Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıdakı

1 nömrəli körpələr evinin yenidənqurmadan sonra açılışında iştirak edib

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Nəsimi rayonundakı 1 nömrəli körpələr evi əsaslı təmir və yenidənqurmadan sonra mayın 10-da - Ulu Öndərin anadan olmasının 92-ci ildönümü günündə istifadəyə verilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva körpələr evinin açılışında iştirak ediblər.

Məlumat verildi ki, 1930-cu ildə tikilən bina uzun illər təmir edilmədiyinə görə yararsız hala düşmüşdü. Heydər Əliyev Fondunun təşəbbüsü ilə körpələr evində ilk dəfə 2005-ci ildə təmir işləri aparılıb. Ötən ilin oktyabrında isə Fondun dəstəyi ilə binada əsaslı təmir və yenidənqurma işlərinə başlanılıb. Körpələr evinin binası tamamilə yenilənib, müasir havalandırma sistemi qurulub, su, qaz, işıq xətləri təzələnib, həyətyanı sahə abadlaşdırılıb.

Azərbaycanın birinci xanımı körpələr evinin yataq, iaşə, tibbi müayinə, laboratoriya, fiziki tərbiyə otaqları ilə tanış oldu. Uşaq tərbiyə müəssisəsi bütün standartlar nəzərə alınmaqla yenidən qurulub, müasir çarpayılar və oyuncaqlarla təmin edilib. Bu evin balaca sakinlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə maraqlı əyləncə qurğuları da quraşdırılıb.

Birinci xanım Mehriban Əliyeva müəssisədə səhiyyə xidmətinin təşkili, həmçinin uşaqların səhhəti ilə maraqlandı. Heydər Əliyev Fondunun prezidentinə məlumat verildi ki, burada valideyn himayəsindən məhrum olan 3 yaşa qədər 44 uşaq böyüyür. Onlar müntəzəm surətdə tibbi müayinədən keçirilir və hazırda səhhətlərində heç bir problem yoxdur.

Heydər Əliyev Fondunun prezidenti körpələr evində ərzaq təminatı məsələsinə də toxundu, uşaqların vaxtında və sağlam qidalanmalarının vacibliyini vurğuladı.

Körpələr evində yaradılan şəraitdən məmnun qalan və kollektivə uğurlar arzulayan Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva müəssisəyə avtomobil hədiyyə etdilər.

 

Azərbaycan.-2015.- 13 may.- S.7.