Bayramın bayrama qarışdığı məkan

 

Məşəl Ağcabədidə alovlandı

 

Dünya şöhrətli dahi bəstəkar Ü.Hacıbəylinin doğulduğu, Qarabağın cənnətməkan diyarı olan Ağcabədi sevincli bayram günlərinin xoş ovqatını yaşamaqdadır. Son illər əsl övlad sevgisi ilə başdan-başa yenidən qurulub abadlaşdırılan, gerçək bir gözəllik mücəssiməsinə çevrilən Ağcabədidə bayram bayrama qarışıb. Böyük Vətən müharibəsində qələbənin 70 illiyini təntənə ilə qeyd edən ağcabədililər, bir gün sonra sonsuz məhəbbət və ehtiramla xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə öz layiqliyi töhfələrini verərək bu günü əsl el şənliyinə çevirdilər. Mayın 10-u Ağcabədi rayonunun tarixinə daha bir əlamətdar gün kimi daxil olur. I Avropa Oyunlarının qədim “Atəşgah” məbədindən alovlanıb bütün ölkəni qarış-qarış dolanan məşəli məhz bu gün - bayramın bayrama qarışdığı, könüllərə sevinc, fərəh hakim kəsildiyi, baxışlardan təbəssüm süzüldüyü, hər ürəkdə xoş bir ovqat yaşandığı gözəl məqamda Ağcabədiyə gətirilir.

Təbiətin nazlı gəlini baharın bu oğlan çağında rayon mərkəzi zümrüd libasa bürünüb. Hər addımda rastlaşdığın al-əlvan yaz çiçəkləri göz oxşayır. Gör nə aləmdir ki, yaraşıqlı elektrik dirəklərindən də salxım-salxım çiçəklər sallanır. Şəhərin gözəl və cazibədar görkəmi ilə adamlardakı bayram coşqusu bir-birlərini çox maraqlı formada tamamlayır.

Ulu öndərin adını daşıyan parkın qarşısında böyük izdiham var. Paytaxt Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli məhz burada qarşılanır. Dahi bəstəkar Ü.Hacıbəylinin adını daşıyan bu küçə bayramsayağı bəzədilib. Hər tərəfdə yüksək səliqə-sahman var. Mərasim iştirakçıları arasında yer alan, rayonun nüfuzlu ziyalılarından sayılan Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının müəllimi Əlizadə Nəcəfov bizimlə söhbətində keçirdiyi fərəh hissindən söz açır:

- Bu gün bütün ağcabədililər kimi, mən də qürurluyam. Bizi sevindirən doğma Azərbaycanın dünyada tanınması, söz sahibinə çevrilməsidir. Məsələnin mahiyyətinə varmaq lazımdır. Avropa Oyunları tarixdə ilk dəfədir ki, keçirilir. Bəs necə oldu ki, belə mötəbər yarışa ev sahibliyi etmək yenicə müstəqillik qazanıb ilk uğurlu addımlarını atan Azərbaycana etibar olundu? Bu etimadı bizə qazandıran işıqlı zəkası, müdrik siyasəti ilə dünyanın diqqətini çəkən respublika Prezidenti İlham Əliyevin doğma vətənimiz olan Azərbaycanın işıqlı sabahlarına, parlaq gələcəyinə hesablanan məqsədyönlü fəaliyyətidir. Paytaxtımız Bakıda böyük təntənə ilə keçiriləcək bu yarışların uğurlu yekunundan alınan məntiqi nəticə də bəribaşdan deyərdim ki, artıq məlumdur. Mövcud ikili standartlar buzunu əritmək üçün dünyaya əyani şəkildə çatdıracağıq ki, Azərbaycan sülh, dostluq, qardaşlıq, əməkdaşlıq diyarıdır. Amalımız, məqsədimiz bütün dünya xalqlarının dinc və əmin-amanlıq şəraitində yaşamasına öz töhfələrimizi verməkdir.

Budur, bayaqdan bəri yolu səbirsizliklə gözlənilən məşəl meydana daxil olur. Ağcabədinin fəal gənclərindən biri olan, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova məşəli qəbul edib başı üzərinə qaldırır. İzdihamdan alqış sədaları qopur. Bahar çiçəkləri kimi al-əlvan şarlar, sülh rəmzi olan göyərçinlər havaya qanadlanır.

Radə Qafarova nəzərlərin dikildiyi məşəli başı üzərində tutaraq 3.5 kilometrlik məsafədə yürüşə başlayır. Məşəl əldən-ələ ötürüldükcə, onu daşıyanlar əvəzləndikcə nəzərdə tutulan məsafə qısalır.

Məşəlçilər sırasında yer alanlar rayonun ictimai həyatında, xüsusilə idmanda fəal iştirak edən gənclərdir. Nərgiz Quliyeva karate üzrə Azərbaycan çempionudur. Asim Mirzəxanlı AMİ Ağcabədi filialında tələbə gənclər təşkilatının sədridir. Rahib Əhmədov kempo növü üzrə ikiqat dünya, altıqat respublika çempionudur. Bütövlükdə 10 nəfər məşəlçinin hər biri Ağcabədidə sayılıb-seçilən gəncdir.

Bu da əsas tədbirin keçiriləcəyi üçün əvvəlcədən xüsusi zövqlə hazırlanmış şəhərin mərkəzi meydanı. Sonuncu məşəlçi rayon gənclər və idman idarəsi rəisinin müavini Eldəniz Qəmbərov səhnəyə qalxaraq məşəli alovlandırır. Şəhər 1 nömrəli orta məktəbin şagirdi Minayə Əkbərova I Avropa oyunlarının Ağcabədidə yandırılan çırağını başı üzərinə qaldırıb mərasim iştirakçılarına nümayiş etdirir. Çıraq mötəbər idman yarışları başa çatanadək Ağcabədidə yanacaq, sonra isə xatirə kimi saxlanılacaqdır.

Ağcabədinin mərkəzi meydanında məşəl coşqusu davam edir. I Avropa oyunları məşəlinin Ağcabədiyə gətirilməsi rayon tarixinin ən əlamətdar hadisələrindən biri kimi yaddaşlara həkk olacaqdır. Bu gün bəlkə də hamıdan çox sevinən və buna haqqı çatan Radə Qafarovadır. Hələ də həyəcanlı olan Radə Qafarova sevincini bizimlə də bölüşür:

- Həyatımın ən sevimlieyni zamanda ən həyəcanlı anlarını yaşadım. Məşəlin ilk dəfə qəbul edilməsinin mənə etibar olunması, əslində, Ağcabədi gənclərinə göstərilən etimaddır. Gənclər isə rayonun ictimai-siyasi həyatında aparıcı qüvvədir. Son illər rayonumuzun dinamik inkişaf yoluna çıxmasında, rayon mərkəzinin, eyni zamanda kəndlərin abadlaşdırılmasında, gözəl görkəm almasında rayon gənclərinin böyük rolu var. Biz Azərbaycan gəncliyi çox xoşbəxtik. İqtisadi qüdrəti dünyanı heyran qoyan  dövlətimizlə, öz müdrik siyasəti ilə Azərbaycanı dünyada söz sahibinə çevirməyə qadir olan Prezident İlham Əliyevlə fəxr edir, qürur duyuruq. I Avropa Oyunlarının Bakıda keçirilməsi isə doğma Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artıracaq, dünya ictimaiyyətinin ölkəmiz haqqında baxışlarında yaxşıya doğru ciddi dəyişikliklər edəcəkdir.

Beləcə, Qarabağın torpağı bərəkətli, adamları mehriban və qonaqpərvər olan Ağcabədi adlı diyarı I Avropa Oyunları məşəlinin doğurduğu sevincə sahilsiz bir meydan olur. Məşəl estafetinin növbəti ünvanı isə qonşu Ağdam rayonudur.

 

Lazım QULİYEV,

Azərbaycan.-2015.- 13 may.- S. 9.