Qədim oğuz yurdunda...

 

 

Məşəl Beyləqan və Xocavənddə alovlandı

 

Odunu yurdumuzun qədim “Atəşgah” məbədindən alan Birinci Avropa Oyunlarının məşəli mayın 9-da cəbhə bölgəsinə də çatdı. Məşəl estafetinin yeni ünvanı Xocavənd rayonu oldu. Nankor qonşularımız olan erməni faşistlərinin başladığı ədalətsiz Qarabağ savaşında digər ərazilərimizlə yanaşı Xocavənd də işğal edilib odlara qalanmışdır.

Erməni cəlladlarının Qaradağlı kəndində törətdikləri qanlı cinayətləri ikinci Xocalı da adlandırırlar. Bu soyqırımında kəndin hər 10 nəfər sakinindən biri qətlə yetirilib. Kənd bütövlükdə 117 sakinini itirib. Öldürülənlərin 10-u qadın, 8-i uşaq idi. 1992-ci ilin fevralında törədilən bu amansızlıq nəticəsində ermənilər təkcə Qaradağlı kəndində 200 evi, 1 mədəniyyət evini, 320 yerlik orta məktəb binasını yandırıb viran qoymuşlar. 42 ailə başçısını itirmiş, 140 uşaq yetim qalmışdır. 

Bu bayram ovqatlı anlarda ermənilərin törətdikləri faciəni səbəbsiz xatırlamırıq. Olanlar bizim qan yaddaşımızdır. Heç nəyi unutmaq, heç kimi yaddan çıxarmaq mümkün deyil. Qoy dünya bir daha eşitsinbilsin ki, ermənilərin niyyətləri, məqsədləri nədir?!

Bir zamanlar top mərmilərinin gurladığı, ölüm saçan güllələrin sağa-sola uçduğu bu yerlər indi bayram libasındadır. Xocavəndlilər Birinci Avropa Oyunlarının məşəlini əsl bayram coşqusu ilə qarşılamağa çıxıblar. İsti yuvalarından, doğma ev-eşiklərindən perik salınmış rayon sakinləri üçün inşa edilmiş 320 ailəlik yeni qəsəbənin girişində qələbəlikdir. Əhalinin geyimində də, əhval-ruhiyyəsində də nikbin notlar açıq-aşkar hiss olunur. Məşəli gətirən dəstə tezliklə bu məkana çatacaqdır. Hər kəsin nəzəri yola dikilib. Üz-gözündən fərəh yağan bir gənclə həmsöhbət oluruq. Rayonun ictimai-siyasi həyatının fəal iştirakçısı olan Şaiq Aslanovun dedikləri:

- Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi rayonumuzun gənclərində əsl bayram əhval-ruhiyyəsi yaratmışdır. Bu mötəbər yarışlar üçün Azərbaycanın ünvan seçilməsi Prezident İlham Əliyevin idarə etdiyi dövlətə, ölkəmizin yüksək inkişaf səviyyəsinə çatan iqtisadi qüdrətinə və mövcud ictimai-siyasi sabitliyə Avropanın göstərdiyi böyük etimaddır, verdiyi yüksək dəyərdir. Təbii ki, biz bundan qürur duyuruq və əmin olduğumuzu bildirir ki, bu sınaqdan uğurla çıxacağıq.

Budur, qəsəbəyə gələn asfalt yolda məşəl karvanı görünür. Alqış sədaları ətrafı bürüyür. Məşəli ilk olaraq xocavəndli Bəxtiyar Abbasov qəbul edir. Ölkəni qarış-qarış dolanan Birinci Avropa Oyunlarının məşəli bu dəfə məcburi köçkün qəsəbəsindən start götürür. Sambo üzrə dünya çempionu Bəxtiyar Abbasov mərasim iştirakçılarının hər iki tərəfdən sıx cərgələrlə əhatə etdiyi yolla inamla irəliləyir. Bəxtiyar Abbasov nəzərdə tutulan məsafəni qət etdikdən sonra məşəli Taleh Mirzəyevə ötürür. Beləcə davam edən estafetdə məşəlçilər bir-birini əvəzləyir. Babək İslamov, Fərhad Tahirov, Davud Tahirov, Müşfiq Hüseynov, Elvin Səfərov, Əbülfət Hüseynov, Murad Quliyev onlara etibar edilən məşəldarlıq vəzifəsini şərəflə icra edirlər. Bayraq meydanında qurulmuş səhnədəki alov piyaləsini alışdırmaq isə Şəhriyar Abbasova qismət olur.

Üçrəngli milli bayrağımızın ucalıqda dalğalandığı meydandan sürəkli alqışlar ucalır. Rayonun cəsur idmançıları müxtəlif döyüş səhnələrini nümayiş etdirirlər. Musiqi sədaları dalğa-dalğa ətrafa yayılır. Bu coşqu, bu təntənə ürəklərdə böyük qələbənin tezliklə reallaşacağına, illərdən bəri düşmən işğalındakı torpaqlarımızın azad olunacağına inamı daha da artırır.

Gənc müəllim Telli Alıyevanın bizimlə söhbət zamanı səsləndirdiyi fikirlər, çox güman ki, mərasim iştirakçılarının ürəyindən keçən istəkdir:

- Birinci Avropa Oyunlarının məşəlinin qəsəbəyə gətirilməsini yüksək qiymətləndirir, dövlət başçısının qaçqın və məcburi köçkünlərə hər zaman göstərdiyi qayğı və diqqətinin yeni ifadəsi kimi qəbul edirik. Biz sevinirik, qürur hissi keçiririk. Düşmənimiz aclıq, səfalət içində çapalayır, iqtisadi burulğandan çıxmaqdan ötrü havadarlarının qarşısında diz çöküb yalvarır, dünya dövlətlərinə əl açıb dilənçilik edir. Azərbaycan isə nail olduğu iqtisadi yüksəlişlə dünyanı heyran qoyur, dostluq, qardaşlıq, əməkdaşlıq niyyəti ilə Avropaya qucaq açıb tarixdə ilk dəfə keçirilən mötəbər yarışlara ev sahibliyi edir. Bu fərqi görməyənlərin gözləri də, ağılları da kordur. Bax, bizi sevindirən, ürəyimizi qürurla dolduran doğma Azərbaycanın qazandığı davamlı uğurlardır. Aydan-aya, gündən-günə artan bu uğurlar isə bizi böyük qələbəyə aparır.

 

Lazım QULİYEV,

Azərbaycan.-2015.- 13 may.- S. 8.