Yüz yaşlı veterana Prezident tərəfindən avtomobil hədiyyə edildi

 

İndi İsmayıllıda İkinci Dünya müharibəsinin odundan-alovundan keçmiş 21 veteran yaşayır. Onlarla hərbi-vətənpərvərlik mövzusunda görüşlər keçirilir, xatirələri, tövsiyələri dinlənilir. Rayon icra hakimiyyətinin rəhbərliyi onların sosial-məişət qayğılarına, arzu və təkliflərinə diqqətlə yanaşır. Dövlətin onlara göstərdiyi qayğıdan razılıqla danışan müharibə veteranlarının da ən böyük arzusu işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsini görməkdir.

Qələbənin 70 illiyinə həsr olunmuş mərasimdə bu arzu bir daha səsləndi. RİH başçısı Mirdaməd Sadıqov dövlətin, Prezident İlham Əliyevin müharibə veteranlarına qayğısından danışaraq bildirdi ki, bu fədakar insanları sıralarımızda görmək çox xoş və qürurvericidir. Alman faşizmi üzərində Qələbənin 70-ci ildönümü ilə əlaqədar veteranları və Qalınçaq kənd sakini Bilal Əliyevi 100 yaşının tamam olması münasibətilə təbrik edən RİH başçısı Bilal kişiyə Prezident İlham Əliyevin hədiyyəsi olaraq minik avtomobilinin açarını təqdim etdi. Digər çıxış edənlər də Bilal Əliyevə xoş arzularını bildirdilər.

Döyüş yoluna 3-cü Belarusiya cəbhəsinin 324-cü artilleriya diviziyası sıralarında başlayan, sinəsini

15-ə yaxın orden və medal bəzəyən Bilal Əliyev qayğıya və hədiyyəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi:

- Möhtərəm Prezidentə ailə üzvlərim, veteran dostlarım adından dərin təşəkkürümü bildirir, ona cansağlığı, uzun ömür və işlərinin həmişə avand olmasını arzulayıram. Biz veteranlar əminik ki, tezliklə erməni faşizmi üzərində də qələbə çalıb, torpaqlarımızın hər qarışını azad edəcəyik.

 

Valeh SALEHOV,

veteran jurnalist

Azərbaycan.-2015.- 9 may.- S. 15.