“Bakı-2015” növbəti beynəlxalq idman yarışları üçün möhkəm baza olacaq

 

Ziyalı sözü - vətəndaş mövqeyi

 

Musa QULİYEV,

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini:

 

- I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi müstəqil Azərbaycanın tarixində çox mühüm, əlamətdar hadisədir. İlk növbədə bu Oyunların keçirilməsində Azərbaycanın seçilməsi ölkəmizə Avropa dövlətlərinin yüksək etimadının göstərilməsinin ifadəsi idi. Avropa Olimpiya Komitəsi Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə keçirəcəyinə inanmasaydı, heç vaxt bu qərarı verməzdi.

Belə bir gücə malik olmaq üçün şübhəsiz ki, dövlətin iqtisadi potensialı, demokratik təsisatları, hüququn aliliyi prinsipinininsan haqlarının qorunması, həmçinin digər məsələlərin yüksək səviyyədə təminatı olmalıdır.  Bütün bunlar isə Azərbaycanda mövcuddur. Avropa Oyunlarının da ölkəmizdə keçirilməsi isə bir daha təsdiq etdi ki, Azərbaycan sivil dünya ailəsinin bərabərhüquqlu üzvüdür.

Hesab edirəm ki, Avropa Oyunları müxtəlif sahələrdə Azərbaycana dividendlər gətirəcək. İlk növbədə Azərbaycana gələn idmançılar, turistlər ölkəmiz haqqında malik olmadıqları biliklərə sahib olacaqlar. Azərbaycanlıların mədəni, siviltarixi köklərə malik bir xalq olduğunu görüb öz ölkələrində dövlətimiz, millətimiz haqqında danışmaq üçün xeyli təəssürat toplayacaqlar. Digər tərəfdən, Bakı, Mingəçevir və Azərbaycanın başqa bölgələrində inkişaf səviyyəsini görüb ölkəmizin qısa müddət ərzində nə qədər inkişaf etdiyinin şahidi olacaqlar. Bu isə hər bir insanda sual doğuracaq: bu kiçik ölkənin az bir dövrdə inkişafının səbəbləri nədir? Bu isə Azərbaycanla bağlı dünya dövlətlərində marağı daha da artıracaq.

Eyni zamanda, ölkəmizə idman yarışlarına tamaşa etməyə gələn turistlərin növbəti istirahət illərində seçimləri Azərbaycan olacaq. Bu isə ölkəmizin turizm potensialının inkişafına səbəb olacaq. Heç şübhəsiz ki, Azərbaycana gələcək qonaqların arasında bisneslə məşğul olan insanlar da olacaq ki, onlar da bu inkişafı gördükdə ölkəmizlə müxtəlif sahələr üzrə biznes əlaqələri qurmaq barəsində düşünəcəklər.

Avropa Oyunlarının Azərbaycanda keçrilməsinin ən mühüm müsbət cəhətlərindən biri isə odur ki, müstəqilliyimizi həzm edə bilməyən, Azərbaycan dövlətinin yürütdüyü siyasətə qarşı çıxan erməni lobbisi və ermənipərəst qüvvələrə ağır zərbə dəyəcək. Onların apardıqları çirkin kampaniyaların hamısının uydurma, yalan olduğu üzə çıxacaq və Azərbaycanın necə qonaqpərvər, tolerant bir ölkə olduğu açıq-aydın görünəcək. Ölkəmizə gələn insanlar görəcəklər ki, burada dinindən, dilindən, irqi mənsubiyyətindən asılı olmayaraq hər bir insana bərabərhüquqlu, sivil münasibət varbu ölkədə kiminsə hansısa mənsubiyyətinə görə haqları pozulmur. Hər bir insana bərabərhuquqlu imkanlar yaradılıb.

Avropa Oyunları həm də Azərbaycanın gələcəkdə növbəti idman yarışları keçirməsi üçün möhkəm baza olacaq. Eyni zamanda, ölkəmizin beynəlxalq aləmdəki  nüfuzunun artmasını təmin edəcək və dünyanı Azərbaycana, Azərbaycanı isə dünyaya bağlayan möhkəm tellər olacaq.

 

Azərbaycan.-2015.- 14 may.- S.4.