Yolların kəsişdiyi məkanda alov sevinci

 

Məşəl Yevlax və Bərdədə alovlandı

 

Hər ötən gün bizi səbirsizliklə gözlədiyimiz tarixdə ilk dəfə keçiriləcək Birinci Avropa Oyunlarına yaxınlaşdırır. Bu mötəbər idman bayramının ab-havası artıq indidən duyulur. Ölkəmizin paytaxtı Bakı şəhərində olduğu kimi, bölgələrdə də həyəcanlı olduğu qədər  fərəhli günlər yaşanır. Xeyli vaxtdır ki, alov səyahəti start götürmüşdür. Respublika Prezidenti İlham Əliyevin qədim “Atəşgah” məbədində yandırdığı Birinci Avropa Oyunlarının məşəli Odlar yurdunu qarış-qarış gəzərək könüllərə hərarət paylamaqdadır.

Məşəl səyahətinin növbəti dayanacağı Yevlax şəhəridir. Son illər görkəmini dəyişib gözəlləşən Yevlax Azərbaycan inkişaf modelinin canlı nümunəsidir. Yaxın keçmişədək bu Aran şəhərinin görkəmi tamam fərqli idi. Şəhəri gəzdikcə beş həyət qapısından üçünün üstündə “satılır” sözünü oxumaq olardı. Sakinlər çörək qazanmaq, yaşamaq üçün doğma yurdu tərk edib Bakıya, yaxud Rusiyanın müxtəlif şəhərlərinə üz tutmaq məcburiyyətində qalmışdılar. Ölkənin sosial-iqtisadi həyatı üçün böyük strateji əhəmiyyətə malik, qədim İpək yolunun, tranzit dəmir yolunun, Azərbaycanın şah damarı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin keçdiyi bu bölgə respublika Prezidenti İlham Əliyevin xüsusi qayğı və diqqəti sayəsində yeni intibaha qovuşdu. Burada həyata keçirilən kadr dəyişikliyinin uğurlu nəticələri özünü çox gözlətmədi. Yevlax qeyri-adi bir sürətlə inkişaf edərək ölkənin ən qabaqcıl şəhərləri sırasında yer aldı. Bölgə sakinləri üçün qürurvericidir ki, son zamanlar bura səfər edən nüfuzlu xarici qonaqlar gördükləri gözəllik qarşısında heyrətlərini gizlətmir, Yevlaxı məşhur Avropa şəhərləri ilə müqayisə edirlər.

Dünən yevlaxlılar əlamətdar bir hadisənin, Birinci Avropa Oyunları məşəlinin Yevlaxa gətirilməsinin sevincini yaşayırdılar. Məşəlin qarşılanması üçün son dərəcə gözəl olan bir məkan - sahil bulvarı seçilmişdir. Böyük həvəslə buraya toplaşan bölgə sakinləri ana Kürün sahilində müqəddəs odun yolunu gözləyirdilər. Məşəlin gətiriləcəyi ana hələ xeyli var idi. Mərasim iştirakçıları xoş ovqatla şirin söhbətlər edir, qovuşduqları firavanlığa, əhatə olunduqları qayğı və diqqətə görə dövlət başçısına minnətdarlıqlarını bildirirdilər. Məşəlçilər arasında yer alan gəncə yaxınlaşıb həmsöhbət oluruq. Öyrənirik ki, Aslan Mirzəyev idmanın sambo növü üzrə üçqat ölkə çempionu, müxtəlif beynəlxalq turnirlərin qalibidir. Aslan Mirzəyev sevincini, fərəhini gizlətmir:

- Ölkəmizin Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi məni hədsiz dərəcədə sevindirir. Bizə göstərilən bu etimad Azərbaycanda idmana necə böyük önəm verildiyinin parlaq göstəricisidir. Azərbaycanda Milli Olimpiya Komitəsi sədrinin məhz respublika Prezidenti İlham Əliyevin olması ölkənin idman həyatında qazanılan misilsiz nailiyyətləri şərtləndirir. Səbirsizliklə gözlədiyimiz qarşıdakı mötəbər yarışlar heç şübhəsiz bizim üçün uğurlu olacaq, ölkənin idman salnaməsinə yeni parlaq səhifələr yazılacaqdır. Bu gün isə çox həyəcanlıyam. Məşəlin daşınmasının mənə etibar edilməsini böyük şərəf kimi qəbul edir, bundan sonsuz qürur duyuram.

Ana Kürünşahidlik etdiyi, böyük məhəbbətlə güzgü tutduğu bu məşəl coşqusunda gözlənilən an gəlib çatır. Ellərimizi, obalarımızı oymaq-oymaq dolaşan məşəl meydana daxil olur. Bir az öncə həmsöhbət olduğumuz Aslan Mirzəyev məşəli ehtiramla qəbul edib başı üzərinə qaldırır. İzdihamın hər tərəfindən aydın görünən məşəlin şərəfinə alqış tufanı qopur.

Estafet start götürür, məşəlçilər nəzərdə tutulan marşrut üzrə hərəkətə başlayırlar. Məşəlçilərin sahil bulvarından başlayan yolu Teymur Mustafayev küçəsindən keçərək Heydər Əliyev prospektinə çıxır. Yol boyu düzülən yevlaxlılar məşəli alqış sədaları ilə müşayiət edirlər. Məşəlin keçdiyi ərazilərdə səslənən milli musiqi sədaları, Dədə-Qorqud yadigarı sazın, qara zurnanın ecazkar səsi ürəkləri coşduran bayram təntənəsinə xüsusi çalarlar verir, onu daha da rövnəqləndirir. Yol boyu məşəlçilər bir-birini əvəzləyir, beləcə, keçiləcək məsafə bir az da qısalır. Ləman Cəfərlinin, Cəmilə Abdullayevanın, Mehriban Həsənquliyevanın, Türkan Əliyevanın, Naib Balaşovun, Samir Kərimovun, Teymur İsgəndərovun, Ariz Mikayılovun iştirakçısı olduqları məşəl estafeti Yevlaxın mərkəzi meydanında başa çatır. Məşəli sonuncu qəbul edən Nicat Haqverdiyev başı üzərində tutduğu qiymətli əmanətlə meydanda qurulmuş səhnəyə qalxır. Nicat Haqverdiyev taekvando üzrə yeniyetmələr arasında Avropa çempionudur. O, mərasim iştirakçılarının sürəkli alqışları altında səhnədəki məşəli alovlandırır. Birinci Avropa Oyunları başa çatanadək Yevlaxda yandırılacaq çıraq şəhər 3 nömrəli tam orta məktəbin XI sinif şagirdi, tarix üzrə ölkə olimpiadasının qızıl medalçısı Elvin Hacıyevə təqdim olunur.

Yevlaxın mərkəzi meydanına toplaşmış izdiham sevinc içindədir. Bunu sonsuz fərəh süzülən hər üzdən, hər çöhrədən oxumaq olur. Bu gün ürəyi qürurla döyünən minlərlə yevlaxlı gəncdən biriYeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı aparatının rəhbəri Əli Quliyevdir. O, bu bayram təntənəsindən aldığı xoş təəssüratı bizimlə bölüşür:

- Həmişə ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Yevlax gənclərinin bu gün sevinməyə, qüruriftixar hissi keçirməyə yetərincə mənəvi haqları var. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi son illər ölkəmizin beynəlxalq aləmdə sürətlə artan nüfuzunun, gerçək söz sahibinə çevrilməsinin göstəricisidir. Ölkə gəncliyinin ən böyük hamisi olan respublika Prezidenti İlham Əliyev öz müdrik siyasətilə antiazərbaycançı şəbəkənin inkişafımız, yüksəlişimiz, pozulmaz xarakter alan sabitliyimiz üçün yaratdığı maneələri peşəkar siyasəti ilə məharətlə dəf edərək Azərbaycanı qələbədən-qələbəyə aparır. Mən inanıram ki, uğurla keçiriləcəyi heç kəsdə şübhə doğurmayan Birinci Avropa Oyunları Azərbaycan reallıqlarının dünyaya təqdimatında yeni mərhələ olacaqdır. Dünya xalqları Azərbaycanı daha yaxından tanımaq, məqsəd və niyyətlərimizi öyrənmək, milli adət və ənənələrimizlə tanış olmaq imkanı qazanacaqdır. Bizim Azərbaycan gəncləri olaraq arzumuz, istəyimiz budur ki, qoy güclü, qüdrətli dövlətlər öz üstünlüyünü idman yarışlarında göstərsin, sülhə, sabitliyə, dostluğa, əməkdaşlığa heç zaman təhlükə yaranmasın.

... Birinci Avropa Oyunlarının alov səyahəti davam edir. Məşəlin növbəti dayanacağı qədim Bərdə torpağı olacaqdır.

 

Azərbaycan.-2015.- 14 may.- S. 6.