Zərdabi yurdunda idman növrağı
Məşəl Zərdab və Tərtərdə
alovlandı
Zərdablıların da çoxdan həyəcan və sevinclə gözlədikləri gün gəlib çatdı. I Avropa Oyunlarının məşəli Ağdam rayonundan sonra Zərdabi yurdunda alovlanmalıdır. Bunun üçün Zərdabda hərtərəfli hazırlıq işləri görülüb. Yolların, küçələrin səliqə-sahmanından, təmizliyindən tutmuş hər şeyə xüsusi diqqətlə yanaşılıb. Son vaxtlar yaşıllıq zolaqları xeyli artmış Zərdab şəhəri bayraqlarla, plakat və şüarlarla bəzədilib.
Böyükdən-kiçiyə hamı bayram ovqatındadır. Şübhəsiz, belə yüksək səviyyədə hazırlığa son illər rayonda görülən abadlıq, tikinti-quruculuq işlərinin də təsiri böyükdür. Dövlətin yüksək qayğısı sayəsində Zərdab çox dəyişib, çox yeniliklərə nail olub. Müxtəlif istehsal sahələri yaradılıb, yeni iş yerləri açılıb, insanların həyat tərzi, gün-güzəranı yaxşılaşıb.
Zərdab rayonunun mərkəzinə çatmamış yolun sağında “32 hektar" adlanan ərazidə yeni qəsəbə salınıb. Şəhərə bitişik olan bu qəsəbənin əsası 2010-cu ildə qoyulub. Həmin ilin yazında Kür çayının daşması nəticəsində çayqırağı ərazini tamamilə su basmış, sakinlərin evləri qəzalı vəziyyətə düşmüşdü. Dövlətin, Prezident İlham Əliyevin yüksək qayğısı sayəsində bu gözəl qəsəbə salındı və zərərçəkən insanlar bu qəsəbəyə köçürüldü. Hər cür infrastruktura malik bu müasir qəsəbədə 132 şagirdlik yeni məktəb binası da tikilib istifadəyə verilib. Qəsəbə sakinləri yaradılan şəraitə və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirirlər. Bu qəsəbədən danışmaqda məqsədimiz həm də odur ki, Zərdabi yurduna daxil olan I Avropa Oyunlarının məşəlini “32 hektar" ərazisinin sakinlərinin alqışları müşayiət edəcək.
Zərdabın idman həyatı da zəngindir. Təkcə bir faktı xatırladaq ki, 30 yanvar - 1 fevral 2015-ci il tarixdə İsmayıllı rayonunda şəhidlərimizin xatirəsinə həsr olunmuş karatenin VKC növü üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatında Zərdab idmançıları 5 qızıl, 5 gümüş və 4 bürünc medal qazanıblar.
Bu gün məşəli qarşılamağa gələnlər isə, şübhəsiz ki, yalnız idmançılar və idman sahəsində çalışanlar deyil. İstər rayon mərkəzindən, istərsə də rayonun ayrı-ayrı kəndlərindən bu gözəl bayrama qoşulanlar arasında hər yaşda insana rast gəlmək mümkündür. Zərdablılar bu günü əsl el bayramına çeviriblər. 92 yaşlı müharibə veteranı Muradəli Heydərovu da mərasim iştirakçıları arasında görəndə çox sevinirik. Üç “Şöhrət" ordenli Muradəli kişi məşhur 416-cı Taqanroq diviziyasının tərkibində faşistlərə qarşı vuruşub. Özünün dediyi kimi, alman faşizmini diz çökdürmək üçün sonuncu güllə atanlardan biri olub. Neçə ildir Prezident təqaüdü alır.
Bugünkü bayram sevincini Muradəli
Heydərov belə bölüşür:
- 92 yaşım olsa da, özümü bu
cavanların sırasında hiss edirəm.
Düşünürəm ki, bu tarixi hadisədən, bu gözəl bayramdan mən
niyə kənarda qalım. Sevinən insanların arasında olmaq ömrü uzadır.
Mən çox yaşamaq,
erməni işğalçılarının cavabını
vermək və alman faşizmi
üzərində Qələbənin 80 illiyini
də görmək istəyirəm. Möhtərəm Prezident İlham Əliyev
bizə ki belə qayğı göstərir,
əminəm ki, o günü də görəcəyik. Bu Avropa Oyunlarının
Bakıda keçirilməsi də Prezident
İlham Əliyevin hünəridir, onun gördüyü işlərin, ölkəmizi
dünyada layiqincə
tanıtmasının nəticəsidir. Bu
qədər inkişaf etməsək, güclü olmasaq, kim idi bizim
qapımızı döyən? Acından ölən Ermənistanda
belə tədbirlər keçirərlər? Heç
vaxt! Bu gün Zərdabda Avropa
Oyunlarının məşəlini qarşılamağa
çıxmışam. On
il, iyirmi
il, əlli il əvvəl buna inanmaq olardımı?
Bu gözəl bayramı
bizə bəxş etdiyinə görə möhtərəm Prezident
İlham Əliyevə
bir ağsaqqal, veteran kimi bütün zərdablılar
adından dərin minnətdarlığımı bildirirəm.
Nəhayət, alqış sədaları
altında I Avropa Oyunlarının məşəlini
Zərdabi yurduna gətirən karvan görünür. Həyəcan və qürur
dolu anlar başlanır. Bayraq meydanında
rayonun gənc fəallarından olan Bəxtiyar Nurəliyev məşəli təhvil
alır. Sonra estafetə uyğun olaraq daha bir
gənc fəal - Murad Həsənov, taekvondo üzrə ölkə yığmasının
üzvü Elnur Babayev, gənclər və idman idarəsinin
əməkdaşı Ehtiram
Osmanov, karatenin VKC növü üzrə Avropa və dünya çempionu Nərmin Camalzadə və digər məşəlçilər I Avropa
Oyunlarının məşəlini
3,53 km məsafə boyunca
başları üzərinə
qaldırırlar. Bayraq
meydanından sonra məşəl H.B.Zərdabinin
ev-muzeyinə “qonaq"
olur, İkinci Dünya müharibəsi veteranlarının abidəsi
önündə “sükuta
dalır", Kür çayında gəmi ilə gəzintiyə “çıxır", Şəhidlər
xiyabanından, Dədə
Qorqud meydanından, Heydər Əliyev prospektindən keçərək
Heydər Əliyev Mərkəzinə gətirilir.
Burada isə karatenin VKC növü üzrə dünya ikincisi Nurəddin Əliyarlı Oyunların sonunadək saxlanılmaq üçün
yandırılan çırağı
təhvil alır.
Mərasimi böyük sevgi və məhəbbətlə
izləyən zərdablıların
sevinci yerə-göyə
sığmır. Təəssüratını soruşduğumuz insanlar bu möhtəşəm
günü ömürləri
boyu unutmayacaqlarını,
bu əvəzsiz duyğuları onlara bəxş etdiklərinə
görə dövlət
başçısı İlham
Əliyevə minnətdarlıqlarını
bildirirlər.
Fürsətdən istifadə edib Nərmin Camalzadənin fikirlərini öyrənirik:
- Bu gözəl gündə
məşəli daşımaq
da, elə mərasim iştirakçısı
olmaq da çox qürurvericidir. İlk Avropa Oyunlarının məşəli Zərdabda
alovlanır. İlk
Avropa Oyunlarına Azərbaycan ev
sahibliyi edir. Bu bir daha onu göstərir ki, bizim ölkəmiz
sülh ölkəsidir,
bütün Avropaya, bütün dünyaya məhəbbətlə qucaq
açmaq iqtidarındadır.
Həmişə böyük idman
yarışlarının keçirildiyi
ölkələrə qibtə,
həsəd hissi ilə baxmışıq.
Ancaq bu il o möhtəşəm
duyğuları yaşamaq
bizə də qismət oldu. Bütün zərdablıları, bütün
xalqımızı bu
gözəl idman bayramı münasibətilə
təbrik edirəm.
İnanıram ki, Oyunlarda iştirak edən idmançılarımız öz
qələbələri ilə
hər birimizi sevindirəcəklər.
Elnur Babayevin də ürəyi doludur: - Zərdabın tarixində
bənzərsiz bir gün yaşanır. Vaxtilə ucqar bir kənd
rayonu olan Zərdab indi inkişafı, müasirliyi
ilə göz oxşayır. Ölkəmizi dolanıb gəzən məşəl bu gün biz zərdablılara
da sevinc, qürur dolu anlar bəxş edir. İnanırıq ki, bu bayram ovqatı işgüzarlığımızı, qurub-yaratmaq əzmimizi daha da artıracaq.
Yeniyetmə və gənclərin idmana olan marağı daha
da artacaq. Daha məsuliyyətli və daha vətənpərvər
olacağıq, axı
bütün dünyanın
gözü bizdədir.
Bir azdan zərdablıların məşəl
bayramı sevincinə
çal-çağır sədaları
da qarışır.
Telman NƏZƏRLİ,
Azərbaycan.-2015.- 13 may.- S. 11.