Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Baş
nazirinin müavininin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də
Türkiyə Respublikası Baş nazirinin müavini Əli
Babacanın başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
Türkiyənin
G-20-yə rəhbərliyə seçildiyini və bu mötəbər
təşkilatın bütün tədbirlərinə ev sahibliyi
edəcəyini vurğulayan Baş nazirin müavini Əli
Babacan Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin həmin
tədbirlərdə iştirak etmək üçün dəvətini
bir daha diqqətə çatdırdı. Əli Babacan
qardaş Azərbaycanın G-20-nin toplantılarında
Türkiyə ilə bərabər olmasının xüsusi
önəm daşıdığını dedi. Birinci Avropa
Oyunlarına Bakının ev sahibliyi etməsinin əhəmiyyətinə
toxunan Əli Babacan yarışların yüksək səviyyədə
keçiriləcəyinə əminliyini ifadə etdi.
Türkiyənin
G-20-yə rəhbərlik etməsini qardaş ölkənin
böyük qələbəsi kimi dəyərləndirən
dövlətimizin başçısı Azərbaycanın
buna çox sevindiyini dedi. Prezident İlham Əliyev bunu həm
də dünyanın aparıcı dövlətləri tərəfindən
Türkiyənin roluna göstərilən yüksək
münasibətin ifadəsi kimi qiymətləndirdi. Azərbaycanı
G-20-yə dəvət etdiyinə görə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha minnətdarlığını
ifadə edən Prezident İlham Əliyev bunun dostluğumuzun
və qardaşlığımızın bariz nümunəsi,
Türkiyə-Azərbaycan birliyini dünyaya nümayiş
etdirən başlıca amil olduğunu dedi. Dövlətimizin
başçısı ölkəmizin bu mötəbər
görüşə hazırlaşdığını və
bununla bağlı bu gün Bakıda xüsusi
toplantının keçirilməsinin önəmini də
vurğuladı. Prezident İlham Əliyev bu yaxınlarda
Çanaqqala zəfərinin 100 illiyi münasibətilə
keçirilən tədbirlərin yüksək səviyyədə
təşkil olunmasının və mərasimlərdə
dünyanın bir çox ölkələrinin dövlət və
hökumət başçılarının iştirak etməsinin
əhəmiyyətini məmnunluqla qeyd etdi.
Görüşdə ölkələrimiz
arasında dostluq və qardaşlıq
münasibətlərinin bütün sahələrdə
uğurla inkişaf etdiyi bildirildi və bu əlaqələrin bundan
sonra da genişləndiriləcəyinə
əminlik ifadə olundu.
Azərbaycan.-2015.- 13 may.- S.6.