Birliyimizin nümayişi

 

Ziyalı sözü - vətəndaş mövqeyi

 

Səkinə İSMAYILOVA,

xalq artisti, Prezident mükafatçısı, professor:

 

- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi bizi çox fərəhləndirir. Hər bir inkişaf etmiş dövlət üçün bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək çox vacibdir. Şükürlər olsun ki, bu Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın böyük imkanları var. Biz bir xalq olaraq hər zaman, hər şeydən əvvəl qonaqları düşünürük. Buna görə də bu mötəbər tədbir çərçivəsində xaricdən gələn bütün qonaqlar Azərbaycan xalqının yüksək səviyyədə olan qonaqpərvərliyinə şahid olacaqlar. Bu baxımdan da ölkəmiz Avropa Oyunlarının təşkili üçün hərtərəfli hazırdır.

Düşünürəm ki, I Avropa Oyunları bizim şöhrətimizi, hörmətimizi dünyada daha da artıracaq, necə ki, muğamımız bütün dünyaya səs salıb. İnanıram ki, bu tədbirin də öhdəsindən fərəhlə gələcəyik və üzüağ çıxacağıq. Oyunların yüksək səviyyədə keçiriləcəyinə artıq heç bir şübhə qalmayıb. Biz hamımız bu oyunların başlamasını gözləyirik və özümüzü buna hazır hiss edirik. Hesab edirəm ki, hər bir azərbaycanlı bu oyunların keçirilməsi ilə qürur duyacaq. Təkcə qürur duymaq deyil, oyunlar ərəfəsində ölkəmizin yaxşı mənada tanıdılması, qonaqlarla mədəni rəftar edilməsi istiqamətində əllərindən gələni edəcəklər.

Bu məsələdə hər kəs birlik nümayiş etdirməlidir. Çünki bizim inkişafımızı, güclü dövlət kimi tanınmamızı istəməyən qüvvələr də var. Hər dövrdə, hər bir ilk haqqında kimlərinsə mənfi fikirləri olub, bundan sonra da olacaq. İlk Avropa Oyunları barədə qarayaxma edənlərin də fikirləri bizi heç maraqlandırmır. Onların boş sözləri elə özlərində qalacaq, bizim gücümüzə, birliyimizə qarşı tab gətirə bilməyəcək. I Avropa Oyunları həm də birliyimizin nümayişi olmalıdır.

 

Azərbaycan.-2015.- 14 may.- S.4.