Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

 

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü günüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər on ikinci ildir ki, bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.

Ümummilli Liderimizin doğum günündə - mayın 10-da sübh tezdən respublika ictimaiyyətinin nümayəndələri, ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar, Azərbaycan paytaxtının qonaqları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə tər güllər qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edirlər.

Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyevin adı ilə bağlıdır. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən, xarizmatik lider olan Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, əslində, sosial-iqtisadi böhran keçirən Azərbaycanı 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Tədqiqatçılar haqlı olaraq vurğulayırlar ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə təməli qoyulmuş potensiala əsaslanır.

1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər özünün müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.

Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, onun xatirəsini ehtiramla andı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra dövlətimizin başçısı və ailə üzvləri oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoydular.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak edirdilər.

 

Azərbaycan.-2015.- 13 may.- S.1.