Qəhrəmanlar yurdu alova qovuşdu

 

Məşəl Zərdab və Tərtərdə alovlandı

 

Ölkəmizi bayram sevincinə qərq edən I Avropa Oyunları məşəlinin növbəti ünvanı Tərtər rayonudur. Qarabağ müharibəsinin ağrı-acısını yaşamış bu cəbhə bölgəsi əsl qəhrəmanlar yurdudur.

Tərtərin igid övladlarının tarixi hünərinin məntiqi nəticəsidir ki, qeyri-bərabər döyüşlərdə ermənilər bir qarış da olsun torpaq ələ keçirə bilməmiş, əksinə, mənfur qonşularımız bu istiqamətdə işğal etdikləri  Azərbaycan ərazilərindən qovulmuşlar. Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri bu heyfi almaq üçün bu bölgədə dəfələrlə təxribatlar törətsələr də, hər dəfə layiqli cavablarını alıb geri oturdulmuşlar. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov erməniləri dəhşətə gətirən misli görünməmiş qəhrəmanlıq tarixini məhz Tərtər bölgəsində yazmışdır.

İndi tərtərlilərin sevinməyə, şadlıq etməyə daha çox mənəvi haqqı vardır. Rayon sakinləri dünən I Avropa Oyunlarının məşəlini qəbul etmək üçün Bərdə istiqamətindəki giriş qapısına toplaşmışdılar. Dövlətə, dövlətçiliyə həmişə sədaqətli olan tərtərlilər möhtəşəm Bayraq meydanını məhz bu ərazidə inşa etmiş, uğrunda qurban olmağa hər an hazır olduqları üçrəngli milli bayrağımızın əlçatmaz ucalıqda dalğalanmasını təmin etmişlər. Bu gün may ayının 12-də Bayraq meydanı bayram libasındadır. Burada baharın yaratdığı əsrarəngiz bahar tablosu ilə mərasim iştirakçılarının yüksək əhvali-ruhiyyəsi qəribə harmoniya təşkil edir.

Rayonun ictimai-siyasi həyatının fəal iştirakçısı Svetlana Əzizovanın ürək sözlərini eşitmək xoş olar:

- Göründüyü kimi, bu gün biz ata-babalarımızın həmişə müqəddəs bildikləri odun pişvazına toy-bayramla çıxmışıq. Yolunu gözlədiyimiz bu məşəl bizim üçün birona görə qiymətlidir ki, onu qədim “Atəşgah" məbədində ilk dəfə respublika Prezidenti İlham Əliyev yandırmışdır. Bu gün dünya Azərbaycanda baş verənləri çox maraqla izləyir. Dostlar sevinir, düşmənlərimizin isə qanı qaralır. Dünyada azad və müstəqil olmaqdan qiymətli sərvət yoxdur. Möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onu əbədi və dönməz etmək üçün göstərdiyi fədakarlıqlar hər kəsə yaxşı məlumdur. Bu gün dünyanın nəzərlərini bizə yönəldən tarixdə ilk dəfə keçiriləcək Birinci Avropa Oyunlarına sıradan bir idman yarışı kimi baxmaq olmaz. Uğurla keçəcəyi zərrə qədər də şübhə doğurmayan I Avropa Oyunları Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ən dəyərli vasitədir və hər bir azərbaycanlı bu imkandan maksimum faydalanmaq üçün səfərbər olub.

Güclənən alqış sədaları məşəlin yaxınlaşdığından xəbər verir. Sağı da, solu da yaşıl ağaclarla əhatə olunmuş genişrahat asfalt yolda məşəli gətirən karvan görünür. Məşəl ara verməyən alqış sədaları altında Tərtər rayonunun nümayəndəsi Rasif Abbasova təqdim olunur. Müqəddəs odu başı üzərinə qaldıran Rasif Abbasov nəzərdə tutulan marşrut üzrə hərəkətə başlayır. 4 kilometr məsafəni qət etmək üçün 10 nəfər məşəlçi seçilmişdir. Yol boyu estafet yenilənir, məşəlçilər bir-birlərini əvəz edirlər. Məşəlçilər sırasında rayonda yaxşı tanınan simalar yer alır. Rəşad Ələkbərov, Nurlan Əlizadə, Səlim Kərimov, Emin Məmmədov, Səlim Zeynalov, Sevinc Əliyeva, Nigar Ağamalızadə və Karina Nəsirova məşəli daşımaq şərəfinin etibar edildiyi rayon fəallarıdır. 

I Avropa Oyunlarının məşəli Tərtər şəhərinin abad və yaraşıqlı prospekt və küçələrini bayram təntənəsi, sürəkli alqışların müşayiətilə keçərək bu əlamətdar tədbir üçün hazırlanmış məkana gətirilir. Bura şəhərin mərkəzi meydanıdır. Zövqlə quraşdırılmış səhnə bayram çöhrəli rayon sakinləri tərəfindən üzük qaşı kimi əhatə olunmuşdur. Yaraşığı, gözəlliyi ilə göz oxşayan meydan çox qələbəlikdir.

Budur, gözlənilən an gəlib çatır. Yurdumuzun qədim məbədi olan “Atəşgah"dan od almış məşəl meydana daxil olur.  

Estafetdə sonuncu məşəlçi olan Faiq Məmmədov onu başı üzərinə qaldıraraq səhnəyə çıxır. Rayonun idman şərəfini həmişə layiqincə qoruyan Faiq Məmmədov boks üzrə Azərbaycan çempionu, idman ustasıdır. Səhnədə qoyulmuş piyalə formasındakı məşəli yandırmaq şərəfi məhz ona həvalə edilmişdir. Səhnədəki məşəl alovlanır. I Avropa Oyunlarının məşəlindən od alan çırağı qəbul edən Məmməd Əlizadə mərasim iştirakçılarının alqışları altında onu rayon məktəblisi Tünarə Muradzadəyə təqdim edir. Çıraq şəhər mədəniyyət evində saxlanılacaq və paytaxt Bakıda keçiriləcək mötəbər idman yarışları başa çatanadək yandırılacaqdır. 

Məşələ qovuşan Tərtər gerçək bir bayram sevinci yaşayır. Oynaq musiqinin xoş sədaları dalğa-dalğa ətrafa yayılır. Bacarıqlı mədəniyyət və incəsənət ustaları səhnədə bir-birini əvəz edir. Ətrafda isə elimizin-obamızın milli adət-ənənələrini, həyat tərzini təqdim edən səhnələr nümayiş etdirilir. Kimi sac asıb yuxa bişirir, kimi yun əyirir, kimi nehrə çalxalayır...

Ürək açan, könül oxşayan bir mənzərədən bütün mərasim iştirakçılarına yetərincə sevinc payı düşür. Beləcə, qəhrəmanlar diyarı Tərtərin tarixinə od-alov naxışlı yeni bir parlaq səhifə yazılır.

 

Lazım QULİYEV,

Azərbaycan.-2015.- 13 may.- S. 11.