Azərbaycan Prezidenti İlham Əliyev Veloparkın
açılışında iştirak edib
Mayın
13-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva və qızı Arzu
Əliyeva Veloparkın açılışında iştirak
ediblər.
Dövlətimizin
başçısı və xanımı əvvəlcə
Veloparkın baş planına baxdılar.
Azərbaycan
Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədov
görülən işlərlə bağlı məlumat
verdi. Qeyd edildi ki, hazırda Veloparkın yerləşdiyi ərazidəki
park 1970-ci illərin əvvəllərində ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə
salınıb. 1990-cı illərin əvvəllərində
baxımsızlıq üzündən bərbad hala
düşən bu ərazidə qanunsuz tikililər inşa
olunub. 2005-ci ilin sentyabrında Prezident İlham Əliyev
parkın ərazisində təmizlik işlərinin
aparılması barədə göstəriş verib. 2013-cü
ildə isə parkın ərazisi baza kimi Azərbaycan Velosiped
İdmanı Federasiyasına təhkim edilib. Ötən
müddətdə Federasiya tərəfindən 40 hektar ərazidə
genişmiqyaslı abadlıq işləri aparılıb,
burada minlərlə ağac əkilib, yarışlar
üçün 4 velosiped marşrutu, o cümlədən
dağ velosiped idmanı üçün yollar salınıb.
Ümumi sahəsi 30 hektardan çox olan Veloparkın ərazisində
Avropa Oyunlarında istifadə olunacaq BMX veloparkı da inşa
olunub. Sahəsi 28 min kvadratmetr olan BMX veloparkında
yarışların keçirilməsi üçün maneəli
meydança qurulub ki, onun da sahəsi 6700 kvadratmetrdir.
Meydançada yaradılan şərait Beynəlxalq
Velosipedçilər İttifaqının standartlarına tam
uyğundur. Həm yarış iştirakçıları, həm
də azarkeşlər üçün hər cür şəraitin
yaradıldığı BMX veloparkında 1197 nəfərlik
tamaşaçı yeri yaradılıb. Burada yüksək səviyyəli
qonaqlar, idmançılar, əlil tamaşaçılar və
mətbuat nümayəndələri üçün
xüsusi yerlər nəzərdə tutulub.
Dünya
idmanında xüsusi yeri olan BMX start xəttindən istifadə
edən və maneəli cığırlarda motokros stilində
yarışan velosipedlərlə bağlı idman
növüdür. Ötən əsrin 70-ci illərində əsası
qoyulan bu idman növü indi bütün dünyada məşhurdur.
1981-ci ildə Beynəlxalq BMX Federasiyasının təsis
olunması, bir il sonra dünya çempionatının
keçirilməsi ilə bu idman növünün şöhrəti
daha da artıb və hazırda Beynəlxalq Velosipedçilər
İttifaqının tərkib hissəsinə çevrilib.
2003-cü ildən isə BMX Beynəlxalq Olimpiya Komitəsinin
proqramına daxil edilib və ilk dəfə 2008-ci il Pekin Yay
Olimpiya Oyunlarında təmsil olunub.
Veloparkın
ərazisində tikilən ikimərtəbəli ofis
binasında qeydiyyat mərkəzi, iş, dopinq nəzarət,
dopinq analizgötürmə otaqları, 25 yerlik iclas zalı və
digər yardımçı otaqlar yaradılıb. Ofis
binasının damında xüsusi örtüklü start
meydançası, idmançıların hazırlaşması
üçün 20 çadır quraşdırılıb.
Ərazidə VIP, Olimpiya ailəsi, beynəlxalq
federasiyaların təmsilçiləri, rəsmi nümayəndələr
üçün avtodayanacaq, qeydiyyat, fərdi yerləşdirmə
və digər xidmət sahələri də mövcuddur.
Azərbaycanda
irimiqyaslı velosiped yarışlarının keçirilməsi
ötən əsrin 40-cı illərinin əvvəllərinə
təsadüf edir. 1980-ci ildə ümummilli lider Heydər
Əliyevin xidmətləri sayəsində Bakıda dünya
standartlarına uyğun və bir çox ümumittifaq
yarışlarının keçirildiyi Respublika Velotreki
tikilib istifadəyə verilib. Prezident İlham Əliyevin
ölkədə idmanın inkişafına xüsusi diqqət
və qayğısı nəticəsində idmanın bir
çox növləri ilə yanaşı, velosiped idmanı
da inkişaf etdirilir. Bununla bağlı Azərbaycan Velosiped
İdmanı Federasiyasının qarşısına ölkəmizdə
idmanın bu növünün inkişaf etdirilməsi və
velosipedçi idmançıların Olimpiadaya, eləcə də
digər mötəbər beynəlxalq yarışlara
hazırlanması ilə bağlı vəzifələr
qoyulub. Hazırda Azərbaycanda velosiped idmanı ilə məşğul
olan məktəblər, klublar fəaliyyət göstərir.
Ölkəmizdə keçirilən velosiped
yarışları isə bu prosesin uğurla inkişaf etdiyini
və kifayət qədər maraq doğurduğunu bir daha təsdiqləyir.
Azərbaycanın artıq 3 ildir fəaliyyət göstərən
“Synergy Baku Cycling Project” velosiped komandasının üzvləri
2013-cü ildən Beynəlxalq Velosipedçilər
İttifaqının təşkil etdiyi Avropa və Asiya
turlarında iştirak edir. Komandanın 12 nəfərdən
ibarət üzvü indiyə qədər Xorvatiyada, Fransada və
digər ölkələrdə keçirilən beynəlxalq
yarışlarda uğurlu çıxışlar edib.
Komandanın
üzvləri Veloparkda Prezident İlham Əliyevlə
görüşərkən ölkədə
idmançılar, o cümlədən onlar üçün
yaradılan şəraitə görə dövlətimizin
başçısına minnətdarlıqlarını
bildirdilər. Qeyd olundu ki, komandanın üzvləri bu il
mayın 6-10-da ümummilli lider Heydər Əliyevin xatirəsinə
həsr olunan “Tour d`Azerbaidjan” veloyürüşündə də
fərqləniblər. Paytaxt da daxil olmaqla ölkəmizin 7
bölgəsini əhatə edən və uğurla başa
çatan bu yarışda Aleksandr Surutkoviç “Dağ
kralı” köynəyini qazanıb, Matey Müqerli
üçüncü yeri tutub. Ölkəmizin ən məşhur
velosipedçilərindən olan Maksim Averin isə öz
çıxışı ilə Rio Olimpiadasına daha 22
reytinq xalı qazanıb.
Prezident
İlham Əliyevi salamlayan Aleksandr
SURUTKOVİÇ dedi:
-Cənab Prezident, biz idmançılar həmişə
Sizinlə fəxr edirik. Bizə göstərdiyiniz dəstəyə görə
Sizə təşəkkür
edirik. İdmanın bütün növləri
kimi, velosiped idmanına da çox böyük dəstək verirsiniz.
Çox sağ
olun.
Velosipedçiləri qazandıqları
uğur münasibətilə
təbrik edən Prezident İlham
ƏLİYEV dedi:
-Mən sizi qələbə
münasibətilə təbrik
edirəm. Şadam ki, Azərbaycanda
idmanın velosiped növü də uğurla inkişaf edir. Gözəl şərait var,
veloparklar yaradılır.
“Tour d`Azerbaidjan” artıq beynəlxalq idman yarışı kimi dünyada tanınır. Mən bazar
günü “Eurosport” kanalı ilə bu yarışları izləmişəm, çox
böyük zövq almışam. İlk növbədə
ona görə ki, indi bu
yarışlar çox
maraqlıdır. Eyni zamanda,
Bakının gözəlliyini
bir daha bütün dünyaya göstərir. Siz də
çox böyük uğur qazanmısınız,
komanda hesabında birinci yerə layiq görülmüsünüz.
“Tour d`Azerbaidjan” Azərbaycanın
bölgələrində də
keçirilir və bizim gözəl, mənzərəli yerlər
xarici qonaqlar tərəfindən yüksək
qiymətləndirilir.
Bakı gözəl şəhərdir. Digər şəhərlərimiz
də gözəldir.
Siz indi gedib görürsünüz.
İnsanlar sizi çox
səmimi qarşılayırlar.
Əlbəttə, mötəbər yarışda qələbə
qazanmaq çox böyük uğurdur.
Əminəm ki, siz gələcəkdə də
Azərbaycanı bütün
beynəlxalq yarışlarda
ləyaqətlə təmsil
edəcəksiniz.
Aleksandr
SURUTKOVİÇ: Sizin dəstəyinizlə,
cənab Prezident.
Prezident
İlham ƏLİYEV: Sağ
olun.
X X X
Sonda xatirə
şəkli çəkdirildi.
AZƏRTAC
Azərbaycan.-2015.- 14 may.- S.2.