru Əliyev "Qırmızı bayraq" ordeni ilə təltif olundu.

Kustrin uğrunda döyüşlərin qəhrəmanlarından biri batalyon komandiri, baş leytenant Əjdər Yusifov oldu. Son qala alınanda onun alayı 95 alman əsgərini əsir götürdü, 300-dən çoxunu məhv etdi. Ali Baş Komandanlıqdan 8 dəfə təşəkkür alan baş leytenant Ə.Yusifov "Qırmızı Ulduz", I və II dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olundu.

1945-ci il martın 12-də Moskvada Kustrin qaliblərinin şərəfinə,  o cümlədən diviziyanın şərəfinə 224 topdan 24 yaylım atəşi açıldı.

Berlin əməliyyatında iştirak edən diviziya 1945-ci il aprelin 20-də Klosserdorfu tutub Reyxstaq istiqamətində hücumu davam etdirdi. 1945-ci il mayın 2-də diviziyanın bölmələri Brandenburq darvazasına qələbə bayrağı sancdılar.

Diviziyanın qazandığı qələbələrdə kişilərlə yanaşı, Ədilə Abbasovanın, Səkinə Bayramovanın, Nəzakət Yəhyayevanın, Şükufə Əsgərovanın, Rəşidə Qasımzadənin, Zəhra Səlimovanın, Minə Hacıyevanın, Cənnət Kazımovanın, Səkinə Şəfiyevanın, Pakizə Manafovanın, Rübabə Rzayevanın, Minə Teymurovanın və onlarla başqalarının xidməti  xüsusi vurğulanmalıdır.

Müharibə dövründə alman-faşist işğalçılarına qarşı fədakarlıqla vuruşduqlarına görə diviziyanın 152 döyüşçü qadınından 45-i, o cümlədən hərbi feldşer B.Mircavadova "Qızıl Ulduz" ordeni, 42 nəfər "İgidliyə görə", "Döyüş xidmətlərinə görə" medalları ilə təlif olundu. 17 qadın zabit rütbəsi aldı. Onların arasında T.Fəttahova, B.Mircavadova, R.Babayeva və başqaları vardı.

Mozdokdan Taqanroqa kimi döyüş yolu keçən Tahirə Fəttahova çətinliklərə baxmayaraq, əsgərləri dava-dərmanla təchiz edir, Taqanroq uğrunda döyüşlərdə "Döyüş xidmətlərinə görə" medalı ilə təltf olunur. O, həmçinin "Qırmızı Ulduz" ordeni, "Qafqazın müdafiəsinə görə", "Berlinin alınmasına görə", "1941-1945-ci illərin Böyük Vətən müharibəsi illərində Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif edilmişdir.

Rəşidə Qasımzadə 1941-ci ildə əvvəlcə 29-cu batalyonda qulluq etmiş, 1942-ci ilin əvvəlində 416-cı diviziyaya göndərilmişdir. Diviziya ilə böyük döyüş yolu keçən R.Qasımzadə "Qırmızı Ulduz" (1944), İkinci dərəcəli "Vətən müharibəsi" (1945) ordenləri, "Qafqazın müdafiəsinə görə", "Varşavanın azad edilməsinə görə" və digər medallarla təltif edilmişdir.

Cəbhə dostları Böyükxanım Mircavadovadan söz düşəndə onu cəsur əsgər kimi dəyərləndirirlər. O, Azərbaycan qadınları arasında ilk dəfə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş şəfqət bacısı idi. 1941-ci il iyun ayının 28-də cəbhəyə çağırılan B.Mircavadova 44-cü orduda xidmətə başlayır, 1942-ci ilin yazında 416-cı diviziyanın 68-ci atıcı polkuna göndərilir. Mozdok şəhəri yaxınlığındakı döyüşdə 87 yaralını ölümdən qurtardığı üçün "Qırmızı Ulduz" ordeni ilə təltif olunur. B.Mircavadova həmçinin "Qafqazın müdafiəsinə görə", Varşavanın və Berlinin alınmasına, Almaniya üzərində qələbəyə görə medalları ilə təltif edilmişdir.

Nəcibə Məmmədova da Taqanroq, Melitopol şəhərlərinin azad edilməsində iştirak edir. Berlinə qədər döyüş yolu keçir. 1945-ci ildə ordudan tərxis olunan N.Məmmədova həkimliyini davam etdirir.

1942-ci il aprelin 20-dən 1945-ci il mayın 2-dək Qafqaz dağlarından Berlinədək döyüş yolu keçən 416-cı diviziya 1942-ci il sentyabrın 30-dan 1945-ci il mayın 2-dək olan dövrdə düşmənin 22.996 əsgər və zabitini məhv edir, 5.474 nəfəri əsir alır, onlarca tank və zirehli maşın, 195 top, 31 minamyot, 210 və 842 yüngül pulemyot, 4.997 tüfəng, 683 avtomaşın, 21 zirehli maşın, 800 atəş nöqtəsi və 68 müxtəlif ərzaq, sursat və ləvazimat sıradan çıxarılır. Diviziya bu müddətdə 17 tank, 297 ədəd müxtəlif tipli top, 189 minamyot, 325 pulemyot, 1.067 yüngül pulemyot, 12.135 tüfəng, 18.990 avtomat, 818 avtomaşın, 164.873 mərmi, 38 zirehli maşın, 540 vaqon, 240 paravoz və s. texnikanı ələ keçirir. 416-cı diviziyanın döyüşçülərindən 8 nəfər Sovet İttifaqı Qəhrəmanı, 11 nəfər "Lenin" ordeni, 358 nəfər əsgər və zabit "Qırmızı Əmək Bayrağı" ordeni, 3 nəfər 2-ci dərəcəli "Kutuzov" ordeni, 47 nəfər "Aleksandr Nevski" ordeni, 540 nəfər 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 1.756 nəfər 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, 5.205 nəfər "Qızıl Ulduz" nişanı, 5.666 nəfər isə "İgidliyə görə" və "Hərbi xidmətlərinə görə" medalı ilə təltif olunur. Ümumiyyətlə, diviziyanın təşkil olunduğu gündən Qələbə gününədək 14.369 nəfər müxtəlif orden və medallara layiq görülmüşdür.

Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim, Rəsul Rza, Əli Vəliyev, Zeynal Xəlil və İlyas Əfəndiyev dəfələrlə 416-cı diviziyada olmuş, döyüşçü əsgərlərlə söhbət etmiş, ailələrinin məktublarını əsgərlərə çatdırmışlar.

Bəşəriyyət 1945-ci ilin 9 may gününü daim xatırlayır. Qələbənin əldə edilməsində Azərbaycan xalqının göstərdiyi döyüş qəhrəmanlığı, xalqımızın arxa cəbhədəki fədakar əməyi, dünya xalqlarını faşizm təcavüzündən xilas etmək üçün canlarını qurban vermiş həmvətənlərimizin parlaq xatirəsi bu gün də qəlblərdə yaşayır.

Cəbhədə göstərdikləri cəsurluğa görə 176 mindən çox Azərbaycan əsgəri orden və medallarla təltif olunmuş, 121 nəfər keçmiş SSRİ dövlətinin ən ali hərbi mükafatı olan Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. 30 əsgər "Şöhrət ordeni"nin üç dərəcəsinin tam kavaleri olmuş, Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışdılar.

Qələbədən Azərbaycan xalqına da pay düşür. Ona görə yox ki, Azərbaycan övladları ön cəbhədə qəhrəmanlıq göstərmiş, arxa cəbhə zəhmətkeşləri ön cəbhəni ərzaq məhsulları, yanacaq və digər məhsullar, silah və sursatla təmin etmişdi. Ona görə ki, ümummilli lider Heydər Əliyevin dediyi kimi: "1941-1945-ci illər Azərbaycan xalqının tarixində görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir. İkinci dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır. Faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyə gedən yol olmuşdur".

 

 

Mais ƏMRAH,

Azərbaycan Dövlət Pedaqoji

Universitetinin professoru,

tarix üzrə elmlər doktoru

Azərbaycan.-2015.- 9 may.- S. 13.