Alovun səyahəti Ağdama
çatdı
Məşəl Ağdamda
alovlandı
...Qarabağ savaşının ilk qığılcımlarının mənfur qonşularımız olan ermənilər tərəfindən alışdırıldığı bu bölgədə 30 ilə yaxındı ki, belə təntənə yaşanmayıb. Ermənistan silahlı qüvvələri Ağdam şəhərini, rayonun çox sayda kəndlərini faşist xislətlərinə uyğun şəkildə yandırıb külə döndərmiş, daş üstə daşı qalmayan xarabaya çevirmişlər. Hələ milli ordunun formalaşmadığı bir zamanda təpədən dırnağadək silahlanmış ermənilərlə qeyri-bərabər döyüşdə Ağdamın özünümüdafiə batalyonları mərdliklə döyüşür, əsl qəhrəmanlıqlar göstərirdi. Bu döyüşlərdə Ağdam 5 mindən çox övladını şəhid verdi, ərazisinin dörddə üç hissəsini itirməli oldu.
Ağdam bütün zamanlarda ölkənin iqtisadi-siyasi həyatında mühüm yer tutub. Azərbaycanda xalqın tələbiylə yenidən hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Ağdamın işğalına münasibət bildirərkən demişdi: “Ağdamsız, Qarabağsız Azərbaycan yaşaya bilməz”.
Hələ müharibə bitməyib, son qərar verilməyib. Atəşkəs rejimində ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz qətiyyəti və müdrik siyasəti ilə zamanın xeyrimizə işləməsi təmin olunub. Dövlətimizin sürətlə artan hərbi-iqtisadi qüdrəti qarşısında məkrli düşmən aciz duruma düşüb. Müharibənin öz qanunları var. Güclü olan tərəf şərtləri diktə edir. İndi sıra bizdədir. Ermənistanın işğal etdiyi torpaqlarımızdan geri çəkilməkdən başqa yolu qalmamışdır. İşğalçılar Qarabağdan sülhlə çıxmasalar, onların döyüş meydanlarında məğlub olacaqları qaçılmazdır. Bu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Qarabağ müharibəsi ilə bağlı heç bir zaman dəyişməyən, hər hansı güzəştdən uzaq qətiyyətli və prinsipial mövqeyindən qaynaqlanan yenilməz iradəsinin məntiqi ifadəsidir. Xalq isə, öz növbəsində, dövlət başçısının siyasətini birmənalı şəkildə bəyənir və müdafiə edir. Bu aydın mövqeyi I Avropa Oyunları məşəlinin Ağdama, daha dəqiq desək, məlum hadisələr nəticəsində müvəqqəti rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsinə gətirilməsi münasibətilə keçirilən təntənəli mərasim iştirakçılarının nikbin ruhunda, xoş ovqatında, tezliklə çalınacaq zəfərə yenilməz inamlarında aydın görmək olur.
Mayın 10-dur. Ağdamın yaxın-uzaq kəndlərindən, dövlətin qayğısı ilə rayon ərazisində yeni salınmış çoxsaylı köçkün qəsəbələrindən gələn minlərlə sakin məşəlin keçəcəyi Heydər Əliyev prospekti boyunca düzülmüşdür. Əllərdə üçrəngli milli bayraqlar və bir də keçirilən bu tədbirə isti münasibəti bildirən baharın yetirdiyi əlvan qızılgüllər, xoş ətirli yasəmənlər var. Heydər Əliyev prospektində yerləşən rayon təhsil şöbəsinin qarşısındakı qələbəlik diqqəti daha çox cəlb edir. Bu, təsadüfi deyil. Qəsəbəyə Ağcabədi istiqamətindən gətirilən məşəl məhz bu məkanda qəbul ediləcək. Bayram libaslı, sevinc çöhrəli ağdamlılar sanki əziz el bayramını qeyd etməyə çıxıblar. Sinəsini Sosialist Əməyi Qəhrəmanının qızıl ulduzu bəzəyən, Prezident təqaüdçüsü, rayon Ağsaqqallar Şurasının sədri Sədrəddin Ələsgərov bu möhtəşəm tədbirdən aldığı xoş təəssüratı bizimlə bölüşür:
- Xeyli yaşım var. Dünyanın hər üzünü görmüşəm. Ağdam işğal olunandan sonra bizim camaatın belə toy-bayram etdiyi heç vaxt olmayıb. Ağdamlılar ulu öndər Heydər Əliyevə, onun başladığı işləri layiqincə davam etdirən İlham Əliyevə həmişə sədaqətli olublar. Bizim camaat çox qədirbiləndi. Prezident İlham Əliyevin ağdamlılara göstərdiyi xüsusi qayğı - bizlər üçün tikdirdiyi yeni-yeni qəsəbələr, məktəblər, uşaq bağçaları, xəstəxanalar, çəkilən asfalt yollar, bütün kəndlərə qaz verilməsi hər könüldə ona məhəbbət və ehtiram yaradıb. İndi məşəlin Ağdama gətirilməsini də bizə göstərilən diqqət kimi minnətdarlıqla qarşılayırıq. Məşəlin Qarabağa gətirilməsi bu bölgədə yaşayan hər kəsə bir dünya sevinc bəxş edir. Bu çal-çağırı, bu təntənəni görüb necə sevinməyəsən?!
Bəli, sevinmək, şadlıq etmək həyatın çox acılarını yaşamış, son dərəcə ağır məhrumiyyətlərə mərdliklə dözmüş, lakin dövlətə, dövlətçiliyə sədaqətləri bir zərrə belə öləziməmiş ağdamlıların haqqıdır. Uzun illər boyu verdiyi itkilər qarşılığında göz yaşları süzülən tanış üzlərdə sevinc, təbəssüm görmək, xoş əhvali-ruhiyyəli adamlar arasında olmaq nə xoşdur.
Budur, məşəlin gəldiyi yolda karvanın görünməsi izdihamı canlandırır. Minlərlə ağızdan qopan alqış sədasi güclü bir simfoniya kimi səslənir. Yaraşıqlı Qarabağ atı üzərində milli cəngavər geyimində olan süvari qiymətli əmanəti, tarixdə ilk dəfə keçirilməsi səbəbindən daha əlamətdar olan I Avropa Oyunlarının məşəlini Ağdam nümayəndəsi, Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin əməkdaşı Taleh Qurbanova təqdim edir.
Estafet start götürür. Xüsusi qabiliyyət və bacarıqlarına görə seçilmiş məşəldarlar alqış sədaları altında Heydər Əliyev prospekti boyunca asta qaçışla irəliləyirlər. Qəzənfər Qəzənfərli tərəfindən başlanan estafet onun həmkarları Zəfər İmanov, Əkbər Qarayev, Nəcəf Nəcəfquliyev, Saleh Qurbanov və başqaları tərəfindən davam etdirilir. Üç kilometr məsafə qət edildikdən sonra məşəl Bayraq meydanına çatdırılır. Alov festivalının keçiriləcəyi bu məkana minlərlə rayon sakini toplaşıb. Səhnədə qoyulmuş piyalə formasındakı məşəli rayonun gənc futbolçusu Xəyyam Qurbanov yandırır. Çıraq Üçoğlan kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Günay Məmmədovaya təqdim olunur. O, çırağı başı üzərinə qaldırıb mərasim iştirakçılarına nümayiş etidirir. Yüzlərlə rəngarəng şar və sülh rəmzi ağ göyərçinlər havaya qanadlanır. Günay çırağı 106 saylı köçkün tam orta məktəbinin 11-ci sinif şagirdi Elmin Quliyevə təqdim edir. Alqış sədaları yenidən ətrafı bürüyür.
Çıraq Bakıda keçiriləcək I Avropa Oyunları başa çatanadək Ağdamda şölələnəcək. Onun saxlanması üçün seçilən yer hər bir ağdamlının ürəyincədir. Çıraq inşası yenicə başa çatdırılan “Çay evi”ndə saxlanılacaq. Bir zamanlar Ağdamın “Çay evi” bölgədə öz yaraşığı ilə dillər əzbəri olmuşdu. Ağdamsız qaldığımız illərdə isə o unudulmaz məkanı həmişə həsrətlə xatırlayırdıq. Ağdamlıların çoxsaylı təklif və müraciətlərini nəzərə alan rayon rəhbərliyi yenidən qurulan Heydər Əliyev prospektində “Çay evi”nin tikintisinə qərar verdi və hamının ürəyincə olan bu iş ən qısa zamanda başa çatdırıldı. Eyni ilə köhnə “Çay evi”ni xatırladan yeni “Çay evi” indi hər bir ağdamlı üçün kövrək xatirələrin oyandığı, narahat ruhların dinclik tapdığı müqəddəs bir məkana çevrilib.
Bayraq meydanının sevincdən, fərəhdən qaynadığı bu xoş dəqiqələrdə növbəti müsahibim Ağdam Musiqi Kollecinin müəllimi Rəqsanə İsmayılovadır:
- Bu gün gerçək bir bayram sevinci
yaşayırıq. Atəşkəs rejimi olmasına baxmayaraq, ölüm saçan güllələrin
özünə ünvan
axtardığı bu
cəbhə bölgəsində
belə tədbirlərin
keçirilməsi təqdirəlayiqdir.
Musiqinin beşiyi olan Ağdam həm də cəsur idmançıların diyarıdır.
Bunu dəyərləndirən dövlət
başçısı İlham
Əliyevin təşəbbüsü
ilə ölkə üzrə kənd yerində ilk olimpiya idman kompleksi məhz Quzanlıda inşa olunmuşdur.
Hər bir ölkənin dünyada tanınmasında
mədəniyyətin və
idmanın əvəzedilməz
rolu var.
I Avropa Oyunlarının
Bakıda keçirilməsi
ölkəmizin dünyaya
təqdimatında son dərəcə
mühüm mərhələ
olacaq. Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinə ətraflı
bilgilər verilməsi,
heç şübhəsiz,
Qarabağ düyününün
açılmasına da
əhəmiyyətli təsir
göstərəcək. Bu yarışlarda iştirak edəcək bütün idmançılarımıza
uğurlar arzulayıram.
Onların uğuruyla səslənən
himnimiz, ucalan bayrağımız Qarabağda
zəfərimizi də
yaxınlaşdırır.
Bayraq meydanında
rayon sakinləri ilə
yanaşı, ərazidə
yerləşən hərbi
hissələrdən olan
əsgər və zabitlər də yer alıblar. Yaraşıqlı
boy-buxunu ilə diqqət çəkən
siravi əsgər Eldar Məmmədovun söylədikləri:
- Bu gün hamı kimi, əsgərlər də qürurludur. Azərbaycan inkişafını, qüdrətini
dünyaya göstərmək
üçün şans
qazanmışdır. İdman həm də sağlamlıq, güc, qüvvət deməkdir.
Gözlənilən idman yarışı
güclülərin qələbəsiylə
başa çatacaq.
Bizdən isə arxayın
olun. Törətdikləri hər bir təxribatın qarşılığını
ermənilər indi artıqlaması ilə alırlar. Ordumuzda güclü, inam, yüksək əhvali-ruhiyyə
var. Ermənilərə layiqli
cavab verməyə, torpaqlarımızı işğaldan
azad etmək üçün həlledici
döyüşlərə atılmağa hər an hazırıq.
Milli geyimli 7
süvari Qarabağ cinsindən olan köhlənlərlə Sultanbud
təpəsinin zirvəsinə
qalxaraq bayrağın
altında qərar tutur.
Qədim Sultanbud təpəsinin zirvəsində dalğalanan
ucadan-uca bayrağımızın
altında alov festivalı başlayır. Respublikanın tanınmış incəsənət
ustalarının və
Ağdam mədəniyyət
evinin özfəaliyyət
ansamblı üzvlərinin
ifasında rəngarəng
musiqi nömrələri
bir-birini əvəzləyir.
Məharətlə ifa olunan milli rəqslər alqışlarla qarşılanır.
Ağdamın “Şur”
ansamblının ifa etdiyi “Qarabağ şikəstəsi” sanki bu qədim və
tarixi məkandan dünyaya səslənir, hər kəsi Qarabağın harayına
çatmağa çağırır...
Lazım
QULİYEV,
Azərbaycan.-2015.- 13 may.- S. 10.