Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla
Əliyeva YARAT
Müasir İncəsənət Mərkəzinin
Venesiyadakı sərgisində iştirak edib
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 56-cı Venesiya
Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət
Mərkəzinin təqdim etdiyi “Odla suyun birliyi” sərgisinin
açılışında iştirak edib.
AZƏRTAC
xəbər verir ki, Leyla Əliyeva sərgi ilə
tanış olub.
Heydər
Əliyev Fondunun vitse-prezidentinə məlumat verilib ki, “Odla
suyun birliyi” layihəsinin ideyasını iki rəssamın –
Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki
Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən
əlaqələndirilməsi təşkil edir.
Sərgidə
Rəşad Ələkbərovun əsərləri və
Almagül Menlibayevanın video-instalyasiyaları izləyicilərin
böyük marağına səbəb olub.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Venesiya Biennalesində
Azərbaycanın fəal və uğurla iştirakının
əhəmiyyətli hal olduğunu qeyd edib. O, deyib ki, bu, Azərbaycanın
müasir incəsənət sahəsindəki rəssamlarını
dünyaya tanıtmaq, müxtəlif ölkələrdən
olan rəssamlar arasında əlaqələrin genişləndilməsi
baxımından vacibdir.
“Odla
suyun birliyi” layihəsi Bakı və Venesiya şəhərlərinin
görüntülərini ekrana gətirən videoçarxla
birlikdə heykəl və instalyasiyanın nümayiş
etdirilməsi vasitəsilə iki şəhər arasında
qarşılıqlı əlaqəni araşdırır. Sərginin
nümayişi üçün Venesiyanın “Palazzo Barbaro”
sarayının seçilməsi də təsadüfi deyil. Belə
ki, bu tarixi bina vaxtilə şəxsi mülk olub. Binanın
sahibi venesiyalı tacir və diplomat İosafat Barbaro idi. Qeyd edək
ki, İosafat Barbaro XV əsrdə öz səyahət təəssüratlarını
paylaşaraq, Azərbaycanın şəhərləri barədə
yazmış, Ağqoyunlu hökmdarı Uzun Həsənin
sarayını təsvir etmişdi.
Ənənə,
tarix, mədəniyyət və memarlıq
mövzularını əhatə edən “Odla suyun birliyi” layihəsi
mesenat Murtuza Muxtarovun sarayından–1912-ci ildə Venesiya
qotikası üslubunda Bakıda inşa edilmiş möhtəşəm
memarlıq abidəsindən-“Səadət Sarayı” kimi
tanınan binadan ilham alır. Bu binanı Murtuza Muxtarov
çox sevdiyi həyat yoldaşı Liza Tuqanova
üçün tikdirmişdi. Almagül Menlibayeva ilə Rəşad
Ələkbərovun təqdim etdikləri layihə çərçivəsində
Muxtarovun sarayı timsalında birlik və münaqişə,
eşq və zorakılıq, dialoq və təcavüz kimi
geniş mövzular araşdırılır.
Rəşad
Ələkbərov Venesiya ilə Bakının tarixini birləşdirərək,
Şərqin ucalan səsini təqdim edir. Almagül
Menlibayevanın video instalyasiyası bir-birinin ardı olan
otaqlarda çoxsaylı kanallardan nümayiş etdirilir. Film
Muxtarovla onun həyat yoldaşı Lizanın hekayətini təqdim
edərək, ziyarətçilərə Bakının hekayəsini
təqdim edir və daha geniş mənada irsiyyət,
müasirlik, münaqişə və yaxınlıq kimi
anlayışları araşdırır.
YARAT
qeyri-kommersiya təşkilatının sifarişi ilə
hazırlanmış və Suad Qarayevanın kuratorluğu ilə
təşkil olunmuş bu ekspozisiya mayın 9-dan noyabrın
22-dək 56-cı Beynəlxalq Venesiya Biennalesi İncəsənət
Sərgisində ziyarətçilər üçün
açıq olacaq.
Qeyd
edək ki, 2011-ci ildə rəssam Aida Mahmudova tərəfindən
təsis olunan “YARAT” təşkilatı Azərbaycanda
müasir incəsənət anlayışının
aşılanması və inkişaf etdirilməsi, habelə
milli və beynəlxalq səviyyədə müasir Azərbaycan
incəsənətinin tanınması ilə məşğuldur.
Bakıda
yerləşən “YARAT” təşkilatı özünün
nizamnaməsi çərçivəsində sərgilər,
təhsil proqramları və festivallar kimi fəaliyyət
növləri ilə, sərgi salonları və muzeylər
daxil olmaqla, yerli və xarici rəssam cəmiyyətləri və
şəbəkələri arasında əlaqələrin təşviqi
və təcrübə mübadiləsinin təşkili ilə
məşğuldur. “YARAT”ın təhsillə bağlı təşəbbüsləri
sırasında mühazirələri, seminarları və gənc
rəssamların dəstəklənməsinə yönəlmiş
“ARTIM” proqramını da qeyd etmək olar. “ARTIM” proqramı Azərbaycanın
istedadlı gənc rəssamlarına öz əsərlərini
peşəkar səviyyədə nümayiş etdirmək
imkanı yaradır. Bundan başqa, “YARAT” yerli müasir incəsənət
infrastrukturunun inkişafı ilə bağlı vədlərə
əməl edərək, 2012-ci ildə “Yay” sərgi salonunu da
yaradıb.
Azərbaycan.-2015.- 13 may.- S. 13.