Cəbhənin mühüm
arsenalı
"Bütün Azərbaycan, o cümlədən də Bakı şəhəri cəbhənin güclü arsenalına çevrilmişdir. O illərdə Azərbaycan vuruşan orduya arasıkəsilmədən yanacaq, silah, döyüş sursatı, geyim və ərzaq göndərirdi"
Heydər ƏLİYEV
Böyük Vətən müharibəsi (1941-1945-ci illər) müxtəlif xalqların taleyində, onların ictimai-siyasi, iqtisadi-sosial, mənəvi-əxlaqi həyatında həlledici rol oynamışdır. Müharibənin ilk günlərindən başlayaraq, ölkənin əsas neft-yanacaq bazası sayılan Bakı o dövrdə çıxarılan neft hasilatının 75-80 faizini, təyyarə benzininin 90 faizini, bəzi yanacaq növləri və xüsusi təyinatlı sürtgü yağlarının isə demək olar, 100 faizini vermişdir. 1941-1945-ci illər ərzində Bakı rayonunda 75 milyon ton neft çıxarılmış, 22 milyon ton benzin hazırlanmış, yüz min tonlarla müxtəlif təyinatlı sürtgü yağları istehsal olunub cəbhəyə yola salınmışdı. Azərbaycanın ənənəvi neft-maşınqayırma və metal emalı sənaye sahələri cəbhəyə 130 növ silah, müxtəlif döyüş sursatı və ehtiyat hissələri göndərmişdir.
Respublikanın sənaye müəssisələri, yerli xammal və materiallar bazasında cəbhənin sifarişləri əsasında 200 adda yeni məhsul növü, o cümlədən hərbi xəstəxanalar üçün mebel, dərman, yun gödəkcə, yanğından mühafizə avadanlığı, əlcək, yorğan-döşək, yataq dəstləri, corab və s. yola salmışlar.
Böyük əksəriyyətini qadınlar və yeniyetmələr təşkil edən kənd təsərrüfatı əməkçiləri cəbhəyə getmiş ərlərini və atalarını layiqincə əvəz etmiş, əsl vətənpərvərlik nümunələri göstərmişdilər. O illərdə cəbhəni və arxanı kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün yeni torpaq sahələrinin istifadəyə verilməsi, dənli bitkilərin əkin sahələrinin genişləndirilməsi hesabına yüz min tonlarla əlavə taxil, pambıq, tütün, ət, yağ, habelə digər məhsullar tədarük edilmişdi.
Faşizm üzərində qələbənin təmin edilməsi naminə respublikanın kənd əməkçiləri könüllü surətdə ordu fonduna öz şəxsi təsərrüfatlarında olan 18 min baş mal-qara, tonlarla taxıl vermiş, əlavə 146 vaqon kənd təsərrüfatı məhsulları yola salmışlar. Qafqaz bölgəsində ağır döyüşlər getdiyi bir vaxtda isə kənd zəhmətkeşləri "Azərbaycan kolxozçusu" adlı xüsusi tank dəstəsi yaratmaq məqsədilə 170 milyon manatdan çox vəsait toplamışdılar.
Müharibə illərində Azərbaycan dəmiryolçuları cəbhəyə 1 milyon 600 min vaqon müxtəlif təyinatlı məhsul, o cümlədən 700 min ədəd yük vaqonu və yanacaqla dolu sistern göndərmişlər. Həmin dövrdə Bakı dəmir yolu vasitəsilə ayrı-ayrı istiqamətlərə milyon tonlarla yük və yüz minlərlə sərnişin daşınmışdır.
1941-1945-ci illərdə respublikanın Xəzər dənizi yolu ilə ölkənin Şərq rayonlarından köçürülmüş 1 milyon nəfərdən çox insan, 29 min vaqon avadanlıq və 155 paravoz aparılmışdır. Təkcə 1942-1943-cü illərdə cəbhə bölgələrinə Xəzər dəniz donanmasının gəmiləri vasitəsilə 145 min hərbi qulluqçu, 6 min vaqon döyüş texnikası, 2 milyon tondan çox benzin çatdırılmışdır.
Respublikanın kimyaçı alimləri, akademik Y.Məmmədəliyevin rəhbərliyi altında 100 növ yeni neft kimyası məhsulları, o cümlədən 9 adda xüsusi təyyarə benzini, 36 adda sürtgü yağı, 8 adda dizel yağı istehsalı təşkil olunmuşdur. Bunların sırasında oktan ədədi 100 olan yüksək keyfiyyətli təyyarə yanacağı xüsusi qeyd olunmalıdır. Y.Məmmədəliyev, V.Qutirya, R.İsmayılov, A.Markin, M.Qorelik cəbhəni yüksək keyfiyyətli neft-yanacaq məhsulları və xüsusi təyinatlı sürtgü yağları ilə təmin etdiklərinə görə Stalin mükafatına layiq görülmüşlər. Eyni zamanda neft sənayesinin inkişafı və cəbhəni yanacaqla fasiləsiz təchizatındakı xidmətlərinə görə bu sahənin bir qrup işçisinə, o cümlədən S.Vəzirova, B.Babazadəyə, R.Rüstəmova Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. O da məlumdur ki, Y.Məmmədəliyevin kəşfinin Nobel mükafatına təqdim olunması məsələsi yüksək dairələrdə müzakirə edilərkən, bu kəşfin "hərbi sirr" xarakteri daşıdığı bildirilərək müsbət həllini tapmamışdır...
Fizika elmi və energetika sahəsində çalışan alimlər, mütəxəssislər mövcud avadanlıqların davamlılıq və müqavimət qabiliyyətini yüksəltmək məqsədilə elmi-praktik işləri, cəbhə üçün zəruri olan müxtəlif hissələrin, silahların, döyüş sursatının keyfiyyətli kütləvi istehsalı üçün əllərindən gələni etmişlər.
Azərbaycanın müxtəlif yerlərində, xüsusilə Bakı rayonunda təşkil olunmuş 76 hərbi xəstəxanada məşhur cərrah akademik M.Topçubaşovun rəhbərliyi altında çalışan böyük həkimlər dəstəsi xüsusi müalicə üsulları tətbiq etmək, habelə yerli xammal əsasında hazırlanmış dərmanlardan faydalanmaqla döyüş meydanlarında yaralanmış on minlərlə əsgər və zabiti müalicə etmişlər.
İctimaiyyətçi alim, şair, yazıçı, bəstəkar, rəssam, mədəniyyət və incəsənət xadimləri müxtəlif cəbhə bölgələrində, habelə arxa cəbhələrdə vətənpərvər ruhlu çıxışları, konsertləri, həm döyüşçüləri, həm də bütün xalqı milli qəhrəmanlıq ənənələri ruhunda Torpaq- Vətən yolunda faşizmə qarşı birgə mübarizəyə səsləmişdir.
O dövrdə orduya çağırılmış 700 min nəfər həmyerlimizin taleyi, döyüş meydanlarında həlak olmuş 350 min nəfər oğul və qızımızın nakam ruhları, arxa cəbhədəki insanların qələbəni yaxınlaşdırmaq naminə gecəli-gündüzlü səyləri, ana-bacılarımızın, yaşlı nəslin, yeniyetmələrin cəbhədə vuruşanları dəzgahlar arxasında, neft mədənlərində, tarlalarda əvəz etmələri, qız-gəlinlərimizin nişan üzüyünü, sırğalarını, qızıl-gümüş bəzək əşyalarını könüllü surətdə Müdafiə Fonduna vermələri, cəbhədəki əzizlərimizin bir daha geri qayıtmayacağını bildirən "qara kağızların" axıtdığı göz yaşları, həyat-dolanacaq tərzi, millətimizin digər nisgilləri taleyimizin pozulmaz naxışlarıdır...
Tarixi sınaqların müxtəlif dövrlərində, o cümlədən də II Dünya müharibəsi illərində qanlı-qadalı döyüş meydanlarında vuruşmuş Həziləri, Qafurları, Bəxtiyarları, Hüseynbalaları, Mehdiləri, İsrafilləri, Zorgeləri, Vladimirləri, Məzahirləri, Adilləri, Ziyaları və digər onlarla belə Azərbaycan vətəndaşlarının qəhrəmanlıqlarını heç vaxt unutmaq olmur.
Neçə illərdir ki, məkrli qonşu dövlətlə atəşkəs şəraitində yaşayırıq. Azərbaycan müharibənin sülh yolu ilə həllinə çalışır. Diplomatik danışıqlarla yanaşı, ölkəmizdə ordu quruculuğu və onun döyüş qabiliyyətinin artırılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, orta və ali məktəblərdə hərbi hazırlıq (mülki-müdafiə) məşğələləri, müharibə iştirakçıları və arxa cəbhə veteranlarına qayğı kimi məsələlər diqqətçəkəndir. Ərazisinin bir hissəsi zəbt olunmuş, qaçqın və köçkün problemi ilə üzləşmiş xalqımız öz haqq işinin qələbəsinə inanır.
Haqq və ədalətin şər qüvvələri, onların havadarları üzərində qələbəsi nəticə etibarilə zəruridir. Tarix boyu belə olmuşdur, mübarizəmiz ədalətli, qələbəmiz isə şübhəsizdir. Bu işıqlı arzular ölkəmizin suverenliyi və azadlığı uğrunda canından keçmiş qəhrəman ata-analarımızın, oğul-qızlarımızın, qardaş-bacılarımızın, əziz-doğmalarımızın ən müqəddəs amallarının elə uca zirvəsidir ki, onu qoruyub daha da möhkəmlətmək hər birimizin milli qeyrət, şərəf-namus, vətəndaşlıq borcudur.
Qüdrət
ƏBDÜLSƏLİMZADƏ,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.-2015.- 9 may.- S. 14.